Məhkəmə qərarları › İş №2(105)-204/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-204/2023

17.01.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-204/2023 17.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respubikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı cavabdehin mənzildən əşyaları ilə birlikdə çıxarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-2031/2022 nömrəli, 22 iyul 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Abşeron Rayon Məhkəməsinin 2(012)-2031/2022 nömrəli, 22 iyul 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı cavabdehin mənzildən əşyaları ilə birlikdə çıxarılmasına dair iddia tələbi rədd edilmişdir. (hakim H.Əhmədov) Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı cavabdeh X2 qarşı cavabdehin mənzildən əşyaları ilə birlikdə çıxarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin Abşeron rayonu Masazır qəsəbəsi 2 saylı evin 29 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin tərtibatı zamanı texniki yanlışlığa yol verildiyini, cavabdehin onun qardaşı oğlunun arvadı deyil, qardaşı arvadı olduğunu, eyni zamanda, cavabdeh “X8”nın soyadının “Ağalarova” kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Ağalarov X6 rayonundan məcburi köçkün kimi Abşeron rayonunda məskunlaşmışdır. Cavabdeh iddiaçının qardaşının həyat yoldaşıdır və hazırda onlar arasında nikah pozulmuşdur. İddiaçı Zəngilan rayonundan məcburi köçkün kimi ona məcburi köçkünlər üçün nəzərdə tutulan Abşeron rayonu, Masazır qəsəbəsi, 2 saylı evin 29 saylı mənzili dövlət tərəfindən verilmişdir. Mənzil iddiaçıya verilsə də, iddiaçı həmin mənzili müvəqqəti olaraq qardaşına və ailəsinə orada yaşamaq üçün vermişdir. Belə ki, iddiaçı mənzili cavabdehə başqa mənzil tapana kimi müvəqqəti yaşamaq məqsədilə vermişdir, iddiaçının yaşamağa başqa mənzili yox idi. Lakin cavabdehin həmin mənzildən çıxmaması iddiaçının özünə məxsus olan mənzildə yaşamasına əngəl törədir. Bu səbəbdən də, iddiaçının ona verilmiş mənzilə köçüb yaşaması zəruriyyəti yarandığından cavabdehin əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması mütləqdir. O, sözügedən mübahisəli mənzildə müvəqqəti olaraq yaşamış, hazırda isə öz valideynləri ilə birlikdə valideynlərinə məxsus mənzildə yaşayır. Cavabdeh hazırda həmin mənzildən çıxmadığından sözügedən mənzildə cavabdeh və qardaşı indi də yaşayır. Lakin bununla belə, qardaşının da mənzildən çıxarılmasını istəyir. Qardaşı atasına məxsus olan evdə qeydiyyatdadır. Cavabdeh özü də Zəngilan rayonundan məcburi köçkündür və onun qardaşı arvadı olmasından savayı, cavabdehlə hər hansı bir qohumluğu yoxdur. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İddiaçı iddia ərizəsi ilə analoji məzmun daşıyan apellyasiya şikayətində göstərir ki, məhkəmə işin faktiki hallarını tam araşdırmamış, yaranmış mübahisəyə tətbiq edilməli normaları tətbiq etməmiş, nəticədə onun hüquqlarının pozulmasına səbəb olan qətnamə qəbul etmişdir. Qətnamədə qeyd olunur ki, o, mənzili məhz könüllü surətdə cavabdehə verdiyi üçün cavabdehin həmin mənzilə hüququ yaranır. İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, mənzilin mülkiyyətçisi Azərbaycan Respublikası Qaçqın və X7 üzrə Dövlət Komitəsidir. Mənzilin hüquqi taleyini mülkiyyətçi kimi məhz Qaçqın və X7 üzrə Dövlət Komitəsi həll edə bilər. Qaçqın və X7 üzrə Dövlət Komitəsinin nümayəndəsi məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, “İddiaçı humanistlik göstərərək mənzili qardaşına vermiş və hazırk mübahisə ortaya çıxmışdır. Mənzil kiməsə veriləndə mütləq şəkildə Komitədən razılıq alınmalıdır. Həmçinin, tərəflər arasında notarial qaydada təsdiq olunmuş razılıq olmalıdır. Belə ki, mənzilin sahibinin həmin mənzilin könüllü şəkildə müvəqqəti olaraq qardaşına verilməsi ilə bağlı yazılı şəkildə notarial qaydada təsdiq olunmuş ərizəsi olmalı və həmin ərizə Komitəyə təqdim edilməli idi. İddiaçı həmin mənzili özbaşına şəkildə qardaşına vermişdir. Komitənin nümayəndəsi olaraq qeyd etmişdir ki, kirayə müqaviləsində qeyd olunmayan şəxslərin həmin mənzildə yaşamaq hüququ yoxdur.” Bundan başqa qətnamədə mülkiyyət və sahiblik hüququ ilə bağlı Mülki qanunvericiliyin və xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələri ilə bağlı Mənzil Məcəlləsinin tələbləri pozulmuşdur. Həmçinin məhkəmə iddia müddətinin tətbiq edilməsi ilə bağlı mövcud qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur. Qətnamədə müqavilə və onun hüquqi nəticələrinə münasibət bildirilməmişdir. Məhkəmə iddianın rədd edilməsinin digər hüquqi əsası kimi iddia müddətinin keçməsini tətbiq etmişdir ki, mövcud qanunvericiliyə əsasən həm mülkiyyətçinin, həm də qanuni sahibin hüquqlarının müdafiəsi ilə bağlı iddialara iddia müddəti tətbiq edilə bilməz. Belə ki, müqavilə onun tərəfləri üçün hüquq və vəzifə yaradır. Hal-hazırda qüvvədə olan-Kirayəyəverən Dövlətqaçqınkom Mənzil İstismar Departamenti ilə kirayəçi İddiaçı arasında bağlanmış xüsusi təyinatlı yaşayış sahəsinin kirayəyə verilməsi barədə xx.xx.2013-cü il tarixli müqavilə məhz iddiaçı üçün hüquq və vəzifə yaratmışdır. Həmin müqaviləyə əsasən cavabdehin həmin mənzilə heç bir hüququ yoxdur. Müqavilə bağlandıqdan sonra mübahisələndirilən mənzili qəbul edərək orada yaşamışdır, həmin mənzili qəbul etdiyi andan oraya istifadə və sahiblik hüququ yaranmışdır. Lakin məhkəmə bütün bu halları araşdırmamış, nəticədə işin hallarına uyğun gəlməyən əsassız qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən şikayət təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə yeni əsaslı qətnamə qəbul edilməlidir. Apellyasiya baxışı zamanı İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil şikayətin dəlillərini müdafiə edərək, onun məzmununa uyğun izahat verdilər. İddiaçının nümayəndəsi və vəkili Vəkil əlavə olaraq bildirdi ki, hazırkı iş üzrə iddiaçıya mübahisəli mənzil Qaçqınkom tərəfindən kirayəyə veriləz zaman iddiaçı subay idi, cavabdehlə evli olan qardaşına ailəsi ilə birlikdə həmin evdə yaşamağa icazə vermişdir. Hazırda isə onlar arasında nikah pozulmuşdur. İddiaçı özü həmin mənzildə yaşamaq istəyir. Bu isə onun hüququdur. Məhkəmə iddianı rədd edərkən, cavabdehə həmin mənzildə yaşamağa iddiaçının özünün razılıq verməsi ilə əsaslandırmışdır ki, bu əsasla iddianın rədd edilməsi qanunauyğun mövqe hesab edilə bilməz. Bununla belə iddiaçı tərəfindən cavabdehə mübahisəli mənzildən çıxmaq qarşılığında, iddiaçının atasının yaşadığı mənzilə köçmək təklif edilir ki, cavabdeh bundan da imtina edir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı Cavabdeh şikayətə etiraz edərək bildirdi ki, məhkəmə qətnaməsi qanuni və ədalətlidir. Onun başqa yaşayış yeri yoxdur. Himayəsində iki azyaşlı uşağı var. Onlardan biri ürək əməliyyatı keçirmişdir. İddia tələbini qəbul etmir. Hazırkı iddia məhz o, iddiaçının qardaşından boşandıqdan sonra qərəzli şəkildə qaldırılmışdır. İddiaçının ona təklif etdiyi mənzilə köçməklə bağlı təklifini isə qəbul etmir. Həmin mənzildə hazırkı şərait yoxdur. Göstərilənlərə əsasən şikayətin rədd edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR Qaçqınların və X7 üzrə Dövlət Komitəsi iclasın vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılsa da, məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Kirayəyəverən Dövlətqaçqınkom Mənzil İstismar Departamenti ilə kirayəçi İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən, kirayəyə verən dövlət mənzil fonduna aid olan Abşeron rayonu Masazır qəsəbəsi 2 saylı evin 1 otaqlı 29 saylı mənzilini müvəqqəti yaşamaq üçün kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.3-cü bəndinə əsasən, kirayəçi öz ailə üzvlərini (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları, valideynləri, habelə, kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşadığı yaşayış sahəsinə köçürmək hüququna malikdir. Bu Müqavilənin 2.4.2-ci bəndinə əsasən, kirayəyə verilmiş xüsusi təyinatlı yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, habelə, digər şəxslərin icarəsinə, istifadəsinə verməmək kirayəçinin əsas vəzifələrindən biridir. Yenə iş materiallarında olan xx.xx.2010-cu il tarixli AA № 220388 saylı məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı 1993-cü ildən Zəngilan rayonundan məcburi köçkündür. Mülki işə əlavə edilmiş Zəngilan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(034)-93/2022 saylı qətnaməsindən görünür ki, iddia ərizəsi qismən təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh X9 arasında xx.xx.2014-cü il tarixdə Zəngilan rayon Qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuş və akt qeydləri kitabında 93 saylı nikah akt qeydi ləğv edilmiş, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 anaları Cavabdeh himayəsində saxlanılması, cavabdeh X1 xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin iddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir. İşdə olan Nərimanov RPİ tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsindən görünür ki, Cavabdeh Zəngilan şəhəri H.Hacıyev küçəsi 11 saylı evdə qeydiyyatdadır. Yenə iş materiallarında olan 1 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015- ci il tarixli, AZ-İİİ № 516139 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2015-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1665 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X9, anası Cavabdehdır. Yenə də işdə olan Sumqayıt Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZ-İİİ № 831427 saylı doğum haqqında şəhadətnaməndən görünür ki, X11 xx.xx.2016-cı il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 6039 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X9, anası Cavabdehdır. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-2031/2022 nömrəli, 22 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, dövlət mənzil fonduna aid olan Abşeron rayonu Masazır qəsəbəsi 2 saylı evin 1 otaqlı 29 saylı mənzili Kirayəyəverən Dövlətqaçqınkom Mənzil İstismar Departamenti ilə kirayəçi İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, sonuncunun müvəqqəti yaşaması üçün sahibliyinə və istifadəsinə verilmişdir. İddiaçı həmin mənzili müvəqqəti yaşamaq üçün qardaşı və onun ailəsinə, o cümlədən cavabdehə vermişdir. Hazırda iddiaçı mənzilin boşaldılıb ona təhvil verilməsini tələb etsə də, cavabdeh həmin mənzili könüllü boşaltmaq istəmir. Mübahisə birinci instansiya məhkəməi tərəfindən yuxarıdakı qaydada həll edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər şeydən əvvəl, qeyd olunmalıdır ki, mübahisəli mənzil xüsusi təyinatlı dövlət mənzil fonduna aid olamqla məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahəsidir. Qüvvədə olan Mənzil Məcəlləsinin 99.1-99.3-cü maddələrinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə — vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Qeyd edildiyi kimi mübahisəli məzilə dair kirayə müqaviləsi iddiaçı ilə bağlanmış və həmin müqavilə əsasında onun həmin mənzil barəsində hüquq və vəzifələri yaranmışdır. Mənzil Məcəlləsinin 100.1-100.3-cü maddələrinin tələblərinə görə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi tərəflərin razılaşması ilə istənilən vaxt ləğv edilə bilər. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi istənilən vaxt xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsini ləğv edə bilər. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. İşdən göründüyü kimi mübahisəli mənzilə dair kirayə müqaviləsi ləğv edilməmiş, qüvvədədir, başqa sözlə həmin müqavilə əsasında mənzilə dair sahiblik və istifadə hüququ da kirayəçi kimi iddiaçıya məxsusdur. Lakin o, hazırki halda həmin hüquqlarından istifadə edə bilmir. Eləcə də, müqavilə üzrə vəzifə daşıyan şəxs olaraq o, məsuliyyət daşısa da, mənzilə daxil ola bilmədiyi üçün bu vəzifələrini də həyata keçirə bilmir. İş üzrə cavabdeh mübahisəli mənzilə dair kirayə müqaviləsi üzrə tərəf olmadığı kimi kirayəçinin ailə üzvü deyildir. Həmin müqavilə üzrə o, heç bir hüquqa malik olmadığı kimi, vəzifə də daşımır. Qeyd edildiyi kimi iddiaçı əvvəllər yuxarıda qeyd olunan formada cavabdehin mübahisəli mənzildə müvəqqəti yaşamasına etiraz etməsə də, hazırda cavabdehin ona məxsus mənzildən çıxarılmasını tələb edir. Cavabdeh isə artıq icazəsiz surətdə iddiaçıya məxsus mübahisəli mənzildə yaşamaqla onun sahiblik və istifadə hüquqlarını pozur. Cavabdehə xəbərdarlıqlar edilsə də, o bundan imtina etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh mübahisəli mənzildə yaşasa da, həmin mənzilə hər hansı bir formada əmlak hüquqları əldə etməmiş və onun qanunvericiliyin tələbləri baxımından mübahisəli mənzildən istifadəsi üçün qanuni əsaslar mövcud deyildir. Cavabdeh Mənzil Məcəlləsinin 102.2–ci maddəsində nəzərdə tutulmuş, xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılmasına yol verilməyən şəxslər kateqoriyasına daxil deyildir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzilin qanuni sahibi olan iddiaçının hüquqları qorunmalı, cavabdeh əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmalıdır. İşə baxan birinci instansiya məhkəməsi mübahisəni həll edərkən maddi hüquq normaları kimi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” AR Qanunlarına, AR Nazirlər Kabinetininxx.xx.1993-cü il tarixli, 32 saylı, xx.xx.2017-ci il tarixli, 65 saylı qəralarına istinad etsə də həmin normaları işin faktiki hallaqına uyğun düzgün tətbiq edə bilməmişdir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” AR Qanununun 5-ci maddəsinin tələblərinə görə məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidir. İşə baxan məhkəmə bu maddəyə istinad etsə də, onu düzgün tövsif etməmişdir. Maddənin məzmunundan göründüyü kimi, məcburi köçkünün müstəqil olaraq müvəqqəti məskunlaşmasına yalnız digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmamaq şərtilə yol verilir. Hazırki halda cavabdeh tərəfindən özgəyə məxsus mənzildə məskunlaşmaqla həmin şəxsin, yəni mənzil sahibi olan iddiaçının mənzil hüquqlarının pozulması aydın görünür. Məhkəmə kollegiyası, xüsusilə qeyd etmək istəyir ki, iddiaçı da məcburi köçkündür və hazırki mübahisə də onun hüquqlarının müdafiəsi ilə bağlıdır. Bu səbəbdən də, məcburi köçkünlərin sosial müdafiəsinə yönəlmiş qanunvericilk aktlarına istinad edərkən, ilk növbədə pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmiş şəxsin, kim tərəfindən pozulmasından asılı olmayaraq, hüquqlarının bərpasının vacibliyi yaddan çıxmamalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası»nın təsdiq edilməsi haqqında xx.xx.2017-ci il tarixli, 65№-li qərarının 3.3-cü bəndinə əsasən məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. Yenə həmin qərarın 3.7-ci bəndinin tələblərinə görə məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırılmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Qeyd olunan qərarın 4.1-ci bəndi ilə məcburi köçkünlərin ailə tərkibinə uyğun olaraq ailə tərkibi 1 nəfərdən ibarət olanlara — 1 otaq verilməsi müəyyən edilmişdir. İstinad olunan hüquq normalarından göründüyü kimi məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini başqasının istifadəsinə vermək hüququ olmadığı kimi, bu hal onların həmin yaşayış sahəsindən məhrum olması ilə nəticələnə bilər. Beləliklə, şərh olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının istifadəsinə verilmiş mənzildə onun iradəsinə zidd olaraq yaşaması və könüllü olaraq oranı boşaltmaması qanunsuzluqdur. Məhkəmə kollegiyası işə baxan məhkəmənin iddia tələbinin rədd edilməsi üçün iddia müddətinin ötürülməsinə əsaslanmasına da tənqidi yanaşaraq qəbul etmir. Belə ki, Mülki Məcəllənin 384.0 və 384.0.4-cü maddələrinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil olunmur. Daha öncə qeyd olunduğu kimi hazırki iddia tələbi məhz iddiaçının sahiblik hüquqlarının müdafiəsinə yönəlmişdir. Bu səbəbdən də, hazırki tələb iddia müddəti şamil edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı həm iddia tələbinin, həm də apellyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apellyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-2031/2022 nömrəli, 22 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin olunmalıdır. Məhkəmə kollegiyası həmçinin iş üzrə tərəflərin məcburi köçkün kimi dövlət rüsumu ödəməkdən azad olmasını nəzərə alır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-2031/2022 nömrəli, 22 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin olunsun. Cavabdeh X8 İddiaçı məxsus Abşeron rayonu Masazır qəsəbəsi 2 saylı evin 29 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar