Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2043/2021 03.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı istifadə hüququnun tanınması və mənzilə köçürmə tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-357/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron Rayon Məhkəməsinin 2(012)-357/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilməmişdir. (hakim E.Məmmədov) İddiaçı qətnamədən apelyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mərhum atası X3 məxsus Xırdalan şəhəri, 28-ci məhəllə, 7 saylı evin 46 saylı mənzilindən istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir . İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 1978-ci il tarixdən mərhum atası X3 məxsus Xırdalan şəhəri, 28-ci məhəllə, ev 7, mənzil 46 ünvanında qeydiyyatda olmuş və orada ailə üzvləri ilə birlikdə yaşamışdır. Sonra o, 1988-ci ildə ailə həyatı qurması ilə əlaqədar olaraq atasına məxsus olan həmin mənzildən köçüb getmişdir. 1988-ci ildə həmin ünvandan qeydiyyatdan çıxmış, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, 5 saylı RPŞdə qeydiyyata düşmüşdür. Artıq neçə illərdir ki, övladları ilə yaşamağa daimi evi olmadığına görə kirayələrdə yaşayır. Hal-hazırda da sahəsi az və şəraitsiz mənzildə kirayədə yaşayırlar. Xəstəliyi ilə əlaqədar işləyə bilmədiyinə, heç bir yerdən maddi gəliri olmadığına görə artıq mənzilin kirayə haqqını ödəyə bilmir. Bu səbəbdən evdən çıxmaq məcburiyyətində qalmışdır və yaşamağa başqa yeri yoxdur. Cavabdeh mübahisəli mənzildə yaşayır. Ora köçüb yaşaması barədə cavabdehə dəfələrlə müraciət etsə də, lakin sonuncu onu evə buraxmır. Başqa yaşayış yeri olmadığına görə, eləcə də mübahisəli mənzil mərhum atası X3 məxsus olduğuna görə hesab edir ki, onun mübahisəli mənzildən istifadə hüququ tanınmalı və o, həmin mənzilə köçürülməlidir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, işə baxmış məhkəmə mübahisəni tam və hərtərəfli araşdırmamış, qanunsuz nəticəyə gəlmişdir. Mübahisə həll edilərəkən bütün sübutlar tədqiq olunmamış, yalnız qarşı tərəfin mövqeyi əsas götürülmüşdür. Mübahisəli mənzilin atasının adına olan orderində icarədarın ailə üzvləri siyahısında onun da adı qeyd edilmişdir. Bu mənzil onun atasından miras qalmış əmlakdır, bu miras əmlakın isə cavabdeh tərəfindən qəbulu ilə bağlı heç bir sənəd mövcud deyil. Belə olan halda isə məhkəmə həmin mirasda onun da payının olubolmamasını müəyyən edə bilməzdi. Cavabdehin mübahisəli mənzildən yalnız istifadə hüququ vardır. Cavabdehin onun da bu mənzildən istifadə hüququnun yaranmasına etiraz etməsi əsassızdır. Lakin məhkəmə bütün işin hallarını qarşı tərəfin xeyrinə təhrif etməklə əsaslı iddianı rədd etmişdir. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, iddia təmin olumalıdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 03.04.2019-cu il tarixli, V-25-112 saylı məktubundan görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzildəyişmə İdarəsinin arxiv sənədlərində 048497 saylı, 02.04.1979-cu il tarixdə verilmiş order əsasında T.V.Vəliyevə 8 nəfər ailə üzvü ilə birlikdə ona ayrılmış mənzilin A.D.Jidokovaya ünvan 1 ünvanında yerləşən 46 saylı 5 otaqlı, ümumi sahəsi 76,18 kv.metr olan mənzillə dəyişdirilməsi barədə order mövcuddur. Həmin orderdə mənzildə yaşamaq hüququ olan icarədarın ailə üzvləri arasında qızı X1 və oğlu Cavabdeh adı qeyd olunmuşdur. Yenə iş materiallarında olan Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ 482824 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1969-cu il tarixdə anadan olmuşdur. Atası qrafasında X9, anası qrafasında X4 yazılmışdır. Yenə də iş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 23 noyabr 2017-ci il tarixli, 3272 saylı arayışdan görünür ki, İddiaçı soyadı 03.02.2015-ci il tarixdə Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin 02.02.1993-cü il tarixli, 495 saylı qərarının tələblərinə uyğun olaraq “Vəliyeva”dan “Vəlizadə”yə dəyişdirilmişdir. İşdə olan Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən 31 avqust 2007-ci il tarixdə verilmiş AZ-İ 891120 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 02 fevral 2007-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Yenə işdə olan Abşeron RİH Mənzil Kommunal Təsərrüfatı 1 saylı Mənzil-İstismarı Təmir Sahəsi tərəfindən 18 mart 2020-ci il tarixdə verilmiş 2 saylı formada arayışdan görünür ki, Vəlizadə X2 şəhəri, 28-ci məhəllə, 7 saylı evin 46 saylı mənzilindən-özü 1988ci il tarixdə pasport qeydiyyatından çıxmışdır və orada yaşamır. Mənzil Abşeron RİH-nə məxsusdur. Mənzilin icarədarı mərhum X9 olmuşdur. Cavabdeh Tacətdin oğlu (1987), X10 (1988), X12 (29.06.1993), X5 (1993), X13 (1995), X11 (1999) və X7 (2006) mənzildə daimi qeydiyyatdadırlar. İşə əlavə edilmiş Abşeron rayonu 4 saylı Mənzil Təsərrüfatı İstehsal İstismar Təmir Sahəsi tərəfindən 10 noyabr 2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, Əminə Tacətdin qızı hazırda Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, M.Əcəmi küçəsində yerləşən fərdi yaşayış evində yaşayır. Evin kommunal xidmətlərə dair abonent saldosu onun adınadır. Yenə işə əlavə edilmiş C seriyalı 884268 saylı şəhadətnamədən görünür ki, İddiaçı 21 may 2019-cu il tarixdən 20 may 2020-ci il tarixədək Türkiyə Respublikası ərazisində yaşamaq üçün qısa müddətli icazə verilmişdir. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən mübahisə üzrə çıxarılmış qətnamə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, mübahisə predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 7 saylı evin 46 saylı mənzili dövlət mənzil fonduna daxil olmaqla, 048497 saylı, 02.04.1979-cu il tarixli order əsasında tərəflərin atası X3 9 nəfər ailə üzvü üçün verilmişdir. Orderdə mənzildə yaşamaq hüququ olan icarədarın ailə üzvləri siyahısında iddiaçı Vəlizadə (Vəliyeva) Əminə Tacətdin qızının və Cavabdeh da adları qeyd olunmuşdur. İddiaçı icarədarın ailə üzvü olaraq həmin mənzildə yaşamış, lakin 1988-ci il tarixdə ailə qurması ilə bağlı daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmüş, qeydiyyatdan çıxmışdır. Mənzilin icarədarı X9 02 fevral 2007-ci il tarixdə vəfat etmişdir. Hazırda Cavabdeh Tacətdin oğlu və digər ailə üzvləri X10, X12, X5, X13, X11 və X8 daimi qeydiyyatda olmaqla, həmin mənzildə yaşayırlar. İddiaçı hazırki iddia tələbi üzrə mərhum atasına verilmiş Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 7 saylı evin 46 saylı mənzilindən istifadə hüququnun tanınmasını və həmin mənzilə köçürülməsini tələb edir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. AR MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hər şeydən əvvəl, məhkəmə kollegiyası nəzərə alır ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 7 saylı evin 46 saylı mənzili dövlət mənzil fonduna daxildir. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsi kimi hesab edir ki, iddiaçının mərhum atasının adına verilmiş mübahisəli mənzilə dair order 02.04.1979-cu il tarixdə verildiyindən və iddiaçı bu tarixdən həmin mənzildə yaşadığından tərəflər arasındakı mübahisə həmin dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü bəndi ilə müəyyən edilir ki, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 12 mart 1999-cu tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil Məcəllənin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Göründüyü kimi, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçdükdə, bu hal həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum edilməsi üçün əsasdır. Hazırkı işdən görünür ki, İddiaçı 1988-ci ildən mübahisəli mənzili ailə quraraq tərk etmiş, daimi yaşamaq üçün başqa ünvana getmiş, yəni o, könüllü olaraq mənzildən çıxmış, daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmüş və həmin tarixdən bu günədək mübahisəli mənzildə yaşamamışdır. Məhkəmə iclasında iddiaçı mərhum atası vəfat edən günədək mütəmadi olaraq ona məxsus mənzildə yaşamasını bildirsə də, lakin göstərilən hal işdə olan sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə, işdə olan mötəbər sübutlardan görünür ki, İddiaçı hazırda Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, M.Əcəmi küçəsində yerləşən fərdi yaşayış evində yaşayır. Beləliklə də, iddiaçının ünvan 1 ünvanında yerləşən 46 saylı mənzili 1988-ci il tarixdə nikaha daxil olması səbəbindən könüllü, daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi ilə bağlı tərk etməsi, həmin tarixdən bu günədək mübahisəli mənzildə yaşamaması, hazırda başqa yaşayış yeri olmaqla mübahisəli mənzili daimi əsaslarla tərk etməsi barədə nəticəyə gəlməyə, bununla da həmin mənzil üzərində artıq onun istifadə hüququnu itirməsi qənaətinə gəlməyə əsas verir. İddiaçının hazırda göstərilən mənzildən istifadə hüququnun mövcud olması müəyyən edilmədiydən, onun həmin mənzilə köçürülməsi barədə tələbi də əsassızdır və təmin edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquq ilə bağlı ümumən düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı omuşdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq həm iddiasının, həm apelyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-357/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-2043/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2043/2021
03.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver