Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2046/2022 29.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ 29 noyabr 2022-ci il İş № 2(105)-2046/2022 Sumqayıt şəhəri Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə Miriyeva Həbibə Novruz qızının katibliyi, İddiaçı X3 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 iştirakı ilə, İddiaçı X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-4775/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-4775/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Abşeron rayonu Xırdalan şəhəri, məhəllə 27, 2A saylı evin 73 saylı mənzilinə istifadə hüquqlarına xitam verilmiş, iddia qalan hissədə təmin edilməmişdir. (hakim H.Əhmədov) Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-4775/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X6 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin Abşeron rayonu Xırdalan şəhəri, məhəllə 27, 2A saylı evin 73 saylı mənzilinə istifadə hüquqlarının getdikləri gündən itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “X11”nın cavabdeh “Cavabdeh3” kimi oxunmasını, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Abşeron rayonu Xırdalan şəhəri, məhəllə 27, 2A saylı evin 73 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Abşeron rayonu Xırdalan şəhəri, məhəllə 27, 2A saylı evin 73 saylı mənzilinin mülkiyyətçisidir. Həmin mənzildə İddiaçı və onun ailə üzvləri ilə yanaşı, iddiaçının qohumları, yəni cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hal-hazırda pasport qeydiyyatındadır. Cavabdehlərin mənzilə pasport qeydiyyatları qalsa da, onlar uzun müddətdir ki, bu mənzildə yaşamırlar və daimi əsaslarla başqa ünvana yaşamaq üçün köçüb getmişlər. Belə ki, cavabdehlərdən Cavabdeh2 1992-ci ildə, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 isə İddiaçı yaşadığı və mülkiyyətçisi olduğu Abşeron rayonu Xırdalan şəhəri, məhəllə 27, 2A saylı evin 73 saylı mənzilini tərk edərək yaşamaq üçün başqa ünvanlara köçmüş və həmin müddətlərdən sonra İddiaçı mənzilinə bir daha qayıtmamışlar. Bu halı İddiaçı qonşuları da təsdiq edir. Onların iradə ifadələri notarial qaydada təsdiq edilmiş ərizələrində qeyd edilmişdir. Cavabdehlərdən 24 avqust 1969-cu il tarixdə Quba rayonunun Çiçi kəndində anadan olmuş Cavabdeh1 1994-1995-ci illərdə daimi yaşamaq üçün Rusiya Federasiyasına köçmüşdür. Bu faktın təstiq edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti İdarəsinə məhkəmə sorğusu verə bilər. Beləliklə də, cavabdehlərin köçdüyü gündən İddiaçı mülkiyyətində olan mənzilə istifadə hüquqları itirilmiş, lakin formal olaraq qeydiyyatda qalmışlar. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Qətnamə ilə razı deyil. Məhkəmənin mövqeyi ilə razılaşmayaraq ilk öncə qeyd edir ki, o, iddiaçının qardaşının həyat yoldaşı kimi mübahisə predmeti olan evə gəlin köçmüş və orada yaşamışdır. Qızı Günel həmin mənzildə doğulmuşdur. İddiaçı ilə bərabər onların da həmin mənzilə istifadə hüququ olmuşdur. İddiaçı A.Ağaməmmədov iddia ərizəsində onun uzun müddətdən bəri həmin mənzildə yaşamadığını, 1994-1995-ci illərdə daimi yaşamaq üçün Rusiya Federasiyasına köçdüyünü, həmin mənzilə bir daha qayıtmadığını, bu halı qonşuların təsdiq etdiyini qeyd etsə də, bu halları təstiq edəcək hər hansı mötəbər sübut təqdim etməmiş, işə baxan məhkəmə yalnız şahidlər tərəfindən verilmiş yalan ifadələri əsas götürülməklə iddianın təmin edilməsi qənaətinə gəlmişdir. xx.xx.2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Mübahisəli mənzil onun mərhum qaynatası Mustafa Ağaməmmədovun mülkiyyətində olmuş, cavabdeh isə onun sağlığında oğlu A.Ağaməmmədovla ailə quraraq həmin mənzilə gəlin köçərək evdə yaşayış sahəsindən digər şəxslərlə birlikdə istifadə etmək hüququ əldə etmişdir. Həmçinin iddiaçı A.Ağaməmmədovun özü də onunla eyni zamanda mənzildən istifadə hüququ olan şəxs olmuşdur. Lakin M.Ağaməmmədov vəfat etdikdən sonra həyat yoldaşı və mənzildə istifadə hüququ olan şəxslər mənzilin iddiaçının adına qeydə alınması və satılaraq vərəsələr arasında bölünməsi üçün mənzilin onun adına dövlət qeydiyyatına alınmasına razılıq vermişlər. Lakin evdən istifadə hüquqlarından imtina etməmişlər. Məhkəmə isə bu hallara lazımi qiymət verməmiş və iş üzrə yalnış nəticəyə gəlmişdir. Sadalanan hallar apellyasiya kollegiyası tərəfindən yenidən nəzərə alınmalı, qətnamə ləğv edilməli, iddia isə rədd olunmalıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırkı iddia onun mərhum ərinin vəfatından sonra qaldırılmışdır. O hazırda valideyninə məxsus evdə yaşayır. Mübahisəli mənzildən qanunla istifadə hüququ vardır və o həmin hüququn qorunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçı X1 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. O, bildirdi ki, cavabdehlər uzun müddətdir ki, mübahisəli evi tərk etmişlər. Habelə, Cavabdeh1 mənzilə ehtiyacı olan şəxs deyildir. Birinci instansiya məhkəməsi iş üzrə kifayət qədər araşdırma aparmış və düzgün nəticəyə gəlmişdir, şikayətin hüquqi əsası yoxdur. Bu səbəbdən apellyasiya şikayətinin rədd edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada və vaxtında məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə kollegiyası işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan xx.xx.1974-cü il tarixli, 241 saylı orderdən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri, məhəllə 27, 2A saylı evin 73 saylı mənzili Mustafa Ağəmmədovun 8 nəfər ailə üzvləri ilə birlikdə istifadəsinə verilmişdir. Mülki işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, Abşeron rayonu Xırdalan şəhəri, məhəllə 27, 2A saylı evin 73 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********46-05101-093090 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Yenə işdə olan Abşeron rayon İcra Hakimiyyəti 2 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 889 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdən, Cavabdeh1 xx.xx.1991-ci il tarixdən, Cavabdeh2 xx.xx.1998-ci il tarixdən və Cavabdeh3 2008-ci ildən Abşeron rayonu Xırdalan şəhəri, məhəllə 27, 2A saylı evin 73 saylı mənzilində qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Cavabdeh2 xx.xx.2016-cı il tarixli, Cavabdeh1 xx.xx.2019cu il tarixli və Cavabdeh3 xx.xx.2019-cu il tarixli ərizələrindən görünür ki, onlar Abşeron rayonu Xırdalan şəhəri, məhəllə 27, 2A saylı evin 73 saylı mənzilinin İddiaçı adına özəlləşdirilməsinə etiraz etməmiş və həmin ərizələr notarial qaydada təsdiq olunmuşdur. Yenə işə əlavə edilmiş hədiyyə verən X9 ilə hədiyyə alan Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsindən görünür ki, hədiyyə verən Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə 1 saylı evin (Mebelni-1) 48 saylı mənzilini hədiyyə alanın mülkiyyətinə vermiş, hədiyyə alan isə mənzili xüsusi mülkiyyətinə qəbul etmişdir. Mülki işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə 1 saylı evin (Mebelni-1) 48 saylı mənzili Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********64-05101-093060 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan X4, X7 və X2 xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizələrindən görünür ki, ünvan 1 ünvanında yaşayan İddiaçı qohumları Cavabdeh1, onun qızı Cavabdeh3 1994-cü ildə, Cavabdeh2 isə 1992-ci ildə yaşadıqları ünvan 1 ünvanından köçərək həmin mənzildən getmişlər. Bu günədək həmin mənzilə qayıtmamışlar. Onları həmin mənzildə o illərdən bu günədək bir daha görməmişlər. Ərizənin doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışlardan görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Abşeron rayonu Xırdalan şəhəri, məhəllə 27, 2A saylı evin 73 saylı mənzilində qeydiyyatdadırlar. Yenə də işdə olan Asan-Sumqayıt tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Abşeron rayonu Xırdalan şəhəri, məhəllə 27, 2A saylı evin 73 saylı mənzilində qeydiyyatdadır. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, iş üzrə cavabdehlərdən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin olunmamasını xahiş etmişdir. Ona görə də məhkəmə kollegiyası qətnaməni Cavabdeh1 münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Abşeron rayonu Xırdalan şəhəri 27ci məhəllə 2A saylı evin 73 saylı mənzili xx.xx.1974-cü il tarixli, 241 saylı order əsasında iddiaçının atası Mustafa Ağəmmədova 8 nəfər ailə üzvü tərkibində verilmişdir. Həmin mənzil orada qeydiyyatda olan şəxslərin notarial qaydada təsdiq olunmuş ərizələrinə əsasən iddiaçının adına özəlləşdirilmiş və hazırda iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdehlər mənzil özəlləşəndən xeyli qabaq yaşayış yerlərini dəyişib başqa ünvana köçdüklərindən iddiaçı cavabdehlərin istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbini təmin etmiş, narazı qalan Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AR Mülki Prosessual Məcəlləsinin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin tədqiq olunan faktiki hallarından məlum olur ki, mübahisəli mənzildə iş üzrə cavabdehlər Cavabdeh1 xx.xx.1991-ci ildən, Cavabdeh2 xx.xx.1998-ci il tarixdən və Cavabdeh3 isə 2008ci ildən qeydiyyatdadırlar. Belə olan halda kollegiya hesab edir ki, tərəflər arasında hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixədək yarandığından mübahisəyə həmin tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə baxılmalıdır. Qeyd olunan Məcəlləninin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinin mənasına əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli, «Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun 16 oktyabr 1992-ci il tarixli, 2 saylı qərarına görə belə hallarda məhkəmə kirayəçinin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Belə sübutlara yaşayış sahəsindən qeydiyyatdan çıxmağa, iş yerindən çıxıb, yeni yaşayış sahəsində işə düzəlməyə, yeni iş yerindən mənzillə təmin edilməyə və sair sənədlər aid ola bilər. Yuxarıda qeyd olunduğu kimi, Cavabdeh1 1994-cü ildə yaşayış yerini dəyişmiş, mübahisəli mənzildən köçərək ailəsi ilə başqa ünvanda yaşamağa başlamışdır. Hazırda o, özünün mülkiyyətində olan mənzildə yaşayır. Onun mübahisəli mənzildə qeydiyyatı formal xarakter daşıyır. O, artıq uzun müddətdir ki(təxminən 25-26 il), həmin mənzilin qorunub saxlanılmasında, təmirində, mənzilə dair kirayə və kommunal haqların ödənilməsində iştirak etməmişdir. Digər tərəfdən, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin ikinci bəndinə görə yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında sənədləri təqdim etməlidir. Qeyd edildiyi kimi uzun müddət yaşayış yerini daimi dəyişməsinə baxmayaraq Cavabdeh1 istinad olunan normanı pozaraq yaşayış yeri üzrə qeydiyyata alınmamış, mübahisəli mənzilə olan formal qeydiyyatından istifadə edərək əsassız tələblər irəli sürür. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən hesab edir ki, Cavabdeh1 uzun müddət mübahisəli mənzildə yaşamadığından, daimi olaraq yaşamaq üçün başqa yerə köçdüyündən onun bu mənzilə olan istifadə hüququ itirilmişdir. Daha öncə istinad olunan Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən kirayəçi və ya onun ailə üzvləri müvəqqəti olaraq altı aydan yuxarı başqa yerə getdikdə onların yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilməlidir. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi cavabdeh müvəqqəti yox, daimi olaraq, yəni ailəsi ilə başqa yerə getmiş, artıq onun mülkiyyətində mənzil vardır. Başqa yaşayış yerinə köçüb, orada 20 ildən artıq müddətində yaşamaq isə müvəqqəti hesab oluna bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə mənzil münasibətlərindən doğan bu tipli mübahisələrdə başqa mövqenin tutulması düzgün olmayan məhkəmə presedenti yaratmaqla arzuolunmaz nəticələrə gətirib çıxara bilər. AR Konstitusiyasının 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda Cavabdeh1 mübahisəli mənzildə qeydiyyatda olması faktından sui-istifadə etməsi həmin mənzilin mülkiyyətçisinin hüququnun kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Digər tərəfdən yuxarıda qeyd edildiyi kimi mübahisəli Abşeron rayonu Xırdalan şəhəri, məhəllə 27, 2A saylı evin 73 saylı mənzili əvvəlcə dövlət mənzili fonduna daxil olmuş, xx.xx.2019-cu il tarixində özəlləşdirilmiş, artıq İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********46- 05101-093090 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Beləliklə, iş üzrə tərəflər yeni hüquq münasibətlərinə daxil olmuşlar. Cavabdeh1 mübahisəli mənzilin mülkiyyətçisi olan İddiaçı ailə üzvü hesab olunmur. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. AR Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2011-ci il tarixli Qərarı). Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi, 71-ci maddəsinin İİ hissəsi və «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair» 21 dekabr 2012-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası mübahisəni həll edərkən məhz Konstitusiya Məhkəməsinin daha önsə sadalanan hüquqi mövqeyinə əsaslanaraq qeyd edir ki, yaşayış sahəsinə mülkiyyət hüququnun tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Qeyd edildiyi kimi iş üzrə Cavabdeh1 mülkiyyətində olan və daimi yaşadığı ayrıca mənzili vardır. O, yaşayış sahəsinə, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəxs deyildir. Belə bir halda onun mübahisəli mənzilə istifadə hüququnun saxlanılması Konstitusiya Məhkəməsinin daha öncə istinad olunan mövqeyinə zidd olardı. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən hazırki hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılmasını tam nəzərə alaraq qanuni və əsaslı qətnamə çıxarmışdır. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Cavabdehin sübutları iddianın rədd edilməsi üçün yetərli olmamışdır. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Kəmalə Ağammədovanın ödədiyi dövlət rüsumu özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-4775/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Kəmalə Ağammədovanın ödədiyi dövlət rüsumu özünə aid edilsin Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-2046/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2046/2022
29.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver