Məhkəmə qərarları › İş №2(105)-2048/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2048/2021

10.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2048/2021 10.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialın nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyət kəsb edən faktın-əmək stajının müəyyən olunması barədə ərizəsinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(028)-53/2021 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq , MÜƏYYƏN ETDİ : Qubadlı Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(028)-53/2021 saylı qətnaməsi ilə (hakim V.Ruvinov) ərizənin təmin olunması, Ərizəçi 1981-ci ilin sentyabr ayından 1993-cü ilin iyul ayına kimi Qubadlı rayonu, Mərdanlı kəndində yerləşən Suvarma Sistemləri İdarəsinin nasos stansiyalar üzrə mühəndis-elektrik vəzifəsində işləməsi faktı müəyyən edilmişdir. Qətnamədən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı apelyasiya şikayəti verərək, onun ləğv olunmasını və ərizənin rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 1981-ci ilin sentyabr ayından 2002-ci ilin dekabr ayına kimi Qubadlı rayonu, Mərdanlı kəndində yerləşən Suvarma Sistemləri İdarəsinin nasos stansiyalar üzrə mühəndis-elektrik vəzifəsində işləməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. O, məhkəmə gedişatında tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək onun 1981-ci ilin sentyabr ayından 1993-cü ilin avqust ayına kimi Qubadlı rayonu, Mərdanlı kəndində yerləşən Suvarma Sistemləri İdarəsinin nasos stansiyalar üzrə mühəndis-elektrik vəzifəsində işləməsi faktının müəyyən edilməsinə dair qətnamə qət edilməsini, həmçinin maraqlı şəxs kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialının qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, 1960-cı ildə Qubadlı rayonu,Yuxarı Mollu kəndində anadan olmuşdur. 1981-ci ilin sentyabr ayından 2002-ci ilin dekabr ayına kimi Qubadlı rayonu, Mərdanlı kəndində yerləşən Suvarma Sistemləri İdarəsinin nasos stansiyalar üzrə mühəndis-elektrik vəzifəsində işləmişdir. Onun 1993-cü ilin avqust ayından 2002-ci ilin dekabr ayına kimi Qubadlı rayonu, Mərdanlı kəndində yerləşən Suvarma Sistemləri İdarəsinin nasos stansiyalar üzrə mühəndis elektrik vəzifəsində işləməsi arxiv arayışı ilə öz təsdiqini tapır. Lakin 1981-ci ilin sentyabr ayından 1993-cü ilin iyul ayına kimi işlədiyi müddət arxiv arayışında öz təsdiqini tapmır. Əmək kitabçası işğal zonasında, iş yerində qalmışdır. Bu səbəbə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır və göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı cıxarılmışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, TƏRƏFLƏRİN İZAHATLARİ və SÜBUTLARİ: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməklə mübahisəni düzgün həll etməmiş, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuş, işin halları tam araşdırılmamış, sübutlar düzgün qiymətləndirilməmişdir. Belə ki, ərizəçi məhkəmədən qabaq bu ərizə ilə cavabdeh orqana müraciət etməmişdir. Bundan başqa, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Digər tərəfdən, hazırki iş üzrə birinci instansiya məhkəməsi ərizəçinin tələbini əsaslandırmaq üçün istinad etdiyi yeganə sübut 2 şahid ifadəsidir, həmin şahidlər qeyd edilən müəssisədə 1982-ci ilin yanvar ayından 1993-cü ilin avqust ayının sonuna kimi, 1983-cü ilin may ayından 1993-cü ilin avqust ayının sonuna kimi işlədikləri halda, Ərizəçi 1981-ci ilin sentyabr ayından 1993-cü ilin avqust ayınadək Qubadlı rayonu, Mərdanlı kəndində yerləşən Suvarma Sistemləri idarəsinin nasos stansiyalar üzrə mühəndis-elektrik vəzifəsində işləməsi faktına şahidlik edə bilməmələrinə düzgün hüquqi qiymət verilməmiş, bu sübutların ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olmamasına diqqət yetirilməmişdir. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qətnamə ləğv olunmalı, ərizə isə rədd edilməlidir. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialın nümayəndəsi Nümayəndə apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. O, bildirdi ki, hazırda ərizəçi pensiya yaşına belə çatmamışdır və onun indidən bu cür ərizə verməsi əsassızdır. Ərizəçi məhkəmə kollegiyasının iclasında şikayətə etiraz etdi və onun rədd olunmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan ərizəçi AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı ildə Qubadlı rayonu, Yuxarı Mollu kəndində anadan olmuşdur. Yenə iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ərizəçiyə ünvanlanmış 30 yanvar 2021-ci il tarixli, **********7 saylı cavab məktubundan görünür ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Təqdim etdiyi 06.03.2002-ci il tarixli əmək kitabçasına əsasən onun sığorta stajı 5 il 7 ay olmaqla Qanunla tələb olunan müddətdən (15 ildən) azdır. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 18683,21 manat olmaqla tələb olunan məbləğdən (27000) manatdan azdır. Qeyd olunanlara əsasən bildirilir ki, onun əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından düzgün hesab edilmir. Yenə də iş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin 13.10.2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, X4 1982-ci ildən 1993-cü ilin avqust ayına kimi Qubadlı rayon Suvarma Sistemləri İdarəsində işləməsi faktı müəyyən edilmişdir. İşə əlavə edilmiş Qubadli Rayon Məhkəməsinin 25.12.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X3 1983-cü ildən 1993-cü ilin oktyabr ayına kimi Qubadlı rayon Suvarma Sistemləri İdarəsində işləməsi faktı müəyyən edilmişdir. X2 məhkəmə iclasında verdiyi izahatdan görünür ki, ərizəçi ilə həmyerlidir və iş yoldaşı olmuşlar. O, ərizəçi ilə 1982-ci ilin yanvar ayından 1993-cü ilin avqust ayının sonuna kimi Qubadlı rayonu, Mərdanlı kəndində yerləşən Suvarma Sistemləri İdarəsində işləmişdir. Ərizəçi ondan qabaq həmin İdarədə işləmişdir. Onun həmin İdarədə işləməsi Qubadlı Rayon Məhkəməsinin 13.10.2014-cü il tarixli qətnaməsi ilə təsdiq olunur. X1 məhkəmə iclasında verdiyi izahatdan görünür ki, ərizəçi ilə həmyerlidir və iş yoldaşı olmuşlar. O, ərizəçi ilə 1983-cü ilin may ayından 1993-cü ilin avqust ayının sonuna kimi Qubadlı rayonu, Mərdanlı kəndində yerləşən Suvarma Sistemləri İdarəsində işləmişdir. Onun həmin İdarədə işləməsi Qubadlı Rayon Məhkəməsinin 25.12.2017-ci il tarixli qətnaməsi ilə təsdiq olunur. İşə əlavə edilmiş 3988 saylı attestatın surətindən görünür ki, Ərizəçi 1976-cı ildə Bakı şəhər 12 saylı Texniki Məktəbə daxil olmuş və oranı 1978-ci ildə bitirmişdir. İşdəki 000057 saylı əmək kitabçasından görünür ki, Ərizəçi kitabçası 06 mart 2002-ci ildən açılmışdır. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəcini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, işdə olan sübutları araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Qubadlı Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(028)-53/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən olundu ki, Ərizəçi xx.xx.1960-cı ildə Qubadlı rayonu, Yuxarı Mollu kəndində anadan olmuşdur. Ərizəçi bildirir ki, o, 1981-ci ilin sentyabr ayından 1993-cü ilin iyul ayına kimi Qubadlı rayonu, Mərdanlı kəndində yerləşən Suvarma Sistemləri İdarəsinin nasos stansiyalar üzrə mühəndis-elektrik vəzifəsində işləsə də, məlum hadisələr nəticəsində sənədlər itirilmişdir və bu faktı yalnız məhkəmə qaydasında təsdiq etdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-1-ci fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 306.2-ci maddəsinə görə xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.2-ci bəndində qeyd edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 13-cü bəndində qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir.Əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir.Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilibedilməməsinə xüsusi diqqət yetirilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Məcəllənin 25-ci maddəsinə əsasən Sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci maddəsinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o cümlədən, qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, Ərizəçi 1981-ci ilin sentyabr ayından 1993-cü ilin iyul ayına kimi Qubadlı rayonu, Mərdanlı kəndində yerləşən Suvarma Sistemləri İdarəsinin nasos stansiyalar üzrə mühəndis-elektrik vəzifəsində işləmiş, lakin işlədiyi illər əmək kitabçasına qeyd olunmamışdır. Çünki ərizəçinin hüquqi fakt kimi təsdiq edilməsini xahiş etdiyi dövrə aid sənədlər işğal altında olmuş rayonda qalmışdır. Buna görə o, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Ərizəçinin vaxtı ilə işlədiyi müəssisə vaxtilə işğal altında olan rayonda yerləşdiyindən onun məhkəmə müdafiəsindən istifadə edərək işləməsi faktının müəyyən edilməsini xahiş etməsi ərizəçinin həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməməsinə dəlalət edir. Ərizəçinin işləməsi şahid ifadələri ilə təsdiq olunur ki, həmin şahidlərin ifadələri bir-birilərini inkar etməməklə, birinin ifadəsi digərinin ifadəsini tamamlayır. Bu da həmin şahidlərin ifadələrinin mötəbərliyi üçün əsas yaradır. Belə olan halda ərizəçinin işləməsi ilə bağlı əmr və mühasibatlıq kitablarının olmamasına görə pensiya təyin edilməsindən imtina edilməsi və ya pensiya təyin edilməməsi əsaslı qəbul edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu olduğundan, (burada əmr və mühasibatlıq kitablarında müvafiq qeydiyyatın aparılması vəzifəli şəxs olaraq işəgötürənin borcu olması nəzərdə tutulur) qanunla ona verilmiş hüquqlarının həyata keçirilməsi, yəni pensiya hüququndan istifadəyə məhdudiyyət qoyula bilməz. Ərizəçinin hazırda pensiya yaşına çatmaması səbəbindən bu cür ərizə ilə məhkəməyə müraciət etməsinin qanunsuzluğu barədə şikayətin dəlilləri əsassızıdır, çünki bu hüquq pensiya yaşına çatıb-çatmamasından asılı olmayaraq, onun müstəsna hüququdur və heç kəs tərəfindən məhdudlaşdırıla bilməz. Birinci instansiya məhkəməsi haqlı olaraq ərizəçinin hüquqi əhəmiyyətli fakt olaraq əmək stajına malik olma faktını müəyyən etmişdir. Odur ki, məhkəmə kollegiyası maraqlı şəxsin apelyasiya şikayətinin formal mülahizələrindən ibarət olduğu qənaətindədir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu baxımdan, məhkəmə kollegiyası maraqlı şəxsin apelyasiya şikayətində göstərdiyi dəlilləri hüquqi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Qubadlı Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(028)-53/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar