Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2049/2022 22.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, Abşeron Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 2(012)-701/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 2(012)-701/2022 nömrəli qərardadı ilə (hakim Elçin Kazımov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətin qanunsuz istifadədən geri tələbinə dair mülki iş üzrə Cavabdeh1 ərizəsi qismən təmin edilib, Cavabdeh1 Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(012)- 701/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddəti buraxılmamış hesab edilmiş, onun apellyasiya şikayətinə baxılması üçün mülki işin materiallarının Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi və ərizənin digər hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı şikayət verib, Abşeron Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 2(012)- 701/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2(012)-701/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İŞİNHALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.03 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh2 Asalan qızı və Cavabdeh1 qanunsuz sahibliyindən geri alınaraq həmin torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(012)-701/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilib, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, **********74 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyindən geri alınması və həmin torpaq sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi, iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh1 29 iyun 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edib, Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(012)-701/2022 nömrəli qətnaməsinin rəsmi qaydada ona təqdim edilməsini xahiş etmiş və 01 iyul 2022-ci il tarixdə həmin məktuba imza edərək qətnamənin surətini qəbul etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili X2 26 iyul 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edib, Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(012)-701/2022 nömrəli qətnaməsindən cavabdehin xəbəri olmadığını, məhkəmədə iştirak etmədiyini və qətnaməni almadığını göstərib, həmin qətnamənin surətinin ona rəsmi qaydada təqdim edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixdə poçt vasitəsi ilə Cavabdeh1 nümayəndəsi və vəkili X1 göndərilmişdir. Cavabdehin nümayəndəsi və vəkili X2 28 iyul 2022-ci il tarixdə elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti vermişdir. Abşeron Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli, 2(012)-701/2022 nömrəli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(012)-701/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyindən geri qaytarılması qərara alınmışdır. Cavabdeh dövlət rüsumu və apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə ərizə vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİNDƏLİLLƏRİ İddiaçı verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 11 avqust 2022-ci il tarixli qərardadı qəbul edərkən prosessual qanunverciliyin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Abşeron Rayon Məhkəməsinin barəsində şikayət verilmiş 2(012)-701/2022 nömrəli qətnaməsi 25 yanvar 2022-ci il tarixdə məhkəmə iclasında, tərəflərin o cümlədən Cavabdeh1 iştirakı ilə elan olunmuşdur. Qətnamə elan edildiyi xx.xx.2022-ci il tarixdə qətnamədən çıxarış hamı kimi Cavabdeh1 da şəxsən təqdim edilmiş, qətnamədən çıxarışı məhkəmə qəbzinə imza edib götürməklə, məhkəmə iclas zalını tərk etmişdir. Qətanmə tam şəkildə xx.xx.2022-ci il tarixdə məhkəmə elektron sistemində yerləşdirilmiş və eyni zamanda tərəflərin ünvanına göndərilmişdir. Daha sonra məhkəmə qətnaməsi icraya yönəldilmiş, tərəf icra şöbəsinə dəvət edilmiş, könüllü icra üçün vaxt verilmiş, icra məmuru bir neçə dəfə icra vərəqəsinin icrası üçün mübahisəli ünvana getsə də, həmin ünvana buraxılmamışdır. Bundan sonra icra məmuru qətnaməsinin məcburi qaydada icrası üçün 31 may 2022-ci il tarixdə mübahisəli ünvana getmiş, tərəflərin iştirakı ilə icra vərəqəsi icra olunaraq, torpaq sahəsi boşaldılaraq ona təhvil verilmiş və Cavabdeh1 daxil olmaqla bu barədə tərtib olunmuş aktda iştirak edən şəxslər tərəfindən imzalarla təsdiq edilmişdir. Cavabdeh1 31 may 2022-ci il tarixdə məhkəmə qətnaməsinin almadığı barədə icra məmuruna məlumat verib, dərhal sonra məhkəməyə müraciət edə bilərdi, lakin bunu etməmiş, özünü qətnamədən məlumatlı kimi aparmış və şikayəti olmadığını bildirmişdir. İcraya etiraz etməmiş və irad bildirməmişdir. Lakin bir neçə ay sonra iyul ayının 18-də qarşı tərəf qapının açarını sındıraraq torpaq sahəsinə daxil olmuşlar. Bununla bağlı polis idarəsinə müraciət edilmiş və araşdırma aparılır. Göründüyü kimi cavabdehin qətnamədən məlumatı olduğu kimi onu əldə etmək imkanı da olmuşdur. Qətnamə onun göstərdiyi faktiki ünvan üzrə göndərilmişdir. Lakin qətnaməni icrasından bir ay sonra qətnamənin alınması ilə əlaqədar müraciət etmişdir. Bu da onu göstərir ki, cavabdeh məqsədli hərəkət edərək, ünvanına gəlmiş qətnaməni qəsdən qəbul etməmişdir. Apellyasiya şikayəti ilə müraciət etməsi də müəmalı hallardan irəli gəlmiş, icra ilə bağlı qanunsuz hərəkətinin pərdələmək niyyəti ilə edilmişdir. Eyni hal eyni şəxsin özünü nümayəndə kimi rəsmiləşdirilməsinə nail olduğu digər cavabdeh üçün də meydana gəlmiş, lakin sonuncu başa düşəndən sonra bundan imtina etmişdir. Digər Cavabdeh2 nümayəndəsi və vəkili Fərhad Məmmədov tərəfindən məhkəməyə müraciət edilərək sözügedən məhkəmə qətnaməsindən cavabdehin xəbəri olmadığı, məhkəmə iclasında iştirak etmədiyi və qətnaməni almadığı bildirilərək, qətnamənin rəsmi qaydada verilməsi xahiş edilmişdir. Daha sonra Cavabdeh2 məhkəməyə ərizə ilə müraciət edərək, sözügedən məhkəmə qətnaməsi ilə tanış olduğunu, qətnamədən apellyasiya şikayəti verilməsinə zərurət görmədiyini, əgər apellyasiya şikayəti verilibsə geri qaytarılmasını bildirərək, bunun nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh2 vəkil Fərhad Məmmədova verilmiş etibarnaməni də sonradan ləğv etmişdir. Göründüyü kimi Cavabdeh1 məhkəmə iclasında iştirak etmiş, məhkəmə qətnaməsindən xəbəri olmuş, qətnamə üzrə verilmiş icra vərəqəsinin icrası ilə bağlı icra hərəkətlərində iştirak etmişdir. Ünvanına gətirilmiş qətnaməni də qəsdən qəbul etməmişdir. Bu baxımdan da qətnamənin göndərildiyi poçt ünvanına gətirildiyi gün, ona rəsmi verilmiş sayılır. Ona görə də, müddətin bərpası ilə bağlı ərizənin təmin edilməsi üçün heç bir əsas yoxdur və ərizə əsassızdır. Hüquqdan sui istifadə yol verilməzdir. Lakin məhkəmə qərardadı qəbul edərkən, bu halları nəzərə almamışdır. Ona görə də, müddətin bərpa edilməsi barədə qərardad ləğv edilməli və apellyasiya şikayəti geri qaytarılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizəni qismən təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(012)- 701/2022 nömrəli qətnaməsi tərəflərə rəsmi qaydada göndərilmiş, Cavabdeh1 faktiki yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, Ömər Xəyyam küçəsində yerləşən ünvana göndərilmiş məhkəmə qətnaməsi poçt zərfinə ünvan tam deyil” qeyd edilməklə geri qaytarılmışdır. Cavabdeh1 29 iyun 2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək qətnamənin ona verilməsini xahiş etmiş və 01 iyul 2022-ci il tarixdə qətnaməni almışdır. Cavabdeh1 nümayəndəsi və vəkili X2 tərəfindən Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(012)-701/2022 saylı qətnaməsindən apellyasiya şikayəti 28 iyul 2022-ci il tarixdə elektron qaydada məhkəməyə daxil olmuş, lakin apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından Abşeron Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli, 2(012)-701/2022 nömrəli qərardadı ilə Cavabdeh1 nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Abşeron Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli, 2(012)- 701/2022 nömrəli qərardadında göstərilən nöqsan aradan qaldırıldıqdan sonra Cavabdeh1 01 avqust 2022-ci il tarixdə elektron qaydada apellyasiya şikayəti, eyni zamanda apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(012)-701/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddəti Cavabdeh1 tərəfindən buraxılmamışdır. İlk növbədə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 25 yanvar 2022-ci il tarixli məhkəmə iclasında iştirak etmiş və yekun məhkəmə aktı qəbul edildikdə qətnamənin mövcudluğundan xəbərdar olmuşdur. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nadirov X5 Muxtar Respublikası, Babək rayonu, Gülşənabad kəndində qeydiyyatdadır. Abşeron Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, məhkəmə iclasında iştirak edən cavabdeh Nadirov X5 Muxtar Respublikası, Babək rayonu, Gülşənabad kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Saray qəsəbəsi, Ömər Xəyyam küçəsində yaşayır. Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(012)-701/2022 nömrəli qətnaməsi poçt vasitəsi ilə 31 yanvar 2022-ci il tarixdə tərəflərə göndərilmiş, Cavabdeh1 rəsmi qeydiyyatda olduğu ünvan Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Gülşənabad kəndinə göndərilmiş və 15 fevral 2022-ci il tarixdə poçt zərfinin xəbərnaməsinə imza edilməklə qəbul edilmişdir. MPM-nin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. MPM-nin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. Mülki Prosessual Məcəllənin 135.1-ci maddəsinə görə bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Mülki Prosessual Məcəllənin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünü idarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Mülki Prosessual Məcəllənin 146-cı maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. İş materialları ilə müəyyən olunur ki, Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(012)-701/2022 nömrəli qətnaməsi poçt vasitəsi ilə 31 yanvar 2022-ci il tarixdə tərəflərə göndərilmiş, rəsmi qeydiyyatda olduğu ünvan Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Gülşənabad kəndinə göndərilmiş və 15 fevral 2022-ci il tarixdə poçt zərfinin xəbərnaməsinə imza edilməklə qəbul edilmişdir. Cavabdeh1 faktiki yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, Ömər Xəyyam küçəsində yerləşən ünvana göndərilmiş məhkəmə qətnaməsi poçt zərfinə ünvan tam deyilqeyd edilməklə geri qaytarılmışdır. 17 mart 2022-ci il tarixdə qeyd olunan qətnamə üzrə icra sənədi icra olunması üçün Abşeron rayonu üzrə İcra və probasiya şöbəsinə göndərilişdir. Abşeron rayonu üzrə İcra və probasiya şöbəsinin 07 aprel 2022-ci il tarixli icraata başlamaq haqqında qərara əsasən Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(012)-701/2022 nömrəli qətnaməsi icraata qəbul edilmiş və tərəflərə təıəbin könüllü icra edilməsi barədə bildiriş göndərilmişdir. 07 aprel 2022-ci il tarixli bildirişdən müəyyən olunur ki, borclu Cavabdeh1 12 aprel 2022-ci il tarixdə bildirişi imza etməklə rəsmi qaydada qəbul etmişdir. “Sms bildirişin” gödərilməsi barədə çıxarışdan görünür ki, borclu Cavabdeh1 12 aprel 2022-ci il tarixdə saat 10:00-da məhkəmə qərarının iclası ilə bağlı Abşeron rayonu üzrə İcra və probasiya şöbəsində iştirakı barədə xəbərdar edilmişdir. Abşeron rayonu üzrə İcra və probasiya şöbəsinin icra məmuru X6 və X9, borclu Cavabdeh1 Məhəmməd oğlu, hal şahidləri X10 və X3 tərəfindən 13 may 2022-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, icra prosesi barədə borcluya əvvəlcədən məlumat verilməsinə baxmayaraq icra yerinə həyat yoldaşı ilə birlikdə sonradan gəlmişdir. Bu zaman onun həyat yoldaşı X4 halı pisləşmiş, X13 əməkdaşlarının icra yerində iştirak etməməsi səbəbindən icra prosesi təxirə salınmışdır. Abşeron rayonu üzrə İcra və probasiya şöbəsinin icra məmuru X6 və X9, tələbkar İddiaçı, borclu Cavabdeh1 Məhəmməd oğlu və digər şəxslərin iştirakı ilə 31 may 2022-ci il tarixdə tərtib edilmiş akt tərtib edilmişdir ondan ötrü ki, aparılmış icra tədbirləri nəticəsində iş üzrə borclu könüllü olaraq torpaq sahəsini və üzərində olan tikintini boşaldaraq təhvil vermiş, icra sənədi tam icra olunmuş və torpaq sahəsi və üzərində olan tikinti tələbkar İddiaçı boş vəziyyətdə təhvil verilmişdir. Abşeron rayonu üzrə İcra və probasiya şöbəsinin 09 iyun 2022-ci il tarixli icraa xitam verilməsi barədə qərarından görünür ki, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyindən geri alınaraq həmin torpaq sahəsi boşaldılaraq İddiaçı təhvil verilməsi barədə tələb borclu tərəfindən tam şəkildə təmin olunduğuna görə Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(012)-701/2022 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədinə xitam verilmişdir. Sadalanan hallardan göründüyü kimi Cavabdeh1 tərəfindən qətnamənin surəti vaxtında alinmış, Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(012)-701/2022 nömrəli qətnaməsi 31 may 2022-ci il tarixdə icra məmuru tərəfindən tam şəkildə icra olunmuş və cavabdeh qətnamə tam icra olunduqdan sonra 28 iyul 2022-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Azərbaycan Repsublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qanunverici qətnamədən şikayət verilməsi ilə bağlı 1 aylıq müddətin axımının, qətnamənin surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən başlanılmasını müəyyən etmişdir. MPM-nin 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-nin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Konstitusiyanın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Konstitusiyanın 71-cı maddəsinin İİ bəndinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini təzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həm daxili, həm də beynəlxalq qanunvericilik “şikayətin verilmə müddəti” anlayışına həssas yanaşaraq hüquq münasibətləri iştirakçılarını intizamlandırdığından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etdiyindən, eləcə də hüquq intizamının nizamlanmasına kömək etdiyindən hüquq münasibətləri iştirakçılarından atılmalı olan formal addımları və verilməli olan şikayətləri onların verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətləri çərçivəsində edilməsini tələb edir. Göründüyü kimi Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(012)- 701/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 1 ay prosessual müddətin ötürülməsinin üzrlü hesab edilməsi üçün heç bir əsas yoxdur və bu barədə heç bir sübut təqdim olunmamışdır. Ona görə də, iddiaçının verdiyi şikayət təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 2(012)-701/2022 nömrəli qərardadı, şikayətlərin təmin edilməyib baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə 24 avqust 2022-ci il tarixli, 2(012)-701/2022 nömrəli qərardadları ləğv edilib, Cavabdeh1 Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(012)-701/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməməli və apellyasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 273, 274, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 2(012)-701/2022 nömrəli qərardadı, şikayətlərin təmin edilməyib baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə 24 avqust 2022-ci il tarixli, 2(012)-701/2022 nömrəli qərardadları ləğv edilsin. Cavabdeh1 Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(012)- 701/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməsin və apellyasiya şikayəti geri qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2049/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2049/2022
22.09.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver