Məhkəmə qərarları › İş №2(105)-205/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-205/2024

30.01.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - Əmək mübahisələri - İşə bərpa - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-205/2024 30.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehinə qarşı “işdən çıxarılma əmrinin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi buraxılmış iş günlərinin əmək haqqının cavabdeh tərəfindən iddiaçıya ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 2(060)-4935/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Sumqayıt Tibb Mərkəzi” X16 və Sumqayıt şəhər Səhiyyə şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Sumqayıt Tibb Mərkəzi” X17 direktoru tərəfindən İddiaçı barəsində xx.xx.2023-cü il tarixli, 309-K saylı əmrin qanunsuz hesab edilməsi və ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə verərək, Sumqayıt şəhər Səhiyyə şöbəsinin cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə verərək, Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Sumqayıt Tibb Mərkəzi” X17 direktorunun İddiaçı barəsində xx.xx.2023-cü il tarixli, 309-K saylı əmrinin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi buraxılmış iş günlərinin əmək haqqının cavabdeh tərəfindən iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə 309-K saylı əmrlə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. Barəsində verilmiş əmrdə işdən azad edilməsinin səbəbi kimi işçi özünün əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduğu qeyd olunmuşdur. Cavabdeh təşkilat onu qərəzli olaraq müvafiq maddənin bəndi ilə işdən azad etmişdir. Belə ki, onun işə çıxmaması xəstəliyi ilə əlaqədar olmuş (bel fəqərələrinin qismən yana əyriliyi, yan çıxıntıların kənar kütlələri qismən sivridir) və bu barədə iş yerinə onun tərəfindən məlumat verilmişdir. O cümlədən, həmin müddət üçün xəstəlik vərəqəsi bağladılmış, o, məcburi qaydada məzuniyyətə çıxarılmışdır. Buna baxmayaraq, cavabdeh təşkilat ona qarşı qərəzli münasibət göstərərək guya onun cavabdeh təşkilatı xəbərdar etmədiyi üçün belə bir əmr verməsini əsas tutur. Onun xəstəliyi ilə əlaqədar iş qabiliyyətinin zəifləməsi səbəbindən işdən çıxmaq fikri olsa da, hər hansı qanun pozuntusu və əmək intizamını pozacaq bir hərəkət etməmişdir. Ona görə də qərəzli olaraq barəsində belə bir əmrin verilməsini qanunvericiliyin müddəalarının və normalarının pozulması kimi qiymətləndirərək, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, işlədiyi müddət ərzində heç bir əmək intizamını pozmamış, həmişə yaxşı işçilər arasında olmuş, öhdəsinə düşən işi vaxtında və layiqincə yerinə yetirmişdir. Kollektiv arasında hörməti olmuşdur. Müdiriyyət ailə vəziyyətinin son dərəcə ağır olduğunu bilərək onu işdən azad etmişdir. Hesab edir ki, işdən çıxarılma əmri qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Birinci instansiya məhkəməsində iddiaçı iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat vermiş və onun təmin olunmasını xahiş etmişdir. O, eyni zamanda qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixli 2 saylı Xəstəxananın Poliklinika şöbəsinin müdiri Sevinc Nəsibovanın verdiyi 256 saylı arayışdan da görünür ki, xx.xx.2023-cü il tarixində ona bel və digər şöbələrin falanqa arası disklərinin radikulopatiya ilə zədələnməsi diaqnozu qoyulmuşdur. Ancaq TTYS-da baş vermiş bəzi araşdırmalara əsasən xx.xx.2023-cü il tarixində onun müalicə həkimini məcbur edərək baş həkim tərəfindən xəstəlik tarixçəsi bağlanmışdır. 3 gün müddətinə bu xəstəliyin sağalması qeyri-mümkün idi. O, ağrıkəsicilərdən istifadə edərək TTYS-na gəlmiş və demişdir ki, ağrıdan yolu gedə bilmir, onun müalicəyə ehtiyacı vardır. Bu vəziyyətdə həkim, tibb bacısının və xəstələrin həyatını təhlükədə qoya bilməz. Baş həkim ona bildirmişdir ki, sənin məzuniyyətini verərik. Müalicəni məzuniyyətdə davam etdirərsən və ona ərizə yazdırmışdır. Bundan sonra bilmişdir ki, onu işdən çıxarıblar. Halbuki o, may ayında maaş almışdır. Səbəb də odur ki, Sumqayıt Tibb Mərkəzi PHŞ-nin direktoru S.Sadıqova Sumqayıt şəhər Pİ-nə məktubla müraciət etmişdir ki, müəssisədə olan əməkdaşlar narkoloji test müayinəsindən keçsinlər. Həmin vaxt müəssisədə 87 nəfər işçinin testdən keçirilməsi baş tutmuşdur. Ancaq onu bu testə dəvət edən olmamışdır. 4 nəfər X3, X8, X9 və X4 analiz cavablarında narkoloji vasitənin aşkar olunduğu bildirməklə həmin şəxslər barəsində cinayət işi başlanması rədd edilmişdir. Bir neçə nəfərdə narkotik vasitə aşkarlansa da, yenidən işə qaytarılmışdır. xx.xx.2023-cü il tarixdən 4-cü polis bölməsinin tədqiqatçısı polis baş leytenantı X1 icraatında olan HK-1/1050 saylı, xx.xx.2023-cü il tarixli materialı nəzərdən keçirərək cinayət işinin başlanması rədd olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(060)-1333/2023 saylı qərardadla cinayət işinin başlanılması rədd edilmişdir. Buradan da aydın görünür ki, Sumqayıt şəhər Səhiyyə şöbəsinin direktoru onu işdən çıxarmaqda maraqlıdır. Onun bu işlərdən sonradan xəbəri olmuşdur. Bundan sonra o, bilmişdir ki, məzuniyyətə görə yazdığı ərizə də cırılıb atılmışdır. Son vaxtlar mətbuat və sosial şəbəkələrdə yayılanlara əsaslanaraq bildirmişdir ki, işdən qanunsuz çıxarılanların yerləri satılırmış. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi izahatında göstərmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, iddia əsassızdır. İddiaçı Sumqayıt Tibb Mərkəzi X17in Təcili və X5 şöbəsində sürücü işləmişdir. İddiaçı, xx.xx.2023-cü ildə poliklinikaya müraciət etmiş və bülleten açdırmışdır. Sonradan ağrıları azaldığı və ağırlaşdırıcı hallar olmadığından bülleten bağlanılmışdır. İddiaçı bu dövrdə 32 gün üzrlü səbəblər olmadan iş buraxmışdır. Dəfələrlə işçinin özü və ailə üzvləri ilə əlaqə saxlanılmağa cəhd edilsə də, baş tutmamışdır. 32 gün sonra, yəni xx.xx.2023-cü il tarixində iddiaçı işə gələrək izahat yazmış və izahatında belində ağrılar olduğunu qeyd etmişdir. İddiaçının qeyd etdiyi kimi onun məzuniyyətə çıxmaqla bağlı ərizəsi və bu ərizəyə əsasən məzuniyyət əmri mövcud deyildir. İddiaçının işlədiyi şöbənin müdirinin təqdimatı əsasında özünün iştirakı ilə Həmkarlar İttifaqı Komitəsinin iclası keçirilmiş və Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsinə razılıq verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsində şahid X13 ifadəsində göstərmişdir ki, o, cavabdeh müəssisədə şöbə müdiridir. İddiaçı intizamlı, tərbiyəli adamdır. İddiaçı 07-12 aprel tarixlərində işdə olmamış, 3 günlük bülleteni olmuşdur. İddiaçı rəhbərliyə xəbər vermədən işdən yayınmışdır. Həmin ərəfədə müəssisəinin direktorunun əmri ilə sürücülərin narkoloji testi aparılırdı. İddiaçı da həmin ərəfədə işdə olmamışdır. Testin nəticəsi 3 nəfərdə müsbət çıxmışdır. 2 nəfərdə təkrar aşkar olunmadı deyə işə bərpa olundular. Birinci instansiya məhkəməsində şahid X10 məhkəmə iclasında ifadə verərək, cavabdeh müəssisədə həmkarlar ittifaqı komitəsinin sədri vəzifəsində işlədiyini, iddiaçı olan işçinin işdən çıxarılmasına razılıq verilməsi ilə bağlı komitəyə təqdimatın daxil olduğunu bildirmişdir. Həmçinin həmin təqdimatla bağlı iclas keçirildiyini qeyd etmişdir. İclasın keçirilməsi ilə bağlı iddiaçı olan işçiyə məlumat verilmiş, onun iştirakı ilə iclas keçirilmiş, protokol tərtib olunmuşdur. Həmçinin, iddiaçı olan işçinin işdən çıxarılmasının onun öz günahı olduğunu, onun heç vaxt komitəyə müraciət etmədiyini bildirərək, əlavə etmişdir ki, əgər iddiaçı vaxtında komitəyə müraciət etmiş olsaydı ona kömək edilərdi. Sumqayıt Şəhər Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 2(060)-4935/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdehinə qarşı işdən çıxarılma əmrinin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi buraxılmış iş günlərinin əmək haqqının cavabdeh tərəfindən iddiaçıya ödənilməsinə dair iddiası təmin edilməmişdir (hakim Əfqan Ələkbərov). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 2(060)-4935/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə əmək hüquqlarının pozulmasını istinad etdiyi halları araşdırmamış, işə gütürən tərəfindən idarə daxili sənədləşmə işlərini araşdırmamışdır. Belə ki, ona xəstəlik diaqnozu qoyulması və xəstəlik vərəqəsinin açılması və sonradan işə götürən tərəfindən bu xəstəlik vərəqəsinin xəstəlik vərəqini açan həkimə təsir edilərək 3 günədək qısaldılmaqla ona sağalmışdır rəyi verilməsi qanunsuz olmuşdur. Ona işə götürən tərəfindən öz hesabına məzuniyyət götürmək barədə ərizə yazdırılaraq məzuniyyətə buraxılmağı, işburaxma dövründə ona əmək haqqı hesablanması və s. bu kimi hallar barədə dəlilləri araşdırılmamışdır. Bununla bağlı Sumqayıt Tibb Mərkəzi PHŞ-nin X6 X2 İttifaqı Komitəsinin onun hüquqlarını müdafiə etmək üçün heç bir tədbir görməməsi nəticəsi olaraq hüquqlarının pozulmasını nəzərə almamışdır. Nəticədə işin faktiki halları nəzərə alınmamışdır. Məhkəmə maddi hüquq normalarını mülki işə düzgün tətbiq etməyərək onun əmək hüquqlarının pozulmasını istinad etdiyi halları araşdırmamış, işə götürən tərəfindən idarə daxili sənədləşmə işlərini araşdırmamışdır. Nəticədə məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin a bəndinə istinad edilsə də, həmin maddə onun barəsində tətbiq edilməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı ilkin məcburi mediasiya sessiyasında iştirak etmiş və mediasiyaya dair 50 manat xərci ödəmişdir, lakin cavabdehin nümayəndəsi iştirak etməmişdir. İş materiallarında olan Sumqayıt Tibb Mərkəzi X17in xx.xx.2023-cü il tarixli, 309-K saylı əmrindən görünür ki, Sumqayıt Tibb Mərkəzi X17in Təcili və X5 Stansiyasının sürücüsü İddiaçı ilə bağlanılmış 5EUDU8000102 nömrəli əmək müqaviləsinə xx.xx.2023cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (72-ci maddənin “a” bəndinə - özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi 32 gün) əsasən xitam verilməsi və işçi ilə əmək qanunvericiliyinə uyğun olaraq son haqq-hesabın aparılması əmr edilmişdir. İş materiallarında olan İddiaçı məxsus 692011 №-li əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdə əmrlə Sumqayıt Tibb Mərkəzi X17in Təcili və X5 Kolonuna 1-ci dərəcəli sürücü vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan Sumqayıt Tibb Mərkəzi 2 nömrəli xəstəxananın poliklinika şöbəsinin ünvan 1 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixində poliklinikanın həkim-nevroloquna müraciət etmişdir. Müayinə olunduqdan sonra xəstəyə “Belə və digər şöbələrin falanqa arası disklərin radikulopatiya ilə zədələnməsi” diaqnozu qoyulmuş, ******* №-li xəstəlik vərəqəsi açılmış və müalicə təyinatı verilmişdir. Xəstəlik vərəqəsi xx.xx.2023-cü il tarixində bağlanmışdır. Xəstə xx.xx.2023-cü ildə sağalma ilə işə yazılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 148 №-li Sumqayıt Tibb Mərkəzi PHŞnin X6 X2 İttifaqı Komitəsinin iclas protokolunun məmzunundan aydın olur ki, həmin iclasda sürücü İddiaçı uzun müddət davamiyyəti pozaraq işə gəlməməsi ilə bağlı, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə tutduğu vəzifədən azad olunması barədə məsələ müzakirəyə çıxarılmış, iclasda 6 nəfər iştirak etmiş, 4 nəfər lehinə, 2 nəfər əleyhinə qərar qəbul etmiş, sürücü İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə etiraz edilmədiyi qeyd eidlmişdir. İddiaçı həmin iclasda iştirak etmişdir. Məhkəmə kollegiyasının iclasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə xx.xx.2016-cı il tarixdə cavabdeh arasında xx.xx.2016-cı il tarixli əmək müqaviləsi bağlanılmış, iddiaçı sürücü vəzifəsinə işə qəbul edilmiş, işəgötürənin xx.xx.2023-cü il tarixli əmri əsasında Əmək Məcəlləsinin 70-ci madəsinin “ç” bəndinə və 72-ci maddəsinin “a” bəndinə əsasən üzrlü səbəb olmadan 32 gün işə gəlmədiyinə görə əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi, tərəflər arasında əmək müqaviləsinin ləğv olunması ilə əlaqədar fərdi əmək mübahisəsi yaranmışdır. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı işdən çıxarılmasının qanunsuz və əsassız olduğunu, cavabdeh isə iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin tələblərinə tam əməl olunduğunu bildirmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və bunu qətnaməsində onunla əsaslandırmışdır ki, iddiaçı işçi ilə əmək münasibətlərinə xitam verilərkən, qanunvericiliyin tələblərinə riayət olunmuş, müvafiq əmr imzalanmış, işçiyə bu barədə məlumat verilməklə, onunla son haqq-hesab aparılmışdır. İddiaçı məhkəməyə əmək münasibətlərinə qanunsuz xitam verilməsi əsaslarına dair dəlillərini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Ona görə də qeyd edilən əmrin ləğv və iddiaçının işə bərpa edilməsi üçün heç bir əsas yoxdur. O cümlədən, əmək münasibətlərinə xitam verilməsində heç bir qanunsuzluq aşkarlanmadığından, iddiaçı işburaxmaya görə əmək haqqı hesablanmasını və ya digər zərərin əvəzini tələb etməkdə haqlı deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. İddiaçı apellyasiya şikayətini ona işə götürən tərəfindən öz hesabına məzuniyyət götürmək barədə ərizə yazdırılaraq məzuniyyətə buraxılmağı, işburaxma dövründə ona əmək haqqı hesablanması və s. kimi əsaslandırsa da, buna dair heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdehinə qarşı “işdən çıxarılma əmrinin ləğv edilməsi, onun işə bərpa olunması və məcuri buraxılmış iş günlərinin əmək haqqının cavabdeh tərəfindən iddiaçıya ödənilməsi” barədə iddiasını təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 2(060)-4935/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar