Məhkəmə qərarları › İş №2(105)-2051/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2051/2023

29.11.2023 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2051/2023 29.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3547/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-69/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünün məzmunundan görünür ki, məhkəmədə təqsirləndirilən şəxs Cavabdeh2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, Sumqayıt şəhəri, Betonzavod ərazisindəki fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Evli olmaqla İİ qrup əlildir. 2019-cu ildən bəri Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən “Karvan” ticarət mərkəzinin qarşısındakı qızıl-zinət əşyalarının satışını həyata keçirən obyektdə satıcı qismində çalışır. Nizami Salamovu da həmin ərazidə qızıl alışverişi ilə məşğul olan şəxs kimi tanımışdır. Onunla münasibətləri normal olmuşdur. 2021-ci ilin noyabr-dekabr aylarında Nizamiyə yaxınlaşıb Gülnarə adlı qadının qızıl zinət əşyalarını götürüb onları sataraq hissə-hissə pulunu verdiyini söyləmişdir. Həmin vaxtı da Nizami ona 10200 manat dəyərində qızıl zinət əşyaları verərək həmin əşyaları Gülnarə adlı qadına verməyini və pulunu hissə-hissə ona gətirməyini xahiş etmişdir. Həmin məsələdə onun da xeyri olduğuna görə razılaşmışdır. Gülnarə bir neçə ay hissə-hissə ona verdiyi pulları gətirib Nizaminin özünə vermişdir. Bir müddət sonra Nizami artıq özü Gülnarədən pulu aldığına görə o, kənarda durmuşdur. 29 may 2022-ci il tarixdə Nizami onun yanına gələrək guya onun verdiyi qızılların pullarını ona vermədiyini bildirib onunla mübahisə etməyə başlamış və o, da Nizamiyə pulu verdiyini, yerdə qalan pulu isə Gülnarədən almasını demişdir. Bu məsələyə görə aralarında müəyyən narazılıq yaranmışdır. xx.xx.2022-ci il tarixdə, saat 09 radələrində o, işlədiyi Sumqayıt şəhəri, 32-ci məhəllədə yerləşən “Karvan” ticarət mərkəzinin qarşısındakı işlədiyi obyektə gələn zaman Nizami, onun dostu Məhəmmədəlinin onun işlədiyi qızıl obyektinin qarşısında dayandıqlarını görmüşdür. O, obyektin qapısını açmaq istəyən zaman Nizami onun ünvanına qəfildən nalayiq küçə söyüşləri söyməyə başlamışdır. O, yenə sakit duran zaman Nizami ona yaxınlaşıb yaxasından tutmaq istəyəndə o, Nizaminin üz nahiyyəsinə 1 dəfə yumruqla zərbə endirmiş və zərbənin təsirindən Nizami yerə yıxılmışdır. Bu zaman qonşuluqda işləyən Ariz, Rauf araya girib Nizamini və onu kənara çəkmişlər. Nizami yenə onu təhqir etdiyi üçün onun 2-ci qrup əlil olması ilə əlaqədar bir qolu işləmədiyindən obyektin içərisinə keçib oradan mətbəxt bıçağını götürüb Nizamini qorxutmaq istəmişdir. Lakin bıçağı götürməmişdir. Ariz və Rauf onu sakitləşdirmişlər, o da Arizgilə qulaq asıb sakitləşmişdir. Nizami də çıxıb getmişdir. Hadisə zamanı o, Nizaminin üz nahiyyəsinə 1 dəfə yumruqla zərbə vurmuş və zərbənin təsirindən Nizami də yerə yıxılmışdır. Hadisə Sumqayıt şəhəri, 32-ci məhəllədə yerləşən Karvan ticarət mərkəzinin qarşısında işlədiyi obyektin qabağında baş vermiş, 3-4 dəqiqə davam etmiş, ətrafa kənar şəxslər toplaşmamış, hadisə zamanı orada Ariz, Rauf və Məhəmmədəli olmuşdur. Hadisə vaxtı Nizaminin qol nahiyəsinə təpik zərbəsi vurmasını xatırlamır. Təqsirləndirilən şəxs Cavabdeh2 hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, himayəsində iki azyaşlı uşağının olmasını, 2-ci qrup əlil olmasını və zərərçəkmiş şəxslə barışmağa cəhd etdiyini bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir.

2. Məhkəmədə zərərçəkmiş şəxs İddiaçı ifadəsində göstərmişdir ki, o, “Karvan” ticarət mərkəzinin qarşısında icarəyə götürdüyü obyektdə qızıl-zinət əşyalarının satışını həyata keçirir. O Cavabdeh2 üzbəüz dükanda qızıl zinət əşyalarının satışını həyata keçirən şəxs kimi tanımışdır. Onunla arasında əvvələr normal münasibət olmuşdur. 2021-ci ilin noyabr ayında Elşən ona yaxınlaşaraq Gülnarə adlı qadına qızıl-zinət əşyaları verdikdən sonra o həmin qızıl zinət əşyalarını nisyə halda müxtəlif şəxslərə sataraq 1 aya onun pulunu qaytaracağına söz vermişdir. Bundan sonra 2021-ci ilin noyabr ayında o, Elşənə 119,92 qram çəkidə ümumi dəyəri 10193,20 manat olan qızıl zinət əşylarını vermişdir ki, gedib həmin qızıl zinət əşylarını Gülnarəyə versin. Lakin Elşən ona hissə-hissə ümumilikdə 1550 manat pul vermişdir. O, Elşənin qalan pulu vermədiyini görüb səbəbini soruşmuş, Elşən onu Gülnarə ilə tanış edib Gülnarənin pulu verə bilmədiyini demişdir. Gülnarə ilə onu tanış etdikdən sonra Gülnarə ona bildirmişdir ki, pulların bir qismini Elşənə vermiş və Elşən də həmin pulları özü xərclədiyindən ona heç nə qaytarmamışdır. Bunları eşitdikdən sonra o, xx.xx.2022-ci il tarixdə saat 09 radələrində tanışı Məhəmmədəli ilə birlikdə Karvan Ticarət mərkəzinin qarşısında yerləşən Elşənin işlədiyi obyektə getmişlər. Elşəni görüb nə üçün onun pulunu qaytarmamasını soruşanda Elşən onu nalayiq sözlərlə təhqir etmiş və onun üzərinə hücum çəkib üz nahiyyəsinə yumruqla zərbə endirmiş, zərbənin təsirindən huşunu itirib yerə yıxılan zaman Elşən yerdə ona təpiklə zərbələr vurmuş və həmin təpiklər onun qol nahiyyəsinə dəymişdir. Bundan sonra orada işləyən Ariz, Rauf araya girib Elşəni kənarlaşdırmışlar. Hadisə zamanı o, Elşəni vurmamış və ona toxunmamışdır. Hadisə Sumqayıt şəhəri, Karvan ticarət mərkəzinin çölündə Elşənin işlədiyi obyektin qarşısında baş vermiş, 3-4 dəqiqə davam etmiş, hadisə zamanı ətrafa kənar şəxslər toplaşmamışdır. Heç bir əmlaka ziyan dəyməmişdir. Hadisə zamanı Elşən hətta öz obyektindən bıçaq götürüb onun üzərinə hücum çəkmək istəsə də orada olan Ariz və Rauf ona mane olmuşlar. Elşən ona bıçaqla heç bir xəsarət yetirməmiş, ona bıçaqla zərbə endirməmiş, Elşən onu yumruq və təpiklə vurmuşdur. Zərərçəkmiş şəxs İddiaçı təqsirləndirilən şəxs Cavabdeh2 ilə barışmadığını, heç bir zaman barışığın mümkün olmadığını bildirərək sonuncunun barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin olunması ilə bağlı dövlət ittihamçısının çıxışı ilə razı olduğunu bildirmişdir.

3. Məhkəmədə şahid qismində X3 ifadəsində göstərmişdir ki, İddiaçı onun əridir. Cavabdeh2 əri Nizaminin tanışı olduğu üçün tanımış, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. X8 ticarət mərkəzinin yanında yerləşən obyektdə qızıl-zinət əşyalarının alqısatqısı ilə məşğul olur. Eləcə də Elşənin də həmin yerin yaxınlığında qızıl-zinət əşyalarının alqısatqısı ilə məşğul olduğu obyekti vardır. 29 may 2022-ci il tarixdə, təxminən saat 22 radələrində Nizami yaşadıqları evdə olan zaman Elşənlə telefonla danışmış, Nizami Elşənlə danışandan sonra telefonda aralarında mübahisə yaranmışdır. Nizami telefonla danışandan sonra o, nə baş verdiyini soruşanda Nizami ona demişdir ki, Elşənin ona 9428 manat məbləğində pul borcu var, lakin qaytarmır. 30 may 2022-ci il tarixdə, təxminən saat 10 radələrində yaşadığı evdə olduğu zaman əri Nizami ona zəng vuraraq Elşənlə dalaşdıqlarını bildirmişdir. Bir neçə dəqiqədən sonra Nizami evə gəlmiş və o, baxanda onun sifətində, sağ dirsəyində xəsarətlərin olduğunu görmüşdür. Nizamidən bir daha nə baş verdiyini soruşanda Nizami ona demişdir ki, işlədiyi obyektdə olan zaman Elşənlə aralarında mübahisə yaranmış və Elşən onu döyərək sifətinə, qoluna xəsarət yetirmişdir.

4. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-69/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünün nəticə hissədindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilərək, o, 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cavabdeh2 tutulduğu 01 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 02 gün müddət təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır.

5. İddiaçının nümayəndəsi və vəkili tərəfindən təqdim edilən diskdə olan 18 səs yazısı dinlənilmişdir. Cavabdeh3 səs yazısı dinlənildikdən sonra etiraf edir ki, həmin səs yazısı ona və iddiaçının arvadı Bahara aiddir. Səs yazısı dinlənildikdən sonra məlum olur ki, Gülnarə Elşəndən 12000 manat dəyərində qızıl-zinət əşyaları almışdır. əşyaların dəyərini hissə-hissə ödəməli idi. X4 Novruzovaya bildirir ki, Elşən Nizamiyə cəmi 1550 manat ödəyib, Cavabdeh3 bu məblğə münasibətdə qeyd edir: Cavabdeh3 – Elşəndən aldığı mala görə 3000 manat ödədiyini, Elşəndən soruşduqda nəyə görə Nizamiyə 1500 manat vermisən, sonuncu qalan məbləği mal aldığı digər şəxsə ödədiyini bildirmişdir. Cavabdeh3 Bahar Məmmədovaya - “mən ümumiyyətlə Nizamidən mal almamışam, alış-verişin Elşənlə olub, ona görə də problemlərini Elşənlə həll edin”.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 23000 manat məbləğində pulun və ödənilmiş 292 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Sumqayıt şəhəri 9-cu mikrarayon 9D saylı evin 20 saylı mənzilində ailə üzvləri ilə birlikdə yaşayır. Özü Sumqayıt şəhəri ərazisində yerləşən “Karvan” ticarət mərkəzi və “Univermaq” adlanan ticarət mərkəzinin arasında yerləşən icarəyə götürdüyü balaca mağazada qızıl zinət əşyalarının alqı-satqısı ilə məşğuldur. Elşən də həmçinin üzbəüz mağazada qızıl zinət əşyalarının alqı-satqısı ilə məşğul olmuşdur. 2 ilə yaxındır ki, tanışlıqları yaranmışdır. Dəfələrlə birlikdə iş görərək aralarında inam etibar yaranmışdır. Belə ki, 2021-ci ilin avqust ayında ona 35 qram qızıl satmış, o da vaxtında ödənişini etmişdir. Onunla arasında əvvəllər heç bir düşmənçilik olmamışdır. Bu səbəbdən də ona 2021-ci ilin noyabr ayının 8-i 41 qr.77 ml, dekabrın 1-i 52 qr.43 ml, dekabrın 10-u 25 qr.72ml-cəmi 119 qr.92 ml çəkidə qızıl-zinət əşyalarını qramı 85 manatdan Elşənə satmışdır. Həmçinin qeyd edir ki, Elşənə satdığı qızılın maya dəyəri 8700 manat təşkil edir. O da iddiaçıya gəlirlərlə birlikdə 10193 (on min yüz doxsan üç ) manat məbləğində pulu ay yarıma qaytaracağını bildirmişdir. Sonradan Elşən iddiaçını şərik işlədiyi Gülnarə adlı qadınla tanış etmişdir. İddiaçıya ödəməli olan pulu Gülnarənin ona ödəyəcəyi bildirilmişdir. Gülnarə həmin puldan iddiaçıya xx.xx.2022-ci il tarixdə 550 manat pul vermişdir. Bununla bağlı hər ikisini etirazını bildirmiş, iddiaçıya 3550 manat ödəməli olduqları halda çox az miqdarda pul verilmişdir. Yenidən xx.xx.2022-ci il tarixdə Gülnarə iddiaçıya həmin borcdan 500 manat pul vermişdir. Bir müddət sonra iddiaçıya pul verilmədiyindən Gülnarədən soruşduqda ona ödəməli olduğu puldan Elşənə xx.xx.2022- ci il tarixdə 3150 manat pul verdiyini bildirmişdir. Lakin buna baxmayaraq Elşən iddiaçıya 500 manat məbləğində pul vermişdir. Sonradan Gülnarədən pul istəyərkən iddiaçının arvadı Məmmədova Baharı evinə dəvət etmiş, Gülnarə öz həyat yoldaşı İlqarla birlikdə hər ay 200 manat pul verəcəkləri ilə bağlı vəd vermişdir. Sonradan hər ikisi verdikləri sözü danmış, onlarla aqressiv danışmış, təhqiredici ifadələr söyləmişlər. Bundan başqa Elşənə verdiyi qızıllara görə iddiaçı şərik işlədiyi Məhəmmədəli adlı şəxsə 3535 manat məbləğində borcu yaranmışdır. Həmçinin Elşənə əlində olan qızılları verdiyinə görə maddi vəziyyətində sıxıntılar yaranmış. Bu səbəbdən də UNİBANK-dan 15000 manat məbləğində illik 23 % ilə kredit götürmüşdür. Halhazırda həmin kreditə görə hər ay 994 manat məbləğində pul ödəyir. Bundan başqa Elşən iddiaçıdan ayrı-ayrı vaxtlarda 50, 150, 120, 466 manat məbləğində borc pul almışdır. Buradan da aydın görünür ki Elşən, həmçinin digər cavabdehlər Gülnarə onun həyat yoldaşı İlqar əlbir olaraq iddiaçıya külli miqdarda maddi ziyan vurmuşdur, Həmin maddi ziyanın nəticəsində iddiaçı kredit götürmüş, bank qarşısında öhdəliyi yaranmışdır. Belə ki, ona verdiyi qızıl əlində olmuş olsaydı iddiaçı daha çox gəlir əldə edər və heç bir kreditə ehtiyac olmazdı. Həmçinin həmin bu borcla bağlı tərəflər arasında mübahisələr yaranmış. Elşən barəsində CM-nin 128-ci maddəsi ilə cinayət işi açılmışdır. Həmin cinayət işi Sumqayıt Şəhər Məhkəməsinin hakiminin icraatındadır.

8. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək bildirdi ki, iddiaçının arvadıdır. Ərinin Elşən adlı şəxsə qızıl verməsindən məlumatı olmamışdır. Elşən borcunu verməkdən imtina etdikdən sonra bu barədə məlumatlı olmuş, bundan sonra mübahisəyə özü qarışaraq Elşəndən qızılların pulunu tələb etmişdir. Lakin Elşən mübahisənin Nizami ilə özünün arasında olduğunu, onun qarışmamalı olduğunu bildirmişdir. Bundan sonra Elşən qızılları Gülnarə adlı şəxsə satdığını, borcun Gülnarə adlı şəxs tərəfindən ödəniləcəyini bildirmişdir. Bundan sonra Gülnarənin telefon nömrəsi ilə əlaqə saxlamış, onun evində də olmuşdur. Gülnarə Elşəndən qızıl aldığını etiraf etmiş, lakin həmin borc məbləğinin ödənilməsinin müəyyən vaxt tələb edəcəyini bildirmişdir. Gülnarə hissə-hissə borcu ödəməsi barədə öhdəlik götürsə də, həmin borc məbləği ödənilməmişdir. Daha sonra Gülnarə qızılları Nizamidən deyil Elşəndən aldığı üçün, borcunun Elşənə olduğunu söyləmiş, mübahisənin Elşən və Nizami arasında olduğunu bildirmişdir. Bundan sonra Gülnarə ilə əlaqələri itmişdir.

9. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadə verərək bildirdi ki, Nizami və Elşəni tanıyır. Nizami ilə Elşən arasında borca görə mübahisə olmuşdur. Elşən Nizamidən aldığı qızılların pulunu qaytarmamışdır. Elşənin ümumiyyətlə çox adama borcu vardır. Nizaminin dediyinə görə, Elşənin Nizamiyə 9435 manat borcu vardır.

10. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3547/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 8643 manat və 106,43 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun 185,57 manat hissəsinin İddiaçı özünə aid edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim Elmir Hüseynov).

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh2 arasında nisyə alqı-satqı münasibətləri olmuşdur. İddiaçı Elşənə ümumi dəyəri 10193 manat olan qızıl-zinət əşyaları satmış, Elşən də həmin məbləği qaytarmağı öhdəsinə götürsə də, həmin məbləğin yalnız 1150 manat hissəsini geri qaytarmış, 8643 manat ödənilməmiş borcu qalmışdır. Bundan başqa Elşənin iddiaçıdan ayrı-ayrı vaxtlarda 50,150, 120, 466 manat məbləğində borc pul alması iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla müəyyən edilmir. Həmçinin Cavabdeh2 tərəfindən iddiaçı qarşısında götürülən öhdəlik vaxtında yerinə yetirilmədiyi üçün alqı-satqı üzrə ödəmədiyi vəsaitdən başqa, iddiaçıya qeyd etdiyi kimi külli miqdarda ziyan dəyməsi iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla müəyyən edilmir. Buna görə də iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 iddiaçıdan nisya aldığı əmlakın ödənilməyən hissəsi yəni 8643 manat iddiaçının xeyrinə tutulmalıdır

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 442, 558.1, 567, 600.1, 600.2, 600.4, 601.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı apellyasiya şikayəti verib, Sumqayıt Şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3547/2023-saylı qətnaməsini qismən ləğv edərək, iddiamın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri:

14. İş üzrə qəbul olunmuş qətnamədən narazıdır. Belə ki, özü Sumqayıt şəhəri ərazisində yerləşən “Karvan” ticarət mərkəzi və “Univermaq” adlanan ticarət mərkəzinin arasında yerləşən icarəyə götürdüyü balaca mağazada qızıl zinət əşyalarının alqı-satqısı ilə məşğuldur. Elşən də həmçinin üzbəüz mağazada qızıl zinət əşyalarının alqı-satqısı ilə məşğul olmuşdur. 2 ilə yaxındır ki, tanışlıqları yaranmışdır. Dəfələrlə birlikdə iş görərək aralarında inam etibar yaranmışdır. Belə ki, 2021-ci ilin avqust ayında ona 35.22 qram qızıl satmış, o da vaxtında ödənişini etmişdir. Onunla arasında əvvəllər heç bir düşmənçilik olmamışdır. Bu səbəbdən də ona 2021-ci ilin noyabr ayının 8-i 41 qr.77 ml, dekabrın 1-i 52 qr.43 ml, dekabrın 10-u 25 qr.72ml-cəmi 119 qr.92 ml çəkidə qızıl-zinət əşyalarını qramı 85 manatdan Elşənə satmışdır. Həmçinin qeyd edir ki, Elşənə satdığı qızılın maya dəyəri 8700 manat təşkil edir. O da iddiaçıya gəlirlərlə birlikdə 10193 (on min yüz doxsan üç) manat məbləğində pulu ay yarıma qaytaracağını bildirmişdir. Sonradan Elşən iddiaçını şərik işlədiyi Gülnarə adlı qadınla tanış etmişdir. İddiaçıya ödəməli olan pulu Gülnarənin ona ödəyəcəyi bildirilmişdir. Gülnarə həmin puldan iddiaçıya xx.xx.2022-ci il tarixdə 550 manat pulu Elşənə vermiş, Elşən də həmin pulu ona vermişdir. Bununla bağlı hər ikisinə etirazını bildirmiş, ona 3550 manat ödəməli olduqları halda çox az miqdarda pul verilmişdir. Yenidən xx.xx.2022-ci il tarixdə Gülnarə iddiaçıya həmin borcdan 500 manat pulu Elşən vermiş Elşən də həmin pulu mənə vermişdir. Bir müddət sonra iddiaçıya pul verilmədiyindən Gülnarədən soruşduqda ona ödəməli olduğu puldan Elşənə xx.xx.2022- ci il tarixdə 3150 manat pul verdiyini bildirmişdir. Lakin buna baxmayaraq Elşən iddiaçıya 500 manat məbləğində pul vermişdir. Sonradan Elşəndən pul istəyərkən Gülnarə iddiaçının arvadı Məmmədova Baharı evinə dəvət etmiş, Gülnarə öz həyat yoldaşı İlqarla birlikdə hər ay 200 manat pul verəcəkləri ilə bağlı vəd vermişdir. Sonradan hər ikisi verdikləri sözü danmış, onlarla aqressiv danışmış, təhqir edici ifadələr söyləmişlər. Bundan başqa Elşənə verdiyi qızıllara görə iddiaçı şərik işlədiyi Məhəmmədəli adlı şəxsə 3535 manat məbləğində borcu yaranmışdır. Həmçinin Elşənə əlində olan qızılları verdiyinə görə maddi vəziyyətində sıxıntılar yaranmış.Qeyd edir ki, Elşənlə xx.xx.2021-ci il tarixdə 5000 manat pul götürmüşdür. 25.112021-ci il tarixdə 10000 manat pul götürmüşdür. xx.xx.2022-ci il tarixdə “Unibank”-dan 15000 manat məbləğində illik 23 % ilə kredit götürmüşdür. xx.xx.2022-ci il tarixdə 20000 manat pul götürmüşdür. Halhazırda həmin kreditə görə hər ay 1500 manat məbləğində pul ödəyir. Faizlər yüksəkdir ödəməkdə çətinlik çəkir. Bundan basqa, ayrı ayrı şəxslərə borcları yaranmışdır. Şərik işlədiyi Məhəmmədəli, qohumu Məcnun,oğlu Murad onlara verəcək olduğu borclara görə narahat edirlər. Bundan başqa, Elşən iddiaçıdan ayrı-ayrı vaxtlarda 50,150, 120, 466 manat məbləğində borc pul almışdır. Buradan da aydın görünür ki Elşən, həmçinin digər cavabdehlər Gülnarə onun həyat yoldaşı İlqar əlbir olaraq iddiaçıya külli miqdarda maddi ziyan vurmuşdur, Həmin maddi ziyanın nəticəsində iddiaçı kredit götürmüş, bank qarşısında öhdəliyi yaranmışdır. Belə ki, ona verdiyi qızıl əlində olmuş olsaydı iddiaçı daha çox gəlir əldə edər və heç bir kreditə ehtiyac olmazdı. Həmçinin həmin bu borcla bağlı tərəflər arasında mübahisələr yaranmış. Elşən barəsində CM-nin 128-ci maddəsi ilə cinayət işi açılmışdır .Qeyd edir ki, iddia tələbində cavabdehlər Cavabdeh1 Sevindik oğlu, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 23000 (iyirmi üç min) manat məbləğində pulun və ödənilmiş 292 (iki yüz doxsan iki) manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdim. Lakin iddianın çox az hissəsi təmin olunmuşdur. Buna görə də Sumqayıt Şəhər məhkəməsinin 2(060)-3547/2023-saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən narazıdır. Borcun təmin olunan hissəsi çıxıldıqdan sonra cavabdehlərin ona 14357(on dörd min üç yüz əlli yeddi manat borcu və bundan başqa xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə 50,150,120,466,30 manat ümumilikdə 786 manat əl borcu qalır. Bu borcu o öz borc dəftərində də qeyd etmişdir. Lakin göründüyü kimi cavabdeh onu aldatmış ödənişləri tam şəkildə etməmişdir. Bununla əlaqədar olaraq o da maddi vəziyyətdən çətin vəziyyətdə qalmışdır həm banka həm də bir neçə şəxsə borcu yaranmışdır. Odur ki hesab edir ki, cavabdeh ona olan borcunu tam şəkildə ödəməlidir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdilər.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

18. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

19. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

20. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

25. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

26. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

27. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.

28. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

38. Verilmiş apellyasiya şikayətindən görünür ki, iddiaçı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3547/2023 nömrəli qətnaməsinin qismən, yəni iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

39. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

41. Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

42. Qeyd olunmalıdır ki, birinci instansiyası məhkəməsi iddiaçının iddia ərizəsində olan tələbinə müfəssəl hüquqi qiymət vermiş və məhkəmə kollegiyası həmin qiymətləndirməni təkrarlamağa lüzum görmür.

43. İddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin həlli sübutların qiymətləndirilməsindən asılı olmuş və birinci instansiya məhkəməsi iddianı təmin edilməyən hissə ilə bağlı prosessual hüquq normalarını pozmamış, iddiaçının təqdim etdiyi sübutlar əsasında qətnamə qəbul etmişdir.

44. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. Kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.

46. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

47. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

48. İddiaçının apellyasiya şikayətinin dəlilləri ilə də məhkəmə kollegiyası razılaşmır.

49. Birinci instansiyası məhkəməsi iddiaçının hazırda irəli sürdüyü tələblərə hüquqi qiymət verərkən əsaslı olaraq 14357 manat məbləğində zərərlə bağlı mötəbər sübutlar iddiaçı tərəfindən təqdim olunmadığından, iddianı həmin hissədə rədd etmişdir.

50. Həmçinin cavabdehlər tərəfindən iddiaçıya 14357 manat məbləğində zərər vurulması, pulun Cavabdeh1 və Cavabdeh3 verilməsi müəyyən edilmədiyindən birinci instansiya məhkəməsinin iddianın həmin cavabdehlərə qarşı rədd olmasına dair qənaəti də əsaslı olmuşdur.

51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz.

52. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)- 3547/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3547/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar