Məhkəmə qərarları › İş №2(105)-2053/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2053/2023

19.12.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2053/2023 19.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X8 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı, onun nümayəndə və vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndə və vəkili Nümayəndə iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, e-2(060)-4607/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xx.xx.2022-ci il tarixdən Cavabdeh MMC-dən doker-mexanizator vəzifəsinə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2021-ci il tarixdən Cavabdeh MMC-də doker-mexanizator vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixdə heç bir əsas göstərilmədən tutduğu vəzifədən uzaqlaşdırılmışdır. Onun işdən uzaqlaşdırılmasına əsas narkotik vasitələrin aludəçisi və istifadəçisi olması göstərilmişdir. Hazırki mübahisəli məsələnin nədən qaynaqlandığını aydınlaşdırmaq məqsədi ilə Cavabdeh MMC tərəfindən işçinin işdən azad edilməsinə dair müvafiq əmr İddiaçı təqdim edilməmişdir. Müvafiq əmrin surətinin alınması məqsədi ilə xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-yə sorğu ünvanlanmış, İddiaçı Cavabdeh MMC-dən doker-mexanizator vəzifəsindən azad edilməsinə dair müvafiq əmrin surəti istənilmişdir. Sorğuya cavab olaraq xx.xx.2023-cü il tarxli, S-M-039/23 saylı məktubun qoşmasında müvafiq əmrin surəti rəsmi qaydada verilmişdir. Həmin əmr qanunsuz və əsassız olduğundan ləğv edilməli, vətəndaşın işə bərpa edilməsinə, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməlidir. Bundan başqa əmrdə işçi ilə işəgötürən arasında əmək münasibətlərini nizama salan qanunvericilik aktlarına, o cümlədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin normasına düzgün istinad edilməmişdir. Sadalanan normanın məzmunundan göründüyü kimi əslində onunla müddətsiz əmək müqaviləsi bağlanmış və həmin müqavilənin birtərəfli qaydada, əmrdə göstərilən şəkildə ləğv edilməsi qanunsuz olmuşdur. Cavabdehlə aralarında yaranmış mübahisəni yoluna qoymaq cəhdləri nəticə verməmişdir. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət edir.

3. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək ərizəni onunla əsaslandırmışdır ki, iddiaçının tələbi fərdi əmək mübahisəsindən irəli gəlir. Bu səbəbdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsi ilə nəzərdə tutulan iddia müddətləri hazırki tələbə şamil edilir. Həmin maddənin ikinci hissəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün ümumi iddia müddəti işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı müəyyən edilmişdir. İddiaçının əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli, 38/22 İ/A nömrəli əmr əsasında xitam verilmişdir. Cavabdehin əmək kitabçasının uçot jurnalından görünür ki, əmək kitabçası iddiaçıya xx.xx.2022-ci il tarixdə verilmişdir. Beləliklə, iddia müddətinin ötürülməsi şübhəsizdir. Odur ki, xahiş edir ki, iddia ərizəsi iddia müddətinin keçməsi səbəbindən rədd olunmalıdır. Bundan əlavə, əmr qanuni və əsaslıdır.

4. Sumqayıt Şəhər Məhkəməsinin 24 avqust 2023-cü il tarixli e-2(060)-4607/2023 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbinə dair iddiası iddiası təmin edilməmişdir (hakim Əfqan Ələkbərov).

5. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, qanunvericilikdə bu növ tələblərin irəli sürülməsi üçün müəyyən edilmiş iddia müddəti keçdiyindən təmin olunmamalıdır. Belə ki, cavabdeh tərəfindən məhkəmə qərarı çıxarılanadək iddia müddətinin tətbiqi barədə ərizə verilmiş, eləcə də işin faktiki hallarından və sübutlardan görünür ki, iddiaçı sözügedən tələblər üzrə Əmək Məcəlləsində nəzərdə tutulmuş prosessual müddətləri ötürmüşdür.

6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 70, 71-ci maddənin 2-ci hissəsi, 72-ci maddənin «b», 296-cı maddəsinin 2, 3, 6-cı bəndlərinə, Mülki Məcəllənin 375.2-ci maddələrinə istinad edərək iddianı təmin etməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, e-2(060)-4607/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənn qətnaməsi qanunsuz və əsassızdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, cavabdehin onu işdən çıxarma əsası absurddur, o, narkoman deyil. Üzərində belə bir damğanın qalmasını istəmir. O, Qarabağda mötəbər bir şirkətin tərkibində qeyrirəsmi işləyir, narkoman olsa idi, orada işləyə bilməzdi. Daha sonra qeyd etdi ki, işdən çıxarılmağının konkret əsasını məhkəməyə müraciət etmək üçün vəkillə müqavilə bağlayanda bilib. İşə götürən ona əmək kitabçasını verəndə o, götürməkdən imtina etdi. Ona bildirildi ki, götürməsə də əmək kitabçası poçtla ünvanına göndəriləcək. Həmin vaxt işdən azad olunmağı barədə əmrlə tanış edilmədi. Onu təkrar müayinəyə çağırmayıblar. Həftənin 5-ci günü, testdən 5 saat sonra ona ərizə yazmasını bildirdilər. Yas mərasimində olduğu üçün gedə bilməmiş, birinci gün gələndə etirazını bildirərək testin götürüldüyü yerə təkrar göndərilməyini istəmiş, lakin onu göndərmədilər. Özünün də testdən təkrar keçməyə maddi imkanı olmadı. İşə gəlməyəndə onlarda belə bir qayda var idi ki, günün ödənişi verilmirdi. Başqa tənbeh tətbiq olunmurdu. Buna görə də onun işə getmədiyi hallar olub. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 24 avqust 2023-cü il tarixli e-2(060)-4607/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir.

11. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, məhkəmə ədalət mühakiməsi zamanı prosessual araşdırmanı qeyri-obyektiv həyata keçirilib. Məhkəmə iş üzrə yekun nəticəyə gələrkən iş materiallarındakı sənədlərə deyil, cavabdeh müəssisədə müxtəlif vəzifələrdə çalışan şəxslərin ifadələrinə əsaslanmışdır. Həmin şəxslər bildiriblər ki, iddiaçı işdən çıxma barədə əmri qəbul etməkdən imtina edib və bu barədə lazımi qaydada məlumatlandırılıb. Qeydiyyat jurnalında iddiaçının əmək kitabçasını götürməsinə dair qeyd olsa da əmri götürməkdən imtina etməsinə dair heç bir qeyd yoxdur. İş materiallarındakı akt iddiaçının iştirakı olmadan tərtib olunub. İşdən çıxarılma əsası kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi göstərilmişdir. Maraqlı şəxs rəy verib ki, iddiaçı kokain tərkibli narkotik vasitədən istifadə edir. Amma bu barədə məsələnin aydınlaşdırılması üçün birinci instansiya məhkəməsində şifahi vəsatət verilib. Həmin rəyi vermiş orqanın nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmadı. İştirakdan əlavə rəyə dair rəsmi açıqlama da məhkəməyə təqdim olunmadı. Cavabdeh müddətin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı bu hissə ilə razı deyil. İşçi hüququnun pozulduğu barədə məlumatlı olduğu andan 1 ay ərzində məhkəməyə müraciət edə bilər. Hüquqlarını müdafiə etdiyi şəxsin işdən azad edilməsinin əsası onun işdən çıxarılması barədə əmrdə göstərilib. İddiaçı hüquqşünas deyil. O, dərk etməyib ki, bu formada işdən çıxarma əsası onun üçün hansı nəticələrə gətirib çıxara bilər. Əmək Məcəlləsinin 296.2-ci maddəsinin 3cü hissəsinə əsasən yalnız əmək kitabçası, sonuncu haqq hesab deyil, o cümlədən işçinin işdən azad olunması barədə rəsmi əmrin surətinin də işçiyə təqdim olunması işəgötürənin öhdəliyidir. Məhkəmə qətnaməsi ilə tanış olarkən aydın oldu ki, tərəfindən çağırılmış şahidin ifadəsi məhkəmə tərəfindən təhrif edilib. Belə ki, İddiaçı bibisi X1 iclasda şahid qismində dindirilməsinin səbəbi işəgötürənlə Nailə Quliyeva arasındakı telefon danışığından sonra onların üçünün canlı görüşü olub. Şirkətin direktoru olan Emin adlı şəxs həm iddiaçıya anlaşılmazlığın aradan qaldırılacağını bildirib, həm də bibisinə də deyib ki, iddiaçı qısa müddətdə işə bərpa olunacaq və onun üzərindən bu “damğa” götürüləcək. Amma verilən vədə əməl olunmayıb. Məhkəməyə iddia verməkdə başlıca məqsəd təkcə işə bərpa deyil. Şəxsin barəsində formalaşdırılmış təsəvvür, yəni əmrin verilmə əsasıdır. Əgər iddiaçı həqiqətən hansısa narkotik vasitənin istifadəçisi olsa, gəlib məhkəmə iclasında öz hüquqlarını adekvat şəkildə müdafiə edə və fikirlərini səsləndirə bilməzdi. Kokain damar vasitəsilə inyeksiya olunan narkotik vasitədir. Ondan istifadə edən şəxsi məhvə doğru aparır. Mütəmadi olaraq kokain istifadə edən şəxsin reaksiyaları iddiaçı kimi adekvat və normal olmur. Qeyd olunur ki, işəgötürən təkrar ekspertiza keçirilməsini iddiaçıdan tələb etsə də iddiaçı bununla razılaşmayıb, bu tamamilə absurddur. İddiaçı əmindir ki, narkoman deyil. Bilirdilər ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edə bilər və bununla da iddianın perspektivi azala bilər. Amma məqsədləri iddiaçının üzərindən narkoman damğasının götürülməsidir. Əgər qəbul edilsə ki, cavabdeh iddiaçını işdən çıxarmaqda haqlıdır, bu həm də o deməkdir ki, cavabdeh müəssisədə narkotik vasitədən istifadə olunur və müəssisənin tibb hissəsi narkomanı gizlədir. Bu da özlüyündə cinayətdir. O, ölkə hüdudlarından kənarda olduğu üçün tərəfi professional hüquqi yardımla təmin etmək üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdi. İddiaçı hansı şahidə hansı sual verilməli olduğunu bilməyə bilərdi. Məhkəmə isə onun xahişini nəzərə almadı, işə iştirakı olmadan baxıldı və şahidlər dindirildi. Rəyi vermiş müəssisə də məhkəmə iclasında təmsil olunmadı, bu və ya digər qaydada rəyə heç bir rəsmi aydınlıq gətirmədi. Məhkəmə işin faktiki hallarını mütləq nəzərə almalı və təkcə prosessual normalara istinad etməklə kifayətlənməməlidir. Əlavə olaraq bildirir ki, əmək kitabçası, işdən çıxarma barədə əmrin surəti və sonuncu haqq hesab işçiyə mütləq təqdim olunmalıdır. Qarşı tərəf ötən məhkəmə iclasında bildirdi ki, bunlardan yalnız birinin verilməsi də kifayətdir. İddiaçıya əmək kitabçası verilsə də əmrin surətini almayıb. Son haqq-hesab onun bank hesabına köçürülməyib. Köçürülən məbləği də bank hesabdan silib və iddiaçı onu məxaric edə bilməyib. Yalnız vəkillə müqavilə bağlayandan sonra cavabdeh müəssisəyə verdiyi sorğu əsasında əmri almış və iddiaçının işdən çıxarılma əsası onlara məlum olub. Məhz bu anla əmrin mübahisələndirmə müddəti kəsilir. Əgər iddiaçı narkotik vasitənin istifadəçisi idisə, işəgötürən hüquq mühafizə orqanlarına müraciət etməli idi. Medasiya mərhələsində şəxsən şirkətin direktoru ilə danışıb, o, məsələnin yoluna qoyulacağını və əmək kitabçasında dəyişiklik olacağını vəd etmişdir. Sonradan iddiaçı, onun bibisi və cavabdeh müəssisənin direktoru görüşüblər. Şikayətlər əsasında anoloji məsələlərə görə cavabdeh müəssisənin direktoru işdən azad edilib. Yəni kimisə işdən azad etmək istəyirlərsə, ona narkoman damğası vurmaqla azad edirlər. Şirkətin fəaliyyəti ilə bağlı da bir çox araşdırılmalı məqamlar var. Həmin şirkət barəsində qeyri-prosessual hərəkətlər edildiyi üçün xüsusi qərardad qəbul edilməsini xahiş edir. Cavabdeh müəssisə xarici hüquqi şəxsin nümayəndəliyidir. Bilməlidir ki, Azərbaycan Respublikası ərazisində qanunvericiliyin tələblərinə tabedir. Kimsə razılaşıb qorxaraq ərizəsini könüllü yazırsa, problem yaşamır. Ərizəsini yazmaq istəməyən işçilərə narkoman damğası vurulur. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, e-2(060)-4607/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir.

12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh MMC-nin nümayəndə və vəkili Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, apellyasiya şikayəti tamamilə iddia ərizəsinin təkrarıdır. Mahiyyəti üzrə bunu deyə bilər ki, müəssisənin direktoru sadəcə insanlıq naminə iddiaçıya “Sea Breeze” istirahət mərkəzində ofisiant vəzifəsində iş təklif etmişdi. İddiaçı isə ofisiant işləmək istəməməsi əsası ilə təklifi rədd etmişdi. Halbuki cavabdehin direktorunun belə bir vəzifəsi yox idi. Üçüncü şəxs Maraqlı şəxs (X3) vaxtaşırı müəssisədə belə monitorinqlər keçirir. Maraqlı şəxs (X3) lazımi sənədləri məhkəməyə təqdim etmişdi. Burada əsas məsələ müddət məsələsidir. Əmək Məcəlləsinin 296.3-cü maddəsində hüququn aşkar edildiyi anın müəyyən olunması ilə bağlı göstərilir ki, tərəf müəyyən sənədləri əldə etmiş olmalıdır. Amma bu o demək deyil ki, iddiaçı bütün sənədləri mütləq əldə etməli idi və müddətin axımı da yalnız bundan sonra başlamalı idi. İddiaçı əmək kitabçasını təhvil alıb, amma xitam barədə əmri götürməkdən imtina edib. Əmri almasa belə kitabçanı alması artıq onun məsələdən xəbərdar edildiyinin sübutudur. Həmin şəxş əmək kitabçasını aldığı 2022-ci ilin avqust ayında Əmək Müfəttişliyinə şikayət edib. Deməli o, iddia etdiyi formada hüquq pozuntusu faktından xəbərdardır ki, bu formada da şikayət verib. Daha sonra bildirdi ki, analizlər bir neçə maddə üzrə götürülüb və iddiaçının analiz nəticələri iki maddəyə (marixuana və kokain) müsbət cavab verib. Bunun səbəblərini sahənin mütəxəssisi daha yaxşı bilər. İddiaçının birinci instansiya məhkəməsindəki davranışı barışığı istisna edir. İddiaçı artıq başqa yerdə işləyir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, e-2(060)-4607/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.

13. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə üçüncü şəxs Maraqlı şəxs (X3) nümayəndəsi gəlməmiş, gəlməməsini səbərləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Əmək Məcəlləsi 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 72-ci maddəsinin “b” bəndinə əsasən alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hallarından biri hesab edilir. 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən biləbilə qəsdən pozulduğu gündür; 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

15. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

16. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında göstərilmişdir ki, atılmalı olan formal addımların və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi və uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

17. Mülki Prosessual Məcəllə 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

20. Məhkəmədə şahid X2 ifadə verərək bildirdi ki, o, iddiaçının bibisidir. Maraqlı şəxs tərəfindən iş yerində aparılmış narkotestin nəticəsi (marixuana və kokain) İddiaçı müsbət çıxması ilə əlaqədar sonuncunun əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı narkotik maddələrdən heç vaxt istifadə etməmişdir. İddiaçı məsələni ona danışdıqdan sonra onun direktoru ilə əlaqə saxlamışdır. Direktor onu işlə təmin edəcəyinə söz versə də buna əməl etməmişdir. Sərxanın anası ağır xəstə, ailənin maddi durumu çox pisdir. Xahiş etdi ki, nəzərə alınsın.

21. Məhkəmədə şahid X4 ifadə verərək bildirdi ki, İddiaçı xx.xx.2022-ci il tarixində “İşdən azad etmə haqqında” əmrlə tanış olsa da əmri imzalamaqdan və onu götürməkdən imtina etdiyinə görə bu barədə akt tərtib edilmişdir. Əmək kitabçası isə müvafiq jurnala imza olunmaqla həmin tarixdə ona təqdim edilmişdir. Bundan əlavə iddiaçı təkrar müayinəyə dəvət edilsə də o, bundan imtina etmişdir.

22. Məhkəmədə şahid X9 ifadə verərək bildirdi ki, İddiaçı əməkdaş olmuş, o, Sərxanın birbaşa növbə rəisi olmuş, ona nəzarət etmişdir. İddiaçı gecə növbəsindən çıxarkən narkotiklə bağlı yoxlanış keçirilmiş, nəticələr çıxdıqdan sonra bəlli olmuşdur ki, İddiaçı narkotik istifadə etmiş, bununla əlaqədar işdən çıxarılmışdır. İddiaçı ümumiyyətlə mütəmadi əmək intizamını pozmuş, işburaxmaya yol vermişdir.

23. Məhkəmədə şahid X5 ifadə verərək bildirdi ki, İddiaçı xx.xx.2022-ci il tarixində “İşdən azad etmə haqqında” əmrlə tanış olsa da əmri imzalamaqdan və onu götürməkdən imtina etmişdir. Bununla əlaqədar olaraq müvafiq akt tərtib edilmişdir.

24. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı ilkin məcburi mediasiya sessiyasında iştirak etmiş və mediasiyaya dair 50 manat xərci ödəmişdir, lakin cavabdeh MMC iştirak etməmişdir.

25. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1413/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa və məcburi işburaxmağa görə əmək haqqı tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər cavabdehin hüquqi ünvanı ünvan 1airəsinin aid olduğundan AR MPM-nin 152.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır.

26. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 Xidməti Bakı şəhər idarəsinin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçıya irəli sürdüyü tələblə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.

27. Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC-də “doker-mexanizator” vəzifəsinə işə qəbul edilmiş və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2022-ci il tarixindən xitam verilmişdir.

28. Cavabdeh MMC-nin ünvan 3 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 356 nömrəli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xx.xx.2022-ci il tarixindən xitam verilmişdir. Cavabdeh MMC-də “dokermexanizator” vəzifəsində çalışmış vətəndaş İddiaçı işlədiyi müddət ərzində dəfələrlə müxtəlif bəhanələr gətirməklə işə davamiyyət qaydalarını pozaraq icazəsiz olaraq işdən yayınmışdır. Bununla bağlı rəhbərlik tərəfindən şifahi xəbərdarlıqlar edərək maddi vəziyyəti nəzərə alınmaqla humanistlik edilərək əmək fəaliyyətini davam etdirməsinə razılıq verilmişdir. İş yerlərində işçilərin vaxtaşırı tibbi müayinələri, o cümlədən alkotestlər və narkotestlər aparılır. xx.xx.2022-ci il tarixində Maraqlı şəxs tərəfindən aparılmış növbəti bu kimi müayinələr zamanı vətəndaş İddiaçı narkotestinin nəticələri müsbət çıxmaqla marixuana və kokain aşkar edilmişdir. Testin nəticələrinə uyğun olaraq rəhbərlik tərəfindən işçinin iş yerinə buraxılmaması və əmək fəaliyyətinə xitam verilməsi qərara alınmışdır. Bu məqsədlə Əmək Məcəlləsinin 83-cü, “Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydasına uyğun tələblərin yerinə yetirilməsi məqsədilə işçinin ofisə dəvət edilməsinə baxmayaraq ofisə gəlməkdən və əmrlə tanışlıqdan imtina etməklə yanaşı onları müvafiq orqanlara şikayət etməklə hədələmişdir. Buna baxmayaraq “dokermexanizator” vəzifəsində çalışmış vətəndaş İddiaçı əmək kitabçasına işdən azad olunmasına istinad olaraq əmrin nömrəsi qeyd edilmiş, əmək kitabçası işçiyə imzası ilə geri qaytarılmış və Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə uyğun işçi və işəgötürən arasında son haqq-hesab aparılmışdır.

29. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 38/22 İ/A №-li əmrinin surətindən görünür ki, Cavabdeh MMC-nin doker-mexanizatorunun əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilməsi əmr edilmişdir. Sözügedən əmr xx.xx.2022-ci il tarixində Maraqlı şəxs tərəfindən iş yerində aparılmış narkotestin nəticəsinin (marixuana və kokain) müsbət çıxması ilə əlaqədar olaraq verilmişdir.

30. Maraqlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixində verilmiş arayışın surətindən görünür ki, iş yerində aparılmış narkotestin nəticəsi (marixuana və kokain) İddiaçı müsbət çıxmışdır.

31. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli aktından görünür ki, xx.xx.2022-ci il tarixində Maraqlı şəxs tərəfindən iş yerində aparılmış müayinələr zamanı dokermexanizator vəzifəsində işləyən İddiaçı narkotestinin nəticələri müsbət çıxmaqla marixuana və kokain aşkar edilmişdir. Narkotestin nəticəsi müsbət çıxdığı üçün işçinin Bakı beynəlxalq Dəniz Ticarət Limanına girişi müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bununla bağlı işçi məlumatlandırılmış və ofisə dəvət edilmişdir. Lakin o, yas mərasimində olduğunu deyərək həmin günü ofisə gəlməkdən imtina etmiş və onun təkrar testə göndərilməsi mümkün olmamışdır.

32. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli aktının surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixində 38/22 İ/A saylı “İşdən azad etmə haqqında” əmrlə tanış olsa da əmri imzalamaqdan və əmri götürməkdən imtina etmişdir.

33. Cavabdehin əmək kitabçasının uçot jurnalından görünür ki, əmək kitabçası iddiaçıya xx.xx.2022-ci il tarixdə verilmişdir.

34. "xxxx" ASC-nin Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 5273 №-li məktubu ilə ünvanlanmış İddiaçı xx.xx.2021-xx.xx.2022-ci il dövrü üçün "xxxx" ASCdə olan kart hesabı üzrə mədaxil məlumatlarından görünür ki, İddiaçı kartına xx.xx.2022-ci il tarixdə son haqq-hesab kimi 78.51 manat vəsait köçürülmüşdür.

35. Müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə müqavilə ilə Cavabdeh MMC-də doker-mexanizator vəzifəsinə işə götürülmüşdür. İddiaçı əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən, xx.xx.2022-ci il tarixdə Maraqlı şəxs tərəfindən iş yerində aparılmış narkotestin nəticəsi (marixuana və kokain) İddiaçı müsbət çıxması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ikinci hissəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Cavabdehin əmək kitabçasının uçot jurnalından görünür ki, əmək kitabçası iddiaçıya xx.xx.2022-ci il tarixdə verilmişdir. İddiaçı kartına xx.xx.2022-ci il tarixdə son haqq hesab kimi 78.51 manat vəsait köçürülmüşdür. O, əmrlə tanış olsa da əmri imzalamaqdan və əmri götürməkdən imtina etmişdir.

36. Bununla yanaşı məhkəmə qeyd etmişdir ki, araşdırılan mübahisə üzrə cavabdehin nümayəndəsi ərizəyə etiraz edərək iddia müddəti ötürüldüyündən tələbin rədd edilməsini xahiş etmişdir.

37. Məhkəmə belə nəticəyə gəlmişdir ki, qanunvericilikdə bu növ tələblərin irəli sürülməsi üçün müəyyən edilmiş iddia müddəti keçdiyindən təmin olunmamalıdır.

38. Belə ki, cavabdeh tərəfindən məhkəmə qərarı çıxarılanadək iddia müddətinin tətbiqi barədə ərizə verilmiş, eləcə də işin faktiki hallarından və sübutlardan görünür ki, iddiaçı sözügedən tələblər üzrə Əmək Məcəlləsində nəzərdə tutulmuş prosessual müddətləri ötürmüşdür.

39. Məhkəmə iddiaçının nümayəndəsinin Cavabdeh MMC tərəfindən işçinin işdən azad edilməsinə dair müvafiq əmrin İddiaçı təqdim edilmədiyini, müvafiq əmrin surətinin alınması məqsədi ilə onun tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-yə sorğu ünvanlanaraq, İddiaçı Cavabdeh MMC-dən doker-mexanizator vəzifəsindən azad edilməsinə dair müvafiq əmrin surətinin istənildiyini, sorğuya cavab olaraq xx.xx.2023-cü il tarxli, S-M-039/23 saylı məktubun qoşmasında müvafiq əmrin surətinin rəsmi qaydada verildiyini, əmrin surəti iddiaçıya rəsmi qaydada verildiyi tarixdən 1 ay tamam olmamış onun tərəfindən müvafiq məhkəməyə müraciət olunduğundan iddia müddətini üzürlü ötürməsi dəlili ilə razılaşmır. Belə ki, göstərilən səbəb həmin prosessual müddətin keçməsinin üzürlü hesab edilməsinə əsas vermir. Ona görə ki, iddiaçının əmək müqaviləsinə xitam verilən gün əmək kitabçası müvafiq qeydlər aparıldıqdan sonra ona verilmişdir.

40. Bundan əlavə iddiaçıya işdən çıxarılması ilə əlaqədar son haqq-hesab da onun bank kart hesabına həmin tarixdə cavabdeh tərəfindən ödənilmişdir. Eyni zamanda əmrin surəti iddiaçıya həmin gün təqdim edilmiş, lakin o, götürməkdən imtina etdiyindən müvafiq akt tərtib olunmuşdur. Bu hal sözügedən aktla yanaşı şahid ifadələri ilə də təsdiq olunur. Bunu təkzib edən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.

41. Məhkəmə hesab etmişdir ki, iddiaçıya əmək müqaviləsinə xitam verilərkən müvafiq əmək kitabçası xx.xx.2022-ci il tarixdə təqdim edilmiş və orada qeydlər edilmiş, iddiaçının bundan məlumatı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

42. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsininiş üzrə gəlmiş olduğu nəticə ilə razılaşır.

43. Belə ki, müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2021-ci il tarixdə müqavilə ilə Cavabdeh MMC-də doker-mexanizator vəzifəsinə işə götürülmüş, əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdə Maraqlı şəxs tərəfindən iş yerində aparılmış narkotestin nəticəsi (marixuana və kokain) İddiaçı müsbət çıxması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ikinci hissəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Cavabdehin əmək kitabçasının uçot jurnalından görünür ki, əmək kitabçası iddiaçıya xx.xx.2022-ci il tarixdə verilmişdir. İddiaçı kartına xx.xx.2022-ci il tarixdə son haqq hesab kimi 78.51 manat vəsait köçürülmüşdür. O, əmrlə tanış olsa da, əmri imzalamaqdan və əmri götürməkdən imtina etmişdir.

44. Bundan başqa iş materillarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 Xidməti Bakı şəhər idarəsinin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixli müraciətinə əsasən irəli sürdüyü tələblə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.

45. Hazırkı iddia ilə isə iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir.

46. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

47. Həmin maddənin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən biləbilə qəsdən pozulduğu gündür.

48. Həmin maddənin 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

49. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

50. Eləcə də iş materiallarından görünür ki, iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmri mübahisələndirməmişdir.

51. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı iddia müddəti ötürülməklə iddia ərizəsi ilə müraciət etdiyindən iddia tələbi təmin edilə bilməz.

52. İddiaçı apellyasiya şikayətində qətnamənin qanunsuz və əsassız olduğunu qeyd etsə də məhkəmə kollegiyasının iclasında buna dair dəlilini əsaslandıra, sübuta yetirə bilməmişdir. Halbuki qanunvericiliyin tələblərinə əsasən hər bir tərəf öz tələb və etirazlarını əsaslandırmalı, sübuta yetirməlidir.

53. İddiaçının apellyasiya şikayətində qeyd edilən dəlilləri iddia ərizəsində qeyd edilən dəlillərlə eynilik təşkil edir. Həmin dəlillərə isə məhkəmə qətnaməsində araşdırılaraq qiymət verilmişdir.

54. Məhkəmə kollegiyası apellyantın məhkəmə qətnaməsində şahid ifadələrinin təhrif edilməsinə dair dəili ilə əlaqədar qeyd edir ki, bu dəlil də əsassızdır. Belə ki, qanunvericiliyin tələblərinə görə məhkəmə iclas protokoluna qeydlər verilməsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən isə məhkəmə iclas protokoluna qeydlər verilməmişdir.

55. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması, eləcə də dəyişdirilməsi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. 56.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

57. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, e-2(060)-4607/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır.

58. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Sumqayıt Şəhər Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, e-2(060)-4607/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar