Məhkəmə qərarları › İş №2(105)-2059/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2059/2023

22.11.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2059/2023 22.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi» tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-3037/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı Şəhəri 11 saylı Notariat Kontorunda bağlanmış 20 aprel 2023-cü il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X1 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 266 ünvanında yerləşən 56 saylı mənzili alıcı İddiaçı satmağı, alıcı İddiaçı isə mənzilin dəyərini satıcı X4 ödəməyi öz öhdəsinə götürmüşdür.

2. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 56 saylı mənzil tam payı olmaqla xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlı övladı X8 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, H,Əliyev prospekti, ev 266, 56 saylı mənzildən çıxarılması və mənzilin boşaldaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 20 aprel 2023-cü il tarixdə **********91- 05302-093047 № ilə reyestrdə qeyd edilən, Abşeron rayonu, Xırdalan şəhəri, H,Əliyev prospektində yerləşən sahəsi 51.30 kv.m olan ev 266, 56 saylı mənzili tam mülkiyyət üzrə alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. 05 may 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Mənzilin keçmiş mülkiyyətçisi X9 mənzili iddiaçıya təhvil-təslim edərkən, iddiaçı mənzildə cavabdeh və azyaşlı övladı ilə rastlaşmış, təbii olaraq mənzilin nə vaxt boşaldılmasını soruşduqda isə X9 iddiaçıya uşağın övladı olmasını bildirərək tez bir müddətdə yeni mənzilə çıxacaqlarını bildirmişdir. Buna baxmayaraq mənzil bugünədək boşaldılmamışdır. Belə ki, alqı-satqı müqaviləsinin 19-cu madəsində qeyd olunduğu kimi tərəflərin bu müqavilə üzrə mübahisələri tərəflərin razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

5. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-3037/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh azyaşlı övladı X8 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 56 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. (hakim E.Məmmədov)

6. Məhkəmə hesab etmişdir ki, mübahisəli mənzil xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdeh iddiaçının mənzili üzərində mülkiyyət hüqularına hörmətlə yanaşmamış və evi mülkiyyətçiyə təhvil verməkdən imtina etmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı mülkiyyət hüququnun mühüm elementləri olan sahiblik və istifadə hüququndan məhrum olmuşdur. Həmçinin məhkəmədə müəyyən edilib ki, İddiaçı mülkiyyətində olan mənzilə hüququ heç bir şəkildə, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırılmayıb və onun öz mülkiyyətindən sərbəst istifadə etməsi başqa şəxslərin hüquqlarını pozmur və hüquqdan sui-istifadə deyildir. Məhkəmə cavabdehin iddaçıya məxsus mənzildən çıxmamasını iddiaçının mülkiyyət hüquqlarını və qanuni maraqlarını pozması kimi qiymətləndirmiş və iddianın təmin edilməsi qənaətinə gəlmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni AR Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 157.4-cü maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2(012)-3037/2023 nömrəli qətnaməsinin tamamilə ləğv olunması, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə qanunsuz və əsassız qətnamə qəbul etməklə onun hüquqlarını pozmuşdur. Mübahisəli mənzilin mülkiyyətçisi onun əri X9 olmuşdur. O, övladları X8 və əri X9 ilə birlikdə sözgedən mənzildə 7 ildən çox müddətdir ki, yaşayırlar. Evin hal-hazırki vəziyyətinə gətirilməsində onun çox böyük əməyi olmuşdur. Həmin evin təmirinə 10000 min manat məbləğində xərc çəkmişdir. Bütün bunları qonşular təsdiq edə bilər. Həmin mənzilin kommunal ödənişlərini hər zaman cavabdeh etmişdir. Buna baxmayaraq həyat yoldaşı ilə münasibətləri pozulduqdan sonra onun və uşağının mənafeyini, vəziyyətini nəzərə almadan həmin evi başqasının adına yəni, İddiaçı adına rəsmiləşdirmişdir. Onun başqa evi yoxdur. Himayəsində azyaşlı uşaq var. Onların həmin evdən istifadə hüquqları vardır. Məhkəmə yekun nəticəyə gələrkən bu halları nəzərə almamışdır. Ümumiyyətlə iş lazımi qaydada araşdırılmamış, ədalətsiz və qanunsuz qərar qəbul etməklə onun hüququ kobud şəkildə pozmuşdur. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edib şikayətin rədd olunmasını xahiş etdi.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh tərəf lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

13. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin;

15. 152.1-ci madəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan stifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

16. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

17. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

18. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

22. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri

24. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər

25. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya şikayətindən görünür ki, apellyator Cavabdeh Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-3037/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

27. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. İddia tələbinin mahiyyətindən görünür ki, tələb cavabdehin mübahisəli mənzildən çıxarılması barədədir.

30. İşin faktiki hallarından görünür ki, mübahisəsi gedən ünvan 1 ünvanında yerləşən 56 saylı xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Mənzil notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında cavabdehin əri (mübahisəli mənzilin keçmiş mülkiyyətçisi) tərəfindən iddiaçıya satılmışdır. Cavabdeh hazırda azyaşlı övladı Dənizlə birlikdə mübahisəli mənzildə yaşayır və mənzildən çıxmır. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalıb.

31. İşdən görünür ki, cavabdeh apellyasiya şikayətində iddiaya etiraz edir və mübahisəli mənzildə 7 ildən artıq müddətdə yaşadığını, mənzili təmir etdirdiyini, mənzilin keçmiş mülkiyyətçisinin onun əri olduğunu bildirir və başqa yaşayış yerinin olmaması əsası ilə mənzildən çıxmayacağını bildirir. Kollegiya həmin dəlillərə münasibət bildirərək, qeyd edir ki, həmin dəlillər mübahisələndirilən qətnamənin ləğvi üçün əsas ola bilməz.

32. Azərbaycan Respublikası Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Mülkiyyətçi olan iddiaçı özgəsinin yəni cavabdehin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edir.

33. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir.

34. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya qeyd edir ki, cavabdeh mübahisəli mənzilə istifadə hüququnun olmasını qeyd etsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

35. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf qeyd olunan mənzilə mülkiyyət hüququna malik olmaqla hazırki iddianı qaldırmaq üçün subyektiv hüquq və vəzifəsinin daşıyıcısıdır. Cavabdehin bu kimi müdaxiləsi mülkiyyətçi kimi iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Məhz bu səbəblərdən də apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır.

36. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı təmin etməklə birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir.

37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-3037/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar