Məhkəmə qərarları › İş №2(105)-206/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-206/2021

11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-206/2021 11.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə açıq məhkəmə iclasında Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)-1567/2019 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)-1567/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Rahim Həsənov) İddiaçı açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh, Zamin1, Zamin2 və Zamin3 qarşı kredit borcunun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası və vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 16349,60 ABŞ dolları məbləğində kredit borcu, 3451,97 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə faiz borcu, 10,00 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 19811,57 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla) məbləğində pulun ödənilməsi, cavabdeh Zamin1 məxsus olan ünvan 1, mənzil 23 ünvanında olan 64,8 kv.m ümumi, 36,8 kv.m yaşayış, 28,0 kv.m yardımçı sahədən ibarət 5 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzilə tutmanın yönəldilməsi, həmin ipoteka predmetinin ilkin satış qiymətinin 43000 manat müəyyən edilməsi, açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinə olan kredit borcu, kreditdən istifadəyə görə faizlər, penya və dövlət rüsumu, bildirişin qeydə alınması barədə rüsumun ödənilməsi, ünvan 1, mənzil 23 ünvanında olan 64,8 kv.m ümumi, 36,8 kv.m yaşayış, 28,0 kv.m yardımçı sahədən ibarət 5 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzilə tutma yönəldikdən və satıldıqdan sonra mənzilin Cavabdeh, Zamin1, Zamin2 və Zamin3 tərəfindən ən geci bir ay ərzində boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh cəmiyyətin xeyrinə 16349,60 ABŞ dolları məbləğində kredit borcu, 3451,97 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə faiz borcu, 235,78 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 20037,35 ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi, cavabdeh Zamin1 məxsus ünvan 1, mənzil 23 ünvanında olan 64,8 kv.m. ümumi, 36,8 kv.m yaşayış, 28,0 kv.m yardımçı sahədən ibarət 5 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzilə tutmanın yönəldilməsi, açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, penyanın və dövlət rüsumunun, bildirişin qeydə alınması barədə rüsumun ödənilməsi, cavabdeh Zamin1 məxsus ünvan 1, mənzil 23 ünvanında olan 64,8 kv.m ümumi, 36,8 kv.m yaşayış, 28,0 kv.m yardımçı sahədən ibarət 5 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzilə tutma yönəldikdən və satıldıqdan sonra Cavabdeh, Zamin1, Zamin2 və Zamin3 və s. tərəfindən ən geci bir ay ərzində boşaldılması, ipoteka predmetinin satışından əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda, qətnamənin qalan hissədə Cavabdeh ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh xx xxxxxx 2015-ci il tarixli, 15013-0777/181238 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 22% ödəmək şərti ilə 25.480 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı açıq səhmdar cəmiyyəti ilə bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 15013-0777/181238 İ saylı ipoteka müqaviləsinə əsasən cavabdeh Zamin1 məxsus ünvan 1, mənzil 23 ünvanında olan 64,8 kv.m. ümumi, 36,8 kv.m. yaşayış, 28,0 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı mənzil xx.xx.2015-ci il tarixli, 15013- 0777/181238 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Cavabdehlər Cavabdeh və Zamin2 xx.xx.2015-ci il tarixdə ərizə verərək, Zamin1 məxsus ünvan 1 ünvanında olan 64,8 kv.m. ümumi, 36,8 kv.m. yaşayış, 28,0 kv.m. yardımçı sahədən ibarət 5 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən 3 otaqlı 23 saylı mənzilin İddiaçı açıq səhmdar cəmiyyətindən götürülən kreditin təminatı kimi banka ipotekaya qoyulmasına etiraz etmədiklərini, ipoteka müqaviləsinin şərtləri ilə tanış olduqlarını, banka olan əsas, faiz və digər borclar ödənilmədiyi təqdirdə, tutmanın həmin əmlaka yönəldilməsinə razı olduqlarını və bu halda bankın tələbinə əsasən əmlakı könüllü boşaltmağı öhdələrinə götürdüklərini bildirmişlər. Cavabdeh xx xxxx 2015-ci il tarixdə ərizə ilə İddiaçı açıq səhmdar cəmiyyətinə müraciət edərək tərtib edilmiş ödəniş cədvəli üzrə aylıq ödənişləri ödəmək iqtidarında olmadığına görə yeni ödəniş cədvəli tərtib edilməsini xahiş etmiş, həmin ərizə əsasında yeni ödəniş cədvəli tərtib edilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh həm kredit məbləğini, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməli olsa da, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilədən irəli gələn öhdəliklərini vaxtında icra etməmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixə İddiaçı açıq səhmdar cəmiyyətinə 16.349,60 ABŞ dolları məbləğində əsas kredit borcu, 3.451,97 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə faiz borcu, 235,78 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 20.037,35 ABŞ dolları məbləğində borcu qalmışdır. Bank tərəfindən cavabdehə yazılı şəkildə bildiriş göndərilmiş və 3 gün müddətində öhdəliklərin icra olunmaması halında, məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh tərəfindən bildirişə münasibət bildirilməmişdir. Bank tərəfindən həmçinin cavabdehə yazılı şəkildə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən həmin bildirişə də münasibət bildirilməmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmışdır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni qanunsuz və əsassız hesab edir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Qətnamə çıxarılarkən həm maddi, həm də prosessual normalara riayət edilməmişdir. Maddi hüquq normalarının pozulması özünü onda göstərmişdir ki, məhkəmə tətbiq edilməli olan qanunu tətbiq etməmişdir. Prosessual hüquq normalarının pozulması özünü onda göstərmişdir ki, işin nəticəsinə təsir edən hallar araşdırılmamışdır. Həmin faktiki halların araşdırılmaması məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb etmişdir. O, iddia ərizəsində qeyd olunanlarla razı deyildir. Belə ki, o, dəfələrlə İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi ilə görüşmüş, ona qarşı irəli sürülmüş pul məbləğinin artıq yazıldığını və banka borcunun az olduğunu bildirmiş, hətta özünə məxsus avtomobili də banka təklif etmiş və 3 ay həmin avtomobil bankın həyətində qalmışdır. Bütün bunlara baxmayaraq İddiaçı açıq səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət etmişdir. O, heç bir məhkəmə iclasında iştirak etməmişdir. Müqavilə bağlanan gündən onun ödədiyi pulların çox hissəsi bank tərəfindən cərimə borcuna çıxılmışdır. Həmçinin bank tərəfindən həm əsas, həm faiz, həm də cərimə borcu şişirdilmiş və artıq hesablanmışdır. Onun banka tələb edilən məbləğdə borcu yoxdur. O, xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci tarixədək 21829,44 ABŞ dolları ödəmişdir. Bu hesabla onun ümumilikdə 3650,56 ABŞ dolları borcu qalmalı idi. İddiaçı açıq səhmdar cəmiyyəti isə iddia ərizəsində ümumilikdə 20037,35 ABŞ dolları məbləğində borcu qaldığını göstərmişdir. İddiaçı qanunsuz və əsassız olaraq şişirdilmiş məbləğdə ondan pul tələb etmişdir. Məhkəmə tərəfindən heç bir araşdırma aparılmadan iş materiallarına əlavə edilmiş sənədlər əsasında bankın xeyrinə qətnamə çıxarmışdır. Məhkəmə nə onun, nə də digər cavabdehlərin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bununla da onun və digər cavabdehlərin hüquqları kobud şəkildə pozulmuşdur. Onun məhkəmə iclasında iştirakı təmin olunmadığından iddia tələbinə dair etiraz və ekspertizanın keçirilməsi barədə vəsatət verə bilməmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə fiziki şəxslərin banklara 10000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinin dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcəyi müəyyən edilmişdir. Bank rəhbərliyinin süni surətdə şişirdilmiş qalıq borcuna görə o, həmin kompensasiya məbləğindən məhrum olmuşdur. O, bu günə kimi kreditora ümumilikdə 21829,44 ABŞ dolları pul ödəmişdir. Bu ödənişlər məhkəmə tərəfindən araşdırılsaydı, onun banka olan borcunun 15768,84 ABŞ dolları olduğu müəyyən edilərdi və o, qalan borcunu vaxtlıvaxtında ödəməyə hazırdır. Cavabdeh apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib ondan İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 3650,56 ABŞ dolları məbləğində qalmış borcun tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X4 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. xx xxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehlər Zamin1 və Zamin2 apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. Cavabdehlər Cavabdeh və Zamin3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, məhkəmə qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan xx xxxxxx 2015-ci il tarixli, 15013-0777/181238 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyətinin Xaçmaz filialı tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 22% ödənilməklə 25480 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx xxxxxx 2015-ci il tarixli, 15013-0777/181238 İ saylı ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 15013-0777/181238 saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini kimi Zamin1 məxsus Quba şəhəri, Maksim Qorki küçəsi, 24 saylı evin 23 saylı mənzili ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin qiyməti 40000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Quba şəhəri, Maksim Qorki küçəsi, 24 saylı evin 23 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə Zamin1 adına xx xxxxxxxx 2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 35 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Zamin1 məxsus Quba şəhəri, Maksim Qorki küçəsi, 24 saylı evin 23 saylı mənzilinin ipoteka ilə yüklü edilməsi xx xxxxxx 2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 35 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyətinin xx xxxxxx 2018-ci il tarixli, 013/560 saylı bildirişinin surətindən görünür ki, Zamin1 ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdar edilmişdir. İş materiallarından görünür ki, Zamin1 məxsus Quba şəhəri, Maksim Qorki küçəsi, 24 saylı evin 23 saylı mənzilinə tutmanın yönəldilməsinə dair bildiriş xx xxxxxx 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinə olan kredit borcunun, faizlərin və penyanın hesablanması haqqında arayışdan görünür ki, Cavabdeh xx xxx 2019-cu il tarixə əsas kredit borcu 16.349,60 ABŞ dolları, faiz borcu 3.451,97 ABŞ dolları, cərimə borcu 235,78 ABŞ dolları, cəmi borcu 20.037,35 ABŞ dolları təşkil edir. İş materiallarında olan “xxxx” MMC-nin 01/618 saylı, xx xxxxxxx 2019-cu il tarixli mənzilin qiymətləndirilməsi barədə hesabatından görünür ki, Zamin1 məxsus Quba şəhəri, Maksim Qorki küçəsi, 24 saylı evin 23 saylı mənzilin bazar dəyəri 43000 manat müəyyən edilmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 9/3034 saylı rəyindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 15013-0777/181238 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə əsas borcu 16349,60 ABŞ dolları, faiz borcu 9744,10 ABŞ dolları təşkil edir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Cavabdeh məhkəmə iclasında iştirakını təmin etməmiş, bununla da ədalət mühakiməsinin çəkişmə prinsipini pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 134.1.4-cü maddəsinə görə məhkəmə işdə iştirak edən şəxslərə məhkəmə bildirişini rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Azərbaycan Respublikası MPM-nin 138.1-ci maddəsinə görə məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Həmin Məcəllənin 138.2-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi haqqında məhkəmə bildirişi vasitəsilə xəbərdar edilir. Sadalanan mülki prosessual hüquq normalarının mənasından da göründüyü kimi qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə bildirişinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. İş materiallarından görünür ki, məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi Cavabdeh göndərilsə də, onun həmin bildirişi almasını təsdiq edən heç bir sənəd iş materiallarında yoxdur, birinci instansiya məhkəməsi ərizəyə cavabdehin iştirakını təmin etmədən baxmışdır. Halbuki Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinə görə hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə kollegiyası qeyd edilənləri prosessual hüquq normalarının pozuntusu kimi qiymətləndirir və belə nəticəyə gəlir ki, qətnamə bu əsasa görə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 387.2.2-ci maddəsinə görə işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, iddia tələbinə hüquqi qiymət verilməklə, yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İş üzrə araşdırılmış sübutlardan görünür ki, İddiaçı açıq səhmdar cəmiyyətinin Xaçmaz filialı ilə bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 15013-0777/181238 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə, illik 22% ödənilməklə 25480 ABŞ dolları məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası MM-nin 269.1, 269.2 və 269.4-cü maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 270.1-ci maddəsinə görə girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsində göstərilir ki, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” qanunun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2.faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi. 4.1.4.ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1, 34.1.1, 34.1.2-ci maddələrinin mənasına görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı-əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması və sair hallarda yaranır. “İpoteka haqqında” qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak, qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 5-ci maddəsinin 7 və 8-ci bəndlərində göstərilir ki, məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda (bu halda qiymətləndirmə əmlakın mülkiyyətçisi olan şəxslərin sifarişi ilə qiymətləndirici tərəfindən və ya qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır); etimadlı idarəetmədə olan əmlaka sahiblik hüququ dəyişilərkən əmlakın dəyəri haqqında mübahisə yarandıqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertizası haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. “İpoteka haqqında” qanunun 1.0.9-cu maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İş materiallarında olan “xxxx” MMC-nin 01/618 saylı, xx xxxxxxx 2019-cu il tarixli mənzilin qiymətləndirilməsi barədə hesabatı ilə müəyyən olunur ki, Zamin1 məxsus Quba şəhəri, Maksim Qorki küçəsi, 24 saylı evin 23 saylı mənzilin bazar dəyəri 43000 manatdır. Birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin likvid dəyəri müəyyən edilməsə də, Cavabdeh apellyasiya şikayətində ipoteka predmetinin ilkin satış qiymətini mübahisələndirməmişdir. Həmçinin işdən görünür ki, iddiaçı təşkilat da birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş ipoteka predmetinin ilkin satış qiymətini mübahisələndirməmiş, həmin qiymətlə razılaşmışdır. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 9/3034 saylı rəyində İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015ci il tarixli, 15013-0777/181238 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə Cavabdeh faiz borcu 9744,10 ABŞ dolları göstərilsə də İddiaçı açıq səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh cəmiyyətin xeyrinə 3451,97 ABŞ dolları faiz borcu tələb etmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olmaqla, həmin faktlar işdə iştirak edən şəxsin izahatı, apellyasiya şikayətinin dəlilləri və mülki işin materialları ilə də inkar edilmədiyindən və cavabdeh pul vəsaitinin ödənilməsini gecikdirməklə ondan faydalandığından, Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 16349,60 ABŞ dolları əsas borc, 3451,97 ABŞ dolları faiz borcu tutulmalı, cavabdeh Zamin1 məxsus olan ünvan 1, mənzil 23 ünvanında olan 64,8 kv.m ümumi, 36,8 kv.m yaşayış, 28,0 kv.m yardımçı sahədən ibarət 5 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzilə tutma yönəldilməli, ipoteka predmetinin ilkin satış qiyməti 43000 manat müəyyən edilməli, açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinə olan kredit borcu, kreditdən istifadəyə görə faiz və dövlət rüsumu ödənilməli, ünvan 1, mənzil 23 ünvanında olan 64,8 kv.m ümumi, 36,8 kv.m yaşayış, 28,0 kv.m yardımçı sahədən ibarət 5 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzilə tutma yönəldikdən və satıldıqdan sonra mənzil Cavabdeh, Zamin1, Zamin2 və Zamin3 tərəfindən ən geci bir ay ərzində boşaldılmalıdır. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu, öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı təşkilatın 235,78 ABŞ dolları məbləğində cərimə tələb etməsi tənasübsüz surətdə yüksəkdir. Ona görə də Cavabdeh 10 ABŞ cərimənin tutulmasını məhkəmə kollegiyası ədalətli hesab edir və bunu həm iddiaçı təşkilatın əmlak, həm də bütün əsaslı mənafelərinə, həmçinin cavabdehin maddi və əmlak vəziyyətinə uyğun hesab edir. Cavabdeh apellyasiya şikayətində banka 21829,44 ABŞ dolları ödədiyini göstərmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 9/3034 saylı rəyindən görünür ki, Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinə 15781,11 ABŞ dolları məbləğində ödəniş aparmış, həmin məbləğin 12100,99 ABŞ dolları əsas, 3680,12 ABŞ dolları isə faiz borcundan silinmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. İddiaçı təşkilat və digər cavabdehlər qətnamə ilə razılaşaraq apellyasiya şikayəti verməmişlər. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, məhkəmə qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq tutularaq X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)-1567/2019 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə ləğv edilsin, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilsin. Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 16349,60 (on altı min üç yüz qırx doqquz ABŞ dolları 60 sent) ABŞ dolları əsas borc, 3451,97 (üç min dörd yüz əlli bir ABŞ dolları 97 sent) ABŞ dolları faiz borcu, 10 (on) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 19811,57 (on qoqquz min səkkiz yüz on bir ABŞ dolları 57 sent) ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla manatla və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulsun. Cavabdeh Zamin1 məxsus olan Quba şəhəri, Maksim Qorki küçəsi, 24 saylı evin 23 saylı mənzilinə tutma yönəldilsin, həmin mənzil ilkin satış qiyməti 43000 (qırx üç min) manat müəyyən edilməklə açıq hərracda satılsın, əldə ediləcək vəsaitin hesabına Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinə olan borcu və dövlət rüsumu ödənilsin. Quba şəhəri, Maksim Qorki küçəsi, 24 saylı evin 23 saylı mənzilinə tutma yönəldikdən və satıldıqdan sonra mənzil Cavabdeh, Zamin1, Zamin2 və Zamin3 tərəfindən ən geci bir ay ərzində boşaldılsın. Qalan hissədə iddia təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh tutularaq tutularaq X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar