Məhkəmə qərarları › İş №2(105)-206/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-206/2023

17.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-206/2023 17.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, Cavabdeh və digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3599/2022 nömrəli, 18 avqust 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3599/2022 nömrəli, 18 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim E.Hüseynov) Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri məhəllə 41 A 5 В saylı evin 31 saylı mənzilinə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan SSRİ Sumqayıt Şəhər Xalq Deputatları Soveti icraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən xx.xx.1981-ci il tarixli, 12/585 nömrəli order ilə Sumqayıt şəhəri məh.41 A, ev 5, В 31 saylı mənzil ölən X3na verilmişdir. X3 xx.xx.2016-cı il tarixində ölmüşdür . Hazırda cavabdehlər qardaşı Cavabdeh1 və anası Cavabdeh2 2013-cü il tarixindən həmin mənzildə yaşamırlar. Bu faktı Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Komunal X1 12 saylı mənzil komunal sahəsinin və qonşularının tərtib etdiyi akt da təsdiq edir. Cavabdehlər həmin ünvanda yaşamasalar da, onların həmin mənzildə qeydiyyatda olmaları ilə əlaqədar olaraq əlavə komunal xərclər ödəməyə məcbur olur. Hazırda cavabdehlər həmin mənzildə yaşamadıqlarına görə onların yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək, göstərir ki, məhkəmə qətnamə çıxararkən maddi və prosessual huquq normalarının tələblərini pozmuşdur. Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmadığı kimi, eyni zamanda qanunsuz və əsassızdır. Belə ki cavabdehlər hal-hazırda həmin mənzildə yaşaya bilmədiklərini əsas gətirərək hazırda kirayədə yaşadıqlarını bildirsələr də, kirayə müqaviləsini məhkəməyə təqdim etməmiş və məhkəmə tərəfindən onların yaşadıqları yaşayış yerinin kimə məxsusluğu araşdırılmamışdır. Cavabdehlərin mübahisəli yaşayış sahəsinə ehtiyacları olsa idi, indiyədək mənzilə köçürülmə tələbi ilə bağlı məhkəməyə müraciət edərdilər. Cavabdehlərin məqsədi mənzili özəlləşdirmək, həmin mənzili satıb əldə olunmuş vəsaiti cavabdehlər arasında bölməkdən ibarətdir. Bu hal cavabdehlərin həmin mənzilə ehtiyaclarının olmadığı qənaətinə gəlməyə əsasdır. Bu günə kimi cavabdehlər mübahisəli mənzildə yaşamaq üçün hər hansı cəhd etməmişlər. Sadalanan hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, onun iddiası təmin olunmalıdır. Apellyasiya baxışı zamanı cavabdeh və digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1 şikayətə etiraz edərək bildirdi ki, iddianın heç bir hüquqi əsası yoxdur, məhkəmə iş üzrə düzgün nəticəyə gəlmişdir. Əlavə etdi ki, iddiaçı onlara həmin evdə normal yaşamağa imkan vermir, ona görə o və anası hazırda kirayədə yaşayır. Mübahisəli mənzilə onların da ehtiyacı var. Göstərilənlərə əsasən şikayətin təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən təkrar olaraq məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan 16 iyun 1981-ci il tarixli, 12/585 saylı orderdən görünür ki, Sumqayıt Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi Mənzillərin Qeydiyyatı və Bölüşdürülməsi Şöbəsi tərəfindən Sumqayıt şəhəri 41A məhəllə, ev 5B, 31 saylı mənzil 5 nəfər ailə tərkibində X5 verilmişdir. Onunla birlikdə orderdə həmin mənzilə köçmək hüququ olan şəxslər kimi Səkinəxanım Abdullayeva, Hikmət Nəzərov, Xəqani Nəzərov və Sevda Nəzərova göstərilmişdir. Yenə işdə olan ölüm haqqında Şəhadətnamədən görünür ki, X9 xx.xx.2015-ci il tarixdə Sumqayıt şəhərində ölmüşdür. Mülki işə əlavə edilmiş DİN-in Yaşayış Yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışından görünür ki, ünvan 1, 31 saylı mənzildə X6, Cavabdeh2, X10, X11, Cavabdeh1, X7, X8 qeydiyyatdadırlar. Yenə də mülki işə əlavə edilmiş Sumqayıt şəhəri 12 saylı MKS-nın təsdiq etdiyi aktdan görünür ki, X6, X2, Cavabdeh1, X7, X8 2013-cü ildən ünvan 1 ünvanında yerləşən 31 saylı mənzildə yaşamırlar. İş materiallarındakı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə №- 2022-09496 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyasında İddiaçı iştirak etmiş və bununla bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Mülki işin materiallarında olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli, 2-1(85)- 2212/2018 nömrəli qərarı ilə iddiaçı Cavabdeh2 ünvan 2 ünvanında yerləşən, sahəsi 47,31 kv.metr olan 31 saylı mənzil üzərində onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi rədd edilmiş və həmin qərar bütün instansiyalar üzrə dəyişdirilmədən saxlanılmışdır. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3599/2022 nömrəli, 18 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası mübahisə ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər yaxın qohumdurlar, yəni İddiaçı Cavabdeh1 bacısı, Cavabdeh2 isə qızıdır. Mübahisə predmetini təşkil edən ünvan 2 ünvanında yerləşən, sahəsi 47,31 kv.metr olan 31 saylı mənzil xx.xx.1981-ci il tarixli order əsasında Sumqayıt Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi Mənzillərin Qeydiyyatı və Bölüşdürülməsi Şöbəsi tərəfindən X5 5 nəfər ailə üzvü tərkibində verilmiş və onunla birlikdə həmin mənzilə ailə üzvləri Səkinəxanım Abdullayeva, Hikmət Nəzərov, Xəqani Nəzərov və Sevda Nəzərova köçmüşlər. Mənzil dövlət mənzil fonduna aiddir. Qeyd edildiyi kimi, məhkəmə kollegiyası nəzərə alır ki, mübahisəli mənzil dövlət mənzil fonduna daxildir. Başqa sözlə, özəlləşdirilməmişdir, xüsusi mülkiyyətdə deyildir. Mənzilin mövcud order əsasında əsas kirayəçisi iddiaçının mərhum atası Fikrət Nəzərov hesab olunur. Tərəflər mərhumun övladları və arvadıdır. Hər üç şəxs orderdə adı olan şəxslərdir və order verilən tarixdən orderdə adları olan şəxslər kimi mənzildən istifadə hüquq əldə etmişlər. Beləliklə, hazırkı iş üzrə tərəflər arasında hüquq münasibətləri bu tarixdə yarandığı üçün mübahisə xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normalarına uyğun həll edilməlidir. AR MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 oktyabr 2009-cu il tarixinədək qüvvədə olan AR Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzilistismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 53-cü maddəsinə görə kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Yenə həmin Mənzil Məcəlləsinin 54-cü maddəsinə görə (icarədarın başqa vətəndaşları ailə üzvləri sifətilə yaşayış sahəsinə köçürmək hüququ) icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Qeyd edildiyi kimi kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Eləcə də, hazırki mübahisə tərəfləri arasında ailə-doğmalıq münasibətləri kəskinləşsə də, mənzilə dair eyni hüquq və vəzifələrə malikdirlər. İşin tədqiq olunan faktiki hallarından məlum olur ki, cavabdehlərin orderdə adları olsa da, mübahisəli mənzilə iddiaçı tərəfindən buraxılmırlar. Cavabdehlərin izahatından məlum olur ki, onlar kirayə yaşayırlar və daimi yaşayış yerləri barədə işdə hər hansı sübut yoxdur. İddiaçı cavabdehlərin mübahisəli mənzili könüllü olaraq uzun müddətdən bəri tərk etdiklərini bildirsə də, bu hal məhkəmə araşdırması zamanı öz təstiqini tapmamış, habelə cavabdehlər tərəfindən məhkəməyə ünvanlanan yazılı etirazda, həmçinin onların izahatında mübahisəli mənzili birdəfəlik tərk etməmələri, iddiaçının təzyiqi nəticəsində evi tərk etdiklərini qeyd etmişlər. Bütün hallarda cavabdehlər mənzilə dair order əsasında həmin mənzildən iddiaçı ilə bərabər şəkildə istifadə hüququ əldə etmiş şəxslərdir. Ona görə də, daha öncə istinad olunan Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinə istinad edərək onların mübahisəli mənzilə istifadə hüquqlarının itirilməsini tələb etmək əsassızdır. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 12 mart 1999-cu tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil Məcəllənin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İşin tədqiq olunan faktiki hallarından cavabdehlərin yaşayış yerini dəyişib yeni yaşayış yerinə köçməsi, başqa yaşayış sahəsi ilə təmin edilməsi müəyyən edilmir. Azərbayca Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1 və 3-cü bəndlərinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Konstitusiyanın 43-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətandaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin heç kəs yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir.Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüququ və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarı ilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştiraçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüququ sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarları və s.) Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər formal mülahizələrdir və həmin mülahizələr apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin araşdırılan hissəsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3599/2022 nömrəli, 18 avqust 2022-ci il tarixli dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar