Məhkəmə qərarları › İş №2(105)-2062/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2062/2021

03.09.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2062/2021 03.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı nümaayəndəsi X1, Cavabdeh Cavabdeh1 iştirakı ilə, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(012)-3571/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq , MÜƏYYƏN ETDİ : Abşeron Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(012)-3571/2020 saylı qətnaməsi ilə (hakim H.Əhmədov) iddia tələbinin təmin olunması, Cavabdeh1, həmçinin onun arvadı Cavabdeh2 və uşaqlarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində İddiaçındə yerləşən 2-ci binada Həcər Elmurzayevanın adına olan 8 saylı mənzildən çıxarılmaları qət edilmişdir. Qətnamədən Cavabdeh1 tərəfindən apelyasiya şikayəti verərək, onun ləğv olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ailəsi ilə birlikdə "xxxx" Sosial Müəssisəində yerləşən 2-ci binada Həcər Elmurzayevanın adına olan 8 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinə dəqiqləşmə verərək, Cavabdeh1, həmçinin onun arvadı Cavabdeh2 və uşaqlarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində İddiaçındə yerləşən 2-ci binada Həcər Elmurzayevanın adına olan 8 saylı mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" adlı sosial müəssisə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində yaradılmış qeyri-kommersiya hüquqi şəxsdir. Həmin müəssisə dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olunmuş məzunları üçün nəzərdə tutulmuşdur. Dövlət Sosial Müdafiə Fondunun nəzdində İddiaçı ilə Həcər Elmurzayeva arasında 12.09.2017-ci il tarixdə bağlanmış 02/08 nömrəli yaşayış sahəsinin əvəzsiz istifadə müqaviləsinə əsasən İddiaçı ümumi sahəsi 40 kv.metrdən ibarət 1 (bir) otaqlı 8 saylı təmirli mənzili onun istifadəsinə verilmişdir. Həmin mənzil Həcər Elmurzayevanın istifadəsində olduğu halda 07.08.2020-ci il tarixdə cavabdehlər Cavabdeh1, onun arvadı Cavabdeh2 və uşaqları tərəfindən qanunsuz zəbt edilmişdir və onlar orada heç bir əsas olmadan yaşayırlar. Cavabdehlərin həmin mənzildə qanunsuz yaşamaları onların mülkiyyətlərindən sərbəst istifadə etmə hüquqlarını məhdudlaşdırır və ona görə də iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı cıxarılmışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, TƏRƏFLƏRİN İZAHATLARİ və SÜBUTLARİ: Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə tərəflər arasındakı mübahisəni düzgün həll etməmiş, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuş, işin halları tam araşdırılmamış, sübutlar düzgün qiymətləndirilməmişdir. Belə ki, o və arvadı Cavabdeh2 uşaq evində böyümüşlər və onların da mübahisəli mənzildə yaşamaq hüquqları mövcuddur. Bu səbəbdən onların mübahisəli mənzildə yaşamaları qeyri-qanuni hərəkət sayılmamalıdır. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qətnamə ləğv olunmalıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1, həmçinin iştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Cavabdeh1 bildirdi ki, hazırda yaşamağa yerləri olmadığndan, həmin mənzil isə boş olduğundan orada ailəsilə birlikdə yerləşmişdir. Qarşı tərəf onları mənzildən çıxarıb kənar bir şəxsə vermək istəyir. İddiaçı nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında şikayətə etiraz etdi və onun rədd olunmasını xahiş etdi. O, əlavə etdi ki, cavabdehlər qanunla nəzərdə tutulmuş əsaslrla növbəyə dursalar yaşayış sahəsilə təmin edilə bilərlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində İddiaçı ilə Həcər Elmurzayeva arasında 12.09.2017-ci il tarixdə bağlanmış 02/08 nömrəli yaşayış sahəsinin əvəzsiz istifadə müqaviləsinin surətindən görünür ki, kirayə verən (Fond) ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün İddiaçı 8 nömrəli mənzildə yerləşən, ümumi sahəsi 40 kv.metrdən, yaşayış sahəsi 40 kv. metrdən ibarət 1 (bir) otaqlı təmirli, tam əşyalı yaşayış sahəsini əvəzsiz olaraq yaşamaq üçün müqavilə ilə müəyyən edilmiş şərtlərlə kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür. Yenə iş materiallarında olan 07.10.2015-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün İddiaçı Nizamnaməsinin surətindən görünür ki, Müəssisə "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün "xxxx" Sosial Müəssisəsinin yaradılması və istismarı ilə bağlı məsələlər haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 mart tarixli, 90 nömrəli qərarı ilə yaradılmışdır, qeyri-kommersiya hüquqi şəxsdir, müvafiq xəzinə hesabına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, ştampa və digər rekvizitlərə malikdir. Müəssisənin tam rəsmi adı: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün "Məzun evi' Sosial Müəssisəsidir. Yenə iş materiallarında olan AZ-İİ 082065 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə Cavabdeh2 27 sentyabr 2015-ci il tarixdə nikaha girmişlər. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəcini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, işdə olan sübutları araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(012)-3571/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən olundu ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində İddiaçı ilə Həcər Elmurzayeva arasında 12.09.2017-ci il tarixdə bağlanmış müqavilə əsasında həmin müəssənin 8 saylı mənzili Həcər Elmurzayevanın istifadəsinə verilmişdir. Cavabdehlər Cavabdeh1 və onun arvadı Cavabdeh2 azyaşlı uşağı ilə İddiaçındəki 2-ci binada Həcər Elmurzayevanın adına olan 8 saylı mənzilə 07.08.2020-ci il tarixdə icazəsiz, özbaşına olaraq daxil olmuşlar və hazırda da orada yaşayırlar. İşdəki tədqiq edilmiş sənədlərdən və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün İddiaçı Nizamnaməsindən görünür ki, qurum, Dövlət Sosial Müdafiə Fondunun nəzdində yaradılan qeyri-kommversiya hüquqi şəxsdir, özünün rekvizitlərinə malikdir və onun balansında olan mənzillər xüsusi mənzil fonduna aiddir. İşin araşdırılan hallarından, tərəflərin izahatından və tədqiq edilmiş sənədlərdən müəyyən olunur ki, İddiaçı ilə Həcər Elmurzayeva arasında bağlanməş müqavilə əsasında mənzil 12.09.2017-ci il tarixdə onun yaşaması üçün istifdəsinə verilməsinə baxmayaraq cavabdehlər uşaqları ilə birlikdə mənzil üzərində sərəncam səlahiyyətlərinə malik iddiaçının və mənzilin istifadəçisinin iradəsi əleyhinə olaraq oraya girərək qanunsuz əsaslarla yaşayırlar. Bu isə mənzilin sahibinin və istifadəçisinin yaşayış sahəsinə dair istifadə, sahiblik və mülkiyyət hüquqularını pozmuşdur. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Yenə həmin Məcəllənin 5.2-ci maddəsinə görə mənzilə orada yaşayanların razılığı olmadan daxil olmağa qanunla nəzərdə tutulmuş hallarda və qaydada qəza vəziyyəti, təbii fəlakət, kütləvi iğtişaş zamanı və ya fövqəladə xarakterli digər şəraitdə yalnız vətəndaşların həyatı və (və ya) onların əmlakının xilas edilməsi, onların şəxsi təhlükəsizliyi və ya ictimai təhlükəsizliyin təmin edilməsi, habelə cinayət törədilməsində şübhəli bilinən şəxslərin saxlanılması, törədilməsində şübhə olmayan cinayət faktlarının qarşısının alınması və ya törədilmiş cinayətin, yaxud baş vermiş bədbəxt hadisənin şəraitinin müəyyənləşdirilməsi məqsədilə yol verilir. Mənzil Məcəlləsinin 9.1, 9.2, 9.2.2-ci maddələrinə əsasən mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Mənzil hüquqlarının müdafiəsi üsullarından biri də mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınmasıdır. Qeyd edildiyi kimi, mübahisəli mənzil xüsusi təyinatlı mənzil fonduna aid olmaqla ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün nəzərdə tutulmuş yaşayış sahəsidir. Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 108-ci maddəsinə görə ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələrinin əvəzsiz istifadə müqavilələri əsasında verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada və şərtlərlə həyata keçirilir. İşdən görünür ki, hər iki cavabdeh müqavilə olmadan iddiaçıya məxsus, həmçinin oradan istifadə hüququna malik H.Elmurzayevanın istifadəsində olan mənzilə onların iradəsi əleyhinə qanunsuz əsaslarla daxil olmuşlar və beləliklə qeyd edilən mənzil fondunun idarəedilməsini həyata keçirən iddiaçının mənzilə dair hüquqlarını, eyni zamanda müqavilə əsasında mənzildən istifadə edən istifadəçinin mənzil hüquqlarını pozmuşlar. Yuxarıda qeyd olunan normalara əsasən isə bu qadağandır və belə olan halda, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi, yəni Cavabdeh1, həmçinin onun arvadı Cavabdeh2 və uşaqlarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində İddiaçındə yerləşən 2-ci binada Həcər Elmurzayevanın adına olan 8 saylı mənzildən çıxarılmaları barədə gəldiyi nəticə qanunidir və işin faktiki hallarına tamamilə uyğundur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda Cavabdeh1 apelyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmiş, əksinə İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər formal mülahizələrdir və həmin mülahizələr apelyasiya şikayətinin təmin edilməsi, eyni zamanda iddianın bütünlüklə rədd edilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 16 noyabr 2020ci il tarixli, 2(012)-3571/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(012)-3571/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar