Məhkəmə qərarları › İş №2(105)-2063/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2063/2021

14.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2063/2021 14.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2, İddiaçı, nümayəndəsi və vəkili X6, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(012)-471/2021 saylı qətnaməsindən İddiaçı verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(012)-471/2021 saylı qətnaməsi ilə (hakim H.Y.Əhmədov) İddiaçı Cavabdeh qarşı istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(012)-471/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2018-ci il martın 5-də rəsmi olaraq 3 saylı Bakı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsində nikahları qeydə alınmışdır. Birgə nikahdan 17.12.2018-ci il təvəllüdlü Selin adlı 1 nəfər övladları doğulmuşdur. Rəsmi nikahları bağlanandan cavabdehlə bir yerdə yaşamaqla birgə təsərrüfat aparmışlar. Birgə yaşadıqları müddətdə cavabdehlə münasibətləri normal olsa da, son dövrlərdə kəskin pisləşdiyindən daim evdə söz-söhbətlər olmuşdur. Faktiki olaraq bir ailə kimi yaşamırlar. Nikahın pozulması tələbinə dair iddia ərizəsi hazırda Sumqayıt Şəhər Məhkəməsində baxılmaqdadır. Birgə nikah dövrlərində ünvan 1 (8 və 9 saylı mənzil alınmış və arakəsmələri götürməklə birləşdirmişdir) əldə edilmiş və həmin ünvanda yaşamışlar. Ona bütün əşyaları hazırda da həmin mənzildədir. Lakin cavabdeh onu mənzilə buraxmır və həmin mənzildən istifadəsinə maneə olur. Ona görə də, onun ünvan 1 ünvana uşağı ilə birlikdə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 18 mart 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 228.5-ci maddələrinin, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 9.1, 30.1, 30.2-ci maddələrinin və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı, nümayəndəsi və vəkili R.Ə.Quliyev apelyasiya şikayəti müdafiə edib, təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili V.X.Muradova apelyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 3 saylı Bakı ASAN Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən 05.03.2018-ci il tarixdə verilmiş AZ-İİ № 258939 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, həmin tarixdə Cavabdeh ilə İddiaçı arasında nikah bağlanmışdır. 2 saylı Bakı ASAN Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən 15.01.2019-cu il tarixdə verilmiş AZ-İV № 238761 nömrəli doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, X4 17.12.2018-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(060)-4629/2020 saylı qətnaməsi ilə müəyyən olunru ki, Cavabdeh və İddiaçı arasında 3 saylı Bakı ASAN Xidmət mərkəzi qeydiyyat şöbəsinin verdiyi 05.03.2018-ci il tarixdə bağlanmış, 640 nömrəsi ilə qeydə alınmış nikah pozulmuş, birgə nikahdan doğulmuş 17.12.2018-ci il təvəllüdlü X3 anası İddiaçı yanında qalması, 06.08.2020-ci il tarixdən başlayaraq 17.12.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 200 manat sabit pul məbləğində aliment və 17.12.2018-ci il təvəllüdlü X4 3 yaşına çatana kimi hər ay 50 manat maddi yardım tutularaq İddiaçı verilməsi, məhkəmə qətnaməsi alimentin tutulması hissəsində dərhal icra olunması qət edilmişdir. "xxxx" MTK tərəfindən 15.10.2020-ci il tarixdə verilmiş 07 nömrəli məktubdan görünür ki, Abşeron rayonu, Masazır-Novxanı Şossesi ünvanında yerləşən "xxxx" MTK ilə Cavabdeh arasında 21.04.2017-ci il tarixində Abşeron-City-2014” MTK-ya məxsus olan 2-ci blok, 4-cü mərtəbədə yerləşən 8 və 9 saylı (8 saylı 59,05 m2 və 9 saylı 61,24 m2) mənzillərin alqı-satqı müqaviləsi bağlanmışdır. "xxxx" MTK və Cavabdeh arasında 21.04.2017-ci il tarixdə bağlanmış Mənzil Tikintisi haqqında müqavilənin surətindən görünür ki, "xxxx" MTK "xxxx" MTK-ya məxsus olan 2-ci blok, 4-cü mərtəbədə yerləşən 8 nömrəli 1 otaqlı mənzili Cavabdeh verməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumi sahəsi 59,08 kv.m-dir. Mənzilin 1 kv.m-nin qiyməti 600 (atlı yüz) AZN-dən ibarətdir. Mənzilin ümumi dəyəri 35448 (otuz beş min dörd yüz qırx səkkiz) AZN-dir. "xxxx" MTK tərəfindən 21.04.2017-ci ildə verilmiş maliyyə arayışından görünür ki, Abşeron rayonu, Masazır-Novxanı şossesində yerləşən çoxmərtəbəli yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın 2-ci giriş 4-cü mərtəbəsində, ümumi sahəsi 59,08 kv.m olan, 1 (bir) otaqlı, 8 saylı mənzilin pay dəyərindən 35448 (otuz beş min dörd yüz qırx səkkiz) AZN Cavabdeh tərəfindən ödənilmişdir. "xxxx" MTK və Cavabdeh arasında 21.04.2017-ci il tarixdə bağlanmış Mənzil Tikintisi haqqında müqavilənin surətindən görünür ki, "xxxx" MTK "xxxx" MTK-ya məxsus olan 2-ci blok, 4-cü mərtəbədə yerləşən 9 nömrəli 1 otaqlı mənzili Cavabdeh verməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumi sahəsi 61,24 kv.m-dir. Mənzilin 1 kv.m-nin qiyməti 600 (atlı yüz) AZN-dən ibarətdir. Mənzilin ümumi dəyəri 36744 (otuz altı min yeddi yüz qırx dörd) AZN-dir. "xxxx" MTK tərəfindən 21.04.2017-ci ildə verilmiş maliyyə arayışından görünür ki, Abşeron rayonu, Masazır-Novxanı şossesində yerləşən çoxmərtəbəli yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın 2-ci giriş 4-cü mərtəbəsində, ümumi sahəsi 61,24 kv.m olan, 1 (bir) otaqlı, 9 saylı mənzilin pay dəyərindən 36744 (otuz altı min yeddi yüz qırx dörd) AZN Cavabdeh tərəfindən ödənilmişdir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olur ki, İddiaçı və Cavabdeh 2018-ci il martın 5-də rəsmi nikaha girməklə evlənmiş və birgə nikahdan 17 dekabr 2018-ci il tarixdə Selin adlı bir nəfər uşaqları doğulmuşdur. Rəsmi nikahları bağlanandan cavabdehlə bir yerdə yaşamaqla birgə təsərrüfat aparmışlar. Sumqayıt Şəhər Məhkəməsinin 21 okatybr 2020-ci il tarixli, 2(060)-4629/2020 saylı qətnaməsi ilə tərəflər arasında mövcud olan nikah qeydi ləğv edilmişdir. Tərəflər birgə nikah dövründə ünvan 4 ünvanında yaşamışlar. Hazırki vəziyyətdə Cavabdeh, İddiaçı və azyaşlı uşağını həmin mənzildə yaşamağa imkan vermədiyindən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddia ərizəsini təmin etməkdən imtina etdikdə birinci instansiya məhkəməsi gəldiyi nəticənin əsası kimi göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 8 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında münasibətlər 2009-cu il oktyabrın 1-dən sonra yarandığından həmin münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin; (01 oktyabr 2009-cu il tarixdə qüvvəyə minmiş) 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Sadalanan maddi hüquq normalarının tələblərindən də göründüyü kimi ailə münasibətlərinə xitam verildikdə keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Birinci instansiya məhkəməsi iddia tələbinin mənzilə köçürülmə tələbinə dair hissəsini təmin etməkdən imtina etdikdə hesab etmişdir ki, tərəflər arasında ailə münasiblərinə xitam verildiyindən iddiaçının cavabdehə məxsus ünvan 1 ünvanında olan yaşayış yerinə istifadə hüququ tanınmamalıdır. İddiaçının ünvan 1 ünvanına istifadə hüququ saxlanılmadığından iddianın həmin mənzilə köçürülmə hissəsində də iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İşin araşdırılan hallarından və tədqiq edilmiş sübutlardan görünür ki, tərəflər nikah münasibətlərinə daxil olmamışdan əvvəl Abşeron-City2014” MTK ilə Cavabdeh arasında 21.04.2017-ci il tarixdə bağlanmış Mənzil Tikintisi haqqında müqavilələrinə əsasən Cavabdeh "xxxx" MTK "xxxx" MTK-ya məxsus olan 2-ci blok, 4-cü mərtəbədə yerləşən 8 nömrəli 1 otaqlı mənzilin və 2-ci giriş 4-cü mərtəbədə yerləşən 9 nömrəli 1 bir otaqlı mənzilin dəyərini tam ödəməklə həmin mənzillərə pay hüququnu əldə etmişdir və mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İddiaçı iddia tələbinin əsassızlığına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Buna görə də, onun apelyasiya şikayətinin dəlili formal mülahizələrdən ibarət olmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apelyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnanaməsinin dəyişdirilmədən saxlanılması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı verdiyi apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(012)-471/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar