Məhkəmə qərarları › İş №2(105)-2081/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2081/2021

23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2081/2021 23.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında Şamaxı Rayon Məhkəməsinin 17.11.2020-ci il tarixli, 2(074)-728/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Şamaxı Rayon Məhkəməsinin 17.11.2020-ci il tarixli, 2(074)-728/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Etibar Hümbətov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh 660 manat məbləğində borc pulun alınıb İddiaçı verilməsi qət edilmiş, Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, 28.07.2020-ci il tarixdə İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh 660 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, 2020-ci ilin fevralın 17-də ünvan 1 ünvanında yerləşən evini Cavabdeh kirayəyə vermişdir. Şifahi razılaşmalarına əsasən Cavabdeh evin kirayəsinə görə hər ay 180 manat pul ödəməli idi. Cavabdeh may ayının 18-nə kimi 3 ay müddətində onun evində qalmış, lakin heç bir ödəniş etməmişdir. Həmçinin cavabdehin evin kommunal xidmətlərinə 120 manat borcu qalmışdır. Cavabdeh hazırda onun evində kirayə qalmır. Dəfələrlə pulunu tələb etsə də, Cavabdeh pulu verməkdən imtina etmişdir. Cavabdeh ona 540 manat kirayə pulu və 120 manat kommunal xidmətlərinə görə pul borclu olması barədə iltizama qol çəkmiş, həmçinin Salyan rayon Polis şöbəsində verdiyi izahatında bunu bir daha təsdiq etmiş və 15 iyul 2020-ci il tarixdə borcu qaytaracağını qeyd etsə də, qaytarmamış, müxtəlif bəhanələrlə bundan imtina etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan ləğv edilməlidir. Belə ki, məhkəmə baxışında onun iştirakı qanuna müvafiq qaydada təmin edilməmişdir. Məhkəmənin 17.11.2020-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclası haqqında məlumatı olmamış və bu səbəbdən iclasda iştirak edə bilməmişdir. Lakin məhkəmə qəbul etdiyi qətnamədə onun ərizəyə baxılması ücün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməməsini qeyd etmişdir. Bununla da məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinin tələblərini pozmuş, qətnamə çəkişmə şəraitində qəbul edilməmişdir. Bu hal isə düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Onun iddiaçıya 660 manat borcu yoxdur. O, borcunun çox hissəsini iddiaçıya qaytarmışdır. Hazırda iddiaçıya 95 manat borcu qalmışdır. İşin faktiki hallarından da göründüyü kimi, işə birtərəfli qaydada baxılmış, məhkəmə işin faktiki hallarına tam və hüquqi qiymət verməyərək düzgün nəticəyə gəlməmişdir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan X4 İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 59 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Salyan şəhəri, Qalalı bina 2, 17 saylı mənzil mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan Cavabdeh iltizamının surətindən görünür ki, İddiaçı Salyan şəhəri, Qalalı bina 2, 17 saylı mənzilində 17 fevraldan 18 maya kimi hər ayı 180 manat olmaqla kirayədə qalmış, kirayə haqqı ödəməmiş, qaza görə 45 manat, suya görə 21 manat, işığa görə 28 manat borcu qalmışdır, iyun ayının 20-dək 540 manat kirayə haqqını və kommunal xidmət haqlarını ödəyəcəkdir. İş materiallarında olan Salyan rayon Polis şöbəsində 29 iyun 2020-ci il tarixdə izahatı alınmış Cavabdeh göstərmişdir ki, o, İddiaçı məxsus Salyan şəhəri, Qalalı bina 2, 17 saylı mənzildə kirayədə qalması ilə bağlı İddiaçı 660 manat borcu qalmışdır və həmin borcu 15.07.2020-ci il tarixə qədər qaytaracaqdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən müvafiq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinin mənasına görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib, hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Salyan şəhəri, Qalalı bina 2, 17 saylı mənzil mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. İddiaçı özünə məxsus həmin mənzili Cavabdeh kirayə vermiş, cavabdehin aylıq kirayə haqqı və kommunal xərclərlə birlikdə iddiaçıya 660 manat borcu yaranmışdır. Cavabdeh bu barədə olan iltizamında və Salyan rayon Polis şöbəsində verdiyi izahatında iddiaçıya 660 manat borcu olduğunu etiraf edib, borcu qaytarmağı vəd etsə də qaytarmamışdır. Cavabdeh apellyasiya şikayətində məhkəmə qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını qeyd etsə də, bunların nədə ifadə olunduğunu konkret göstərmədiyindən məhkəmə kollegiyası onun bu dəlili ilə razılaşmır. Belə ki, məhkəmə qətnaməsi prosessual hüquq normalarının pozulması ilə çıxarılmamışdır. Cavabdeh apellyasiya şikayətində məhkəmənin 17.11.2020-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclası haqqında məlumatı olmadığını və bu səbəbdən iclasda iştirak edə bilmədiyini qeyd etmişdir. Azərbaycan Respublikasının MPM-nin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 35.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. İşin 41-ci vərəqəsində olan elektron bildirişdən görünür ki, cavabdeh 17.11.2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehin iştirakı olmadan baxılmışdır. Cavabdeh apellyasiya şikayətində iddiaçıya 660 manat borcu olmadğını, borcunun çox hissəsini iddiaçıya qaytardığını və hazırda iddiaçıya 95 manat borcu qaldığını göstərmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh iddiaçıya 95 manat borcu qalmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, iddiaçının tələb etdiyi məbləğ iki min manatdan azdır. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinin tələbinə əsasən hazırki iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şamaxı Rayon Məhkəməsinin 17.11.2020-ci il tarixli, 2(074)-728/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar