Məhkəmə qərarları › İş №2(105)-2082/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2082/2023

07.12.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2082/2023 07.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(012)-2867/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsi, dalan 1-də yerləşən, ümumi sahəsi 62,2 kv.metr olan 25 A saylı fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd olunan ünvanda rəsmi qeydiyyatdadır və orada yaşayır. xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 62,2 kv.metr olan 25 A saylı fərdi yaşayış evini və həmin evin yerləşdiyi ümumi sahəsi 0,0149 ha olan torpaq sahəsini X1 almışdır. Bununla bağlı onların arasında Bakı şəhəri 53 saylı Notariat Ofisində AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən ona xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Lakin Cavabdeh ona məxsus fərdi yaşayış evindən çıxmır. Dəfələrlə cavabdehə irad tutsa da, fərdi yaşayış evindən çıxmasını tələb etsə də, nəticəsi olmur. Evdə olanda ona rahatlıq vermir. Musiqi səsini bilərəkdən qaldırır ki, yata bilməsin. Öz evində rahat yaşaya bilmir. Bu yaşında dolanmaq üçün təmizlik işləri ilə məşğul olur. İşdən sonra evə gələndə qapını üzünə açmırlar ki, mülkiyyətçisi olduğu mənzildən çıxsın və orada yaşamasın.. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, Cavabdeh onun mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsi, dalan 1-də yerləşən, ümumi sahəsi 62,2 kv.metr olan 25 A saylı fərdi yaşayış evindən çıxarılması və xx.xx.2023-cü il tarixdən başlayaraq, evdən çıxacağı günədək kirayə haqqının hesablanaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, Cavabdeh xx.xx.2010cu il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X8 ilə birlikdə İddiaçı məxsus ünvan 1 ünvanındakı 0,0149 ha olan torpaq sahəsindən və orada yerləşən ümumi sahəsi 62,2 kv.metr olan 25 A saylı fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Abşeron Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(012)-2867/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X8 ilə birlikdə xx.xx.2023-cü il tarixli reyestrdən çıxarışa əsasən İddiaçı məxsus ünvan 1 ünvanındakı 0,0149 ha torpaq sahəsindən və orada yerləşən ümumi sahəsi 62,2 kv.metr olan 25 A saylı fərdi yaşayış evindən çıxarılması, Cavabdeh 100 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı verilməsi qət edilmişdir (hakim Məlahət Abbasova). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(012)-2867/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 2009-cu ilin sentyabr ayında iddiaçının oğlu X10 ilə nikaha daxil olmuşlar. Həmin tarixdən etibarən X9 ilə iddiaçı qaynanası İddiaçı Cəlal qızı birlikdə yaşamışlar. İddia tələbində qeyd edilən mənzildə 2012-ci ildən o, əri İsgəndərov Rauf və qaynanası iddiaçı ilə birlikdə yaşayırlar. Fatimə və Raul iddiada qeyd edilən mənzildə anadan olmuşlar. Əfsuslar olsun ki, məhkəmə bu sadalanan faktları ümumiyyətlə nəzərə almamışdır. Halbuki, həyat yoldaşı Rauf İsgəndərovla birlikdə ancaq qeyd edilən mənzildə yaşamışlar. İddia ərizəsində qeyd edilən yalan məlumatlar məhkəmə üçün əsas olmuş və heç bir araşdırma aparmadan qətnamə qəbul etmişdir. Əfsuslar olsun ki, məhkəmə himayəsində olan azyaşlı övladlarını iddiaçının oğlunun övladları kimi görstərməmiş və həmin uşaqların tək ona aid olması kimi göstərmişdir. İddia ərizəsində yalandan məlumat verilmişdir ki, guya həmin mənzil 2023-cü il tarixdə alınmışdır. Qeyd etdiyi tarixdən həmin mənzil iddiaçıya məxusdur və bunu sübut edəcək müvafiq kommunal çekləri məhkəmə prosesi vaxtı məhkəməyə təqdim edəcəkdir. Maddənin tələbindən də göründüyü kimi iddiaçı ilə aralarında notarial qaydada təsdiq edilmiş razılaşma olmadığı təqdirdə məhkəmə fərdi yaşayış evinin boşaldılması ilə bağlı qətnamə qəbul edərkən himayəsində və iddiaçının nəvələri olan üç azyaşlı uşağın başqa yaşayış yeri olmamasını nəzərə almadan, eyni zamanda iddiaçı tərəfindən hər hansı kompensasiya təklif edilmədən onun və üç azyaşlı övladının küçəyə atılması barədə qətnamə qəbul etmişdir. İddiaçı nəvələrinin başqa yaşayış yeri olmadan bayıra atmasına baxmayaraq məhkəmə ədalətdən uzaq bir qərar qəbul etmişdir. APELLYASİYA ŞİKAYƏTİNƏ ETİRAZ İddiaçı apellyasiya şikayətinə dair etirazında bildirmişdir ki, Aşeron Rayon Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə qanuni və əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi işə baxarkən və iş üzrə qərar qəbul edərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etdiyindən, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün qanuni əsaslar olmadığından və apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından iş üzrə irinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, iddiaçının və onun vəkilinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş AN-İ ******* saylı, xx.xx.2023cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X3 mülkiyyətində olan ünvan 1 ünvanındakı 0,0149 ha olan torpaq sahəsində yerləşən, ümumi sahəsi 62,2 kv.metr olan 25 A saylı fərdi yaşayış evini 40000 manata İddiaçı satmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanındakı 0,0149 ha olan torpaq sahəsində yerləşən, ümumi sahəsi 62,2 kv.metr olan 25 A saylı fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)- 3569/2019 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, 22 adda əşyanın, olmadığı təqdirdə onların dəyərinin İddiaçı və X4 müştərək qaydada tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Sadalananlara əsasən, birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, mübahisəli ev xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən iddiaçı tərəfindən alınmış və onun adına xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Hazırda İddiaçı Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X8 ilə birlikdə İddiaçı məxsus ünvan 1 ünvanındakı 0,0149 ha olan torpaq sahəsindən və orada yerləşən ümumi sahəsi 62,2 kv.metr olan 25 A saylı fərdi yaşayış evindən çıxarılmalarını xahiş edir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu qətnaməsində onunla əsaslandırmışdır ki, mübahisəli yaşayış sahəsini xx.xx.2023-cü il tarixdə alqı-satqı yolu ilə əldə etmiş İddiaçı ilə Cavabdeh arasında hər hansı kirayə müqaviləsi bağlanmamış, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla onlar arasında hər hansı münasibət yaranmamışdır. Belə olan halda cavabdehin iddiaçının oğlu R.Ə.İskəndərovla qeyri-rəsmi nikahda olmasına istinad edərək mübahisəli evdə yaşaması mülkiyyətçi kimi İddiaçı hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Halbuki, mülkiyyət hüququ qanunla qorunur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bildirir ki, mübahisəli evdə hazrda cavabdehin öz uşaqları ilə birlikdə yaşaması iddiaçının mülkiyyət hüquqlarını pozur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyət hüququ Azərbaycan Respublikasında mülkiyyətçinin hüquqi baxımdan təsbit olunmuş geniş səlahiyyətləri (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək) olması ilə yanaşı, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı olmayan cavabdeh apellyasiya şikayəti verərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində yalandan məlumat vermişdir ki, guya həmin mənzil 2023-cü il tarixdə alınmışdır. Qeyd etdiyi tarixdən həmin mənzil iddiaçıya məxusdur və bunu sübut edəcək müvafiq kommunal çekləri məhkəmə prosesi vaxtı məhkəməyə təqdim edəcəkdir. Apellyasiya şikayətinin həmin dəlili ilə əlaqədar məhkəmə kollegiyasının iclasında iddiaçı bildirdi ki, hazırda mülkiyyətçisi olan evdə 2014-cü ildən yaşayır, cavabdeh isə mübahisə predmeti olan evdə 2016-cı ildən yaşayır. Həmin ev əvvəldən ona məxsus olmuş, lakin borcu olduğuna görə əmisi qızına satmış, əmisi qızı həmin evdə yaşamağına icazə vermiş, sonra pulu olduğundan həmin evi 2023-cü ildə yenidən almışdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, iş materiallarında olan AN-İ ******* saylı, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X3 mülkiyyətində olan ünvan 1 ünvanındakı 0,0149 ha olan torpaq sahəsində yerləşən, ümumi sahəsi 62,2 kv.metr olan 25 A saylı fərdi yaşayış evini 40000 manata İddiaçı satmışdır. Beləliklə müəyyən edilir ki, İddiaçı mübahisəli yaşayış sahəsini xx.xx.2023-cü il tarixdə alqı-satqı yolu ilə əldə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(012)-2867/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar