Məhkəmə qərarları › İş №2(105)-2086/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2086/2022

30.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2086/2022 30.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşa mülki iş üzrə (Açar sözlər: əqdin etibarsız hesab edilməsi və əmlakın qaytarılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Əmirxanlı Mehman Əmirxan oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 2(074)-531/2022 nömrəli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı MMC iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət edib, İddiaçı və Cavabdeh2 arasında bağlanmış 08 avqust 2020-ci il tarixli, 022-M saylı müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsi, İddiaçı və Cavabdeh1 arasında bağlanılmış 19 aprel 2021-ci il tarixli, 232 saylı müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, əmlakın iddiaçının sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh2 arasında Cəmiyyətin ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 7-ci mərtəbəsində, 3 otaqdan ibarət 232 nömrəli mənzilin tikintisi haqqında 08 avqust 2020-ci il tarixli, 022-M saylı müqavilə bağlanılmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icraçı (iddiaçı) (“FAM-88 MMC-nin direktoru Rafiq Tağıyevin şəxsində bir tərəfdən) Abşeron Rayon İH başçısının xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 7-ci mərtəbəsində, 3 otaqdan ibarət 232 nömrəli mənzil, pay kimi “Payçı”- ya verməyi öhdəsinə götürmüşdür. Həmçinin Cavabdeh2 adına guya onun həmin mənzilin dəyərinin, yəni 45000 manat ödənilməsi barədə 08 avqust 2020-ci il tarixli maliyyə arayışı verilsədə İddiaçı MMC-nin xeyrinə faktiki olaraq heç bir ödəniş edilməmişdir. Belə ki, X4 qohumu Cavabdeh2 adına 232 saylı mənzili rəsmiləşdirmiş və bunun müqabilində “FAM-88’’ MMC-yə torpaq sahəsi almaq və Cəmiyyətin xeyrinə sənədləşmə işlərinin görülməsinə köməklik etmək barədə öhdəlik götürmüş və buna görə də "xxxx" MMC həmin mənzilə dair müqavilə bağlamış və sonunda X4 isə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Mənzil üçün Cəmiyyətə heç bir ödəniş edilməmişdir. Daha sonra Cavabdeh2 xx.xx.2021-ci il tarixdə notarial qaydada etibarnamə və razılıq ərizəsi verərək ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 7-ci mərtəbəsində, 3 otaqdan ibarət 232 nömrəli mənzilin satılmasına və pay hüquqlarının digər şəxs X1 adına sənədləşdirlməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bu səbəbdən İddiaçı MMC ilə Cavabdeh1 arasında Cəmiyyətin ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 7-ci mərtəbəsində, 3 otaqdan ibarət 232 nömrəli mənzilin tikintisi haqqında 19 aprel 2021-ci il tarixli, 232 saylı müqavilə bağlanılmışdır. Müqavilə İddiaçı MMC ilə bağlansada sözügedən mənzilə dair İddiaçı MMC-yə heç bir ödəniş edilməmişdir.

3. Cavabdeh tərəfin iddia ərizəsinə qarşı yazılı etirazı daxil olmamışdır.

4. İş materiallarında olan 08 avqust 2020-ci il tarixli, 022-M saylı mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, İddiaçı MMC və Cavabdeh2 arasında müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı (“FAM-88 MMC-nin direktoru Rafiq Tağəyevin şəxsində bir tərəfdən) Abşeron Rayon İH başçısının xx.xx.2016cı il tarixli, 38 saylı sərəncamı ilə ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 7-ci mərtəbəsində, 3 otaqdan ibarət 232 nömrəli mənzil, pay kimi “Payçı”-ya verməyi öhdəsinə götürmüşdür. Mənzilin sahəsi 120,69 kv.m, mənzilin 1kv.m-nin dəyəri 373 manat, mənzilin ümümi dəyəri 45000 manat və payçı ilkin olaraq tam ödəniş etmişdir.

5. 08 avqust 2020-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 1 ünvanında İddiaçı MMC tərəfindən inşa edilən binanın 4-cü blok, 7-ci mərtəbəsində, ümümi sahəsi 120,69 kv.m olan 3 otaqlı, 232 saylı mənzilin pay dəyəri payçı Cavabdeh2 tərəfindən 45000 manat tam ödənilmişdir.

6. Cavabdeh2 İddiaçı MMC-nin direktoru X3 ünvanlanan ərizəsinin surətindən görünür ki, 08 avqust 2020-ci il ünvan 1 ünvanında yerləşən İddiaçı MMC-yə məxsus yeni yaşayış binasında olan 4-cü blok, 7-ci mərtəbə 232 saylı mənzilə payçı olmuş, 232 saylı, 4-cü blok, 120,69 kv.m olan mənzilə ödəniş kimi 45000 manat ödəniş etmiş, Şirkətdən borcunu tam olaraq geri almış. Şirkətin ona borcu qalmamışdır. O, isə müqavilənin və çeklərinin əslini şirkətə təhvil vermişdir. Gələcəkdə mənzil ilə bağlı şirkətdən heç bir iddiası ola bilməz.

7. 19 aprel 2021-ci il tarixli, 232 saylı mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı (“FAM-88 MMC-nin direktoru Rafiq Tağəyevin şəxsində bir tərəfdən) Abşeron Rayon İH başçısının xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 7-ci mərtəbəsində, 3 otaqdan ibarət 232 nömrəli mənzil, pay kimi “Payçı”-ya verməyi öhdəsinə götürmüşdür. Mənzilin sahəsi 120,69 kv.m, mənzilin 1kv.m-nin dəyəri 373 manat, mənzilin ümümi dəyəri 45000 manat və payçı ilkin olaraq tam ödəniş etmişdir.

8. 19 aprel 2021-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 1 ünvanında İddiaçı MMC tərəfindən inşa edilən binanın 4-cü blok, 7-ci mərtəbəsində, ümümi sahəsi 120,69 kv.m olan 3 otaqlı, 232 saylı mənzilin pay dəyəri payçı Cavabdeh1 tərəfindən 45000 manat tam ödənilmişdir.

9. 22 aprel 2021-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh1 İddiaçı MMC-yə qaz sayğacı üçün 500 manat, işıq sayğacı üçün 300 manat və su sayğacı üçün 300 manat olmaqla ümumilikdə 1100 manat pul ödəmişdir.

10. Tikintiyə görə icazə vəsiqəsinin surətindən görünür ki, 4-cü blok, 7-ci mərtəbə, 232 nömrəli 120,69 kv.m olan mənzilin təmirinə Cavabdeh1 icazə verilmişdir.

11. Birinci instansiya məhkəməsi iddia ərizəsinin təmin edilməsindən imtina etdikdə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı MMC və Cavabdeh2 arasında İddiaçı MMC tərəfindən ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 7-ci mərtəbəsində, 3 otaqdan ibarət 232 nömrəli mənzilin tikintisi barədə 08 avqust 2020-ci il tarixdə 022-M saylı müqavilə bağlanılmışdır. Daha sonra həmin mənzil İddiaçı MMC-yə təhvil verilmiş və İddiaçı MMC və Cavabdeh1 arasında İddiaçı MMC tərəfindən ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 7-ci mərtəbəsində, 3 otaqdan ibarət 232 nömrəli mənzilin tikintisi barədə 19 aprel 2021-ci il tarixdə 232 saylı müqavilə bağlanılmış və mənzilin dəyəri İddiaçı MMC-yə tam ödənilmişdir. İddiaçı tələbini mənzillə bağlı müqavilə bağlanılsa da, həmin mənzillə bağlı heç bir ödəniş edilməməsi ilə əsaslandırsa da iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş hər iki müqavilədən və maliyyə arayışlarından görünür ki, həmin mənzillin dəyəri İddiaçı MMC tam ödənilmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 6.1.5, 324.1, 389.1, 389.2, 390.1, 567, 646.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 2(074)-531/2022 nömrəli qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri:

14. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1, 337, 430.1, 430.2, 567, 598.1-ci maddələri, MPMnin 77.1, 88, 106.1, 217.1, 217.3-cü maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmiş və iddia ərizəsində göstərilən dəlillər təkrar olaraq qeyd edilmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

15. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi.

17. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdiriımədən saxlanmasını xahiş etdi.

18. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdiriımədən saxlanmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

19. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

20. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

21. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

22. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

23. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

24. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

25. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

28. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

29. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllə

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Apellyasiya baxışının hədləri

36. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

38. İşdən görünür ki, İddiaçı iddia tələbini mənzillərin tikintisi üçün pulun tam ödənilməməsi, müqavilələr və maliyyə arayışlarının başqa əqdi pərdələmək və görünüş üçün bağlanması ilə əsaslandıraraq göstərmişdir ki, X4 qohumu Cavabdeh2 adına 232 saylı mənzili rəsmiləşdirmiş və bunun müqabilində İddiaçınə torpaq sahəsi almaq və cəmiyyətin xeyrinə sənədləşmə işlərinin görülməsinə köməklik etmək barədə öhdəlik götürmüş və buna görə də İddiaçı sözügedən mənzilə dair müqavilə bağlamış, lakin X4 üzərinə götürdüyü öhdəliyi icra etməmişdir.

39. Azərbaycan Respublikası MM-nin 337.1 və 337.2-ci maddələrinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

40. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

41. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

42. Məhkəmə kollegiyası qeyd edir ki, 22-M saylı, 08 avqust 2020-ci il tarixli və 232 saylı, 19 aprel 2021-ci il tarixli mənzil tikintisi haqqında müqavilələrin hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmasına dair iş materiallarında heç bir sübut yoxdur.

43. Azərbaycan Respublikası MM-nin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022ci il tarixli Qərarında qeyd etmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: görüntüdə bağlanan əqd və ya pərdələyən əqd tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; gizli bağlanan əqd və ya pərdələnən əqd tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Pərdələnən müqavilədə tərəflərin həqiqi iradəsi ifadə olunduğundan, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir.

45. İş üzrə araşdırılmış sübutlarla İddiaçı və Cavabdeh2 arasında bağlanmış 08 avqust 2020-ci il tarixli, 022-M saylı müqavilə və İddiaçı və Cavabdeh1 arasında bağlanılmış 19 aprel 2021-ci il tarixli, 232 saylı müqavilənin başqa əqdi pərdələmək məqsədi ilə bağlanması öz təsdiqini tapmamışdır.

46. Həmçinin, X2 qohumu Cavabdeh2 tərəfindən İddiaçınə konkret olaraq hansı sənədləşmə işlərinin görülməsinə dair də məhkəməyə sübut təqdim edilməmişdir.

47. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, İddiaçı MMC və Cavabdeh2 arasında İddiaçı MMC tərəfindən ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 7-ci mərtəbəsində, 3 otaqdan ibarət 232 nömrəli mənzilin tikintisi barədə 08 avqust 2020-ci il tarixdə 022-M saylı müqavilə bağlanılmışdır. Daha sonra həmin mənzil İddiaçı MMC-yə təhvil verilmiş və İddiaçı MMC və Cavabdeh1 arasında İddiaçı MMC tərəfindən ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 7-ci mərtəbəsində, 3 otaqdan ibarət 232 nömrəli mənzilin tikintisi barədə 19 aprel 2021-ci il tarixdə 232 saylı müqavilə bağlanılmış və mənzilin dəyəri İddiaçı MMC-yə tam ödənilmişdir.

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla, formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

49. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz.

52. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 2(074)-531/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar