Məhkəmə qərarları › İş №2(105)-2091/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2091/2021

16.09.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2091/2021 16.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı1 iştirakı ilə açıq məhkəmə iclasında Şabran Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(031)-172/2021 saylı qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Şabran Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(031)-172/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Çingiz İsgəndərov) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh “Şəhriyar” kəndli fermer təsərrüfatına qarşı torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair 005051 saylı dövlət aktının etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, iddiaçılar qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia ilə məhkəməyə müraciət edərək Dəvəçi rayon X18 Rəyasət Heyətinin 30 aprel 1994-cü il tarixli, 04 nömrəli qərarı əsasında “Şəhriyar” kəndli fermer təsərrüfatının adına verilmiş “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” 005051 nömrəli dövlət aktının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışlar ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli, 06 saylı qərarı ilə X1 adına verilmiş JN-0761 KOD 30401004 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı”na əsasən 4,27 hektar torpaq sahəsi X2, X7, X3, X4, X10, İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 ailə üzvləri kimi birgə istifadəyə verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən X2 və ailə üzvlərinin adına JN 761 KOD 30401004 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı”na 22 iyun 2018-ci il tarixli, RX seriyalı, ******* saylı, **********04 reyestr nömrəli çıxarış verilmişdir. Artıq uzun illərdir ki, cavabdeh ümumi mülkiyyətlərində olan torpaq sahəsindən təkbaşına istifadə edir. Cavabdeh tərəfindən pozulmuş və pozulmaqda davam edən hüquqlarının bərpa olunması üçün Şabran Rayon Məhkəməsində cavabdehə və ailə üzvlərinə qarşı torpağa mülkiyyət hüququna dair JN-0761 KOD 30401004 olan dövlət aktına əsasən ümumi birgə mülkiyyətdə olan 4,27 ha torpaq sahəsinin bölünməsi və hər birinin payının 1/9 hissə olaraq ayrılması tələbi ilə iddia qaldırmışdılar. Şabran Rayon Məhkəməsinin 2(031)-591/2019 saylı iş üzrə 08.07.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilmişdir. Qətnamədən cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-244/2020 saylı iş üzrə 16 iyun 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək Şabran Rayon Məhkəməsinin 2(031)-591/2019 saylı iş üzrə 08.07.2019-cu il tarixli qətnaməsi ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilmişdir. Qeyd edilən qətnamədən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti ilə müraciət etsələr də, şikayətləri təmin edilməmişdir. Qeyd edilən məhkəmə mübahisəsinə apellyasiya mərhələsində baxılan zaman cavabdeh məhkəməyə B 005051 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı” təqdim edərək bildirmişdi ki, guya Dəvəçi rayon X18 Rəyasət Heyətinin 30 aprel 1994-cü il tarixli, 04 nömrəli qərarı ilə sahibi olduğu “Şəhriyar” kəndli fermer təsərrüfatına 10 hektar torpaq sahəsi verilmişdir və JN 761 KOD 30401004 nömrəli Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı ilə verilmiş torpaq sahəsi B 005051 nömrəli Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı ilə onlara verilmiş torpaq sahəsinin sərhədləri daxilində olduğundan həmin torpaq ona məxsusdur və birgə istifadə edilə bilməz. Apellyasiya və kassasiya instansiya məhkəmələri öz qərarlarında həmin xüsusatlara hüquqi qiymət verərək, Dəvəçi rayon X18 Rəyasət Heyətinin 30 aprel 1994-cü il tarixli, 04 nömrəli qərarı ilə “Şəhriyar” kəndli fermer təsərrüfatına 10 hektar torpaq sahəsinin ayrılması barədə B 005051 nömrəli Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktının mübahisələndirilmədiyini, bu səbəbdən də JN-0761 KOD 30401004 olan dövlət aktına əsasən ümumi birgə mülkiyyətdə olan 4,27 ha torpaq sahəsinin bölünməsi və hər birinin payı 1/9 hissə olaraq ayrılması tələbinin əsassız olduğunu qeyd etmişdir. Bu səbəbdən Dəvəçi rayon X18 Rəyasət Heyətinin 30 aprel 1994-cü il tarixli, 04 nömrəli qərarı ilə “Şəhriyar” kəndli fermer təsərrüfatına 10 hektar torpaq sahəsinin ayrılması barədə B 005051 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı”nın məhkəmə qaydasında etibarsız hesab edilməsi tələbi ilə cavabdehə qarşı məhkəmədə iddia qaldırmaq qərarına gəlmişlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin verdiyi 19.08.2020-ci il tarixli, **********46 nömrəli məktubunda qeyd olunur ki, Dəvəçi rayon X18 Rəyasət Heyətinin 30 aprel 1994-cü il tarixli, 04 nömrəli qərarı əsasında Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair 005051 nömrəli dövlət aktı haqqında heç bir məlumat aşkar edilməmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, qətnamə qanunsuz və əsassızdır. Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli, 06 saylı qərarı ilə X1 adına verilmiş JN-0761 KOD 30401004 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı”na əsasən 4,27 hektar torpaq sahəsi X2, X7, X3, X4, X10, İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 ailə üzvləri kimi birgə istifadəyə verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən X2 və ailə üzvlərinin adına JN 761 KOD 30401004 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı”na 22 iyun 2018-ci il tarixli, RX seriyalı, ******* saylı, **********04 reyestr nömrəli çıxarış verilmişdir. Uzun illərdir cavabdeh hüquqi şəxsin sahibi X6 onların ümumi mülkiyyətində olan torpaq sahəsindən təkbaşına istifadə edir. X6 tərəfindən pozulmuş və pozulmaqda davam edən hüquqlarının bərpa olunması üçün Şabran Rayon Məhkəməsində cavabdehə və ailə üzvlərinə qarşı torpağa mülkiyyət hüququna dair JN-0761 KOD 30401004 olan dövlət aktına əsasən ümumi birgə mülkiyyətdə olan 4,27 ha torpaq sahəsinin bölünməsi və hər birinin payının 1/9 hissə olaraq ayrılması tələbi ilə iddia qaldırmışdılar. Şabran Rayon Məhkəməsinin 2(031)-591/2019 saylı iş üzrə 08.07.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilmişdir. Qətnamədən cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 244/2020 saylı iş üzrə 16 iyun 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək Şabran Rayon Məhkəməsinin 2(031)-591/2019 saylı iş üzrə 08.07.2019-cu il tarixli qətnaməsi ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilmişdir. Qeyd edilən qətnamədən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti ilə müraciət etsələr də, şikayətləri təmin edilməmişdir. Qeyd edilən məhkəmə mübahisəsinə apellyasiya mərhələsində baxılan zaman cavabdeh məhkəməyə B 005051 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı” təqdim edərək bildirmişdi ki, guya Dəvəçi rayon X18 Rəyasət Heyətinin 30 aprel 1994-cü il tarixli, 04 nömrəli qərarı ilə sahibi olduğu “Şəhriyar” kəndli fermer təsərrüfatına 10 hektar torpaq sahəsi verilmişdir və JN 761 KOD 30401004 nömrəli Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı ilə verilmiş torpaq sahəsi B 005051 nömrəli Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı ilə onlara verilmiş torpaq sahəsinin sərhədləri daxilində olduğundan həmin torpaq ona məxsusdur və birgə istifadə edilə bilməz. Eyni torpaq sahəsinə aid iki hüquqmüəyyənedici sənəd olduğundan, məhkəmədə hazırki iddia tələbini qaldırmışdılar. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 19 yanvar 2020-ci il tarixli məktubundan görünür ki, 4.27 ha torpaq sahəsinə verilmiş JN-761, kodu 30401004 olan “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na dövlət reyestrindən X6 və ailə üzvlərinin adına 22 iyun 2018-ci il tarixli, RX ******* seriyalı, **********04 reyestr nömrəli çıxarış verilmişdir. Məktubda qeyd olunan Dəvəçi rayon XDS Rəyasət Heyətinin 30 aprel 1994-cü il tarixli, 04 nömrəli qərarı əsasında “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” 005051 nömrəli dövlət aktı haqqında heç bir məlumat aşkar edilməmişdir. Lakin işə baxan birinci instansiya məhkəməsi əmlak hüquqlarının qeydiyyatını aparan inzibati orqanın verdiyi məktubdakı məlumatı, cavabdehin məhkəməyə təqdim etdiyi Dəvəçi rayon XDS Rəyasət Heyətinin 30 aprel 1994-cü il tarixli, 04 nömrəli qərarı əsasında “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” 005051 nömrəli dövlət aktının qanuni olub-olmamasını araşdırmadan onların məhkəmədə iddialarının əsasını təşkil edən halı sübut edə bilmədiklərini göstərmişdir. İddiaçılar apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 məhkəmə iclasına gəlmədiklərindən, cavabdeh “Şəhriyar” kəndli fermer təsərrüfatı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, məhkəmə qətnaməsi ləğv edilməli və iş üzrə icraata işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığına görə xitam verilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçların apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməyərkən, hazırki halda işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmamasına əhəmiyyət verməmiş, həmin tələblə bağlı iş üzrə icraata xitam vermək əvəzinə, iddiaya mahiyyəti üzrə baxıb onu təmin etməməklə prosessual hüquq normalarını pozmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 19 avqust 2020-ci il tarixli məktubundan görünür ki, 4,27 ha torpaq sahəsinə verilmiş JN-761 kod 30401004 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na dövlət reyestrindən X6 və ailə üzvlərinin adına 22 iyun 2018-ci il tarixli, RX ******* seriyalı, **********04 reyestr nömrəli çıxarış verilmişdir. Dəvəçi rayon XDS RH-nin 30 aprel 1994-cü il tarixli, 04 nömrəli qərarı əsasında “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna” dair 005051 nömrəli dövlət aktı haqqında heç bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyun 2020-ci il tarixli, 2(105)-244/2020 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh X1 apellyasiya şikayəti təmin edilmiş, Şabran Rayon Məhkəməsinin 2(031)-591/2019 saylı, 08 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər X2, X8, X3, X4 və X11 qarşı torpağa mülkiyyət hüququna dair JN-0761, kod 30401004 olan dövlət aktına əsasən onların və cavabdehlərin ümumi birgə mülkiyyətində olan 4,27 hektar torpaq sahəsinin bölünməsi və hər birinin payının 1/9 hissə olaraq ayrılması barədə iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 oktyabr 2020-ci il tarixli, 2(102)-5103/2020 saylı qərarından görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-244/2020 nömrəli iş üzrə 16 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Dəvəçi rayon XDS Rəyasət Heyətinin 30 aprel 1994-cü il tarixli, 04 nömrəli qərarının surətindən görünür ki, X1 başçılığı altında “Şəhriyar” kəndli fermer təsərrüfatının yaradılmış, təsərrüfatın nizamnaməsi qeydə alınmış, “Şəhriyar” kəndli fermer təsərrüfatına istehsal-təsərrüfat fəaliyyətini təşkil etməsi üçün N.Nərimanov adına sovxozun ərazisindən 10,0 ha torpaq sahəsi kəndli təsərrüfatının mülkiyyətinə verilmişdir. İş materiallarından görünür ki, Dəvəçi rayon XDS Rəyasət Heyətinin 30 aprel 1994cü il tarixli, 04 nömrəli qərarı əsasında 10,0 ha torpaq sahəsinə dair “Şəhriyar” kəndli fermer təsərrüfatının adına B 005051 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” dövlət aktı verilmiş və akt torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktları kitabında 14 nömrə ilə qeydiyyatdan keçirilmişdir. İddia ərizəsindən, iş materiallarından görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Dəvəçi rayon X18 Rəyasət Heyətinin 30 aprel 1994-cü il tarixli, 04 nömrəli qərarı əsasında “Şəhriyar” Kəndli fermer təsərrüfatının adına verilmiş “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” 005051 nömrəli dövlət aktını mübahisələndirirlər. “İnzibati icraat haqqında” qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 2.2.2, 2.2.3 və 2.2.7-ci maddələrinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) və inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ bölməsinin 42.1-ci sırasında inzibati orqan kimi Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin şəhər (rayon) şöbələri (idarələri) göstərilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 fevral 2020-ci il tarixli Qərarı ilə “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına əlavə və dəyişikliklər edilmiş, bu Qərarın 17-ci bəndi yeni redaksiyada verilmişdir. Həmin bəndə əsasən reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. İşdən görünür ki, iddiaçıların etibarsızlığını tələb etdikləri “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” dövlət aktı Dəvəçi rayon XDS Rəyasət Heyətinin 30 aprel 1994-cü il tarixli, 04 nömrəli qərarı ilə verilmişdir. Lakin iddiaçılar Dəvəçi rayon XDS Rəyasət Heyətinin 30 aprel 1994-cü il tarixli, 04 nömrəli qərarını mübahisələndirməmişlər. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmə qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hazırki halda işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmamasına əhəmiyyət verməmiş, iş üzrə icraata xitam vermək əvəzinə, iddiaya mahiyyəti üzrə baxıb onu təmin etməməklə prosessual hüquq normalarını pozmuşdur. Bu da Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətdə göstərilən dəlillərə qiymət verib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 262.3-cü maddəsinə görə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Məhkəmə kollegiyası izah edir ki, iddiaçılar müvafiq inzibati məhkəməyə müraciət etmək hüququna malikdirlər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 365, 391, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şabran Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(031)-172/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh “Şəhriyar” kəndli fermer təsərrüfatına qarşı torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair 005051 saylı dövlət aktının etibarsız hesab edilməsi barədə iddia ərizəsinə dair işin icraatına işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığına görə xitam verilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qərardaddan kassasiya şikayəti verilməmişdirsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar