Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2101/2022 23.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: evə köçürülmə, evdən çıxarılma və maddi ziyan) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili X30, Cavabdeh1, nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(012)-639/2022 nömrəli qətnaməsindən tərəflərin verdiyi apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edib, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 uşaqları ilə birgə uzun müddət sahibliyində və istifadəsində olan ünvan 1ndə yerləşən nömrəsiz evdən çıxarılması, onun ailə üzvləri ilə birgə fərdi evə köçürülməsi, uzun müddət sahibliyində və istifadəsində olan torpaq sahəsindən cavabdehlərin çıxarılması, zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması, fərdi evdə olan əşyaların yararsız hala salındığı, qırıldığı üçün ona dəymiş 6000 manat ziyanın əvəzi, evdən kənarda qaldığı müddətdə kirayəyə çəkilmiş 3000 manat xərc, vəkil xidməti üçün ödənilmiş 201 manat pul olmaqla, cəmi 9201 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailəsi ilə birgə ona məxsus ünvan 1ndə yerləşən nömrəsiz evdə yaşamışdır. Həmin fərdi evin yerləşdiyi boş torpaq sahəsini əmisi Maraqlı şəxs2 dəyərini ödəməklə almışdır. Həmin torpaq sahəsinin onun adında olmasına dair vergi ödəyicisi kimi Hökməli bələdiyyəsinə ödənişlər etmişdir. Torpaq sahəsində öz vəsaiti ilə fərdi ev tikərək 2009-cu il tarixdən orada ailəsi və mərhum atası ilə birgə yaşamağa başlamışdır. Mübahisəli evin tikilməsində qayınatası usta kimi çalışmış və köməklik etmişdir. X3 06 dekabr 2020-ci il tarixdə vəfat etmiş, onun ölümündən sonra qardaşı Cavabdeh1 və qardaşının arvadı Əlizadə (Mirzəyeva) Gülnar Sahib qızı həmin evə gələrək mərhum atasının dəfn mərasimini yola vermək adı ilə orada müvəqqəti yaşamağa başlamışlar. Atası dəfn edildikdən bir müddət sonra qardaşı və onun arvadı evi tərk etmək istəməmiş, həmin evdə atasının yaşamasını bəhanə edərək bu evin ona vəsiyyət olunmasını bildirmiş, orada yaşamağa davam etmişlər. Bundan sonra aralarında mübahisə yaranmış, cavabdeh onu evdən qovmağa çalışmışdır. Cavabdeh evlə bağlı onun barəsində polis orqanlarına şikayət etmişdir. Abşeron Rayon İcra Hakimiyyəti başçısının Hökməli qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 3339 saylı, xx.xx.2021-ci il tarixli arayışına əsasən onun ailəsi ilə birlikdə Hökməli qəsəbəsi, Yeni yaşayış massivi küçəsində mübahisəli evdə yaşaması təsdiq olunur. Həmin fərdi evin bütün qaz və işıq sərfiyyatı onun adına müqavilə bağlamaqla rəsmiləşdirilmiş, qaz, işıq borcları ödənilmişdir. Abşeron Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında onun həmin evdə atası ilə uzun müddət yaşaması, cavabdehlərin isə ora gəlib atasının dəfnindən sonra məskunlaşaraq orada yaşaması öz təsdiqini tapmış, cavabdehlər atasının vəfatından sonra bu evə köçərək yaşamalarını özləri etiraf etmişlər. Hazırda o, cavabdehlərin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində evindən və orada olan əmlakından məhrum edilmiş, əşyaları yararsız hala salınmış, kirayədə qalmağa məcbur olmuşdur. Bu evdən başqa onun yaşamağa yeri yoxdur. Cavabdehlərin öz evləri olduğu halda onun evində yaşamaları qanunsuz və əsassız olmaqla, onun inşa etdiyi evdən və orada olan daşınar əmlakdan qanunsuz istifadə etməklə ona maddi ziyan vurmuşlar.
3. Cavabdeh tərəfin iddia ərizəsinə qarşı yazılı etirazı daxil olmamışdır.
4. İş materiallarında olan Abşeron rayonu, Hökməli bələdiyyəsi Yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamələrin surətlərindən görünür ki, YVÖK (yerli vergi ödəyicisinin kodu) 3107152HQOBA olan Hökməli qəsəbəsi üzrə vergi ödəyicisi Cavabdeh1dur.
5. Abşeron RİHB-nin Xırdalan şəhəri üzrə X1 və Maraqlı şəxs2 göndərdiyi xx.xx.2008-ci il tarixli, 101 saylı məktubdan görünür ki, əsaslı təmir edilməsi planlaşdırılan transformator binasında məskunlaşmış məcburi köçkünlər Ə.Ə.Şükürov və Maraqlı şəxs2 hər birinə Hökməli Bələdiyyəsi tərəfindən 300 kv.metr torpaq sahəsi ayrılmışdır.
6. Ölüm haqqında AZ-İİ 163998 saylı şəhadətnamənin surətindən görünür ki, X15 06 dekabr 2020-ci il tarixdə ölmüşdür.
7. Cəbrayıl rayon İHB-nin Dağ Tumas kənd İƏD üzrə Nümayəndəliyinin 13 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X6 ölən günə kimi ailə üzvlərinin tərkibi oğlu İddiaçı, gəlini R.H.Əlizadədən və nəvəsi F.İddiaçı ibarət olmuşdur.
8. Hökməli bələdiyyəsi Yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamələrin surətlərindən görünür ki, YVÖK (yerli vergi ödəyicisinin kodu) 31071xxxxxxx olan Hökməli qəsəbəsi üzrə vergi ödəyicisi İddiaçıdur.
9. Abşeron RİHB-nin Hökməli qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilən 3339 saylı, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Əlizadə X22 rayonu, Hökməli qəsəbəsində (yeni yaşayış massivi) qeydiyyatsız (arvadı və iki uşağı ilə birlikdə) yaşayır.
10. Abşeron RİHB-nin Hökməli qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilən 793 saylı xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Əlizadə X22 rayonu, Hökməli qəsəbəsində (Şamaxı 19-cu km) qeydiyyatsız (arvadı və iki uşağı ilə birlikdə) yaşayır.
11. AKX-03001xx-xx-2021 saylı, 25 may 2021-ci il tarixli müqavilənin surətindən görünür ki, Aşağı Güzdək qəsəbəsi Yeni məhəllə ünvanında abonent İddiaçı ilə “Azəriqaz” İB arasında müqavilə imzalanmışdır.
12. Elektrik enerjisinin alqı-satqısı barədə birtipli müqavilənin surətindən görünür ki, Aşağı Güzdək qəsəbəsi Yeni məhəllə ünvanında abonent İddiaçı ilə enerji təchizatçısı "xxxx" ASC arasında müqavilə imzalanmışdır.
13. Abşeron RİHB-nin Hökməli qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilən 3535 saylı, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Əlizadə X22 rayonu, Hökməli qəsəbəsində (yeni yaşayış massivi) 2009-cu ildən hazırki vaxtadək qeydiyyatsız yaşayır.
14. Bakı Texniki Kolleci tərəfindən verilən xx.xx.2022-ci il tarixli, 027 saylı arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qənbərov küçəsi 4, Maşınqayırma Kollecinin yataqxanasında müvəqqəti qeydiyyatda olsa da, hazırda orada yaşamır.
15. Abşeron RİHB-nin Hökməli qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilən xx.xx.2021-ci il tarixli, 36 saylı arayışdan görünür ki, Əlizadə X23 rayonu, Hökməli qəsəbəsində (yeni yaşayış massivi) qeydiyyatsız yaşayır. Atası S.Allahverdiyev ölən günə kimi onunla birlikdə yaşayıb, dəfn xərcini çəkmişdir.
16. QMKİD Komitəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı və ailə üzvlərinin (arvadı və övladları) faktiki yaşayış ünvanı Komitənin elektron bazasında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qənbərov küçəsi 4, Maşınqayırma Kollecinin yataqxanası kimi qeyd olunmuşdur.
17. QMKİD Komitəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 məcburi köçkün kimi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qənbərov küçəsi 4, Maşınqayırma Kollecinin yataqxanasında müvəqqəti qeydiyyatdadır.
18. Abşeron RİHB-nin Hökməli qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilən 15 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı 2009-cu ildən atası ilə birlikdə Hökməli qəsəbəsi Yeni yaşayış massivində özünə məxsus fərdi evdə yaşayıb və Nümayəndəliyin təsərrüfat kitabında qeydiyyatdadır. Araşdırma zamanı məlumat verildi ki, İddiaçı X3 vəfat etdikdən sonra qardaşı Cavabdeh1 və qardaşının həyat yoldaşı Cavabdeh2 ilə ev barədə münaqişələri olub və həmin evdən İddiaçı çıxarıblar.
19. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon Hökməli bələdiyyəsinin nümayəndəsi X18 izahatında bildirmişdir ki, qanunsuz tikililərin sənədləşdirilməsi üzrə sübutların toplanılması ilə bağlı bələdiyyə işçiləri mübahisəli tikilidə olmuşlar. Bu zaman orada İddiaçı olmuş və o, mübahisəli əmlakla bağlı bələdiyyəyə vergi ödəyicisi kimi uçota alınmışdır. Mübahisəli əmlak isə sənədsiz tikinti kimi qeydə alınmışdır. Qeyd edilən yoxlama müddətində mübahisəli evdə İddiaçı yaşamışdır. Mübahisəli tikili bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşir. Torpağa görə bələdiyyəyə vergini İddiaçı ödəyir. Cavabdeh1 isə torpağa görə vergini hazırki mübahisədən sonra ödəmişdir.
20. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 izahatında bildirmişdir ki, mübahisəli evdə Cavabdeh1 yaşamayıb. Orada yalnız İddiaçı ailə üzvləri və atası ilə yaşamışdır. Mübahisəli evin yerləşdiyi torpaq sahəsi onun adına olmuşdur. Sonradan bu sahəni o, qardaşı oğlu Vüsala vermişdir. Vüsal evdən atasının sağlığında atasının təkidi ilə çıxmışdı. Belə ki, qardaşı Sabir hepatit xəstəsi, Vüsalın arvadı isə hamilə olduğu üçün Sabir demişdir ki, sağlamlıq baxımından evdə tək qalsın. Vüsal bu evdə 2020-ci ilədək yaşamış, arvadı bu evə gəlin köçmüş və atasına da Vüsal qulluq etmişdir. Cehiz əmlakı da bu evdə idi. Yaşar isə atasına hərdən gəlib baş çəkirdi. Qardaşlar arasında mübahisə Sabir öləndən sonra onun baş daşının qoyulması üstündə olmuşdur.
21. Birinci instnsiya məhkəməsinin araşdırması zamanı şahid qismində dindirilmiş X24 ifadəsində bilirmişdir ki, o, Cavabdeh2 atasıdır. Gülnar Yaşarla evləndikdən sonra 1 il yarım kirayədə qalmış, sonradan onun evində yaşamışlar. Eldar demişdir ki, onlar ev inşa edəcəklər, lakin evi tikmədilər. O, öz vəsaiti ilə 2020-ci ilin aprel ayında Gülnarla Yaşar üçün ev tikməyə başlamışdır. Onlar 2020-ci ilin 4 may tarixində həmin evə köçdülər. Gülnarla Yaşar 2020-ci ilin 8 may tarixində mübahisəli evə getmişlər. Sabir Əlizadə xəstə idi. Sonra o öldü. Onun yas mərasimində Gülnar və üç qardaş iştirak etmişlər. Sabirin ölümündən 6 gün sonra qardaşlar arasında dava düşdü. Eldar dedi ki, Gülnar onları saymır, Yaşar polisə də şikayət etmişdir. Evi qayınata tikib, qızı və əri il yarım orada yaşayıblar, 2010-cu ildə isə həmin evi tərk ediblər. Həmin vaxt İddiaçı subay idi, o, 2014-2015-ci ildə evlənib. Vüsal 2015-ci ildən bu günə qədər Bakıxanov qəsəbəsində yaşayır. X40 üçün tikdirdiyi evə 6000 manat vəsait sərf olunub. Bunun 3000 manat hissəsi qızı Gülnarın puludur. Gülnarı evdən Vüsalla Eldar qovublar.
22. X10 ifadəsində bildirmişdir ki, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi 4000-5000 manat müqabilində əldə edilmişdir. Sabir Əlizadə ölən günədək mübahisəli evdə yaşamış, ona Vüsal və ailəsi baxmışdır. Lakin ölənə yaxın Yaşargil evə gəldilər və Vüsalgil oradan çıxdılar. Bu evin tikilməsində Cavabdeh1 heç bir fəaliyyəti olmamışdır.
23. X5 ifadəsində bildirmişdir ki, 2015-ci ildən Eldar və Vüsalla dostluq etmişdir. 2017-ci ilin yazında evin pəncərəsini dəyişmişdir. O zaman evdə Vüsal və ailəsi, həmçinin atası Sabir yaşayırdı.
24. X4 ifadəsində bildirmişdir ki, mübahisəli torpaq sahəsi qaynı Orucun istifadəsində olmuşdur. Torpaq sahəsi ona Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilmişdir. İddiaçı torpaq sahəsini Orucdan 5000 manat müqabilində almışdır. Oradakı tikilini isə özü tikmişdir. O vaxt usta işləyirdi. 15 günə daş hörgü işlərini görmüş, pulunu isə Vüsal vermişdir. Sabirin ölümündən 3 gün öncə Vüsal qardaşı Yaşara dedi ki, gəlib atasına qulluq etsin. Mübahisəli ev 2008-ci ildə tikilmişdir.
25. X7 ifadəsində bildirmişdir ki, o, taxta-qapı ustasıdır. 2008-ci ildən Vüsalı tanıyır. Ailəvi gediş-gəlişləri olmuşdur. Sabir Allahverdiyevi bir neçə dəfə həkimə aparmışdır. Atasına Vüsal və ailəsi baxır, xərclərini Vüsal çəkirdi.
26. X2 ifadəsində bildirmişdir ki, 9 ildir ki, həmin ərazidə yaşayır. Sabir Əlizadə mübahisəli evdə tək yaşamışdır. O öləndən sonra isə burada Yaşar və ailəsi yaşayırlar.
27. X8 ifadəsində bildirmişdir ki, 2017-ci ildən həmin ərazidə yaşayır. X38 avtobus sürücüsü idi. Evin hasarı 2021-ci ilin yayında inşa edilmişdir. Sabir Əlizadə mübahisəli evdə tək yaşamışdır.
28. X11 ifadəsində bildirmişdir ki, hər iki tərəfin qardaşıdır. Mərhum atasına Vüsal və ailəsi baxıb. Yaşar üçün 2019-cu ildə öz həyətində 2 otaqlı ev tikmişdir, çünki o, qayınatasıgildə qalırdı. Atasının yas mərasimindən sonra Yaşar və ailəsi evdən çıxmaq istəmirdilər. Cavabdehlər polisə müraciət edib, onun və Vüsalın barəsində şikayət etdilər. Elə o vaxtdan da Vüsal bu evi məcbur qalaraq tərk etmişdir.
29. X12 ifadəsində bildirmişdir ki, 2017-ci ildə böyük qardaş Eldar mübahisəli evdən çıxmışdır. İddiaçı ailə qurmuş və burada yaşamışdır. 2014-cü ildən orada qonşudurlar. Yaşar isə atası öləndən sonra orada yaşayıb. Vüsalı evdən o qovub. Bu zaman Vüsalın arvadının cehizlərini çölə tökmüşdülər.
30. İşin faktiki halları ilə müəyyən olur ki, hazırkı mübahisə predmeti olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən torpaq sahəsi və onun üzərində yerləşən yaşayış evinin hüquqmüəyyənedici sənədi yoxdur. Bu, işin mübahisəsiz halıdır.
31. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh1 qardaşdırlar. Onlar və mərhum ataları Cəbrayıl rayonundan məcburi köçkün kimi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qənbərov küçəsi 4, Maşınqayırma Kollecinin yataqxanasında məskunlaşmışlar. Hökməli Bələdiyyəsi tərəfindən onların əmisinə məskunlaşdığı yerin dəyişdirilməsi məqsədilə 300 kv.metr torpaq sahəsi ayrılmış, tərəflərin atası Sabir Allahverdiyev isə orada mübahisə predmetini təşkil edən tikilini inşa etdirmişdir. İş materialları ilə müəyyən edilir ki, Sabir Allahverdiyev ölənə kimi (06 dekabr 2020-ci il) burada yaşamış, onun ölümündən sonra mübahisəli tikili üstündə tərəflər arasında münaqişə yaranmışdır. Hazırda İddiaçı mübahisəli evin onun vəsaiti ilə tikildiyini iddia edib, ailə üzvləri ilə oraya köçürülməsini və qardaşının və onun ailə üzvlərinin isə oradan çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh1 isə bildirir ki, iddiaçının bu evə heç bir aidiyyəti yoxdur, çünki o, 2015- ci ildən burada yox, başqa ünvanda yaşayır.
32. Birinci instansiya məhkəməsi mübahisə ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarı»na istinad edərək hesab etmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşayaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcudluğu əmlak sahibinin hüquqlarının mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
33. Bu baxımdan məhkəmə qeyd etmişdir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. O, mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır.
34. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi İddiaçı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən mübahisəli evə köçürülməsi hissəsində əsaslı hesab edilərək təmin olunmalıdır.
35. Eyni zamanda birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi cavabdehlərin ailə üzvləri ilə birlikdə həmin mübahisəli yaşayış evindən çıxarılması hissəsində əsassız olduğundan təmin edilməməlidir.
36. Belə ki, mübahisəli evin hüquqmüəyyənedici sənədləri mövcud olmasa da, həmin ev faktiki olaraq mövcuddur, hazırda yaşayış sahəsi kimi istifadə olunur və həmin evdən yaşayış sahəsi kimi istifadə etmək baxımından iddiaçı ilə cavabdehlərdən hər hansı birinin üstünlük hüququ olmamaqla cavabdehlərin də normal şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır.
37. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
38. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir (Mülki Məcəllənin 27.1, 27.3-cü maddələri).
39. Əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (Mülki Məcəllənin 158.1.2, 158.2, 158.4-cü maddələri).
40. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, nə qədər ki torpaq sahəsi və ev Sabir Allahverdiyevin vəsaiti hesabına əldə edilib, iddiaçı və cavabdeh bir neçə ildən artıqdır ki, həmin evdən ailə üzvü kimi istifadə edərək yararlanıblar, onların həmin tikiliyə münasibətdə iqtisadi maraqları formalaşmışdır. Məhkəmə hesab edir ki, hazırda cavabdeh daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış həmin tikilidən (iqtisadi dəyərdən) istifadə etdiyi halda, bərabərlik prinsipinə uyğun iddiaçı da oradan istifadə edə bilər.
41. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar (Mənzil Məcəlləsinin 68.1, 68.2-ci maddələri).
42. Abşeron Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(012)-639/2022 nömrəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə, evdən çıxarılma və maddi ziyan tələbinə dair iddiası qismən təmin edilib, İddiaçı ünvan 1ndə yerləşən qanunsuz tikiliyə köçürülməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
43. Birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi nəticəsinə gələrkən hesab etmişdir ki, İddiaçı və Cavabdeh1 qardaşdırlar. Onlar və mərhum ataları Cəbrayıl rayonundan məcburi köçkün kimi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qənbərov küçəsi 4, Maşınqayırma Kollecinin yataqxanasında məskunlaşmışlar. Hökməli bələdiyyəsindən tərəflərin əmisinə məskunlaşdığı yerin dəyişdirilməsi məqsədilə 300 kv.metr torpaq sahəsi ayrılmış, tərəflərin atası Sabir Allahverdiyev isə orada mübahisə predmetini təşkil edən tikilini inşa etdirmişdir. Sabir Allahverdiyev 06 dekabr 2020-ci il tarixdən ölənə kimi burada yaşamış, onun ölümündən sonra mübahisəli tikili üstündə tərəflər arasında mübahisə yaranmışdır. Mübahisə predmeti olan yaşayış evi hər hansı şəxsin adına qeydə alınmadığından, tərəflərin bu evin tikintisində iştirakı istisna edilmədiyindən onların hər ikisinin bu evlə bağlı hüquqları bərabər hesab edilərək iddia tələbi evə köçürülmə hissəsində qanuni və əsaslı olduğu üçün təmin edilməli və iddia qalan hissədə əsassız olduğu üçün rədd edilməlidir.
44. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1, 27.3, 152.5, 152.6, 158.1.2, 158.2, 158.4, 180-ci maddələri, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 - 30.4, 68.1, 68.2-ci maddələri və Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinin tələbləri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
45. İddiaçı apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(012)-639/2022 nömrəli qətnaməsinin qismən ləğv edilib, iddia tələbinin cavabdehlərin yaşayış evindən çıxarılması hissəsində təmin edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri:
46. Birinci instansiya məhkəməsində işə baxılan zaman məhkəməyə kifayət qədər sübut təqdim etməsinə baxmayaraq məhkəmə həmin sübutları tədqiq etsə də onları düzgün qiymətləndirməmişdir ki, bu da cavabdehlərin evdən çıxarılması tələbinin təmin olunmaması ilə nəticələnmişdir. Halbuki, məhkəməyə ünvanladığı iddia ərizəsində və məhkəmədə işə baxılan zaman verdiyi izahatında göstərmişdir ki, ünvan 1 ünvanında olan fərdi ein yerəşdiyi boş torpaq sahəsini əmisi Maraqlı şəxs2 dəyərini ödəməklə eldə etmiş və orada fərdi ev tikərək 2009-cu il tarixdən həmin evdə ailəsi və mərhum X3 birgə yaşamışdır. İşin bu halları iş materiallarında olan həm şahid ifadəri, həm də digər yazılı sübutlarla tam təsdiq olunur. Atası xx.xx.2020-ci il tarixdə vəfat etdikdən sonra cavabdeh olan qardaşı Cavabdeh1 həyat yoldaşı Cavabdeh2 ilə həmin evə gələrək mərhum atasının dəfn mərasimini yola vermək adı ilə orada müvəqqəti yaşamağa başlamışdır. İşin bu halları Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda öz təsdiqini tapmışdır. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, cavabdehlərin sahibliyində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən ev vardır. Həmin ev onun böyük qardaşı Eldar tərəfindən ailənin ümumi vəsaiti hesabına tikilərək cavabdehlərin sahibliyinə verilmiş və lakin hakim tərəfindən onun bu barədə təqdim etdiyi sübutlar ümumiyyətlə nəzərə alınmamışdır. Məhkəmə təqdim edilmiş sübutları qiymətləndirərək evə köçürmə ilə bağlı hissədə iddia tələbini təmin etməklə həmin hissədə mübahisəni düzgün həll etsə də, evdən çıxarılma ilə bağlı hissədə iddia tələbini tamamilə əassız rədd etmişdir.
47. Cavabdeh1 apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(012)-639/2022 nömrəli qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri:
48. İddiaçı tələbində göstərmişdir ki, o və ailə üzvləri mərhum ataları ilə birgə 2009-cu ildən orada yaşamışlar, onlar tərəfindən iddiaçının məhkəməni aldatdığı və 2013cü ildə ailə qurması ilə bağlı fotoşəkilin məhkəməyə təqdim edilməsinə baxmayaraq hakim tərəfindən nəzərə alınmamışdır. Bundan əlavə, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, qaz və işıq təchizatına görə müqavilələr onunla bağlanmış və onun tərəfindən borclar ödənilmişdir. Halbuki iddiaçı mərhum atalarının ölüm haqqında şəhadətnaməsinin əslinin itirilməsi ilə bağlı dövlət orqanına yalan məlumat verərək dublikatını əldə etmiş və sonra qaz və işıq təchizatına görə müqavilələri öz adına rəsmiləşdirmişdir. Onlar tərəfindən qaz, su və işıq təchizatına görə ödənişlər məhkəməyə təqdim edilmiş, iddiaçı tərəfindən isə ödənişlərin onun tərəfindən edilməsini sübut edəcək hər hansı bir qəbz məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə Abşeron Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında iddiaçının özü tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qənbərov 4 ünvanında yerləşən yataqxanada yaşamasını etiraf etməsi də nəzərə alınmamışdır. Bundan əlavə Məhkəmənin xx.xx.2022-ci il tarixdə keçirilmiş iclası zamanı mübahisə predmeti olan sənədsiz evə baxış keçirmək və digər qonşulardan ifadələrin yerində alınması və işin obyektiv həll edilməsi məqsədi ilə məhkəmə prosesi xx.xx.2022-ci il tarixə təxirə salmışdır. xx.xx.2022-ci il tarixdə Abşeron Rayon Polis İdarəsinin 2 (iki) nəfər əməkdaşının, hakim və tərəflərin iştirakı ilə sənədsiz evə baxış keçirilmiş, iddiaçı, əmisi və yaxın qonşusu olan X34 hakim tərəfindən məsələ ilə bağlı dindirilmişdir. Şahid qismində dindirilmiş, X34 hakimin ona verdiyi sualları cavablandırarkən “mübahisə predmeti olan sənədsiz evdə mərhum qardaşı X6 2015-ci il tarixdən tək yaşadığını, iddiaçı və ailəsinin orada yaşamadığını, Cavabdeh1 mərhum qardaşı X9 mütəmadi baş çəkdiyini xəstələndikdən sonra isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 köçərək qardaşı ilə birgə yaşamağa başladığını və Cavabdeh2 ona baxaraq, tibbi köməklik göstərdiyini” bildirmişdir. Lakin qeyd edilənlər məhkəmə tərəfindən protokollaşdırılmalı olduğu halda nədənsə protokola salınmamışdır. İddiaçı tərəfindən iş üzrə məhkəməyə şahid qismində dəvət edilmiş şahidlərin çoxu iddiaçının qohumları və dostları onun tərəfindən dəvət edilmiş şahidlər isə əsasən qonşulardan ibarət olmuşdur. Məhkəmə prosesində şahid kimi iştirak etmiş qonşular tərəfindən doğru-düzgün fikirlər səslənildiyi üçün, iddiaçı və onun qohumları tərəfindən şahidlərin evlərinə basqın edilərək onlara bir daha şahidlik etməmələri bildirilmiş və birdə bu hal təkrarlanarasa onların axrının pis olacağı barədə hədələr edilmişdir. Onlar tərəfindən şahidlərə edilmiş təzyiqə görə hüquq-mühafizə orqanlarına şikayət edilmiş və həmin orqan tərəfindən verilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əlavə edilmiş izahatlar da məhkəmə tərəfindən nəzərə alınmamışdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
49. Apellyasiya şikayətləri ilə bağlı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
50. İddiaçı, nümayəndəsi və vəkili X30 apellyasiya şikayətini müdafiə edib, qarşı tərəfin verdiyi apellyasiya şikayətinə etiraz etdilər.
51. Cavabdeh1, nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edib, qarşı tərəfin verdiyi apellyasiya şikayətinə etiraz etdilər.
52. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir.
53. Məhkəmə kollegiyası qeyd olunan cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
54. Maddə 43.1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
55. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
56. Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.
57. Maddə 14.1 Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
58. Maddə 14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir.
59. Maddə 27.3. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir.
60. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.
61. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
62. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
63. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır.
64. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
65. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
66. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Mülki Prosessual Məcəllə
67. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
68. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
69. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
70. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
71. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
72. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır.
Apellyasiya baxışının hədləri
73. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
74. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
75. Belə ki, mübahisə predmeti olan ünvan 1ndə yerləşən torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla, üzərində inşa edilmiş yaşayış evi mülkiyyət hüququ əsasında qeydiyyata alınmasa da, hazırda cavabdehlərin sahibliyində və istifadəsindədir. Həmin yaşayış evi tərəflərin mərhum ataları tərəfindən Cəbrayıl rayonundan məcburi köçkün kimi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qənbərov küçəsi 4, Maşınqayırma Kollecinin yataqxanasında məskunlaşmış, Hökməli bələdiyyəsi tərəfindən onların əmisinə məskunlaşdığı yerin dəyişdirilməsi məqsədilə 300 kv.metr ayrılmış torpaq sahəsində inşa edilmişdir. Onların mərhum ataları Sabir Allahverdiyev 06 dekabr 2020-ci il tarixə kimi həmin mübahisəli evdə yaşamış, onun ölümündən sonra mübahisəli tikilidə cavabdehlər yaşamaqdadırlar.
76. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və cavabdeh və onun ailə üzvləri tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdeh, mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq İddiaçı da həmin şərtlər daxilində bu evdə yaşamaq hüqququ vardır. İddiçı evə köçürülməklə, orada yaşayan şəxslərin yaşamış olduğu şərtlər daxilindən yaşamaq imkanına malikdir.
77. Mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir (Mülki Məcəllənin 6.1.1-ci maddəsi).
78. Mülki qanunvericiliyə müvafiq olaraq mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da həmin əmlaka sahiblik edən şəxslərə də mənsubdur, bununla da tərəflər həmin əmlaka münasibətdə “qanuni gözləntiyə” malik şəxslər kimi qeyd olunan əmlakın sahibi hesab olunurlar. Belə olan halda, iddiaçı sözügedən yaşayış evinə hüquq və vəzifələrə malikdir.
79. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir.
80. Yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış evinə köçürülməsi barədə iddialara baxılarkən, araşdırılmalı məsələlərdən biri istifadə hüququnun tanınması və ya köçürülməsi tələb olunan yerin statusu məsələsidir. Bu baxımdan nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin məqsədləri nöqteyi-nəzərindən mənzil hüququnun obyekti yaşayış sahələridir və yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir.
81. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
82. “Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.
83. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və cavabdeh güc tətbiq etməklə onu yaşadığı evdən məhrum edib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır.
84. Göründüyü kimi, birinci instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir.
85. Birinci instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
86. Apellyasiya şikayətlərinin dəlillərinə birinci instansiya məhkəməsi tərəfindən tam qiymət verilib.
87. Bu baxımdan, birinci instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi barədə şikayətin dəlilləri əsassızdır.
88. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya şikayətləri təmin olunmamalı və birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
89. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(012)-639/2022 nömrəli qətnaməsi İddiaçı və Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.