Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2103/2021 23.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rızalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X5, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi X6, vəkili və nümayəndəsi X20 iştirakları ilə açıq məhkəmə iclasında, Quba Rayon Məhkəməsinin 30.03.2021-ci il tarixli, 2(027)-621/2021 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin 30.03.2021-ci il tarixli, 2(027)-621/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Vüqar Seyidov) İddiaçı Cavabdeh qarşı əmlakın evdən çıxarılaraq evin boşaldılması barədə ilk iddiası təmin edilmiş, Cavabdeh məxsus şifoner, servant, termo, taxt, tumba, divan, stol və 6 ədəd stul, televirzor, televizor altlığı, paltar yuyan, duxovka, yorğan və döşək, qablar, 1 ədəd böyük və 1 ədəd kiçik xalçadan ibarət əmlakların İddiaçı məxsus Quba rayonu, Paşaoba kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması, Cavabdeh İddiaçı qarşı yaşayış evində və həmin evin yerləşdiyi torpaq sahəsində yaşayış hüququnun tanınması tələbinə dair qarşılıqlı iddiasının təmin olunmaması qət edilmiş, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus şifoner, servant, termo, taxt, tumba, divan, stol və 6 ədəd stul, televirzor, televizor altlığı, paltar yuyan, duxovka, yorğan və döşək, qablar, 1 ədəd böyük və 1 ədəd kiçik xalçadan ibarət əmlakların ona məxsus Quba rayonu, Paşaoba kəndində yerləşən yaşayış evindən çıxarılaraq evin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh oğlu Zəka Məmmədovla 03.06.2018-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuş, birgə nikahlarından 17.08.2019-cu il tarixdə İlknur adlı qızları anadan olmuşdur. Cavabdehlə oğlunun ailə münasibətləri pozulduğundan Quba Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2(027)-1284/2020 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdeh bir ildən artıqdır valideynlərinin evində yaşadığı halda, gəlin gələrkən özü ilə gətirdiyi cehiz əmlakları hələ də ona məxsus yaşayış evindədir. Onun yaşayış evi 3 otaqdan ibarətdir, həmin evdə həyat yoldaşı, iki oğlu və qızı ilə yaşayır. Həmin yaşayış evi darısqal olduğundan cavabdehə məxsus əmlaklar evdə sıxlıq yaradır və o, öz mülkiyyətindən sərbəst istifadə edə bilmir. Cavabdeh qəsdən əmlakını ona məxsus yaşayış evindən çıxarmayaraq onun mülkiyyət hüquqlarını pozur. O, evini təmir etdirə bilmir, cavabdehin əmlakları buna maneçilik yaradır. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək İddiaçı məxsus Quba rayonu, Paşa-oba kəndində yerləşən evdə və həmin evin yerləşdiyi torpaq sahəsində azyaşlı X21 ilə birgə onun yaşamaq hüququnun tanınması, İddiaçı məxsus Quba rayonu, Paşa-oba kəndində yerləşən evdən və həmin evin yerləşdiyi torpaq sahəsindən azyaşlı X21 ilə onun istifadə hüquqlarına maneələrin İddiaçı qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, 15.04.2018-ci ildə iddiaçının oğlu X30 ilə ailə həyatı quraraq iddiaçıya məxsus evə gəlin köçmüşdür. Birgə nikahlarından 17.08.2019-cu il tarixdə İlknur adlı uşaqları anadan olmuşdur. X19 anadan qüsurlu doğulmuşdur. Zəka Məmmədov valideynlərinin təkidi ilə onu xəstəxanada köməksiz vəziyyətdə qoyub getmiş, xəstə uşaqdan onlara övlad olmayacağını bildirmiş, uşağı xəstəxanada qoyub evə qayıtmağını tələb etmişdir. Buna görə də məcbur olub nikahın pozulması, uşağın himayəsində saxlanılması və aliment tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdi. Quba Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2(027)-1284/2020 saylı qətnaməsinə əsasən X30 ilə aralarında bağlanmış nikah pozulmuş, yetkinlik yaşına çatmayan uşaq onun yanında saxlanılmış və X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Məmmədov Zəka Oktay oğlundan hər ay 130 manat sabit pul məbləğində aliment və 17.08.2019-cu il təvəllüdlü X10 3 yaşına qədər hər ay 50 manat məbləğində aliment X15 tutularaq ona verilməsi qət edilmişdir. X9 Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli, 2(027)- 1284/2020 saylı qətnaməsini alimentin tutulması hissəsində icra etməmiş, bununla da onu uşağı ilə əlverişsiz sosial şəraitə düçar etmişdir. İş materiallardan göründüyü kimi, cavabdehə məxsus evdən onların istifadə hüququ 2000-ci ildən sonra yarandığından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən hazırki mübahisə 01 oktyabr 2009-cu ildən sonra qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinə uyğun həll həll olunmalıdır. X21 cavabdeh İddiaçı oğlu Zəka Məmmədovun qızıdır və uşağın yaşayış yeri babası İddiaçı məxsus Quba rayonu Paşa-oba kəndində yeləşən evdir. İlknur Məmmədovanın ümumi vəziyyəti kafidir, qüsurla əlaqədar zondla qidalanır, uşaq sahə həkimi və nevroloqun nəzarətinə verilmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Qətnamə maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, habelə iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi ilə çıxarıldığından, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə qanuni və əsaslı hesab edilməməlidir. Belə ki, ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı oğlu X30 ilə aralarında nikahın pozulması İddiaçıla ailə üzvlüyünə, yaxın qohumluq münasibətinə, tərəflərin hüquq və vəzifələrinə xitam vermir. Eləcə də işə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin K.Y.Fərəcov adına X1 30.09.2019-cu il tarixli, 5331 nömrəli epikrizindən göründüyü kimi, X30 ilə birgə nikahlarından anadan olmuş X10 ümumi vəziyyəti kafidir, qüsurla əlaqədar zondla qidalanır, uşaq sahə həkimi və nervoloqun nəzarətinə verilmişdir. O, qızı İlknur ilə valideynlərinə məxsus evdə yaşayır, valideynlərinə məxsus həmin ev çox darısqaldır. Orada valideynləri, qardaşının ailəsi, uşaqları, digər qardaşı, cəmi 9 nəfər yaşayır. Belə bir şəraitdə kiçik qardaşı ailə həyati qura bilmir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı imkanları isə genişdir, həm Quba rayonunun Paşa-oba kəndində, həm Bakı şəhərində, həm də Rusiya Federasiyasında evləri vardır. X35 Məmmədovun oğlu Zəka Məmmədovun qızı olmaqla, İddiaçı doğma nəvəsidir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin bir sıra müddəalarına məhəl qoymamışdır. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndələri X17 və X32 apellyasiya şikayətində göstərilənlərə uyğun izahatlar verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X11 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Quba rayon İcra Hakimiyyəti başçısının Vəlvələ kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 125 saylı, 02 fevral 2021-ci il tarixli arayışından görünür ki, İddiaçı ərazi dairəsinin Paşaoba kənd sakini olmaqla həmin kənddə yaşayır. İş materiallarında olan Quba rayon İcra Hakimiyyəti başçısının Vəlvələ kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 146 saylı, 03 fevral 2021-ci il tarixli arayışından görünür ki, İddiaçı ərazi dairəsinin Paşaoba kənd sakini olmaqla, həmin kənddə hesabında 1992-ci ildə tikilmiş 1 mərtəbəli fərdi yaşayış evi vardır. İş materiallarında olan Quba rayon İcra Hakimiyyəti başçısının Vəlvələ kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 259 saylı, 19 mart 2021-ci il tarixli arayışından görünür ki, X3 rayonu Paşaoba kənd sakini olub, həmin kənddə yaşayır və ailə tərkibi arvadı X22, oğlu X36 oğlu, oğlu Əhmədov Cavid Yadigar oğlu, qızı Cavabdeh, gəlini X24, nəvəsi X27 və nəvəsi X12 ibarətdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 20.10.2020-ci il tarixli, 2(027)- 1284/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh X25 qarşı nikahın pozulması və alment tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh ilə X31 arasında 11.05.2018ci il tarixdə Quba regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən həmin tarixli 0159 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması, nikahın pozulmasından sonra tərəflərin birgə nikahından doğulmuş 17.08.2019-cu il təvəllüdlü X21 adlı uşağın anası Cavabdeh himayəsində saxlanması, 17.08.2019-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanması üçün 28.06.2020-ci il tarixdən başlayaraq hər ay uşağa görə 130 manat sabit pul məbləğində alimentin və 3 yaşına çatana qədər hər ay 50 manat məbləğində alimentin X16 tutularaq Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-072F saylı, kodu 30310038 olan şəhadətnamənin surətindən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 29 mart 1997-ci il tarixli,03 saylı qərarı ilə İddiaçı, X5, X18, X8 və Məmmədova Aytac Oqtay qızının mülkiyyətlərinə 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşin mübahisə edilməyən hallarından görünür ki, ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh X30 ilə 11.05.2018-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuş, İddiaçı yaşadığı Quba rayonu, Paşaoba kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və cehiz əmlaklarını həmin evə aparmışdır. Cavabdeh bir ildən artıq müddətdir həmin evdən çıxaraq valideynlərinə məxsus evdə yaşayır, lakin gəlin gələrkən özü ilə gətirdiyi iddia ərizəsində göstərilən cehiz əmlaklarını iddiaçının yaşadığı evdə qalmışdır. Cavabdeh ilə X30 arasında olan nikah Quba Rayon Məhkəməsinin 20.10.2020-ci il tarixli, 2(027)-1284/2020 saylı qətnaməsinə əsasən pozulmuşdur. Həmçinin o da mübahisə edilmir ki, Quba rayonu, Paşaoba kəndindəki fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ailə üzvləri ilə birlikdə İddiaçı mülkiyyətindədir. Birinci instansiya məhkəməsi mübahisəyə Azərbaycan Respublikası MM-nin 11, 152, 157, 240-cı, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsini tətbiq edərək ilk iddianı təmin, qarşılıqlı iddianı rədd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin faktiki hallarına uyğundur. Belə ki, Azərbaycan Respublikası MM-nin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilməlidir (qanunun analogiyası). Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və uçura bilər, öz sahəsinda başqa şəxsin tikinti aparmasına icazə verə bilər. Həmin Məcəllənin 240.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. “Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında belə bir hüquqi mövqe ifadə edilmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. “F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2004-cü il tarixli qərarında göstərilir ki, hüququn dövlət qeydiyyatına alınmasına qədər şəxs ona verilən əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Bu isə daşınmaz əşyanın əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məxsus cehiz əşyalarının ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı yaşadığı evdə qalmasının qanuni və hüquqi əsası yoxdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin və Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabırın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Həmin Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər kateqoriyasına daxil olmadığından, mübahisəli evdən istifadə hüququna malik deyildir. Məhkəmə kollegiyası sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayətində göstədiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Quba Rayon Məhkəməsinin 30.03.2021-ci il tarixli, 2(027)-621/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2103/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2103/2021
23.09.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver