Məhkəmə qərarları › İş №2(105)-2109/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2109/2021

05.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2109/2021 05.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçının nümayəndəsi: X3 iştirakı ilə, İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddia tələbinin qismən təmin edilməsi, Abşeron rayonu, Saray qəsəbəsi, M.C.Paşayev küçəsi, 0.04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 100 kv.metr olan 25 saylı fərdi yaşayış evindən Cavabdeh1 Firudin oğlu və Abşeron rayonu, Hökməli qəsəbəsində olan 0,0922 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 177.1 kv.metr olan fərdi yaşayış evindən Cavabdeh2 çıxarılması və həmin evlərin boşaldılması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat məbləğindəki hissəsinin Cavabdeh1 Firudin oğlu və Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 Firudin oğlu və Cavabdeh2 qarşı yaşayış sahəsinin boşaldılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı ASCnin xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, M.C.Paşayev küçəsi, 0.04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 100 kv.metr olan 25 saylı fərdi yaşayış evindən Cavabdeh1 və digər şəxslərə məxsus əşyaların və Abşeron rayonu, Hökməli qəsəbəsində olan 0,0922 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 177.1 kv.metr olan fərdi yaşayış evindən Cavabdeh1 və digər şəxslərə məxsus əşyaların çıxarılaraq evlərin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 17 noyabr 2017-ci il tarixli, 2(105)-1890/2017 saylı qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2016-cı il tarixli, 2(012)- 6391/2016 saylı qətnaməsi ipoteka predmeti olan daşınmaz əmlakların qiymətinin müəyyən olunması hissəsində dəyişdirilməsinə, Cavabdeh1 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, M.C.Paşayev küçəsi, 0,04 ha torpaq sahəsində yerləşən 25 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 53000 manat müəyyən olunması, Cavabdeh1 məxsus Abşeron rayonu. Hökməli qəsəbəsində olan 0,0922 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 90000 manat müəyyən olunması; Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2016-cı il tarixli, 2(012)-6391/2016 saylı qətnaməsi Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 30.06.2015-ci il tarixli, 00/12930/OBK saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçının xeyrinə 68000 ABŞ dolları əsas, 15556,59 ABŞ dolları məbləğində hesablanmış faiz, cəmi 83556,59 ABŞ dolları məbləğində pulun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Abşeron rayonu. Saray qəsəbəsi, M.C.Paşayev küçəsi, 25 saylı fərdi yaşayış evinə və 0,04 ha torpaq sahəsinə, habelə Cavabdeh1 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində olan 0,0922 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların qiymətləndirilərək açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin artıq qalan hissəsinin cavabdehlərə qaytarılması, 31 manat dövlət rüsumunun Cavabdeh1 bankın xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılması; iş üzrə keçirilmiş qiymətləndirmənin xidmət haqqı olaraq 250 manat məbləğində pulun Cavabdeh1 tutularaq “xxxx” MMC-nin “xxxx” ASC-nin Dostluq filialındakı hesab nömrəsinə köçürülməsi, cavabdehin apellyasiya şikayəti verilməsi üçün ödədiyi dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, “X2” MMC tərəfindən 26 oktyabr 2018-ci il tarixdə keçirilən hərracın nəticəsinə əsasən Cavabdeh1 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, M.C.Paşayev küçəsi, 0.04 ha torpaq sahəsində yerləşən 25 saylı fərdi yaşayış evi və Cavabdeh1 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində olan 0,0922 ha torpaq sahəsində yerləşən fərdi yaşayış sahəsi İddiaçı ASC tərəfindən əldə edilmişdir. Həmin əmlaklar İddiaçı ASC-nin xüsusi mülkiyyətində olsa da, cavabdehlər Cavabdeh1 və Cavabdeh1 məxsus əşyalar həmin əmlaklarda qalmaqla bankın mülkiyyətindən maneəsiz istifadə və sahiblik hüquqlarını məhdudlaşdırır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Məhkəmə işə onların iştirakı olmadan baxmışdır. Birinci instansiya məhkəməsinin istinad etdiyi Sumqayıt Apellyasiya Məhkəməsinin 30 may 2018-ci il tarixli 2(105)-1890/2017 saylı qətnaməsinin icraatı zamanı məhkəmə iclaslarında iştirakı təmin edilmədiyindən göstərilən xüsusatları məhkəmədə bildirmək imkanından məhrum edilmişlər. Abşeron Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli 2(012)-196/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələblərinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. İddiaçının nümayəndəsi R.R.Həsənov apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, mübahisəli mənzillərin iddiaçının mülkiyyətində olmasına və cavabdehlər həmin mənzilləri könüllü boşalmaqdan imtina edilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 və Cavabdeh1 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2016-cı il tarixli, 2(012)-6391/2016 saylı qətnaməsindən müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh1 Firudin oğlu arasında bağlanmış 30.06.2015ci il tarixli, 00/12930/OBK saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 Firudin oğlu ilə bağlanmış 30.06.2015-ci il tarixli, 00/12930/OBK saylı kredit müqaviləsinə əsasən hesablanmış 68000 ABŞ dolları əsas, 15556.59 ABŞ dolları faiz, cəmi 83556,59 ABŞ dolları məbləğində borcun qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq və ödənilmiş 31 manat məhkəmə xərclərinin əvəzinin Cavabdeh1 Firudin oğlundan iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka predmetləri olan Cavabdeh1 Firudin oğluna tam mülkiyyət hüququ ilə məxsus Abşeron rayonu. Saray qəsəbəsi, M.C.Paşayev küçəsində istifadədə olan 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 100 kv.metr yaşayış sahəsi olan 25 saylı fərdi yaşayış evinə və Cavabdeh2 tam mülkiyyət hüququ ilə məxsus olan Abşeron rayonu, Hökməli qəsəbəsində 0,0922 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 177,1 kv.metr (117,4 kv.metr yaşayış sahəsi, 59,7 kv.metr yardımçı sahəsi) olan 6 otaqlı fərdi yaşayış sahəsinə yönəldilməsi, - həmin evlərin qiymətləndirilərək açıq hərracdan satılması, onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 Firudin oğlunun İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, "İddiaçı” ASC-yə ödənilməli olan kredit borcu və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetlərinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdehlər Cavabdeh1 Firudin oğluna və Cavabdeh2 qaytarılması qət edilmişdir. İşə olan Sumqayıt Apellyasya Məhkəməsinin 17 noyabr 2017ci il tarixli, 2(105)- 1890/2017 saylı qətnaməsindən müəyyən edilir ki, apelyasiya şikayətinin qismən təmin edilərək Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2016-cı il tarixli, 2(012)6391/2016 saylı qətnaməsi ipoteka predmeti olan daşınmaz əmlakların qiymətinin müəyyən olunması hissəsində dəyişdirilməsinə, Cavabdeh1 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, M.C.Paşayev küçəsi, 0,04 ha torpaq sahəsində yerləşən 25 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 53000 manat müəyyən olunması, Cavabdeh2 məxsus Abşeron rayonu. Hökməli qəsəbəsində olan 0,0922 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 90000 manat müəyyən olunması, Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2016-cı il tarixli, 2(012)6391/2016 saylı qətnaməsi Cavabdeh1 Firudin oğlu ilə İddiaçı ASC arasında bağlanmış 30.06.2015-ci il tarixli, 00/12930/OBK saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə Cavabdeh1 Firudin oğlundan iddiaçının xeyrinə 68000 ABŞ dolları əsas, 15556,59 ABŞ dolları məbləğində hesablanmış faiz, cəmi 83556,59 ABŞ dolları məbləğində pulun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh1 Firudin oğluna məxsus Abşeron rayonu. Saray qəsəbəsi, M.C.Paşayev küçəsi, 25 saylı fərdi yaşayış evinə və 0,04 ha torpaq sahəsinə, habelə Cavabdeh2 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində olan 0,0922 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların qiymətləndirilərək açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin artıq qalan hissəsinin cavabdehlərə qaytarılması, 31 manat dövlət rüsumunun Cavabdeh1 Firudin oğlundan bankın xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş qiymətləndirmənin xidmət haqqı olaraq 250 manat məbləğində pulun Cavabdeh1 Firudin oğlundan tutularaq “xxxx” MMC-nin “xxxx” ASC-nin Dostluq filialındakı hesab nömrəsinə köçürülməsi, cavabdehin apellyasiya şikayəti verilməsi üçün ödədiyi dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. İşə əlavə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 may 2018-ci il tarixli, 2(102)-3207/2018 saylı qərarından müəyyən edilir ki, Sumqayıt Apellyasya Məhkəməsinin 17 noyabr 2017-ci il tarixli, 2(105)-1890/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan “X2” MMC-nin hərracın yekunları barədə 146/2 nömrəli 26 oktyabr 2018-ci il tarixli protokoldan müəyyən edilir ki, Cavabdeh1 Firudin oğluna məxsus olmuş Abşeron rayonu, Saray qəsəbəsi, M.C.Paşayev küçəsi, 0.04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 100 kv.metr olan 25 saylı fərdi yaşayış evi hərraca çıxarılmış və evin qiyməti 33787 manat müəyyən edilmişdir. Eləcə də Cavabdeh2 məxsus olmuş Abşeron rayonu, Hökməli qəsəbəsində olan 0,0922 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 177.1 kv.metr olan fərdi yaşayış evi hərraca çıxarılmış və evin qiyməti 90000 manat müəyyən edilmişdir. İş materiallarında olan “X2” MMC ilə İddiaçı ASC arasında bağlanmış 26 oktyabr 2018-ci il tarixli hərracın yekunları üzrə mənzilin alqı-satqısı müqaviləsindən müəyyən edilir ki, Cavabdeh1 Firudin oğluna məxsus olmuş Abşeron rayonu, Saray qəsəbəsi, M.C.Paşayev küçəsi, 0.04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 100 kv.metr olan 25 saylı fərdi yaşayış evi 33787 manata İddiaçı ASC tərəfindən alınmışdır. Eləcə də, Cavabdeh2 məxsus olmuş Abşeron rayonu, Hökməli qəsəbəsində olan 0,0922 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 177.1 kv.metr olan fərdi yaşayış evi 57375 manata İddiaçı ASC tərəfindən alınmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 19.04.2019-cu tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu, Saray qəsəbəsi, M.C.Paşayev küçəsi, 0.04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 100 kv.metr olan 25 saylı fərdi yaşayış evi İddiaçı ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 16 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-ti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 19.04.2019-cu tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu, Hökməli qəsəbəsində olan 0,0922 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 177.1 kv.metr olan fərdi yaşayış evi İddiaçı ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 122 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan müəyyən edilmişdir ki, Abşeron rayonu. Saray qəsəbəsi, M.C.Paşayev küçəsi, 25 saylı fərdi yaşayış evində hər hansı şəxsin qeydiyyatda olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 165-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Məcəllənin 205.2-ci maddəsinə əsasən tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış sahəsindən çıxarılması və yaxud yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi məhkəmənin qərarı əsasında həyata keçirilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsində göstərilmişdir ki, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə kollegiyası cavabdehlərin Sumqayıt Apellyasiya Məhkəməsinin 30 may 2018-ci il tarixli 2(105)-1890/2017 saylı qətnaməsinin icraatı zamanı məhkəmə iclaslarında iştirakı təmin edilmədiyindən göstərilən xüsusatları məhkəmədə bildirmək imkanından məhrum edilməsi barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, həmin qətnamə hazırda qanuni qüvvəsini almışdır və mübahisə olunan evlər iddiaçının mülkiyyətindədir. İddia tələbinin “digər şəxslərə məxsus əşyaların evlərdən çıxarılması” hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, digər şəxslərin dairəsi müəyyən olunmadığından, iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdehlər Cavabdeh1 Firudin oğlu və Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 16 mart 2021-ci i il tarixli 2(012)-196/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar