Məhkəmə qərarları › İş №2(105)-2109/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2109/2023

01.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2109/2023 01.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X1 (məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-4933/2023 nömrəli qərardadından iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları MÜƏYYƏNETDİ İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2000 (iki min) manat mələğində dəbbə pulu, 150 (yüz əlli) manat məbləğində hüquqi yardım xərçı və 40 (qırx) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-4933/2023 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır (hakim Sevinc Quliyeva). İddiaçı "xxxx" MMC qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəflər arasında olan mübahisənin əmək münasibətləri ilə bağlı olmasına istinad edərək onunla məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prossesini keçməli olmağı ilə bağlı Azərbaycan Respublikası MPM-nin və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərini pozduğunu əsas gətirərək iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarmışdır. Fərdi əmək mübahisələrinin predmeti Azərbaycan Respublikası ƏM-nin 288-ci maddəsində dəqiq olaraq göstərilmişdir. Hazırkı halda iddianın predmeti, yəni onun tələbi qeyd edilən maddədə göstərilmiş hər hansı bir əmək mübahisəsi deyil. Eyni zamanda iddianın əsası kimi Azərbaycan Respublikası ƏM-nin hər hansı digər maddəsinə və ya əmək müqaviləsinə istinad edərək cavabdehdən hər hansı bir əşyanın alınmasını və ya hərəkətin edilməsini tələb etmir. Beləliklə də iddianın predmeti əmək mübahisəsi və əsası əmək qanunvericiliyi və ya əmək müqaviləsi deyil. Onun tələbi cavabdehin öhdəliyini icra etməməsi ilə əlaqədar olaraq dəbbə pulunun cavabdehdən alınmasıdır. Azərbaycan Respublikası ƏM-də isə dəbbə pulu ilə bağlı hər hansı bir müddəa yoxdur və ola da bilməz. Çünki dəbbə pulu mülki hüquq münasibətləri üzrə tərəflərin götürdüyü öhdəliklərin icrasının təmin edilməsi üsullarında biri olmaqla Azərbaycan Respublikası MM-nin 24-cü fəslinin 2-ci paraqrafı ilə tənzimlənir. Həmçinin onun tələbi cavabdehin əmək müqaviləsi üzrə öhdəliklərini icra edib-etməməsi ilə bağlı deyil. Beləliklə göründüyü kimi hazırkı halda iddianın predmeti cavabdehdən dəbbə pulunun alınmasıdır ki, bu da mülki hüquq münasibətidir. İddianın əsası isə tərəflər arasında bağlanmış müqavilədir. Həmçinin məhkəmənin diqqətinə çatdırır ki, hazırkı iddia ərizəsi artıq bir dəfə Abşeron rayon məhkəməsinin icraatında olmuş və məhkəmə yalnız dövlət rüsumunun əksik ödənilməsi əsası ilə iddia ərizəsi və əlavə edilmiş sənədləri geri qaytarmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)-4922/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)- 4933/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası əvvəla onu qeyd edir ki, hazırkı mübahisə tərəflər arasında bağlanmış əmək müqaviləsindən irəli gələn mübahisədir. Belə ki, iş materiallarına əlavə olunan 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin 1.1-ci bəndindən görünür ki, hazırki müqaviləyə əsasən şirkət ona məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı xüsusi peşə biliklərinə yiyələnməsi üçün təlim alana müvafiq nəzəri və təcrübi dərslərin keçirilməsini təşkil etməyi, təlim alanı yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndindən görünür ki, təlim alan şirkət tərəfindən təmin edilən müvafiq nəzəri və təcrübi dərslərdə iştirak etməyi, təlimə başladığı andan şirkətlə əmək müqaviləsi bağlayaraq şirkətin avtoservisində işləməyi, şirkətlə olan əmək müqaviləsinə xitam verməməyi, başqa avtoservisdə və digər müəssisələrdə işləməməyi öhdəsinə götürür. İddiaçı şikayətinin dəlillərində tələbinin cavabdehin öhdəliyi icra etməməsi ilə bağlı dəbbə pulunun alınması ilə bağlı olduğunu qeyd etsə də, tərəflər arasında bağlanmış 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin 1.1-ci bəndindən görünür ki, onlar arasında həm də əmək müqaviləsi mövcud olmuşdur. Eyni zamanda iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı tərəfindən tələb edildiyi dəbbə pulunun tutulmasına əsas kimi işçinin müqavilədə şərtləndirilmiş müddətdən əvvəl əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam verilməsi olmuşdur. Beləliklə, kollegiya hesab edir ki, hazırkı mübahisə işəgötürən işçi arasında yaranmış əmək münasibətləri ilə birbaşa bağlıdır. Başqa cür desək, iddiaçının tələbi məhz tərəflər arasında əmək münasibətlərindən irəli gələn tələbdir. Belə olan halda birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. Həmin Məcəllənin 149.2, 149.2.4-1-cü maddəsinə əsasən ərizədə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 152.1, 152.1.1 maddəsinə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun 3.1, 3.1.3-cü maddələrinə əsasən əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir. İş materiallarından aydın olur ki, iddiaçı mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələbinə əməl etməmiş, birinci instansiya məhkəməsi haqlı olaraq iddia ərizəsini geri qaytarmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı dəlilini əsaslandıra bilməmişdir. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia ərizəsi və ona əlavə olunan sənədləri geri qaytarmışdır. Azərbaycan Respublikası MPM-nin 398.0, 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263-264, 395-396, 398 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-4933/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar