Məhkəmə qərarları › İş №2(105)-2111/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2111/2020

02.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2111/2020 02.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X4 və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, Maraqlı tərəfin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi Qüdrət oğlunun doğum tarixinin xx xxxxxx 1954-cü il yazılmasına dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(067)-1723/2019 saylı qətnaməsindən maraqlı tərəf Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Maraqlı şəxs2 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(067)-1723/2019 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, Ərizəçi Qüdrət oğlunun xx.xx.1954-cü ildə Xudat şəhərində anadan olması faktı müəyyən edilmiş, qətnamənin doğum haqqında qeyd kitabında Ərizəçi Qüdrət oğlunun təvəllüdünün xx.xx.1954-cü il kimi qeydə alınması üçün əsas olması qət olunmuşdur. (hakim İ.Xəlilov) Qətnamədən maraqlı tərəf-Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Maraqlı şəxs2 apelyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(067)-1723/2019 saylı qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Ərizəçi Qüdrət oğlu məhkəməyə ərizə ilə müraciət edərək, onun təvəllüdünün xx.xx.1954-cü il yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, 1966-cı ilə qədər onun soyadı X1 yazılmışdır. Lakin sonradan, yəni 1966-cı ildə mərhum bibisi Əzizgül Məmmədəli qızı atasının pensiyasının onlara verilməsi üçün soyadını və təvəllüdünü dəyişdirərək Ərizəçi Qüdrət oğlu kimi yazmaqla, təvəllüdünü 1954-cü il əvəzinə 1956-cı il yazdırmışdır. Onun bu haqda o vaxt heç bir anlayışı olmadığından bu günə kimi həmin soyadla qeydiyyat orqanlarında qeydiyyatdadır. Dəfələrlə doğum haqqında şəhadətnamənin tapılması üçün müxtəlif instansiyalara müraciət etsə də, doğum haqqında şəhadətnaməni tapmaq mümkün olmamışdır. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə maraqlı tərəf Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Maraqlı şəxs2 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Xaçmaz Rayon Məhkəməsinin qeyd edilən qətnaməsinə əsasən Ərizəçi Qüdrət oğlunun təvəllüdü dəyişdirilərək xx.xx.1954-cü il tarixə düzəliş edilmişdir. Ərizəçi yaşa görə əmək pensiyasının təyin olunması üçün xx.xx.2020-ci il tarixində sənədlərini Quba “Asan Xidməti”nə təqdim etmiş, sənədlər xx.xx.2020-ci il tarixdə şöbəyə daxil olmuş və vətəndaşın sənədləri və əmək pensiyası hüququ araşdırılmışdır. Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli, 543-VQD nömrəli Qanunu ilə “Əmək pensiyaları haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən Qanunun 7-ci maddəsinə görə azı 25 il sığorta stajı olan və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi kişilər müəyyən olunmuş 63 yaş həddi hər il 6 ay artırılmaqla yaşa görə əmək pensiyası almaq hüququna malik olurlar. Vətəndaşın sığorta stajı araşdırılarkən onun 01,04.1993-cü il tarixə kimi 14 il 09 ay 29 gün, xx.xx.2006-cı il tarixdən sonra isə 01 il 07 ay sığorta stajı olmaqla cəmi 16 il 04 ay 29 gün sığorta stajı olması, fərdi hesabında qeydə alınmış pensiya kapitalı isə minimum pensiya hüququna imkan vermədiyi müəyyən edilir. Ərizəçi yeni dəyişikliyə əsasən yaşa görə əmək pensiyası ala bilməyəcəyini bildiyi üçün təvəllüdünün dəyişdirilməsi barədə Xaçmaz Rayon Məhəkəməsinə ərizə ilə rüraciət edib. Qaldırılan iddia ilə əlaqədar DSMF-nin Xaçmaz rayon şöbəsi maraqlı tərəf olmasına baxmayaraq vətəndaş tərəfindən iddia ərizəsində qeyd olunmadığı üçün məhkəməyə dəvət olunmamışdır. Məhkəmə araşdırılması zamanı Ərizəçi təvəllüdünün xx.xx.1954-cü tarix olması barədə heç bir əsaslı sənəd təqdim olunmamışdır. Şahidlər öz ifadələrində bildiriblər ki, məktəbdə şagird və müəllimlər dərs zamanı Ərizəçi təvəllüdünün xx.xx.1954-cü il olmasını deyiblər. Faktiki isə dərs zamanı müəllimlər şagirdlərin təvəllüdü barədə heç bir məlumat vermirlər. Həmin illərdə məktəbə şagirdlərin 7 yaşdan qəbul edilməsi barədə məlumat isə ərizəçinin təvəllüdünün dəyişdirilməsi üçün əsas ola bilməz, çünki təcrübədə daha erkən yaşda məktəbə qəbul olunması faktları mövcuddur. Bunu şahidlərdən biri olan X3 xx.xx.1955-ci il təvəllüdlü olması və məktəbə 7 yaşdan əvvəl getməsi sübut edir. Ərizəçi məhkəməyə verdiyi izahatında bildirir ki, 1966-cı il tarixə kimi soyadı Şükürov olmuş, 1966-cı ildə atasının pensiyasının ona verilməsi üçün soyadı dəyişdirilmiş və təvəllüdü 1956-cı il kimi qeyd edilmişdir. Eyni zamanda, Xaçmaz rayon Qeydiyyat şöbəsinin arxivində Ərizəçi Qüdrət oğlunun təvəllüdü barədə məlumat olmaması qeyd edilmişdir. Vətəndaşın soyadının hansı səbəbdən dəyişdirilməsi barədə məlumat araşdırılmamışdır, lakin təvəllüdü haqqında məlumatın olubolmaması barədə rayon Qeydiyyat şöbəsinə sorğu edilmişdir. Qeydiyyat şöbəsinin 128-05/76 saylı, 21,04.2020-ci il tarixli məktubunda Ərizəçi Qüdrət oğlu barəsində xx.xx.1956-cı il tarixdə tərtib olunmuş 313 nömrəli doğum haqqında qeyddə doğum tarixinin xx.xx.1956-cı il kimi qeyd edilməsi göstərilmişdir. Göründüyü kimi, vətəndaşın təvəllüdü ərizədə qeyd edildiyi kimi 1966-cı il tarixində deyil, 1956-cı ildə dəyişdirilmişdir. Nəticədə müəyyən olunmuşdur ki, Ərizəçi “Əmək pensiyaları haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən 25 il sığorta stajı və tələb olunan pensiya kapitalı olmadığı, əmək pensiyası almaq hüququ yaranmadığı üçün məqsədli şəkildə təvəllüdünün xx.xx.1954-cü il tarixə dəyişdirilməsi barədə tələb irəli sürüb. Göstərilənlərə əsasən Ərizəçi Qüdrət oğlunun təvəllüdü bütün faktiki hallar araşdırılmadan düzgün olmayaraq dəyişdirildiyindən qətnamə ləğv edilməlidir. Maraqlı tərəfin nümayəndəsi X6 məhkəmə kollegiyasının iclasında qətnamənin qanunsuz olduğunu, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Ərizəçi Qüdrət oğlu məhkəmə kollegiyasına müraciət yollayaraq iclasda iştirak edə bilməməsini və bunun üzürlü hesab edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Xaçmaz Rayon Təhsil Şöbəsinin T.Fərzəliyev adına Xudat şəhər 1 saylı tam orta məktəbinin xx.xx.2019-cu il tarixli, 81 saylı arayışdan görünür ki, Ərizəçi Qüdrət oğlu 1961-1962-ci tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyi Xaçmaz Rayon Təhsil Şöbəsinin T.Fərzəliyev adına Xudat şəhər 1 saylı tam orta məktəbinə daxil olmuş və 1972-ci ildə orta məktəbi bitirmişdir. Yenə iş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2019cu il tarixli, 14-14-803/10 saylı məktubundan görünür ki, 1960-1970-ci illərdə Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin İ sinfinə 7 yaşı tamam olan uşaqlar qəbul edilirdilər. İş materiallarında əlavə edilmiş Xaçmaz Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2019-cu il tarixli, 59 saylı arayışından görünür ki, Ərizəçi Qüdrət oğlu barəsində qeydiyyat şöbəsinin arxivində doğum aktı qeydi aşkar edilməmişdir. Bununla əlaqədar ona məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Yenə iş materiallarında əlavə edilmiş Xaçmaz Rayon Qeydiyyat Şöbəsinin xx xxxxx 2020-ci il tarixli, 128-05/76 saylı arayışından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)-1723/2019 saylı qətnaməsinə əsasən Ərizəçi Qüdrət oğlu barəsində xx.xx.1956-cı il tarixdə Xaçmaz rayon Xudat icra nümayəndəliyində tərtib edilmiş 313 saylı doğum aktı qeydində vətəndaşın doğum tarixi “xx.xx.1956-cı” il tarixdən “xx.xx.1954-cü” il tarixə dəyişdirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 xx.xx.1954- cü il tarixdə Xudat şəhərində anadan olduğunu, ərizəçi ilə birlikdə 1961-1962-ci tədris ilində Xaçmaz rayonu, Xudat şəhəri, Çkalov adına orta məktəbə daxil olub onunla bir sinifdə oxuduğunu və 1972-ci ildə Xaçmaz rayonu, Xudat şəhəri, Çkalov adına orta məktəbin X sinfini bitirdiklərini bildirmişdir. Həmin vaxt o, digər şagirdlər və müəllimlər ərizəçinin təvəllüdünün xx.xx.1954cü il olduğunu bilmişlər. Digər şahidlər də məhkəmə iclasında bu məzmunda ifadə vermişlər. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayətitəmin edilməli,Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(067)-1723/2019 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək ərizə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi tərəfindən ərizəçinin izahatı və şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, Ərizəçi Qüdrət oğlu 1961-1962-ci tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyi Xaçmaz Rayon Təhsil Şöbəsinin T.Fərzəliyev adına Xudat şəhər 1 saylı tam orta məktəbinə daxil olmuş və 1972-ci ildə oranı bitirmişdir. Ərizəçinin təvəllüdünün rəsmi sənədlərdə qeyd edildiyi kimi 1956-cı il olduğu qəbul edildiyi halda onun 1961-1962-ci tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyi Xaçmaz Rayon Təhsil Şöbəsinin T.Fərzəliyev adına Xudat şəhər 1 saylı tam orta məktəbinə daxil olmasının həmin vaxt mövcud olmuş təhsil qanunvericiliyinin tələblərinə zidd olduğu müəyyən edilir. Başqa sözlə, ərizəçinin 5 yaşında orta məktəbə qəbul edilməsinin mümkün olmamasını nəzərə alaraq, məhkəmə ərizənin təmin edilməli, ərizəçinin doğum tarixinin xx.xx.1954-cü il yazılmalı olduğunu mümkün hesab etmişdir. Məhkəmənin gəldiyi bu nəticə əsassızdır və bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1 və 305.1.7-ci maddələrinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Yenə həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Eyni Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə qətnaməsində qeyd edilmişdir ki, doğum ilinin düzgün göstərilməsi ərizəçiyə pensiya məsələlərini həll etmək üçün lazımdır, halbuki Ərizəçi Qüdrət oğlunun təvəllüdünün xx.xx.1954-cü il kimi yazılması barədə onun ərizəsində bunun nə üçün zəruri olması göstərilməmişdir. Bundan başqa, Ərizəçi Qüdrət oğlu ərizəsində qeyd etmişdir ki, təvəllüdü 1966-cı ildə pensiya alması səbəbi ilə mərhum bibisinin təçəbbüsü ilə dəyişdirilmişdir, halbuki, Xaçmaz Rayon Qeydiyyat Şöbəsinin xx xxxxx 2020-ci il tarixli, 128-05/76 saylı arayışından görünür ki, onun təvəllüdün dəyişdirilməsi xx.xx.1956-cı il tarixdə baş vermişdir. Digər tərəfdən, iş materialları ilə müəyyən edilir ki, Ərizəçi Qüdrət oğlunun doğum faktı Xaçmaz rayon Xudat icra nümayəndəliyində tərtib edilmiş 313 saylı doğum aktı qeydində qeydə alınmışdır, yəni bu doğum faktının yenidən müəyyən edilməsinə zərurət qalmamışdır. Lakin aparılmış qeyddə hər hansı düzəlişin edilməsi barədə ərizəçi hazırkı qayda ilə məhkəməyə deyil, buna səlahiyyətli olan müvafiq quruma müraciət etməklə həll edə bilər. Bu baxımdan məhkəmə kollegiyası Ərizəçi Qüdrət oğlunun ərizəsini əsassız hesab edir və belə qənaətə gəlir ki, bu ərizə təmin oluna bilməz. Başqa sözlə, Ərizəçi ərizəsinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına, habelə mübahisəni tənzimləyən prosessual hüquq normalarının tələblərinə uyğun gəlmir. Ərizəçi Qüdrət oğlu təvəllüdünün dəyişdirilməsi barədə ərizəsini kifayət qədər əsaslandıra bilməmişdir. Beləliklə də, qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPMnin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. AR MPM-nin 384.0.2-ci maddəsinə əsasən apelyasiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmalı, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(067)-1723/2019 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, Ərizəçi Qüdrət oğlunun doğum faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(067)- 1723/2019 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. Ərizəçi Qüdrət oğlunun təvəllüd tarixinin xx xxxxxx 1954-cü il kimi yazılması barədə ərizəsi təmin olunmasın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar