Məhkəmə qərarları › İş №2(105)-212/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-212/2023

10.01.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-212/2023 10.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı Hüseyn qızının, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Hüseyn qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4004/2022 nömrəli, 18 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4004/2022 nömrəli, 18 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı Hüseyn qızının azyaşlı uşaqları 09 oktyabr 2013-cü il təvəllüdlü X4, 24 oktyabr 2015-ci il təvəllüdlü X5 və 15 avqust 2017-ci il təvəllüdlü X6 ilə birlikdə ünvan 2-də yerləşən fərdi yaşayış evinə köçürülməsi, iş üzrə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu və mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı Hüseyn qızına ödənillməsi qət edilmişdir. (hakim R.Qoşqarlı) Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayət verərək onun ləğv edilməsini, iddianın isə rədd olunmasını xahiş etmişlər. İŞİNHALLARİ İddiaçı Hüseyn qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və azyaşlı övladları X4, X5 və X2 Sumqayıt şəhəri, “Xəzri” yaşayış massivi, Ceyranbatan küç, 47 nömrəli fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə xx.xx.2013-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Həmin nikahdan xx.xx.2013-cu ildə doğulmuş X4, xx.xx.2015-ci ildə doğulmuş X5 və xx.xx.2017-ci ildə doğulmuş X6 adlı üç övladları var. Tərəflər ailə həyatı qurduqdan sonra o, cavabdehlə birlikdə valideynlərinə məxsus mənzildə yaşamışdır. Həmin müddətdə elə həmin ərazidə cavabdehlə birlikdə birgə vəsaitləri hesabına 2014-cü ildə ünvan 1 ünvanında yerləşən torpaq sahəsində 2 mərtəbə fərdi yaşayış evi tikmiş və həmin evə köçmüşlər. Bütün cehiz əmlakları da hazırda həmin evdədir. Artıq onların ailə münasibətləri pisləşib və Cəbrayıl Rayon Məhkəməsinin 2(072)- 301/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında nikaha xitam verilmişdir. Aralarında mübahisə olduğundan cavabdeh onu evdən qovmuşdur. Cavabdeh onun həmin evdə yaşamağına mane olur, hal-hazırda üç az yaşlı övladı ilə birlikdə kirayədə yaşayırlar. X9 anadan gəlmə “Beta-talassemiya” dioqnozu xəstəsidir, kirayə haqqını ödəməyə imkanı yoxdur. Maddi imkanı yaxşı deyildir. Onun həmin evdə yaşayış hüququ var. Mübahisəli mənzil Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçirilməyib və mənzilə dair çıxarış verilməyib. Mənzil xüsusi mülkiyyətdə olan mənzillərə aid deyil, buna görə də mübahisə üzrə dövlət mənzil fonduna aid olan mənzillərə dair normalar tətbiq edilməlidir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına və işdə olan sübutlara düzgün qiymət verməmiş, səhv maddi hüquq normalarına istinad etmiş və bununla da əsassız qətnamə qəbul etmişdir. Məhkəmə tərəflər arasında hüquq münasibətlərinin hansı tarixindən yaranması, iddiaçının mübahisəli evdən istifadə hüququnun yaranıb-yaranmaması, yaxud bu hüququnun olduğu təqdirdə saxlanıb-saxlanmaması barədə halları düzgün araşdırmamış, habelə bu istiqamətdə qətnamədə düzgün əsaslandırma aparmamışdır. Mübahisəli ev iddiaçının keçmiş qayınatası Cavabdeh2 məxsusdur. İddiaçı kirayədə yaşadığını bildirsə də, bu barədə hər hansı təsdiqedici sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə mübahisə üzrə «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarına istinad edərək 228.5-ci maddənin tələblərini tətbiq etmişdir. Məhkəmənin bu mövqeyi tam əsassız və qanunsuzdur. Belə ki, işin hallarından da göründüyü kimi tərəflər arasında mülki münasibət 2013-cü ildə yaranmışdır. Belə olan halda məhkəmə tərəfindən mübahisəyə AR Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tələbləri tətbiq edilə bilməz. Bundan başqa mübahisəli mənzil Cavabdeh2 mülkiyyətindədir. Həmin ev 2015-ci il tarixdə onun vəsaiti hesabına tikilmişdir. Lakin iddiaçı guya həmin mənzilin Cavabdeh1 və özünün vəsaiti hesabına tikildiyini iddia edir. Halbuki, iddiaçı Cavabdeh1la evli olduğu vaxt əmək fəaliyyəti ilə məşğul olmamış, hər hansı gəlir əldə etməmişdir. Beləliklə, heç bir hüquqi əsası olmayan, iddiaçı tərəfindən hər hansı ciddi sübut təqdim edilməməsinə baxmayaraq, məhkəmə yalnız iddiaçının formal mülahizələri əsasında iddianı təmin etmişdir. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, iddia təmin olunmamalıdır. Apellyasiya baxışı zamanı Cavabdeh2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verib, şikayətin təmin edilməsini xahiş etdi. O, əlavə etdi ki, mübahisəli torpaq sahəsi 5 sotdan ibarətdir və həmin ərazidə iki fərdi yaşayış evi vardır. İddiaçı köhnə evə gəlin köçmüşdür. Mübahisəli fərdi yaşayış evi 2015-ci ildə inşa edilmişdir. Hər iki ev onun şəxsi vəsaiti hesabına tikilmişdir. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Mübahisəli evə dair bütün kommunal xətlər onun adına qeydə alınmışdır. İddiaçının və onun keçmiş ərinin, yəni oğlunun mübahisəli evin tikintisində hər hansı zəhməti olmamışdır. Oğlu həmin vaxtlar heç yerdə işləməmişdir. Hazırda köhnə evdə digər oğlu yaşayır. İddiaçını sonradan tikdiyi evə nəvəsi talassemiya xəstəsi kimi əməliyyat olunduğu və 1 il qapalı yerdə qalmalı olduğu, kirayəyə ev tuta bilmədiyi üçün köçürmüşdü. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı Cavabdeh1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verib, şikayətin təmin edilməsini xahiş etdi. O, əlavə etdi ki, mübahisəli torpaq sahəsində iki fərdi yaşayış evi vardır. Onlar ailə quran zaman 2013-cü ildə iddiaçı köhnə evə gəlin köçmüşdür. Mübahisəli fərdi yaşayış evi 2015-ci ildə onun atası tərəfindən inşa edilmişdir. Həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. O evin tikintisində nə o, nə də iddiaçının hər hansı maddi vəsaiti olmamışdır. O, həmin evin tikintisində fəhlə qismində bəzi köməklik etmişdir. Bundan başqa 2017-ci ildən o həmin evdə yaşamır, iddiaçı və uşaqları bu müddət ərzində atasının himayəsində olmuşlar. İddiaçının gəlin gəldiyi evdə hazırda kiçik qardaşı yaşayır. Özü isə Sabunçu rayonunda kirayədə yaşayır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı Hüseyn qızı iddia ərizəsilə eyni məzmunlu izahat verib şikayətlə razılaşmadı və onun rədd edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, mübahisəli evin tikintisinə 2014-cü ildən başlandı və 2017-ci ildə evin tikintisi başa çatdı. Ev ailə üzvlərinin hamısının dəstəyi ilə tikilib. Cavabdeh Oruc o zamanlar işləyirdi və 750 manat aylıq maaşı olurdu. Evin tikintisində onun maddi və fiziki rolu olmuşdur. Hazırda həmin evdə yaşamağa onun ehtiyacı vardır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin rədd edilməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21 saylı Mənzil-Kommunal Sahəsinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı Hüseyn qızı Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, “Xəzri” yaşayış massivi, Ceyranbatan küçəsi, ev 47-də qeydiyyatsız yaşayır. Yenə iş materiallarında olan AZ-İİİ №187545 saylı, xx.xx.2013-cü il tarixli doğum haqqında şəhadətnamdən görünür ki, X4 xx.xx.2013-cü il tarixdə Sumqayıt şəhərində anadan olub və bu barədə doğum haqqında akt qeydləri kitabında 856 nömrə ilə qeyd edilmişdir Yenə də iş materiallarında olan AZ-İİİ № 628649 saylı, xx.xx.2015-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2015-ci il tarixdə Sumqayıt şəhərində anadan olub və bu barədə doğum haqqında akt qeydləri kitabında 678 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş AZ-İİİ № 936628 saylı, xx.xx.2017-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2017-ci il tarixdə Sumqayıt şəhərində anadan olub və bu barədə doğum haqqında akt qeydləri kitabında 303 nömrə ilə qeyd edilmişdir. Mülki iş materiallarında olan Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(072)-423/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış və Cəbrayıl Rayon Qeydiyyat Şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 89 № ilə qeyd edilmiş, 29 mart 2013-cü il tarixli nikahın pozulması, tərəflərin birgə nikahından olan 09 oktyabr 2013-cü ildə anadan olmuş X4, 24 oktyabr 2015-ci ildə anadan olmuş X5 və 15 avqust 2017-ci ildə anadan olmuş X6 cavabdeh (ana) İddiaçı himayəsində saxlanılması qət edilmişdir. Yenə mülki işdə olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Hüseyn qızı və Cavabdeh1 Bakı 6 saylı Mediasiya Təşkilatının mediatoru X1 xx.xx.2022-ci il tarixində təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İlkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci İddiaçı Hüseyn qızı ödəmişdir. İşə əlavə edilmiş qaz paylacısı ilə qaz qurğusu istifadəçi arasında qazın alqısatqısına dair xx.xx.2019-cu il tarixli müqavilədən, "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli bildirişindən, habelə ödəniş qəbzlərindən görünür ki, ünvan 2 ünvanına dair kommunal xidmətlərə dair müqavilə tərəfi kimi Cavabdeh2 qeyd olunmuş və kommunal ödənişlər onun adından icra edilir. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hüquqi qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4004/2022 nömrəli, 18 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin olunmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Cavabdeh1la xx.xx.2013-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Həmin nikahdan Nicat, Sadiq və Ümüd adlı üç övladları var. İddiaçı ailə qurduğu cavabdehin valideynləri məxsus ünvan 2-də yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Tərəflərin birgə nikahda olduqları dönəmdə təxminən 2015-2017-ci illərdə həmin ünvanda Cavabdeh2 tərəfindən başqa başqa fərdi yaşayış evin inşa edilmişdir. Tərəflər arasında ailə münasibətləri pozulmuş və Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(072)-423/2021 saylı qətnaməsi ilə onlar arasında bağlanmış nikah pozulmuşdur. İddiaçı hazırda övladları ilə birlikdə ünvan 2-də yerləşən fərdi yaşayış evinə köçürülməyi xahiş edir. O, iddiasının əsası kimi mübahisəli fərdi yaşayış evinin onun keçmiş əri tərəfindən birgə nikah dövründə tikildiyini iddia etsə də, bu hal məhkəmə araşdırması zamanı öz təstiqini tapmamışdır. Belə ki, tərəflərin izahatlarından, habelə iş materiallarında olan sənədlərə əsasən demək olar ki, mübahisəli fərdi yaşayış evi özbaşına tikili olmaqla Cavabdeh2 tərəfindən tikilmiş, hazırda onun sahiblik və istifadəsindədir. Yəni iddiaçının köçmək istədiyi ev onun keçmiş ərinin deyil, sonuncunun atası Cavabdeh2 sahibliyində və istifadəsindədir. Başqa sözlə, mübahisəli fərdi yaşayış evi özbaşına tikili olsa belə həmin evə dair “gözlənti” hüququ da ona məxsusdur. Beləliklə, iddiaçının köçürülməsini tələb etdiyi evin tikintisində, nə onun, nə də ki, keçmiş ərinin maddi, yaxud digər formada heç bir rolu olmadığından, həmin evlə bağlı iddiaçının hər hansı iqtisadi marağından söhbət belə gedə bilməz. İşə baxan birinci instansiya məhkəməsi iddianı təmin edərkən gəldiyi nəticəni qanunun anologiyasına uyğun Mülki Məcəllənin 228.1 və 228.5-ci maddələrinə istinad edərək əsaslandırmağa çalışmışdır. Məhkəmənin gəldiyi bu nəticə ilə aşağıda qeyd edilən əsaslara görə razılaşmaq olmaz. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra, onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İşdən görünür ki, tərəflər arasında hazırki mübahisəli ilə bağlı hüquq münasibətləri 2013-cü il tarixdə yaranmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvləri» anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. İşin tədqiq olunan hallarından görünür ki, daha öncə şərh olunanlara əsasən iddiaçı köçmək istədiyi evə “gözlənti” hüququ olan hazırkı sahibin ailə üzvü hesab olunmur. Belə ki, iddiaçı Cavabdeh2 münasibətdə Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərində sadalanan şəxslər dairəsinə daxil deyildir. Belə olan halda, məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının köçmək istədiyi, Cavabdeh2 sahibliyində olan fərdi yaşayış evindən istifadə etmək səlahiyyəti olmadığı kimi, istinad olunan normalar baxımından yanaşdıqda iddiaçının məhz köçmək istədiyi fərdi yaşayış evi ilə bağlı iddia qaldırmaq üçün subyektiv hüququnun olması istisna olunur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarına istinad etməyi vacib hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə emiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Beləliklə, şərh olunanlara məcmu halda qiymət verərək, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı hazırda Cavabdeh2 sahiblik və istifadəsində olan fərdi yaşayış evindən istifadə hüququ yoxdur, o, həmin yaşayış evinə tələb etdiyi qaydada köçürülə bilməz və bu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə tamamilə qanunsuzdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bu hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və hazırkı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4004/2022 nömrəli, 18 avqust 2022ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən iddiaçı tərəfindən iddia ərizəsi verilməsi və mediasiya xərci üçün ödənilmiş cəmi 100 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4004/2022 nömrəli, 18 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin olunmasın. İddiaçı tərəfindən iddia ərizəsi verilməsi və mediasiya xərci üçün ödənilmiş cəmi 100 manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar