Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2126/2021 10.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X8, iddiaçı-cavabdeh İddiaçı və onun vəkili X20, iddiaçı-Cavabdeh1 və onun nümayəndəsi və vəkili X9 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(060)-504/2021 saylı qətnaməsindən iddiaçı-cavabdeh İddiaçı verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(060)-504/2021 saylı qətnaməsi ilə (hakim A.İ.İsmayılov) İddiaçı Cavabdeh1, Cavabdeh2, X6 və Cavabdeh3 qarşı özbaşına tikilinin sökülməsi, yaşayış və torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası təmin edilməmiş və X6 və Cavabdeh1 Sumqayıt “ASAN xidmət” mərkəzinin Notariat ofisinə, İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı çıxarışın ləğv edilməsi və verilmiş şəhadətnamənin etibarsız sayılması tələbinə dair iddia təmin edilib, Sumqayıt “ASAN xidmət” mərkəzinin notariat ofisində 22 noyabr 2019-cu il tarixdə, 2V-1698 № ilə reyestrdə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilərək həmin şəhadətnamə əsasında verilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəli, **********68- 10301 reyestr nömrəli çıxarış ləğv edilmişdir. İddiaçı-cavabdeh İddiaçı apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(060)-504/2021 saylı qətnaməsinin ləğv edilib, onun Cavabdeh1, Cavabdeh2, X6 və Cavabdeh3 qarşı özbaşına tikilinin sökülməsi, yaşayış və torpaq sahəsindən çıxarılması tələbinə dair iddiasının təmin olunması və qarşı tərəfin verdiyi iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddianı onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən 109,4 kvadrat metr sahəsi olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Bu barədə ona daşınmaz əmlakın dövlət reyestrindən **********568-10301 reyestr nömrəli çıxarış verilmişdir. Həmin daşınmaz əmlak 22 noyabr 2019-cu il tarixdə verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında X1 vərəsəsi olan 03 iyul 2014-cü il tarixdə ölmüş oğlu Xankişiyev Akif Əlikişi oğlunun vərəsəsi kimi onun adına rəsmiləşdirilmişdir. Cavabdehlər Cavabdeh3 Əlibaba qızı əmisinin həyat yoldaşı, X6 və Cavabdeh2 əmisinin oğulları, Cavabdeh1 isə əmisinin qızıdır. Onlar baba yurdu adı ilə gəlib iddia edirlər ki, müvafiq daşınmaz əmlak onların da yurdu sayılır və s. Halbuki onlar mirası qəbul etməmiş və vərəsələr kimi qeydiyyata alınmamışlar (müvafiq daşınmaz əmlakla bağlı heç bir hüquqları yoxdur). Bu məqsədlə də cavabdeh ona məxsus torpaq sahəsini və onun üzərində yerləşən 109,4 kvadratmetr sahədən ibarət olan fərdi yaşayış evinin 22 noyabr 2019-cu il tarixdə tərtib edilmiş texniki pasportda göstərilmiş 4 (sahəsi 18,9 kvadrat metr olan) nömrə ilə qeyd edilmiş “yaşayış otağını” və 6 (sahəsi 24,9 kvadrat metr olan) nömrə ilə qeyd edilmiş “bağlı eyvanı” özbaşına zəbt edərək, torpaq sahəsində qanunsuz tikintilər inşa etdiyindən o, öz mülkiyyətindən sərbəst istifadə etmək imkanından məhrum olmuşdur. Dəfələrlə şifahi olaraq onlardan evindən və torpağından çıxmalarını tələb etsə də, bu günə qədər də heç bir məhəl qoymamışlar. Cavabdehlərin daimi yaşadıqları və qeydiyyatda olduqları yer tamamilə başqa ünvandır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Ona görə də, xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan Sumqayıt şəhəri X18 qəsəbəsi, Ü.Hacıbəyov küçəsi ev 45 ünvanında yerləşən 0.06 ha torpaq sahəsində cavabdehlər tərəfindən aparılmış özbaşına tikililərin sökülməsi, cavabdehlərin və onların ailə üzvlərinin həmin torpaq sahəsindən və onun üzərində yerləşən 109,4 kv.m sahəsi olan fərdi yaşayış evinin 22 noyabr 2019-cu il tarixdə tərtib edilmiş texniki pasportda göstərilmiş 4 (sahəsi 18.9 kv.m olan) nömrə ilə qeyd edilmiş yaşayış otağı və 6 (sahəsi 24,9 kv.m olan) nömrə ilə qeyd edilmiş bağlı eyvanından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 və X6 birgə qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələblərini onunla əsaslandırmışlar ki, onların atası X3 15 iyun 2013-cü ildə, babaları X4 isə 09 yanvar 1998-ci ildə vəfat etmişdir. Sumqayıt şəhəri, X18 qəsəbəsi, Ü.Hacıbəyov küçəsi ev 45 ünvanında yerləşən 0.06 hektar torpaq sahəsinin Milli arxiv idarəsinin 28 dekabr 2019-cu il tarixli, 655 saylı məktubu ilə iddiaçıların babası X1 21 avqust 1959-cu il tarixli sənədlə mülkiyətində olması öz təsdiqini tapmışdır. Sonradan onlara məlum olmuşdur ki, həmin əmlak hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, **********68-10301 reystr nömrəli çıxarışla İddiaçı tam mülkiyyətinə verilmişdir. İddiaçı babasına məxsus həmin əmlak İddiaçı tam mülkiyyətinə verilən zaman onların vərəsə kimi hüququ nəzərə alınmamış və 22 noyabr 2019-cu il tarixli miras payın bağışlanması müqaviləsi ilə X10, X12, X13, İddiaçı xeyrinə əmlak pay hüququndan imtina etmişlər. 22 noyabr 2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən babası X1 vərəsəsi kimi X10, X12, X13, İddiaçı müəyyən edilmiş, onların vərəsəlik hüququ müəyyən edilməmiş və bütün bu proseslərdən yeni xəbərləri olmuşdur. Cavabdeh1 və X2 mərhum babalarının ölümündən sonra ona məxsus olan Sumqayıt şəhəri, X18 qəsəbəsi, Ü.Hacıbəyov küçəsi ev 45 ünvanında yerləşən 0.06 kektar torpaq sahəsi, üzərində tikilmiş 109.4 kv m daşınmaz əmlak qalmışdır. Hazırda babası və atası vəfat etdiyindən qeyd olunan daşınmaz əmlaka digər vərəsələr kimi Cavabdeh1 və X2 da hüquqları nəzərə alınmalı idi. Ona görə də, 22 noyabr 2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında verilmiş hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********68-10301 reystr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 17.02.2021-ci il tarixli, 2(060)-504/2021 saylı qərardadı ilə iddiaçılar X6 və Cavabdeh1 cavabdehlər Sumqayıt “ASAN xidmət” mərkəzinin Notariat Ofisinə, İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “çıxarışın ləğv edilməsi və verilmiş şəhadətnamənin etibarsız sayılması tələbinə” dair 2(060)-637/2021 saylı mülki iş və İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6 və Cavabdeh3 qarşı «özbaşına tikilinin sökülməsi, yaşayış və torpaq sahəsindən çıxarılması tələbinə» dair 2(060)-504/2021 saylı iş bir icraatda birləşdirilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı-cavabdeh İddiaçı verilmiş apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 23 fevral 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcələsinin 1243.2, 1255, 1273-1-ci maddələrinin və prosessual qanunverciliyin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, onun Cavabdeh1, Cavabdeh2, X6 və Cavabdeh3 qarşı özbaşına tikilinin sökülməsi, yaşayış və torpaq sahəsindən çıxarılması tələbinə dair iddiasının təmin olunması və qarşı tərəfin verdiyi iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı-cavabdeh İddiaçı və onun vəkili X20 apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iddiaçı- Cavabdeh1 və onun nümayəndəsi və vəkili X16 apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlər Cavabdeh2, X6 və Cavabdeh3, Sumqayıt “Asan Xidmət” mərkəzinin notariat ofisinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh2, Cavabdeh3 və Sumqayıt “Asan Xidmət” mərkəzinin notariat ofisinin nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan DƏDRX tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən, 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 109.4 ha olan fərdi yaşayış evi 06.11.2019-cu il tarixdə X1 adına qeydiyyatdan keçmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 17.11.1997-ci il tarixdə vəfat etmişdir. 22.11.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 17.11.1997-ci ildə ölmüş X1 vərəsəsi 03.07.2014-cü il tarixdə ölmüş oğlu Xankişiyev Akif Əlikişi oğlunun vərəsələri arvadı - X7, qızı – X12, qızı – X13, oğlu – İddiaçı ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 109.4 ha olan fərdi yaşayış evindən və 0.06 ha torpaq sahəsindən hər birinə 1/4 hissədə pay almışlar. 22.11.2019-cu il tarixli miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, X7, X12 və X13 22.11.2019-cu il tarixli, 2V-1698 reyestr nömrəsi ilə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onlara düşən miras payını İddiaçı bağışlamışlar. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Xankişiyev Akif Əlikişi oğlu 03.07.2014-cü il tarixdə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 15.06.2013-cü il tarixdə vəfat etmişdir. DƏDRX tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən, 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 109.4 ha olan fərdi yaşayış evi 26.11.2019-cu il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. Doğum haqqında çıxarışların notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 və Cavabdeh1 atası X3, anası isə Cavabdeh3dır. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X11 ifadə verərək göstərmişdir ki, 1991-ci ildən ünvan 4 ünvanda yaşamışdır. 1997-ci ildə atası X4 və 2006-cı ildə anası ölmüşdür. Həqiqətən qardaşları İsmayıl və Akif öz ailə üzvləri ilə birlikdə mübahisəli ünvanda yaşamış və hazırda Xankişiyev Ramin və digərləri qeyd olunan ünvanda tikmiş olduqları özlərinə məxsus yaşayış sahəsindən istifadə etməklə orada yaşayırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.09.2000-ci il tarixli, 167 saylı qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın” 99-cu bəndinə görə vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd, mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd, mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd, mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti, miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutlardır. Həmin Məcəllənin 1300-cü maddəsinə əsasən əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, miras əmlakdan İddiaçı ilə yanaşı, digər vərəsələr X6 və Cavabdeh1 da istifadə edir. Həmin torpaq sahəsində sonunculara məxsus olan yaşayış sahəsi mövcuddur və həmin ünvandakı tikilidən istifadə etməklə orada yaşayırlar. İddiaçı da iddia ərizəsində cavabdehlərin hətda miras əmlaka aid olan torpaq sahəsində tikililər inşa etdiklərini və orada yaşadıqlarını göstərmişdir. Belə olan halda mübahisəli miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri, o cümlədən Azərbaycan Respublikası Mülki Məcəllənin 1300-cü maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Tərəflər arasında yaranmış mübahisə üzrə yekun məhkəmə aktı qəbul edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5 və Cavabdeh3 qarşı «özbaşına tikilinin sökülməsi, yaşayış və torpaq sahəsindən çıxarılması tələbinə» dair iddia tələbi rədd edilməli, X6 və Cavabdeh1 cavabdehlər Sumqayıt “ASAN xidmət” mərkəzinin Notariat ofisinə, İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “çıxarışın ləğv edilməsi və verilmiş şəhadətnamənin etibarsız sayılması tələbinə” dair iddia tələbi təmin edilərək, Sumqayıt “ASAN xidmət” mərkəzinin notariat ofisində 22 noyabr 2019-cu il tarixdə, 2V-1698 № ilə reyestrdə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, həmin şəhadətnamə əsasında verilmiş Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRXnin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəli, **********68-10301 reyestr nömrəli çıxarış ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sadalan maddi hüquq normalarının tələblərinə, işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. İddiaçı-cavabdeh İddiaçı verdiyi apelyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş və birinci instnsiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi hallarını sübuta yetirə bilməmişlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətlərinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətlərinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də apelyasiya şikayətləri təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı-cavabdeh İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(060)-504/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2126/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2126/2021
10.08.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver