Məhkəmə qərarları › İş №2(105)-2127/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2127/2023

29.11.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2127/2023 29.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı yaşayış evinə köçürülməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: fərdi yaşayış evinə köçürülmə) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X27 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-750/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. AN-İ seriyalı ******* nömrəli xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X5, X8, X6, X19 və X20 mülkiyyətlərində olan ünvan 5i (0,09 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzərində yerləşən mərtəbəliyi 1) kəndi ünvanında yerləşən ümumi sahəsi 149,7 kv.metr, yaşayış sahəsi 73,1 kv.metr, yardımçı sahəsi 76,6 kv.metr olan fərdi yaşayış evini Cavabdeh satmışlar.

2. RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********95-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayon Armudpadar kəndində 0,09 ha torpaq sahəsi ümumi birgə, fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X1, torpaq sahəsi ümumi birgə X3, X2, X11 və X12 adına daşınmaz əmlakın dövlət reyestrində 35 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır.

3. Bakı şəhəri Suraxanı rayonu İHB-nın Bülbülə qəsəbəsi İƏD üzrə nümayəndəsinin sorğuya əsasən alınmış xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, Cavabdeh ailə tərkibi ilə birlikdə Bülbülə qəsəbəsi 3-cü mədən 97 saylı evin yanında tikilmiş fərdi evdə qeydiyyatsız yaşayırlar. 1. Cavabdeh, 2. İddiaçı, 3. X7, 4. X14, 5. X9, 6. X13.

4. "xxxx" ASC-nin xx.xx.2015-ci il tarixli 21092 saylı məktubundan görünür ki, ünvan 5ində yerləşən yaşayış evi X4 məxsus ünvan 1i ünvanında 0,09 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evini ipoteka yüklülüyünə olaraq satılmasına etiraz edilməmişdir.

5. İş materiallarından və EMİS-dən görünür ki, iddiaçı ilə cavabdeh 1990-cı ildə rəsmi nikaha daxil olaraq, ailə qurmuşlar və aralarında olan nikah pozulmayıb.

6. İş materiallarından görünür ki, Cavabdeh ünvan 5ində yerləşən fərdi yaşayış evi birgə nikah dövründə əldə etmiş və hazırda ev faktiki olaraq onun xüsusi mülkiyyətindədir, lakin o, daşınmaz əmlakı dövlət reyestr xidmətində müvafiq qaydada qeydiyyatdan keçirməmişdir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2018-ci il təvəllüdlü qızı X10 ilə birlikdə ünvan 5ində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. İddianı onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.1990-cı ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından bir uşaqları olmuşdur. Cavabdehlə birgə nikahda olduqları vaxt ünvan 5ində fərdi yaşayış evi almışlar və ona məxsus cehiz əmlakları da həmin evə yerləşdirilmişdir, yaşamışlar. Cavabdeh onu uşaqla birlikdə evdən çıxarmışdır və bir daha evə buraxmamışdır. O, dəfələrlə evə köçüb yaşamaq istəsə də, cavabdeh onu evə buraxmamışdır. Halbuki cavabdehlə birlikdə fərdi yaşayış evindən istifadə etməklə təsərrüfat aparmış və həmin ev onun daimi yaşayış yeri olmuşdur. Cavabdeh tərəfindən qeyri qanuni olaraq azyaşlı uşaqla birlikdə yaşayış yerindən məhrum edilmiş və onun hüquqları kobud şəkildə pozulmuşdur. Evdə yaşamaq hüququna malikdir, bu səbəbdən də evə köçürülməli, pozulmuş hüquqları bərpa edilməlidir.

9. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-750/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin olunması, İddiaçı azyaşlı uşağı xx.xx.2018-ci il təvəllüdlü X10 ilə birlikdə Cavabdeh faktiki məxsus olan ünvan 5ində yerləşən fərdi yaşayış evinə köçürülməsi, İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir (hakim Sərxan Səmədzadə).

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228, 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53, 123, Mənzil Məcəlləsinin 30-cu maddələri, Mülki Prosessual Məcəllənin 77, 88, 119.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apellyasiya şikayəti verib, Xaçmaz Rayon məhkəməsinin xx.xx.2023cü il tarixli 2(067)-750/2023 nömrəli qətnaməsini ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri:

12. İddiaçı ilə 29 noyabr 1990-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Toyları Şəmkir rayonunun Ələsgərli kəndində baş tutmuşdur. İddiaçı həmin kəndə gəlin gəlmiş, uzun müddət orada yaşamışlar. 1996-cı ildə biz ünvan 2 ünvanında yaşamağa başlamışlar (hal-hazırda hər ikisi həmin ünvanda qeydiyyatdadırlar). Bir il sonra Bakı şəhəri, Suraxanı qəsəbəsi, Bülbülə qəsəbəsi, 3-cü mədən, 97 saylı fərdi yaşayış evinə köçmüşlər. 2004-cü ildə işi ilə əlaqadar olaraq Xaçmaz şəhərinə köçmüş, həyat yoldaşı isə uşaqlarla birlikdə qeyd etdiyi ünvanda yaşamaqda davam etmişlər. Həyat yoldaşı İddiaçı ilə münasibətləri gərgin olduğundan demək olar ki, bir yerdə yaşamamışlar, nikahları isə formal xarakter daşımışdır. 08 iyul 2019-cu il tarixdə İddiaçı qarşı nikahın pozulması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Pərviz Zamanlı tərəfindən onlara barışıq üçün 3 ay vaxt verilmiş, bu müddət ərzində uşaqlara xatir cavabdehlə barışmışdır. Lakin bu barışıq kağız üzərində olmuş, yenə ayrı yaşamaqda davam etmişlər. Sonradan başa düşmüşdür ki, İddiaçı ailə, uşaq yox, yalnız və yalnız onun mülkləri maraqlandırır. Qeyd etmək istəyir ki, İddiaçı ünvan 1ində yerləşən fərdi yaşayış evində heç vaxt yaşamamış və mübahisəli evdə ona məxsus hər hansı bir əşya yoxdur. İddiaçı ünvan 1ində yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ olmamışdır. Belə ki, daşınmaz əmlak dövlət reyestr xidmətində qeydiyyatdan keçdikdən sonra birgə nikah dövründə əldə olunmuş əmlak sayılır. Hal-hazırda mübahisəli fərdi yaşayış evi onun adına dövlət qeydiyyatından keçməmiş və "xxxx"ASC-də lizinqdədir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən mülki işə baxılarkən hərtərəfli, tam, obyektiv şəkildə araşdırma aparılmamış, tərəflərin çəkişmə, bərabərlik prinsipləri pozmuş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməyərək, düzgün olmayan, əsaslandırılmayan, qanunsuz qətnamə qəbul edilmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının

18. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

19. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolu

20. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

22. Maddə 157.4 Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

23. Maddə 157.8 Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

24. Maddə 225.1 Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

Azərbaycan Respublikası Ailə Məcəlləsi

25. Maddə 29.1. Azərbaycan Respublikası Konstitutsiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdir.

26. Maddə 32. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

27. Maddə 33.1. Ər arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.

28. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

37. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh apellyasiya şikayəti verib, Xaçmaz Rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-750/2023 nömrəli qətnaməsini ləğv edərək iş üzrə iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

38. Ona görə də kollegiya Xaçmaz Rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı birgə nikahda olduqları dövrdə ünvan 5i ünvanında yerləşən ümumi sahəsi 149,7 kv.metr olan fərdi yaşayış evini alğı-satqı yolu ilə almışlar. Hazırda isə cavabdeh iddiaçını evə buraxmadığından, iddiaçı evə köçürülməsini tələb edir.

41. Cavabdeh apellyasiya şikayətinin dəlillərində daşınmaz əmlak dövlət reyestr xidmətində qeydiyyatdan keçdikdən sonra birgə nikah dövründə əldə olunmuş əmlak sayıldığını, mübahisəli fərdi yaşayış evinin onun adına dövlət qeydiyyatından keçmədiyini və "xxxx" ASC-də lizinqdə olmasını göstərmişdir.

42. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli fərdi yaşayış evi cavabdehin adına dövlət qeydiyyatından keçməsə də, həmin evin faktiki olaraq birgə nikah dövründə əldə edilməsi işin mübahisəsiz halıdır.

43. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-152.4-cü maddələrinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

44. Qanunvericinin tələbinə görə, mülkiyyət hüququ özündə sahiblik, istifadə və sərəncam hüquqlarını ehtiva edir. Daşınmaz əmlaka mülkiyyət hüququ isə qanuna müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra əldə edənə keçə bilər.

45. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin «Axverdiyev Azərbaycana qarşı» işi üzrə xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir: «Ev və mübahisə olunan torpaq sahəsi ərizəçinin «mülkiyyətidirmi»? Məhkəmə təkrarən qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş «mülkiyyət» anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət hüququ» kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından «mülkiyyət» hesab olunmalıdır. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və «qanuni gözləntisi» olan əmlakı da əhatə edə bilər. «Gözlənti» mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda «qanunidir». Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır.

46. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər.

47. X31 Hüquqları Məhkəməsi «X25rşı» işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər.

48. Sadalanan xüsusatlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, mübahisəli ev faktiki olaraq birgə nikah dövründə əldə edildiyindən, iddiaçı evdə normal şərtlər daxilində yaşamaqla ondan faydalandığı kimi, bərabərlik prinsipinə uyğun olaraq bu evdə yaşamaq hüququ olduğundan, birinci instansiya məhkəməsi iddiaçının mübahisəli evə köçürülməsinə dair iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir.

49. Məhkəmə kollegiyası, sözügedən evin lizinqdə olması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, həmin dəlil iddiaçının birgə nikah dövründə əldə edilmiş əmlakdan istifadəsinə (köçürülməsinə) hər hansı məhdudiyyətin yaranmasına səbəb ola bilməz.

50. Məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X28rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.

51. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi bu dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

52. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.

53. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-750/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-750/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar