Məhkəmə qərarları › İş №2(105)-2133/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2133/2022

07.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2133/2022 07.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması” tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə (Açar sözlər: işləmə faktının müəyyən olunması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Heyran Mehman qızı Mürsəlovanın katibliyi, Ərizəçi, maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin nümayəndəsi X2 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2(012)-3458/2022 nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsi 1 saylı regional ərazi filialına qarşı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 1977-ci ildən 1980-cı ilə kimi və 1985-ci ildən 1993-cü ilə kimi Cəbrayıl rayonunda yerləşən Jdanov adına üzümçülük sovxozunda fəhlə işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi 1959-cu ildə Cəbrayıl rayonunda anadan olmuş, Cəbrayıl rayonu, Çullu kəndində qeydiyyatda olmaqla məcburi köçkün kimi Abşeron rayonu, Xırdalan şəhəri, MD-23, Ə.Vahid küçəsində yerləşən evdə məskunlaşmışdır. O, bu günə kimi müxtəlif işlərdə işləmiş, təqaüdə çıxmaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun Abşeron - Xızı regional filialına müraciət etmiş, ona əmək pensiyasının təyin olunması haqqında xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktub verilmiş və həmin məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən pensiya yaşına çatmış hər bir vətəndaşın fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə ən azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 22-1-ci maddəsinin 22.1.5-ci bəndinə əsasən 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22.1.2ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Bu hal “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 22.1-ci maddəsinin tələblərinə uyğun olmadığından ona yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Belə ki, o, 1977-ci il tarixdən Cəbrayıl rayonunda yerləşən Jdanov adına olan üzümçülük sovxozunda fəhlə işləmişdir. 1980-1981-ci illərdə isə peşə məktəbində, daha sonra, yəni 1982-ci il tarixdən 1985-ci il tarixədək texnikomda təhsil almışdır. O, təhsilini bitirdikdən sonra yenə də Cəbrayıl rayonunda yerləşən Jdanov adına olan üzümçülük sovxozunda 1985-ci il tarixdən 1993-cü il tarixədək fəhlə işləmişdir. Onun işləməsini sübut etmək üçün şahidləri də vardır. O, həmin sovxozda məlum məsələlərə görə işləməsini sübuta yetirə bilmədiyi üçün iş stajı toplanmır və təqaüdə çıxa bilmir. O, 1977-ci il tarixdən 1980-cı il tarixədək və 1985-ci il tarixdən 1993-cü il tarixədək Cəbrayıl rayonunda yerləşən Jdanov adına üzümçülük sovxozunda fəhlə işləməsini nəzərə alıb sosial sığorta stajının yoxlanılması və məhkəməyə təqdim edilməsi üçün köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 regional filialının xx.xx.2022-ci il tarixli əmək pensiyasının təyin olunması haqqında məktubunda bildirilir ki, onun 1977-ci il tarixdən, eyni zamanda 1985- 1993-cü illərdə Cəbrayıl rayonu Jdanov adına üzümçülük savxozunda fəhlə işlədiyi dövrlərin sənədlərinin təqdim edilməməsi və müəssisənin hüquqi ünvanının məlum olmaması səbəbindən qeyd edilən dövrlər sosial sığorta stajına daxil edilməmişdir. Bu hal “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olmadığından ona yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Qeyd edilən dövləri sübuta yetirə bilmədiyi və həmin dövrlərdə işlədiyi sənədləri Cəbrayıl rayonunda qaldığı üçün maraqlı şəxsə müraciət etmişdir. Maraqlı şəxs də ona eyni qaydada cavab verərək, sənədləri əldə etmək mümkün olmadığı üçün yaşa görə əmək pensiyası təyin olunmasından imtina etmişdir. O, ilə eyni sovxozda çalışan Cəbrayıl rayonu, Çullu kəndində qeydiyyatda olan X6, X3 və X7 onun həmin işdə işləməsinə şahiddirlər.

3. Maraqlı şəxs tərəfindən ərizəyə qarşı yazılı etiraz daxil olmuşdur.

4. Etirazda qeyd olunur ki, Ərizəçi Fondun Abşeron rayon şöbəsinin xx.xx.2018ci il tarixli, 508 nömrəli qərarı ilə hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən yaşa görə müavinət (3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar) təyin edilmişdir. Hazırda həmin müavinətin məbləği 180 manat təşkil edir. Bundan sonra xx.xx.1959-cu il təvəllüdlü Ərizəçi maraqlı şəxs Fondun Abşeron-Xızı regional filialına müraciət edərək 1977-ci il tarixdən 1980-cı il tarixədək və 1985-ci il tarixdən 1993-cü il tarixədək Cəbrayıl rayonu Jdanov adına üzümçülük sovxozunda işlədiyi illərin sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin sözügedən filial tərəfindən 04 mart 2022-ci il tarixli, **********5 nömrəli məktubda 1977-ci il tarixdən 1980-cı il tarixədək və 1985-ci il tarixdən 1993-cü il tarixədək Cəbrayıl rayonu Jdanov adına üzümçülük sovxozunda fəhlə işlədiyi dövrlərin sənədlərinin təqdim edilməməsi və müəssisənin hüquqi ünvanının məlum olmaması səbəbindən yaşa görə əmək pensiyasının təyin olunmasının mümkün hesab edilmədiyi bildirilmişdir. Daha sonra Ərizəçi 1977-ci il tarixdən 1980-cı il tarixədək və 1985-ci il tarixdən 1993-cü il tarixədək Cəbrayıl rayonu Jdanov adına üzümçülük sovxozunda işləməsi faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsində 1977-ci il tarixdən 1980-cı il tarixədək Cəbrayıl rayonu Jdanov adına üzümçülük sovxozunda fəhlə işlədiyini, 1980-1981-ci illərdə peşə məktəbində, 1982-1985-ci illərdə texnikumda təhsil aldığını, təhsilini bitirdikdən sonra yenidən sözügüdən sovxozda 1985-ci il tarixdən 1993cü il tarixədək işlədiyini, lakin məlum məsələlərə görə işlədiyini sübuta yetirə bilmədiyindən məhkəməyə müraciət etdiyini bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən də iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər. İş stajının məhkəmə qərarı əsasında müəyyən edilməsi o halda qanuni hesab edilməlidir ki, yuxarıda qeyd olunan şərt gözlənilmiş olsun. Lakin iş materiallarından göründüyü kimi şahidlərin sözügedən dövrlərdə əmək fəaliyyətini təsdiq edən nəinki əmək kitabçası, işləməsi faktının müəyyən edilməsinə dair bu və ya digər sənəd (məhkəmə qətnaməsi) təqdim edilməmişdir. Şəxsin həmin müəssisədə işləməsini təsdiq edən hər hansı fakt, sənəd, sübut yoxdursa, həmin şəxsin digərinin xeyrinə şahidliyinin mötəbərliyi iş üzrə həlledici sübut kimi qəbul edilə bilməz. Göründüyü kimi, ərizəçinin 1977-ci il tarixdən 1980-cı il tarixədək və 1985-ci il tarixdən 1993-cü il tarixədək Cəbrayıl rayonu “Jdanov” adına üzümçülük sovxozunda işləməsi faktının təsdiq edilməsi yalnız Ərizəçi ilə eyni illərdə işləmiş və əmək kitabçası olan iki və daha çox şahidlərin iştirakı ilə mümkündür. Göstərilənlərə əsasən Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi dair ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

5. Ərizəçi məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə Cəbrayıl rayonu, Çullu kəndində anadan olmuşdur.

6. Mülki işin materiallarında olan 18514175 nömrəli partiya biletinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi 1980-cı ilin aprel ayında Azərbaycan Kommunist Partiyasının Cəbrayıl Rayon Komitəsinə qəbul edilmişdir.

7. 26 fevral 1985-ci il tarixli, DT-İ seriyalı 780917 nömrəli diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi 1982-ci ildə Azərbaycan SSR Ali və Orta İxtisas təhsili nazirliyi Bakı yeyinti sənayesi texnikumuna daxil olmuş, 1985-ci ildə tam kursu bitirmiş və Dövlət ixtisas komissiyasının 25 fevral 1985-ci il tarixli qərarı ilə ona texnik-texnoloq ixtisası verilmişdir.

8. 24 iyul 1981-ci il tarixli, A seriyalı 771069 nömrəli diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi 01 sentyabr 1980-ci ildə Bakı şəhəri 94 №-li texniki məktəbinə daxil olmuş, 23 iyul 1981-ci ildə pivə və spirtsiz içkilər maşinisti peşəsi üzrə məktəbin tam kursunu bitirmişdir və imtahan komissiyasının qərarı ilə ona pivə və spirtsiz içkilər maşinisti ixtisası verilmişdir.

9. 06 aprel 2005-ci il tarixdə verilmiş AA seriyalı 108455 nömrəli məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi 1993-cü il tarixdə Cəbrayıl rayonundan məcburi köçkündür.

10. Abşeron rayonu Xırdalan şəhəri 5 saylı MTİTTS tərəfindən verilmiş 31 yanvar 2022-ci il tarixli, 251 nömrəli arayışdan görünür ki, Ərizəçi Cəbrayıl rayonundan məcburi köçkünü kimi Abşeron rayonu, Xırdalan şəhəri, MD-23, Ə.Vahid küçəsində məskunlaşmışdır.

11. Ərizəçi məxsus ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.1994-cü il tarixdə 5k saylı əmrlə xx.xx.1994-cü il tarixdən Borular sexinə 2-ci dərəcəli fəhlə vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2002-ci il tarixdə 18 saylı əmrlə həmin tarixdə öz xahişinə əsasən işdən azad edilmiş, xx.xx.2002-ci il tarixdə 125 saylı əmrlə xx.xx.2002-ci il tarixdən Bakı şəhər Rayonlararası İstehsalat Təmir-Tikinti Birliyinə təchizatçı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2006-cı il tarixdə 132 saylı əmrlə həmin tarixdə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2006-cı il tarixdə 10 saylı əmrlə xx.xx.2006cı il tarixdən Tam ortaqlı “MŞ” şirkətinin balıq emalı sexinə 3-cü dərəcəli fəhlə vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2008-ci il tarixdə 18 saylı əmrlə həmin tarixdə öz ərizəsinə əsasən işdən azad olunmuşdur.

12. Dövlət sosial sığorta şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.1959-cu il tarixdə Cəbrayıl rayonu, Çullu kəndində anadan olmuş Ərizəçi Dövlət sosial sığorta şəhadətnaməsi verilmişdir (SSN **********562).

13. Mülki işin materiallarına əlavə olunmuş X4 məxsus ******* saylı əmək kitabçasının surətindən (əslinə məhkəmə baxışı zamanı baxış keçirilmişdir) görünür ki, xx.xx.1970-ci il tarixli, 155 saylı əmrlə Jdanov adına sovxoza üzümçülükdə fəhlə vəzfiəsinə işə qəbul edilmiş, xx.xx.1983-cü il tarixli, 120 saylı əmrlə M.V.Vidadi adına sovxozda üzümçülükdə işə qəbul edilmiş, xx.xx.1990-cı il tarixli, 10 saylı kolxoz idarə heyətinin qərarı ilə M.V.Vidadi adına kolxoza üzümçü işinə qəbul edilmiş, xx.xx.1997-ci il tarixli, 46 saylı kolxoz idarə heyətinin qərarı ilə M.V.Vidadi adına kolxozun fəaliyyəti dayandığı üçün işdən azad edilmişdir.

14. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Cəbrayıl Rayon İcra Hakimiyyəti Cəbrayıl rayon Dövlət Arxivi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialına ünvanlanmış xx.xx.2022-ci il tarixli, 44 nömrəli məktubundan görünür ki, xx.xx.1993-cü il tarixdə Cəbrayıl rayonunun işğal olunması ilə əlaqədar Cəbrayıl rayon Jdanov adına üzümçülük sovxozunun mühasibat sənədləri, əmr və əmək haqqı cədvəlləri işğal zonasında qalmışdır. Odur ki, Ərizəçi 1977ci il tarixdən 1980-cı il tarixədək və 1985-ci il tarixdən 1993-cü illər üzrə iş stajı və əmək cədvəlləri barədə Cəbrayıl rayon Dövlət Arxivində heç bir məlumat yoxdur.

15. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin Abşeron-Xızı regional filialı tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktubdan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən pensiya yaşına çatmış hər bir vətəndaşın fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə ən azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququnun olması, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 22-1-ci maddəsinin 22.1.5-ci bəndinə əsasən 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22.1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmədiyi bildirilərək, bu hal “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 22.1-ci maddəsinin tələblərinə uyğun olmadığından ərizəçiyə yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir.

16. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin Abşeron-Xızı regional filialı tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubdan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən pensiya yaşına çatmış hər bir vətəndaşın fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə ən azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququnun olması, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 22-1-ci maddəsinin 22.1.5-ci bəndinə əsasən 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22.1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmədiyi, 1977-ci il tarixdən, eyni zamanda 1985-1993cü illərdə Cəbrayıl rayonu Jdanov adına üzümçülük sovxozunda fəhlə işlədiyi dövrlərin sənədlərinin təqdim edilməməsi və müəssisənin hüquqi ünvanının məlum olmaması səbəbindən qeyd edilən dövrlərin sosial sığorta stajına daxil edilməməsi bildirilərək, bu hal “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olmadığından ərizəçiyə yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir.

17. Şahid qismində ifadə verən X3 ifadəsində göstərmişdir ki, Ərizəçi ilə həmkəndlidirlər, eyni kənddə, Cəbrayıl rayonu, Çullu kəndində anadan olmuşlar və Cəbrayıl rayonunda yerləşən Jdanov adına üzümçülük sovxozunda birlikdə işləmişlər. Daha sonra sovxozun adı dəyişdirilərək Vidadi adına sovxoz olmuşdur. Verilmiş suallara cavabında qeyd edir ki, o, özünə aid əmək kitabçasını məlum hadisələrə qədərki dövrdə sovxozdan almış, məcburi köçkün düşən dövrdə özü ilə gətirmiş, lakin Ərizəçi əmək kitabçası məlum hadisələrlə əlaqədar işğal edilmiş ərazidə qalmışdır.

18. Şahid qismində ifadə verən X7 ifadəsində göstərmişdir ki, Ərizəçi ilə həmkəndlidirlər, eyni kənddə, Cəbrayıl rayonu, Çullu kəndində anadan olmuşlar, kənddə qonşu olmuşlar və Cəbrayıl rayonunda yerləşən Jdanov adına üzümçülük sovxozunda birlikdə işləmişlər. Daha sonra isə sovxozun adı dəyişdirilərək Vidadi adına sovxoz olmuşdur. O, Jdanov adına üzümçülük sovxozunda 1966-cı il tarixdən işləmişdir. Ərizəçi isə o, Jdanov adına üzümçülük sovxozunda işləməyə başlayandan sonrakı illərdə işləməyə başlamışdır. Ərizəçi 1993-cü il tarixdəki məlum hadisələrə kimi onunla birlikdə sözügedən sovxozda işləmişdir.

19. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.

21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir.

22. Həmin Qanunun 23-cü maddəsinə görə vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisindəki qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.

23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 3364 saylı, 10 oktyabr 2007-ci il tarixli qeydiyyatdan keçmiş Dövlət Sosial Müdafiə Fondu Kollegiyasının 24 sentyabr 2007-ci il tarixli qərarının 2.5-ci bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlərin üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilinməməsi və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir.

24. Mülki işin materiallarına əlavə olunmuş X1 məxsus ******* saylı əmək kitabçasının surətindən görünür ki, xx.xx.1971-ci il tarixli, 130 saylı əmrlə Jdanov adına sovxoza fəhlə vəzfiəsinə işə qəbul edilmiş, xx.xx.1982-ci il tarixli, 80 saylı əmrlə M.V.Vidadi adına sovxoza fəhlə vəzfiəsinə işə qəbul edilmiş, xx.xx.1990-cı il tarixli kolxoz idarə heyətinin qərarı ilə M.V.Vidadi adına kolxoza üzümçülükdə fəhlə vəzfiəsinə işə qəbul edilmiş, xx.xx.1995-ci il tarixli kolxoz idarə heyətinin qərarı ilə M.V.Vidadi adına kolxozun fəaliyyəti dayandığı üçün işdən azad edilmiş, xx.xx.1997-ci il tarixli, 84 nömrəli əmrlə ehtiyaca görə Cəbrayıl rayonu, M.Allahverdiyev adına Çullu kənd tam orta məktəbində xidmətçi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2019-cu il tarixli, 223 saylı əmrlə həmin tarixdə çalışmanın yaş həddi başa çatdığına görə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

25. Mülki işin materiallarına əlavə olunmuş X4 məxsus ******* saylı əmək kitabçasının surətindən görünür ki, xx.xx.1970-ci il tarixli, 155 saylı əmrlə Jdanov adına sovxoza üzümçülükdə fəhlə vəzfiəsinə işə qəbul edilmiş, xx.xx.1983-cü il tarixli, 120 saylı əmrlə M.V.Vidadi adına sovxozda üzümçülükdə işə qəbul edilmiş, xx.xx.1990-cı il tarixli, 10 saylı kolxoz idarə heyətinin qərarı ilə M.V.Vidadi adına kolxoza üzümçü işinə qəbul edilmiş, xx.xx.1997-ci il tarixli, 46 saylı kolxoz idarə heyətinin qərarı ilə M.V.Vidadi adına kolxozun fəaliyyəti dayandığı üçün işdən azad edilmişdir.

26. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Ərizəçi 1977-ci ildən 1980-cı ilə və 1985-ci ildən 1993-cü ilə kimi Cəbrayıl rayonunda yerləşən Jdanov adına üzümçülük sovxozunda (sonrakı adı M.V.Vidadi adına kolxoz) fəhlə işləmişdir. Bu hal eyni sovxozda ərizəçi ilə birlikdə çalışan yuxarıda qeyd edilən şahidlərin izahatları və onların əmək kitabçaları ilə tam təsdiq olunur. Lakin, ərizəçi baş vermiş məlum hadisələrlə əlaqədar əmək kitabçası və əmək fəaliyyəti ilə əlaqədar digər sənədləri götürə bilməmiş, həmin sənədlər Cəbrayıl rayonunda qalmış və həmin faktı təsdiq edən sənədləri başqa qaydada əldə etmək mümkün olmadığı üçün məhkəmə qaydasında müəyyən olunmalıdır.

27. Abşeron Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2(012)-3458/2022 nömrəli qətnaməsi ilə (hakim Elçin Kazımov) Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsi 1 saylı regional Ərazi Filialına qarşı işləmə faktının müəyyən olunmasına dair ərizəsi təmin edilib, Ərizəçi 1977-ci il tarixdən 1980-cı il tarixədək və 1985-ci il tarixdən 1993-cü il tarixədək Cəbrayıl rayonunda yerləşən Jdanov adına üzümçülük sovxozunda (sonrakı adı M.V.Vidadi adına kolxoz) fəhlə işləməsi faktının müəyyən edilməsi qət edilmişdir.

28. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 və 23-cü maddələri, Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4, 305.1.1, 307.1, 307.2.11, 308, 311-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

29. Maraqlı şəxs apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2(012)-3458/2022 nömrəli qətnaməsinin ləğv edilib, ərizənin təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri:

30. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə Ərizəçi ərizəsi təmin edilib, 1977-ci il tarixdən 1980-cı il tarixədək və 1985-ci il tarixdən 1993-cü il tarixədək Cəbrayıl rayonunda yerləşən Jdanov adına üzümçülük sovxozunda (sonrakı adı M.V.Vidadi adına kolxoz) fəhlə işləməsi işləməsi faktı müəyyən edilmişdir. Ərizəçi ərizəsində 1977-ci iltarixdən 1980-ci il tarixədək Cəbrayıl rayonu “Jdanov” adına üzümçülük sovxozunda fəhlə işlədiyini, 1980-1981-ci illərdə peşə məktəbində, 1982-1985-ci illərdə texnikumda təhsil aldığını, təhsilini bitirdikdən sonra yenidən sözügüdən sovxozda 1985-ci il tarixdən 1993cü il tarixədək işlədiyini, lakin məlum məsələlərə görə işlədiyini sübuta yetirə bilmədiyindən məhkəməyə müraciət etdiyini bildirmişdir. İş materiallarından göründüyü kimi, ərizəçinin məhkəmə qaydasında müəyyən edilməsini tələb etdiyi dövrlərə dair əmək kitabçası mövcud olmadığı halda, şahid qismində dindirilmiş X9 və X4 məxsus əmək kitabçası vardır. Digər tərəfdən, məlum olduğu kimi Cəbrayıl rayonu xx.xx.1993-cü il tarixdə işğal olunmuşdur. Lakin şahid qismində dindirilmiş Q.H.Bəşirovaya məxsus əmək kitabçasında isə sözügedən sovxozda xx.xx.1995-ci il tarixdə, Ş.Ş.Məmmədovaya məxsus əmək kitabçasında isə sözügedən sovxozda xx.xx.1995-ci il tarixdə işdən azad edilməsinə dair qeyd mövcuddur. Həmçinin şahid Q.H.Bəşirovaya məxsus əmək kitabçasında M.V.Vidadi adına kolxozun fəaliyyətinin xx.xx.1995-ci il tarixdə dayandırıldığı qeyd edilsə də, digər şahid Ş.Ş.Məmmədovaya məxsus əmək kitbçasında isə həmin kolxozun fəaliyyətinin dayandırıldığı tarix xx.xx.1997-ci il olaraq qeyd edilmişdir. Şahid qismində dindirilmiş X4 məxsus əmək kitabçasında 1970-ci il tarixdə işə qəbul edilməsinə dair qeyd olsa da, əmək kitabçasının doldurulma tarixi 1999-cu ilə təsadüf etmişdir. Həmçinin digər şahid X1 məxsus əmək kitabçasında 1971-ci il tarixdə işə qəbul edilməsinə dair qeyd olsa da, əmək kitabçasının doldurulma tarixi 1993-cü ilə təsadüf etmişdir. Lakin məhkəmə iclasında şahid qismində ifadə vermiş Ş.Ş.Məmmədova və Q.H.Bəşirova özlərinə aid əmək kitabçalarını məlum hadisələrə qədərki dövrdə (xx.xx.1993) sovxozdan aldıqlarını bildirmişlər. Əmək kitabçasını sovxozdan aldıqdan sonra həmin sovxozda işləməyə davam etməklə bağlı şahid ifadələrinin həqiqətə uyğun olmadığı açıq aşkar görünsə də, birinci instansiya məhkəməsi tərəfindən sözügedən hallara hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək ərizənin təmin edilməməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

31. Ərizəçi tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları

32. Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi.

33. Ərizəçi apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

34. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsi

35. Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.

37. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir.

38. Həmin Qanunun 23-cü maddəsinə görə vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisindəki qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.

39. Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 3364 saylı, 10 oktyabr 2007-ci il tarixli qeydiyyatdan keçmiş Dövlət Sosial Müdafiə Fondu Kollegiyasının 24 sentyabr 2007-ci il tarixli qərarının 2.5-ci bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlərin üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilinməməsi və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Mülki Prosesual Məcəllə

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

42. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.

45. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

48. Maddə 305.1.1. Məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır.

49. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

50. Maddə 307.2.11. Qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir.

51. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.

52. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır.

Apellyasiya baxışının hədləri

53. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Ərizəçinin adına iddia olunan əmək kitabçasını tərtib edən təşkilatın mövcud olmadığı və orada yol verilmiş səhvin məhkəmədən kənar başqa qaydada düzəldilməsinin mümkün olmaması aşkardır.

56. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun.

57. MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz.

58. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir.

59. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir.

60. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

61. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

62. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

63. Göründüyü kimi, birinci instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq sübutları Mülki Prosessual Məcəllənin tələblərinə əsasən düzgün qiymətləndirmişdir.

64. Apellyasiya şikayətlərinin dəlillərinə birinci instansiya məhkəməsi tərəfindən tam qiymət verilib.

65. Bu baxımdan, birinci instansiyası məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi barədə şikayətin dəlilləri əsassızdır.

66. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2(012)-3458/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar