Məhkəmə qərarları › İş №2(105)-2142/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2142/2021

05.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2142/2021 05.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X8 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçının nümayəndəsi: X9, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının Qaçqınlarının və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) iddia tələbinin təmin edilməsi, Cavabdeh və ona məxsus əşyaların ünvan 1 ünvanda yerləşən 40 nömrəli 1 otaqlı mənzildən çıxarılması, həmin mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Cavabdeh qarşı «mənzildən çıxarılma və mənzilin boşaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və ona məxsus əşyaların ünvan 1 ünvanda yerləşən 40 nömrəli 1 otaqlı mənzildən çıxarılması və mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası» təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildirirlər ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlərə verilmiş mənzillərdə müqavilədə adı keçməyən şəxslər qeyriqanuni yolla yaşayır. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 08 iyul 2019-cu il bina 738-12/40 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Qubadlı rayonundan məcburi köçkün X1 tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 1005 mənzilli Yeni Yaşayış kompleksi 12 saylı binada 40 nömrəli 1 otaqlı mənzillə təmin edilmişdir. 18 fevral 2020-ci il tarixdə X4 vəfat etmişdir. Xüsusi təyinatlı müqavilənin şərtlərinə əsasən mənzildə yaşayan şəxs (kirayəçi) vəfat etdiyi təqdirdə mənzilin açarı Mənzil İstismar Departamentinin Sumqayıt şəhəri üzrə Mənzil Kommunal İstismar Sahəsinə təqdim edilməli olduğu halda, Mənzil Kommunal İstismar Sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı 40 nömrəli mənzildə Cavabdeh qeyri-qanuni yaşadığı müəyyən edilmişdir. Sahə rəisi tərəfindən 40 nömrəli mənzilin Cavabdeh tərəfindən zəbt edilməsi və mənzildə qeyriqanuni yolla yaşaması müəyyən edildiyindən, həmin mənzilin boşaldılıb təhvil verilməsi barədə ona dəfələrlə xəbərdarlıqlar edilmiş, lakin cavabdeh şəxs mənzilin təhvil verilməsindən imtina etmişdir. Baxmayaraq ki, Cavabdeh həmin yaşayış kompleksində bina 8-də 62 saylı 3 otaqlı mənzillə təmin edilmişdir. «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası»nın 3.2, 3.3, 3.4, 3.5, 3.6, 3.7-ci bəndlərinə, Mənzil Məcəlləsinin 82.5, 91.2, 91.3, 98.1, 99.1, 99.2, 99.3, 99.4, 100.3cü maddələrinə istinad edən iddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. X14 1-ci qrup gözdən əlil idi, kənar şəxslərin qulluğuna ehtiyacı olmuşdur. Buna görə də oğlu, məhrumun nəvəsi X5 onun atasına qulluq etmişdir. Lakin atası Cavabdeh 08 iyul 2019-cu ildə kirayə müqaviləsi bağlanarkən İlkin Əhmədzadənin babası ilə bir yerdə yaşayaraq ona qulluq etməsi göstərilmişdir. Hesab edir ki, mərhum atasının vəfatından sonra həmin mənzildə yaşamış olan İ.Əhmədzadə ilə yeni kirayə müqaviləsi bağlanmalıdır. Oğlunun digər bir yerdə yaşayış yeri yoxdur, onun ayrıca mənzili olmadığına görə ailə həyatı qurmur. O, 1-ci Qarabağ müharibəsi veteranıdır, 2-ci qrup əlildir. Məcburi köçkün kimi məskunlaşdığı mənzildə yaşamalıdır və onunla yeni kirayə müqaviləsi bağlanmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2021-ci il tarixli 2(060)-1800/2021 saylı qətnaməsini ləğv edərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İddiaçının nümayəndəsi E.Z.Əliyev apellyasiya şikayətini müdafiə etdi, iddia ərizəsinə oxşar izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı təmin edərkən, iddiaçının mülkiyyətində olan mübahisəli evin cavabdeh tərəfindən könüllü boşaldılmasına razı olmadığına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, 08 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə S.H.Əhmədov arasında xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmış, Qubadlı rayonundan məcburi köçkün olan S.H.X10 çərçivəsində Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 1005 mənzilli Yeni Yaşayış kompleksi 12 saylı binada 40 nömrəli 1 otaqlı mənzillə təmin edilmişdir. Müqavilənin 5.5-ci bəndinə əsasən bu müqaviləyə yaşayış sahəsində tənha yaşayan kirayəçinin vəfatı ilə əlaqədar xitam verilir. Yuxarıdakı müqavilədən görünür ki, müqavilənin 1.2-ci bəndində kirayəçinin ailə üzvləri siyahısında heç kim göstərilməmişdir. Sumqayıt «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 fevral 2020-ci il tarixli AZ-İİ seriyalı 075044 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, S.H.Əhmədov 18 fevral 2020-ci il tarixdə, Sumqayıt şəhərində, ürəyin hipertenziv xəstəliyindən vəfat etmiş, bu barədə 24 fevral 2020-ci il tarixdə 448 saylı akt qeydi aparılmışdır. İddia ərizəsinə əlavə edilmiş digər sənədlərdən görünür ki, mərhumun oğlu, həmin yaşayış kompleksində bina 8-də 62 saylı 3 otaqlı mənzillə təmin edilmiş (əsas: Repatriasiya Departamentinin verdiyi köçürmə vərəqəsi) Cavabdeh yuxarıda qeyd olunan - Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 1005 mənzilli Yeni Yaşayış kompleksi 12 saylı binada yerləşən 40 nömrəli 1 otaqlı mənzili zəbt etmişdir. Məhkəmə kollegiyası Cavabdeh oğlunun digər bir yerdə yaşayış yerinin olmaması, onun 2-ci qrup əlil olması ilə əlaqədar olaraq onunla mübahisəli mənzilə yeni kirayə müqaviləsinin bağlanmasını nəzərə alıb, evdən çıxmaması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası»nın 3.2-ci bəndinə əsasən məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. Qaydanın 3.3-cü bəndinə əsasən məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. Qaydanın 3.7-ci bəndinə əsasən məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti ola bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1.5-ci maddəsinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Mənzil Məcəlləsinin 98.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Həmin Məcəlləsinin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Mənzil Məcəlləsinin 99.6-cı maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Mənzil Məcəlləsinin 100.3-cü maddəsinə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Mənzil Məcəlləsinin 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Göründüyü kimi, cavabdeh qanunvericiliyin və kirayə müqaviləsinin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 09 aprel 2021-ci il tarixli 2(060)-1800/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar