Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2146/2021 20.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi ilə, Ərizəçi şəxsin ölmüş elan edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-934/2021 saylı, 02 aprel 2021-ci il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-934/2021 saylı, 02 aprel 2021-ci il tarixli qətnaməsi ilə ərizə təmin olunmamışdır. (hakim A.Süleymanova). Ərizəçi Ərizəçi qızı qətnamədən apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-934/2021 saylı, 02 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, ərizənin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Gürcüstan Respublikası, Bolnisi rayonu, Akaurta kəndində 19 fevral 1960-cı il tarixdə anadan olmuş və ünvan 1 ünvanında yaşamış X1 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 19 fevral 1960-cı il təvəllüdlü, Gürcüstan Respublikası, Bolnisi rayonu, Akaurta kəndində anadan olmuş X3 ilə 11.04.1984-cü il tarixdə nikah bağlayaraq ailə qurmuşdur. Onlar Sumqayıt şəhəri, 5 mkr., 9\5 saylı evin 59 saylı mənzilində yaşamışlar və 1992-ci ildən həmin ünvanda qeydiyyatdadırlar. 1993-cü il tarixdə həmin mənzili özəlləşdirmişlər və mülkiyyətçi kimi əri qeyd edilmişdir. Əri Sumqayıt şəhər Polis İdarəsində mayor rütbəsində çalışmışdır. O, 1995-ci ildə işdən çıxmış və işləmək üçün Rusiyaya getmişdir. O, azyaşlı 3 uşağı ilə mənzildə qalmışdır. Həmin vaxtdan uzun illər keçmiş, amma ərindən bir xəbər olmamışdır. Ərinin ata-anası, iki bacısı ilə də əlaqə saxlamış, amma onların da bu illər ərzində ərindən xəbərləri olmamışdır. Uzun illər ərindən xəbər olmayandan sonra, artıq onun itkisi ilə razılaşmağa məcbur olmuş, o, uşaqları, ərinin bacıları onun öldüyünü qəbul etmişlər. Onun gedib bir daha geri qayıtmamasından, ondan hər hansı bir məlumat olmamasından artıq 25 il vaxt keçmişdir. Bu halda həmin şəxs ölmüş elan edilməlidir. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Ərizəçi qətnamədən verdiyi apelyasiya şikayətini ərizəsilə eyni məzmunda tərtib edərək, şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qəbul edilərkən maddi və presussual hüquq normaları düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar tam aydınlaşdırılmamış, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun deyildir və buna görə də qətnamə ləğv edilərək ərizənin təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında Ərizəçi apelyasiya şikayətini müdafiə edib, onun təmin edilməsini xahiş etdi. İş üzrə maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan İİİ-Tİ seriyalı, 308046 nömrəli nikah şəhadətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, X3 ilə X4 arasında Gürcüstan SSRİ Bolnisi rayonu, Akaurtu kənd sovetliyində 11 aprel 1984-cü il tarixdə 26 saylı nikah qeydi ilə nikah bağlanmış, arvada Məmmədova soyadı verilmişdir. Yenə iş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 7 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən təsdiq edilmiş 19 okyabr 2020-ci il tarixli aktdan görünür ki, 19.02.1960-cı il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan X3 1995-ci ildən həmin ünvanda yaşamır. Yenə də iş materiallarında olan qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 X1 mülkiyyətindədir. İşdə olan Dövlət Sərhəd Xidmətinin 05 dekabr 2020-ci il tarixli məktubundan görünür ki, X1 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Yenə işdə olan Sumqayıt Şəhər Prokurorluğunun 18 fevral 2021-ci il tarixli məktubundan görünür ki, 19.02.1960-cı il təvəllüdlü X2 ölümü və ya itkin düşməsi ilə bağlı şəhər prokurorluğunda araşdırılma aparılmamışdır. Yenə də işdə olan Sumqayıt şəhər Polis İdarəsinin 29 mart 2021-ci il tarixli məktubundan görünür ki, X2 ölümü, itkin düşməsi və axtarışda olması ilə əlaqədar Sumqayıt şəhər Polis İdarəsində hər hansı məlumat qeydə alınmamışdır. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-934/2021 saylı, 02 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçinin əri X3 1995-ci ildə Rusiya Federasiyasına gedərək, yaşadığı mənzili tərk etmişdir və həmin vaxtdan sonuncu barədə heç bir məlumat yoxdur. 25 ildən artıq vaxt keçməsinə baxmayaraq, bu müddət ərzində ərizəçi tərəfindən şəxsin axtarılması ilə bağlı heç bir hərəkət edilməmişdir. Bundan başqa, şəxsin ölkədən çıxışı, eləcə də axtarışı, itkin düşməsi və ya ölümü ilə bağlı hüquq mühafizə orqanlarında heç bir məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Şərh olunan hüquq normasının məzmunundan göründüyü kimi, şəxsin ölmüş elan edilməsinin müəyyən edilməsi üçün şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumatın olmaması tələb olunur. İşdən görünür ki, Ərizəçi ərinin Rusiya Federasiyasına getdiyini, həmin vaxtdan onun barəsində məlumat olmaması əsası ilə çıxış edərək hazırkı xahişlə məhkəməyə müraciət etmişdir. İşə baxan məhkəmə haqlı olaraq qeyd etmişdir ki, Ərizəçi ərinin Rusiya Federasiyasına getməsi və onun harada olması barədə məlumatların olmaması barədə göstərdikləri ölmüş elan olunması tələb edilən şəxsin hazırda Rusiya Federasiyasında yaşayıb-yaşamamasını yoxlamadan bu qənaətə gəlinməsi üçün əsas hesab edilə bilməz. Qanunla müəyyən edilmiş müstəsna hallarda müəyyən edilə bilən və ciddi hüquqi nəticələrə səbəb ola biləcək hal olan şəxsin ölmüş elan edilməsi, yalnız həmin şəxsin axtarışı üzrə bütün mümkün vasitələr tükəndikdən sonra mümkündür. Hazırda isə, nə qədər ki ərizəçiyə ərinin Rusiya Federasiyasına getməsi məlumdur, onun ölmüş elan edilməsi, yalnız həmin şəxsin Rusiya Federasiyasında olmaması ilə bağlı rəsmi məlumatın əldə edildiyi təqdirdə mümkün ola bilər. Bu isə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının tərəfdaş çıxdığı “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22 yanvar 1993-cü il tarixli Minsk Konvensiyası çərçivəsində ərizəçilərin və yaxud hüquq-mühafizə orqanlarının sorğularına əsasən əldə edilə bilinsə də, bununla bağlı hər hansı müraciət edilməmişdir. Göründüyü kimi, ərizəçidə X5 Federasiyasına getməsi barədə məlumat olsa da, onun nə ölkə ərazisində axtarışı, nə də ki, Rusiya Fedrasiyası ərazisində axtarışı ilə bağlı hər hansı aktiv hərəkətlər edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1 və 305.1.2-ci maddələrinə əsasən məhkəmələr şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Məhkəmə kollegiyasının iclasında Ərizəçi ərinin RF-də yaşayıb-yaşamaması barədə RF-nin ölkəmizdəki Konsulluğuna müraciət etmədiyini bildirdi. O, qeyd etdi ki, ərizənin verilməsinin məqsədi yaşadığı evin mülkiyyətçisinin əri olması səbəbindən ona sərəncam verə bilməməsidir. Hazırkı ərizə təmin edilsə, mənzilin mülkiyyətçisi dəyişəcək və ailə üzvlərindən biri ilə əvəzlənəcək. Bu hallara qiymət verərək, məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda Ərizəçi ərizəsinin təmin edilməməsi barədə işə baxan məhkəmə qanuni və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası da bu mövqe ilə razılaşır və işin müəyyən edilən hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərinin ölmüş elan edilməsi barədə Ərizəçi ərizəsi rədd olunmalıdır. Məhkəmə kollegiyası ərizəçinin apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-934/2021 saylı, 02 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası izah edir ki, hazırki halda ərizənin təmin edilməməsi qətnamədə şərh olunan zəruri hərəkətləri edib, onların nəticəsindən asılı olaraq yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1, 119.5-ci maddələrinə əsasən apelyasiya şikayəti təmin edilmədiyi üçün apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Ərizəçi özünə aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-934/2021 saylı, 02 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-2146/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2146/2021
20.08.2021 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver