Məhkəmə qərarları › İş №2(105)-2149/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2149/2020

03.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2149/2020 03.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X2,İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-881/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-881/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Günel Tanrıverdiyeva) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh 2500 manat məbləğində pulun və 24 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh 2500 manat məbləğində əsas borcun, 500 manat məbləğində əldən çıxmış faydaya görə pulun, 200 manat məbləğində çəkilmiş zəruri xərclərin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, 2018-ci ilin avqust ayında qızıl alveri ilə məşğul olan Cavabdeh adlı tanışı həyat yoldaşı Bəhruz Aslanovla birlikdə ona “gələcək yaşayış üçün qızıl yatarı saxla” deyib şirnikləndirərək biznes işi qurmağı təklif etmişdir. Cavabdeh onun etibarından sui-istifadə edərək 2500 manat almış, əvəzində 3-4 aydan bir qızıl verməyi vəd etmişdir. Cavabdehə inanıb pulu bir şərtlə vermişdir ki, lazım olan vaxtda pulunu qaytarsın. Cavabdeh də nə vaxt lazım olsa, 1 həftəyə çatdıracağına söz vermişdir. 2018-ci ilin dekabr ayında zəng vurub pulunu istədikdə, cavabdeh burada deyil, Moskvada olduğunu, qızıllarının isə başqa bir adamda olduğunu, həmin adamın noyabr ayında öldürüldüyünü bəhanə edərək yalan söyləmiş, onu mart ayına qədər gözləməyə məcbur etmişdir. Bu arada əməliyyatı olunduğu üçün təcili pul lazım olduğundan cavabdehdən pulunu tələb etdikdə, pulu olmadığını demişdir. Mart ayında zəng vurduqda isə cavabdeh avqust ayına qədər ondan möhlət istəmişdir. O da insanlıq edib gözləmişdir. Avqust ayında cavabdehə yenə zəng vuranda pulu olmadığını deyib, bir daha zəng vurub onu narahat etməməyini bildirmiş, nalayiq söyüşlərlə onu təhqir edib, hədə-qorxu gəlmişdir. Halbuki, Cavabdeh sentyabr ayında 2000 manat məzuniyyət pulu almışdı və istəsəydi borcunu qaytarardı. Cavabdeh onun tənha qadın olmağından sui- istifadə edib talamaq niyyəti ilə pulunu alıb mənimsəmişdir. Ona görə də xx xxxxxxx 2019-cu il tarixdə təhlükəsizliyi və pulunun alınıb qaytarılmasında köməklik edilməsi üçün Azərbaycan Respublikası DİN “102” xidmətinə müraciət etmişdir. Cavabdeh Sumqayıt şəhər Polis idarəsinin 3-cü Polis bölməsində müstəntiqə yalan ifadə verərək ona 2500 manatı qaytardığını, onun 2500 manat faiz tələb etməyini bildirmişdir. O, Cavabdeh tərəfindən verilən ifadə və cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarın surətini rəsmi surətdə müstəntiqdən tələb etmişdir. Cavabdehin verdiyi ifadədən görünür ki, həqiqətən də ondan 2500 manat pul almışdır. xx xxxxxx 2019-cu il tarixli məktubuna cavab olaraq bildirilmişdir ki, iş mülki qaydada baxılmalı olduğundan məhkəməyə göndərilməlidir. Cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar və cavabdehin izahatı onu təqdim edilməmiş, şifahi olaraq bildirilmişdir ki, məhkəmə tələb etsə, izahat göndərilə bilər. Cavabdeh həmin pulu ödəsəydi, 2500 manat pulu dövriyyəyə buraxaraq ən azından gəlir əldə edə bilərdi. Belə ki, illik bank faiz dərəcəsi ilə həmin pulu 10 faizlə banka versəydi, iki ilə 500 manata yaxın gəlir əldə edə bilərdi. Göründüyü kimi, cavabdehə verdiyi 2500 manat məbləğində pulu qaytarmaması ona 500 manat məbləğində ziyan vurulmasına gətirib çıxarmışdır. Həmçinin onun məhkəməyə iddianın təqdim edilməsi, sorğuların göndərilməsi və sair sənədlərin toplanılması üçün çəkdiyi xərclər 200 manat təşkil edir. Cavabdeh ona 2500 manat məbləğində əsas borcu, 500 manat məbləğində əldən çıxmış faydaya görə pulu ödəməlidir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə onun maddi və prosessual hüquqları pozulmuş, həmçinin iş üzrə həqiqi hallar və tərəflərin qarşılıqlı münasibətləri hərtərəfli araşdırılmamışdır. Belə ki, məhkəmə qətnaməsinə nəzər saldıqda orada heç bir maddi sübutun olmadığı aşkar görünür. Yalnız iddiaçının yalan izahatı və onun polis bölməsində verdiyi izahatına əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, guya onun İddiaçı 2500 manat borcu vardır. Halbuki, polis bölməsində verdiyi izahatında ona qarşı sürülən iddianın yalan olduğunu və faizə götürdüyü pulu iddiaçıya tam qaytardığını bildirmişdir. İş materiallarında onun iddiaçıya borcunun olmasını təsdiq edən hər hansı bir sənəd, müqavilə və sair yoxdur. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, 2500 manat məbləğində pulu cavabdehə borc vermiş, həmin borcu faizə verməmişdir. Cavabdeh borc aldığı həmin məbləği ona qaytarmamışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti faktiki olaraq iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən X3 ünvanlanmış xx.xx.2019-cu il tarixli, 126-********** saylı məktubdan görünür ki, müraciətində qeyd edilən məsələlər ətraflı öyrənilmiş və məlum olmuşdur ki, müraciətdə köməklik göstərilməsini xahiş etdiyi məsələ Azərbaycan Respublikasının Mülki və Mülki-Prosessual Məcəllələrinin tələblərinə əsasən məhkəmələrin səlahiyyətindədir. Odur ki, tələbi məhkəmə baxışının predmeti olduğundan Azərbaycan Respublikası MPM-nin 149, 150-ci maddələri ilə müəyyən edilmiş qaydada iddia ərizəsi ilə şikayət etdiyi şəxsin yaşayış yeri üzrə müvafiq məhkəməyə müraciət etmək hüququnun olması nəzərinə çatdırılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindəntələb edilərək işə əlavə edilmiş X1 müraciəti ilə əlaqədar toplanmış materialda olan xx xxxxxxx 2019-cu il tarixli izahatında Cavabdeh göstərmişdir ki, o, Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən 1 saylı evin, 9 saylı mənzilində ailə üzvləri ilə birlikdə yaşayır. Nevroloji xəstə olduğundan on bir ildir Sumqayıt şəhər Bərpa xəstəxanasında müalicə alır, bu səbəbdən də xəstəxananın bütün kollektivini tanıyır. İddiaçı da həmin xəstəxanada işlədiyindən onunla da tanış olmuşdur. Onlar arasında çox yaxın münasibət yaranmış və bir-birlərinə hər şeyi danışmışlar. Təxminən bir il bundan qabaq, yəni 2018-ci ilin avqust ayında Ruhanə ona faizə pul verdiyini bildirmiş və ona 2500 manat pul verməyi təklif etmiş, əvəzində isə ona 3-4 aydan bir qızıl verilməsini istəmiş, o da razılaşmışdır. Sonradan müflis olduğundan, Ruhanənin nə qızılını, nə də faizini verə bilməmişdir, ancaq ondan aldığı 2500 manat pulu qaytarmışdır, indi tələb etdiyi 2500 manat faizdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, cavabdeh borc aldığı 2500 manatı iddiaçıya qaytarmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdeh apellyasiya şikayətində iddiaçıya borclu olduğu pulu qaytardığını göstərmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh iddiaçıya borclu olduğu pulu qaytarması barədə hər hansı sübutu apellyasiya şikayətinə əlavə etməmiş, məhkəmə iclasında da bu hal sübuta yetirilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-881/2020 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Zaur Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar