Məhkəmə qərarları › İş №2(105)-2150/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2150/2022

14.11.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2150/2022 14.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi, İddiaçı: İddiaçı, Cavabdehin nümayəndəsi: X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi və digər tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 28 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 28 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.A.Abdullayev) İddiaçı cavabdeh "xxxx" Market MMC-yə qarşı onun işdən azad edilməyinə dair cavabdehin xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının öz əvvəlki iş yerinə bərpa edilməyi, məcburi buraxılmış iş günlərinə görə pulun hesablanaraq iddiaçıya ödənilməsi, ona ödənilməmiş 1200 manat əmək haqqının ödənilməsi, bölgə müdiri vəzifəsinin icrası ilə əlaqədar xərclədiyi 1010 manat pulun iddiaçıya ödənilməsi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı (bundan sonra - iddiaçı) "xxxx" Market MMC-yə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onun işdən azad edilməyinə dair cavabdehin xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının öz əvvəlki iş yerinə bərpa edilməyi, məcburi buraxılmış iş günlərinə görə pulun hesablanaraq iddiaçıya ödənilməsi, ona ödənilməmiş 1200 manat əmək haqqının ödənilməsi, bölgə müdiri vəzifəsinin icrası ilə əlaqədar xərclədiyi 1010 manat pulun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh MMC-nin Ağcabədi şəhəri, H.Hacıyev küçəsində yerləşən “Oba Ağcabədi 03” filialında işə başlamışdır. xx.xx.2019-cu il tarixdən Cavabdeh MMC-nin Satış 10 şöbəsində administrator vəzifəsinə təyin edilmişdir. Cavabdeh onunla aralarında olan əmək müqaviləsinin şərtlərini pozaraq, onun müqavilə müddəti qurtarmadan, yəni xx.xx.2021-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndini əsas göstərməklə işdən azad etmiş və əmək müqaviləsinə xitam vermişdir. Əmrin surəti ona verilməmiş, xx.xx.2022-ci ildə vəkil sorğusuna əsasən əmrin surəti tarix göstərilmədən xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə təqdim edilmişdir. Yəni əmrin surəti ona rəsmi qaydada verilməsə də, o işdən azad edildiyini bildiyi üçün həmin mübahisənin məhkəmədən kənar həll edilməsi üçün xx.xx.2022-ci il tarixdə mediasiya sessiyası keçirilməsi üçün mediatora müracət etmişdir. Müraciət bir müddət ləngidilmiş, sonra xx.xx.2022-ci ildə yenidən mediasiya şurasına müraciət nəhayət xx.xx.2022-ci ildə müraciətinə baxılmışdır. Lakin onun nümayəndəsi mediasiya sessiyasına gəlmədiyindən ilkin sessiyanın keçirilməsi mümkün olmamışdır. Cavabdeh ilə aralarında olan əmək müqaviləsi xx.xx.2021-ci ildə yenilənmiş və o, xx.xx.2021-ci il tarixə əmək fəaliyyətini davam etdirərək əmək haqqı almışdır. Yəni cavabdehlə aralarında əmək münasibətləri davam etmişdir. Həmin müqavilənin bitmə vaxtı xx.xx.2022-ci il tarix olmasına baxmayaraq cavabdeh onu vaxtından 3 ay əvvəl xx.xx.2021-ci ildə guya əmək müqaviləsinin müddətinin bitməsini əsas göstərməklə qanunsuz olaraq işdən azad etmişdir. Bundan başqa o xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə kimi iki vəzifədə işləmişdir. Yəni öz işilə bərabər sınaq müddətində 2 ay ərzində Zərdab-Ağcabədi Bölgə 47 üzrə 14 mağazanın bölgə müdiri vəzifəsini icra etmişdir. Buna görə ona əməkhaqqı ödənilməmiş, ondan həmin vəzifəni davam etdirmək üçün nəqliyyat vasitəsi almağı tələb edilmiş, o, əlil olduğundan avtomobil əldə edə bilmədiyi üçün bölgə müdiri işləməkdən imtina etmişdir. Həmin 2 ay ərzində isə o, pulundan cavabdehin 14 mağazasının müxtəlif xərclərini ödəmişdir. Həmin xərclərin verilməsini tələb etmiş, lakin ödəniləcəyi bildirilsə də, hazıra kimi həmin xərcin əvəzini də ala bilməmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, göründüyü kimi, işdən azad olunmağı barədə əmr Azərbaycan Respublikası Əmək qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə verilmişdir. Ona görə də ləğv edilməsi labüddür. Lakin Sumqayıt Şəhər Məhkəməsi qeyd edilən konstitusyon hüquq normasının tələblərini nəzərə almamış, kobud pozuntuya yol vermişdir. Məhkəmə, qərarını, özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Lakin məlum olduğu kimi hakim hazırkı mülki işdə çəkişmə prinsipini təmin edilməsi üçün heç bir addım atmamış və işə birtərəfli yanaşmışdır. Bu isə mənim hüquqlarımı kobud şəkildə pozmuşdur. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Amma qətnamədən də görünür məhkəmə cavabdehin MMC, onun isə sadə vətəndaş olmağıma görə ayrı seçkilik etmiş, onun əsassız etirazını nəzərə alarkən onun öz işinə necə yanaşdığını araşdıqmaq niyyətində olmamışdır. Onunla cavabdeh arasında heç bir zaman 6 ay müddətə əmək müqavilısi bağlanmamışdır. Bu barədə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər də saxtadır. Məhkəmə isə cavabdehin təqdim etdiyi sübutların həqiqi və ya saxta olmasını araşdırmamışdır. Beləliklə də həmin prosessual hüquq normasının tələblərini kobud şəkildə pozmuşdur. İddia tələbində də qeyd etdiyi kimi onunla cavabdeh "xxxx" market MMC arasında əmək müqaviləsi 1 il müddət olmaqla xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsi olmuş, xx.xx.2019-cu il tarixdən CavabdehMMC-nin Satış 10 şöbəsində Adminstrator vəzifəsinə təyin edilmişdir. Lakin məhkəmə ona təqdim etdiyi əmək müqaviləsi, bu müddət ərzində icra etdiyim işləri nəzərə almamış, mənimlə cavabdeh arasında heç bir zaman bağlanmamış əmək müqaviləsinə istinad edərək qeyri obyektiv nəticəyə gəlmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 28 iyul 2022-ci il tarixli 2(060)-4472/2022 saylı qətnaməsinin ləğv edib, iddianın təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdehin nümayəndəsi E.V.Kazımov apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia tələbini rədd edərkən, cavabdeh tərəfindən iddiaçının işdən azad olunmasının heç bir qanunun tələblərinin pozulmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdən göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən iddiaçı Cavabdeh MMC-nin Ağcabədi filialına satıcı-kassir kimi işə qəbul edilmişdir. Əmək müqaviləsi 6 ay müddətinə xx.xx.2020-ci il tarixinə kimi bağlanmışdır. Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixli əmrinə əsasən iddiaçı 3 ay sınaq müddəti müəyyən edilməklə satıcı-kassir vəzifəsinə işə qəbul edilib. Onun əmək haqqı 195 manat müəyyən edilib. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2019cu il tarixli əmək müqaviləsi bildirişinə əsasən əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2019-cu ildir. İşə əlavə edilmiş əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli əmək müqaviləsi bildirişinə əsasən əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2020-ci ildir. İş materiallarına əlavə edilmiş əmək müqaviəsinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 1 ay müddətinə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı satış şöbəsinə administrator vəzifəsinə işə qəbul edilmişdir. İddiaçının əmək haqqı 345 manat müəyyən edilmişdir. Əmək müqaviləssində dəyişiklik ediməsi ilə bağlı xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bildirişinə əsasən əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2021-ci ildir. Əmək müqaviləssində dəyişiklik ediməsi ilə xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bildirişinə əsasən əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2021-ci ildir. Əmək müqaviləssində dəyişiklik ediməsi ilə xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bildirişinə əsasən əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2021-ci ildir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (bundan sonra - Əmək Məcəlləsi) əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz (42.1). Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir (42.2). Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi müddətli müqavilə olmuşdur. Əmək Məcəlləsində göstərilir ki, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır (45.1). Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir (45.2.). Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz (45.3.).Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır (45.4.). Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir (45.5.). İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında əmək müqaviləsi əvvəlcə 6 ay müddətinə bağlanmışdır. Sonradan müqavilənin müddəti 6 ay uzadılmış və xx.xx.2020-ci ilə kimi müəyyən edilmişdir. xx.xx.2021-ci ildə iddiaçı satış şöbəsinə administrator vəzifəsinə keçirilmiş və müqavilənin müddəti 1 ay müəyyən edilmişdir. Bu müqavilə hər dəfə 1 ay uzadılmış və xx.xx.2021-ci ildə ona müddətin bitməsi ilə əlaqədar xitam verilmişdir. Əmək Məcəlləsində həmçinin göstərilmişdir ki, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır (68.2.b). Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur (73.1). İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər (73.2). Göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilərkən hər hansı qanun pozuntusuna yol verilməmişdir. İddiaçı ona sentyabr-dekabr ayları ərzində 1200 manat əmək haqqı ödənilmədiyini bildirmiş və cavabdehdən həmin məbləği tələb etmişdir. Lakin, cavabdeh tərəfindən təqdim edilmiş elektron əmək haqqı cədvəllərinə əsasən iddiaçıya həmin aylarda əmək haqqı ödənildiyi müəyyən edilir. İddiaçı əslində əmək haqqısının 600 manat yaxın olduğunu bildirsə də, əmək müqaviləsinə əsasən 345 manat əmək maldığı müəyyən edilir. İddiaçı satış üzrə bölgə müdiri vəzifəsində işləyərkən 1010 manat vəsait xərclədiyini qeyd etsə də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə iddiaçının həmin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı birinci instansiya məhkəməsi tərəfindən onun 1200 manat ödənilməmiş əmək haqqı və 1010 manat xərclədiyi vəsaitin ödənilməsi tələbinə dair münasibət bildirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə cavabdehə qarşı qaldırılan iddiaya münasibət bildirərkən iş materiallarında olan və tərəflərin təqdim etdiyi sübutlara qiymət verməklə qətnamə qəbul edir. Lakin iddiaçı olaraq İddiaçı məhkəməyə nə maddi tələblərini, nə də bölgə müdiri vəzifənsində işlədiyini təstiq edən hər hansı sənəd təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətini araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı Şirali oğlunun apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 28 iyul 2022-ci il tarixli 2(060)-4472/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar