Məhkəmə qərarları › İş №2(105)-2153/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2153/2021

06.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2153/2021 06.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Ərizəçi, maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi hüquq əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 16 aprel 2021ci il tarixli, 2(028)-76/2021 saylı qətnaməsindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəz Filialı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 1978-ci ilin dekabr ayının 1-dən 1992-ci ilin fevral ayının 1-nə kimi Qubadlı rayon SMD-21də qreyderçi vəzifəsində və 01.02.1992-ci il tarixdən 30.12.2002-ci il tarixə kimi Qubadlı rayonu Elektrik şəbəkəsində elektrik montyoru vəzifəsində işləməsi faktın müəyyən edilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək onun 1978-ci ilin dekabr ayının 1-dən 1992-ci ilin fevral ayının 1-nə kimi Qubadlı rayon SMD-21-də qreyderçi vəzifəsində işləməsi faktın müəyyən edilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. Qubadlı Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(028)-76/2021 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, Ərizəçi 1978-ci ilin dekabr ayının 1-dən 1992-ci ilin fevral ayının 1-nə kimi Qubadlı rayon SMD-21-də qreyderçi vəzifəsində işləməsi faktının müəyyən edilməsi qət edilmişdir (hakim Vladimir Ruvinov). Qətnamədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəz Filialı tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi, ərizənin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının nümayəndəsi X4 apelyasiya şikayətinin dəlillərini müdafiə edərək göstərdi ki, Ərizəçi məhkəməyə müraciət edərək, 1978-ci ilin dekabr ayından -01.02.1992ci ilə kimi Qubadlı rayonu SMD-21-də qreyderçi vəzifəsində işləməsi ilə bağlı hüquqi faktın müəyyən edilməsini xahiş etmişdir. Lakin əmək kitabçasındakı qeydlərdən görünür ki, ərizəçinin işlədiyini iddia etdiyi illər əmək kitabçasına daxil edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.2ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 1.3-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1 -ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1 -ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir, 1.6-ci bəndinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin afa bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPMnin 152.1.1 -ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır, 1.7-ci bəndinə əsasən hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. Qeyd edilən normaların mənasından görünür ki, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri vardır. Ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Əmək stajını təsdiq edən sənədlər (mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmçinin Ərizəçi hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən etmək istədiyi müddət 24 il təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 16-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və onları hərbi əməliyyatlar, təbii fəlakət, qəza, dağıntı, milli münaqişə zəmini və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda əmək stajı, o cümlədən imtiyazlı pensiyaya və xidmət illərinə görə pensiyaya hüquq verən iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən Respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilir. İş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblərə görə arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı, eyni dövrdə işləməli və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin -şahidlərin işləmələri barədə sənədləri olmalıdır. Hazırki iş üzrə isə məhkəməyə iki şahid cəlb olunmuşdur. Birinci şahid X5 ifadəsində göstərmişdir ki, o 1978-ci ildən 1993-cü ilin avqust ayının sonuna kimi Qubadlı rayonunda fəaliyyət göstərən SMD-21-də mühəndis işləmişdir. İkinci şahid X3 ifadəsində göstərmişdir ki, o 1978- ci ildən 1993-cü ilin avqust ayının sonuna kimi Qubadlı rayonunda fəaliyyət göstərən SMD-21-də baş iqtisadçı işləmişdir. Qeyd olunan şahidlərdən X2 əmək kitabçasındakı qeydə əsasən 1978-1993-cü illərdə o “Kiçikkanalsutikinti” Trestinin Qubadlı təsərrüfat hesablı sahəsində işləmişdir. Göründüyü kimi də şahidin və ərizəçinin iş yeri fərqlidir. Şahidin birinin əmək kitabçasının hüquqi əsası olmadığı üçün məhkəmə tərəfindən sübut kimi qəbul edilə bilməz. Eyni zamanda, Əsasnamənin eyni bəndinin tələbinə görə, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz. Lakin ərizəçinin təsdiqini tələb etdiyi müddət 12 il 6 aydan çoxdur. Həmçinin ərizəçinin tələb etdiyi müddət pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından çoxdur və əmək stajını təsdiq edən sənədlər mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Qubadlı Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(028)-76/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Ərizəçi apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, 1978-ci ilin dekabr ayının 1-dən 1992-ci ilin fevral ayının 1-nə kimi Qubadlı rayon SMD-21-də qreyderçi vəzifəsində və 01.02.1992-ci il tarixdən 30.12.2002-ci il tarixə kimi Qubadlı rayonu Elektrik şəbəkəsində elektrik montyoru vəzifəsində işləmiş və bu barədə qeydlər əmək kitabçasın da daxil edilmişdir. Bu qeyd işlədiyi müəssisənin rəsmi arayışına əsasən daxil olunmuş və bu da əvvəlki əmək kitabçasının işğal zonasında qalması ilə izah edilir. Buna baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qubadlı rayon Şöbəsi həmin qeydlə kifayətlənməyərək bu faktın daha mötəbər sübutlarla təsdiq edilməsini tələb edir. Bu faktın müəyyən edilməsi həmin dövrün əmək stajının sosial sığorta stajına daxil edilməsi və ona əlilliyə görə əmək pensiyasının təyin edılməsi üçün lazımdır. O, 2019-cü ilin aprel ayından 2-ci qrup əlil kimi pensiyaya çıxmış, lakin əlilliyə görə əmək pensiyasına çıxmağı üçün əvvəlki dövrlərdə işlədiyi müddətin də ümumi sığorta stajina salınması lazımdır. Qubadlı rayonu Elektrik şəbəkəsində elektrik montyoru vəzifəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə pensiya təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qubadlı rayon Şöbəsinin üzərinə qoyulması iddia tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərar yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Ona izah olunmuşdur ki,qeyd edilən dövrün staj hesab edilməsi üçün hüquqi faktı müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməlidir və həmin fakt təsdiq edildikdən sonra yenidən bu barədə müraciət edə bilər. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Qubadlı Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(028)-76/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, ərizəçi və maraqlı tərəfin nümayəndəsinin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayət qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və ərizə baxılmamış saxlanılmalıdır. İş materiallarından göründüyü kimi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 1978-ci ilin dekabr ayının 1-dən 1992-ci ilin fevral ayının 1-nə kimi Qubadlı rayon SMD-21də qreyderçi vəzifəsində və 01.02.1992-ci il tarixdən 30.12.2002-ci il tarixə kimi Qubadlı rayonu Elektrik şəbəkəsində elektrik montyoru vəzifəsində işləməsi faktın müəyyən edilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət etmiş və birinci instansiya məhkəməsi işə xüsusi icraat qaydasında baxaraq ərizəni təmin etmişdir. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə görə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin müəyyən edilməsini məhkəmədən xahiş etdiyi fakt hüquqi əhəmiyyətli (hüquqi nəticələrə səbəb olan) fakt deyildirsə, onun ərizəsi icraata qəbul edilə bilməz. Ona görə ki, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən məhkəmə müdafiəsindən istifadə edilməsinin məqsədi fiziki və hüquqi şəxslərin öz hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etməkdir. Beləliklə belə ərizələrin qəbul edilməsi məhkəmə baxışını məzmunsuz (predmetsiz) etmiş olardı. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədləri başqa qaydada ala bilməməsi dedikdə, həmin sənədləri məhkəmədənkənar qaydada almağın mümkün olmaması başa düşülür. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəz Filialı qeyd edilən faktı mübahisələndirmişdir. Belə olan halda hazırki mülki işə xüsusi icraat qaydasında baxılması qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası MPM-nin 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən hüquq haqqında mübahisənin olduğunu müəyyən etsə də buna əhəmiyyət verməyərək işə mahiyyəti üzrə baxmış və düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəni bu qaydada həll edən birinci instansiya məhkəməsi qanunun tətbiqində səhvə yol vermiş və bunun nəticəsində qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Beləliklə də işə məhkəmədə baxılarkən hüquqi əhəmiyyətli olan faktın tanınmasının hüquq haqqında mübahisə olduğu müəyyən olunmuş və buna görə də məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilən prosessual hüquq normasının tələbinə əsasən hazırkı işə xüsusi icraat qaydasında baxıla bilməz və ərizəçi ümumi əsaslarla iddia icraatı qaydasında məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 306.4-cü maddəsinə görə xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və işdə iştirak edən ərizəçiyə, maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Məhkəmə kollegiyası ərizənin daha əvvəl mübahisə ilə bağlı Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinə müraciət etməsi, iddiasının təmin edilməməsi barədə dəlilinə qiymət verərək qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 1.1-ci bəndinə görə bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanmışdır və əmək pensiyalarının təyin edilməsini, sosial sığorta stajının müəyyən olunmasını, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsini, baxılmasını və saxlanılmasını tənzimləyir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Hazırki işdən görünür ki, ərizəsinin qeyd etdiyi xüsusat, 1978-ci ilin dekabr ayının 1-dən 1992-ci ilin fevral ayının 1-nə kimi Qubadlı rayon SMD-21də qreyderçi vəzifəsində və 01.02.1992-ci il tarixdən 30.12.2002-ci il tarixə kimi Qubadlı rayonu Elektrik şəbəkəsində elektrik montyoru vəzifəsində işləməsi faktı əmək kitabçasında qeyd edilmişdir və həmin dövr üçün iş stajı yuxarıda qeyd edilən Qaydaların tələblərinə uyğun olaraq əmək kitabçasına əsasən müəyyən edilir. AR Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı çəkilən qanunvericilik norması hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsinin zəruri şərtini müəyyən etmişdir. Həmin şərtə görə hüquqi əhəmiyyəti olan fakt özü-özlüyündə mövcud olmalı və yalnız ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməzsə və ya itirilmiş sənədləri bərpa etmək mümkün olmadığı hallarda müvafiq ərizə ilə məhkəməyə müraciət edə bilər. Hazırki halda isə ərizəçinin işləməsi əmək kitabçasında əks olunub, başqa sözlə ərizəçinin əmək stajının olması faktını təsdiq edən əmək kitabçası var və həmin kitabçanın maraqlı şəxs tərəfindən qəbul edilməməsi həmin faktın məhkəmə qaydasında müəyyən edilməsinə əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin işləməsi əmək kitabçasında qeyd edildiyindən, həmin dövr üçün iş stajı yuxarıda qeyd edilən Qaydaların tələblərinə uyğun olaraq əmək kitabçasına əsasən müəyyən olunduğundan, onun iş stajının məhkəmə qaydasında müəyyən edilməsinə zərurət olmamışdır və onun hazırki ərizəsinə məhkəmə qaydasında baxılmalı deyildir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 13.2-ci bəndinə əsasən əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Birinci instansiya məhkəməsi isə sadalanan hallara əhəmiyyət verməyərək ərizəyə məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə ərizənin qəbulundan imtina etmək əvəzinə, ərizəni icraata qəbul edərək işə mahiyyəti üzrə baxmış, məhkəmə araşdırması zamanı da həmin hallara diqqət yetirməmişdir. Bundan əlvavə məhkəmə kollegiyası qeyd edir ki,Ərizəçi Məhərrəm oğlu əmək pensiyası təyin olunması üçün rəsmi qaydada ilkin olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qubadlı rayon şöbəsinə müraciət edə bilər və müraciəti müsbət həll edilmədiyi halda, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində müvafiq iddia qaldıra bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 №-li Qərarının 16.3-cü il tarixli qərarında da məhkəmələrə tövsiyyə olunmuşdur ki, ümumi və ya inzibati-iqtisadi məhkəməyə mülki məhkəmə icraatı qaydasında verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qubadlı Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(028)- 76/2021 saylı qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Qubadlı Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(028)-76/2021 saylı qətnaməsi ləğv olunsun. Ərizəçi hüquq əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Apellyasiya şikayəti qismən təmin edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar