Məhkəmə qərarları › İş №2(105)-2156/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2156/2023

06.12.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2156/2023 06.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə köçürmə tələbinə dair mülki iş üzrə (Açar sözlər: evə köçürülmə) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X8 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2, Cavabdeh iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-3645/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Yardımlı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 424078 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış rəsmi nikah xx.xx.2023-cü ildə ləğv edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Abşeron rayonu Saray qəsəbəsi, Yeni Məhəllə, Üzümlük küçəsində yerləşən fərdi yaşayış evinə övladları X3, X5 və X1 ilə birlikdə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2005-ci ildə ailə qurmuşdur. Onların birgə nikahlarından üç övladları 01 yanvar 2008-ci il təvəllüdlü X3, 08 mart 2006-cı il təvəllüdlü X5 və 09 sentyabr 2009-cu il təvəllüdlü X1 dünyaya gəlmişdir. Onlar 7-8 ay bundan əvvəl boşanmışlar. Ona məxsus əmlaklar ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindədir. Cavabdeh qərəzli olaraq onu uşaqlarıyla birlikdə həmin ünvana buraxmır. Artıq 1 həftədir ki, o, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüşdür və hazırda həmin ünvanda 3 övladı ilə birlikdə yaşayır. Lakin o, cavabdehin sözügedən ünvana gəlməsini istəmir.

4. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-3645/2023 qətnaməsi ilə iddianın təmin edilməməsi, İddiaçı Abşeron rayonu Saray qəsəbəsi, Yeni Məhəllə, Üzümlük küçəsində yerləşən fərdi yaşayış evi ilə bağlı qanuni maraqlarının qorunması məqsədi ilə gələcəkdə iddia qaldırmaq hüququnun olması izah edilməsi qət edilmişdir (hakim Elman Məmmədov).

5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Abşeron rayonu Saray qəsəbəsi, Yeni Məhəllə, Üzümlük küçəsində yerləşən fərdi yaşayış evində iddiaçının övladları X3, X5 və X1 ilə birlikdə yaşaması ilə bağlı mübahisə olmadığından, məhkəmə iddianın rədd edilməsi nəticəsinə gəlir, həmçinin məhkəmə hesab edir ki, Abşeron rayonu Saray qəsəbəsi, Yeni Məhəllə, Üzümlük küçəsində yerləşən fərdi yaşayış evi ilə gələcəkdə iddiaçının qanuni maraqların pozuntusu baş verərsə, yenidən iddia qaldırmaq hüququnun olması izah edilməlidir.

6. Məhkəmə gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 5.1, 14.2, 77.1, 217.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının həmin evə qayıdıb yaşamağı barədə yalan izahat vermişdir. Lakin məhkəmə cavabdehin yalan izahatına əsaslanmış və onun gələcəkdə məhkəməyə müraciət etmək hüququnun olmasını izah etmişdir. Birinci instansiya məhkəməsi hazırda onun fərdi yaşayış evində yaşamamasını nəzərə almamışdır. Bu halı ətraflı araşdırmamışdır. Cavabdeh qərəzli olaraq onu uşaqları ilə birlikdə həmin ünvana buraxmır. Hazırda məcburiyyət qarşısında qalaraq valideynlərinin yanına müvəqqəti olaraq sığınmışdır. Məhkəmədə işə baxılarkən həmin evdə yaşamasını deməmişdir. Cavabdeh məhkəməni aldatmışdır ki, guya o həmin evdə yaşayır. Cavabdeh onu evə buraxmasını desə də bu hal məhkəməni aldatmaq məqsədi daşımışdır. Cavabdeh belə desə də məhkəmədən sonra onu və yetkinlik yaşına çatmayan övladlarını mənzilə buraxmaqdan tamamilə imtina edir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili X6 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh iddia tələbini və apellyasiya şikayətini qəbul etdiyini bildirərək təmin olunmasına etiraz etmədiyini bildirdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

12. Maddə 43.1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

13. Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.

14. Maddə 27.3. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir.

15. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

Azərbaycan Respublikası Ailə Məcəlləsi

16. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

17. Maddə 32.2.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

18. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

22. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

23. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

24. Maddə 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

27. Apellyasiya şikayətindən görünür ki, İddiaçı Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-3645/2023 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirmişdir.

28. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi təmin edilməlidir.

30. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş evə köçürülməsi ilə bağlıdır. Belə ki, mübahisəli evin nikah dövründə tikilməsi işin mübahisəsiz halıdır.

31. Kollegiya hesab edir ki, mübahisəli ev cavabdehin adına olan torpaq sahəsində inşa edildiyindən, Daşınmaz Əmlakın Dövlət Reyestrində mülkiyyət kimi qeydiyyata alınmadığına baxmayaraq, tərəflərin həmin evə əmlak hüquqları vardır.

32. «Van Marle və başqaları Niderlanda qarşı» iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş «əmlak» anlayışı ilə əhatə olunur.

33. Məhkəmə kollegiyası hesab edir ki, keçmiş arvadın nikah dövründə inşa edilmiş tikiliyə köçürülmə tələbinin birinci instansiya məhkəməsi tərəfindən təmin edilməməsi istifadə olunan hüququn ümumi prinsiplərinə və ya hüququn konkret sahələrinə aid prinsiplərinə uyğun olmamışdır. Analoji mübahisələrin həlli ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, bunun üçün başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması üstün tutulmalıdır. Ev qeydiyyatdan keçməsə də, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Müasir dünyada hüququn inkişafı bu istiqamətdədir, ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır. Evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrıayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir.

34. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, kollegiya qeyd edir ki, mübahisəli evə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olsa da, həmin ev faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadəyə yararlıdır. Belə ki, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının azyaşlı uşaqları ilə birlikdə mübahisəli evdə normal şərtlər daxilində yaşamaq, ondan faydalanmaq hüququ vardır.

35. Məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X10rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.

36. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə səhvə yol vermişdir.

37. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir.

38. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)- 3645/2023 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi təmin edilməlidir. İddiaçı Abşeron rayonu Saray qəsəbəsi, Yeni Məhəllə, Üzümlük küçəsində yerləşən fərdi yaşayış evinə övladları X3, X5 və X1 ilə birlikdə köçürülməlidir.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-3645/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilsin. İddiaçı Abşeron rayonu Saray qəsəbəsi, Yeni Məhəllə, Üzümlük küçəsində yerləşən fərdi yaşayış evinə övladları X3, X5 və X1 ilə birlikdə köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar