Məhkəmə qərarları › İş №2(105)-2157/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2157/2023

14.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2157/2023 14.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X5 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və torpaq sahəsi üzərində inşa olunmuş tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-4371/2023 nömrəli, 29 sentyabr 2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı torpaq sahəsindən çıxarılma və torpaq sahəsi üzərində inşa olunmuş tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 ona məxsus ünvan 1i ünvanında yerləşən torpaq sahəsindən məcburi çıxarılması və torpaq sahəsi üzərində inşa olunmuş tikilinin cavabdehin hesabına sökülməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə cavabdeh X1 bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0,0776 ha torpaq sahəsinin cavabdeh X6 tərəfindən İddiaçı Bəhrəm qızına bağışlanması barədə “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin etibarsız hesab edilməsi, bu müqavilə əsasında dövlət reyestrində əmlaka dair İddiaçı Bəhrəm qızma mülkiyyət hüququ ilə bağlı aparılmış qeydin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 2(012)-4371/2023 saylı qərardadına əsasən, İddiaçı cavabdeh X2 qarşı torpaq sahəsindən çıxarılma və torpaq sahəsi üzərində inşa olunmuş tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair mülki iş üzrə cavabdeh X1 bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi, X3 tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 00:04-də "xxxx" ASC, “Sabunçu Branch” Ödəniş sistemində (VÖEN: **********, terminal nömrəsi: K0120014, qəbz nömrəsi: 7633, Xidmət: Məhkəmələr, Fin kod: xxxxxxx) ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun X2 geri qaytarılması qərara alınmışdır. (hakim Habil Əhmədov). Hazırda, cavabdeh X1 vəkili-nümayəndəsi Vəkil2 Abşeron rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 2(012)-4371/2023 saylı qərardadından xx.xx.2023-cü il tarixdə şikayət verərək, qərardadın ləğv edilməsini, qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırki qarşılıqlı iddia ərizəsində olunmuş X2 torpaq sahəsinin ayrılmasına əsas olan inzibati akt Azərbaycan SSR Nazirlər Sovetinin 04 noyabr 1989-cu il tarixli 442 nömrəli qərarına, birliyin 10 iyun 1989-cu il tarixli 17 nömrəli, sovxozun 09 noyabr 1989-cu il tarixli 31 nömrəli əmrlərinə və sovxozun fəhlə və qulluqçularının mənzil şəraitinin yaxşılaşdırmaq üçün ayrılmış komissiyasının 27 dekabr 1989-cu il tarixli 21 nömrəli iclas protokoluna əsasən verildiyindən məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. O, qarşlıqlı iddia ərizəsində qeyd etmişdir ki, İddiaçı Bəhrəm qızı onu məhkəməyə verdiyi iddia ərizəsi ilə tanış olan zaman, iddiaçının iddiya etdiyi torpaq sahəsinin xx.xx.2020-ci ildə X6 tərəfindən İddiaçı bağışlandığını görmüşdür. Əslində isə, burada məqsəd torpağın həqiqətən şəhid ailəsinə bağışlanması yox, şəhid ailəsi adından istifadə etməklə ona qarşı mübarizə aparmaqdır. Sual olunur, əgər torpaq sahəsi onlara məxsus olubsa, bəs niyə görə bu vaxta kimi torpağa sahiblik etməyiblər. Həmin ərazidə yaşayan hansısa sakin onları tanıyırmı, və yaxud onlar sakinlərdən kimisə tanıyırlarmı? Göründüyü kimi, X6 ilə İddiaçı Bəhrəm qızı arasında bağlanan “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” yalnız görünüşü üçün bağlanmış əqddir. X6 şəhid ailəsi adı ilə ona qarşı iddia qaldırır. Mülki qanunvericiliyə əsasən əqd, mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.2, 324.4 və 324.5-ci maddələri). Göründüyü kimi, o, qarşılıqlı iddia ərizəsini Azərbaycan SSR Nazirlər Sovetinin 04 noyabr 1989 cu il tarixli 442 nömrəli qərarına, birliyin 10 iyun 1989-cu il tarixli 17 nömrəli, sovxozun 09 noyabr 1989-cu il tarixli, 31 nömrəli əmrlərinə və sovxozun fəhlə və qulluqçularının mənzil şəraitinin yaxşılaşdırmaq üçün ayrılmış komissiyasının 27 dekabr 1989-cu il tarixli 21 nömrəli iclas protokoluna əsasən deyil, iddiaçı ilə X6 arasında bağlanmış bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlı iddia qaldırmışdır. İş materiallarından görünür ki, iddiaçının adına çıxarış bağışlama müqaviləsi əsasında verilmişdir. Belə olduğu təqdirdə, o, inzibati aktı deyil, çıxarışın uydurma əqd əsasında verildiyini iddia edir. Bu zaman iddialarına mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Abşeron Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 2(012)-4371/2023 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Habil Əhmədov). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İş materiallarından görünür ki, mübahisə predmeti olan ünvan 1ində yerləşən 0,0776 ha torpaq sahəsi ilkin İddiaçı mülkiyyətində olmaqla bu barədə ona daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** saylı çıxarış verilmiş, sözügedən çıxarışın verilməsinə əsas isə X6 ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi əsasında təqdim olunmuşdur. Qarşılıqlı iddia bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi ilə əlaqədardır. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, X6 ilə İddiaçı arasında bağlanmış Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi yalnız görünüş üçün bağlanmış əqddir. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 saylı Qərarının 2-ci bəndində məhkəmələrə izah edilir ki, ... mülki və ya kommersiya məhkəməsinə verilmiş iddia ərizəsinin inzibati məhkəməyə aid olması qənaətinə gəldikdə, məhkəmələr həmin işləri aidiyyətin müəyyənləşdirilməsi üçün Ali Məhkəməyə göndərməməli, Mülki-Prosessual Məcəllənin 153.2.1-ci və ya 261.0.1-ci maddələrində nəzərdə tutulmuş qərardadlardan birini qəbul etməlidirlər. Həmin Qərarın 17-ci bəndində qeyd edilir ki, Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əsasən:” uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir”. Qarşılıqlı iddia ərizəsinin məzmununda bağışlama müqaviləsinin yalnız görünüş üçün bağlandığı mübahisələndirilir. Həmin tələbə isə yalnız mülki mühakimə icraatı qaydasında baxılmaqla hüquqi qiymət verilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, “İddiaçı cavabdeh X2 qarşı torpaq sahəsindən çıxarılma və torpaq sahəsi üzərində inşa olunmuş tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair mülki iş üzrə cavabdeh X1 bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olduğundan birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərardad çıxarılmaqla düzgün hüquqi nəticəyə gəlməmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin dəlilləri əsaslıdır, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina etməklə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-4371/2023 nömrəli, 29 sentyabr 2023-cü il tarixli qərardadı ləğv edilsin. Cavabdeh X1 bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar