Məhkəmə qərarları › İş №2(105)-2163/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2163/2021

03.09.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2163/2021 03.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Peşə Təhsili üzrə Dövlət Agentliyinin 3 nömrəli Sumqayıt Peşə Liseyinə qarşı işə bərpa olunma və məcburi iş buraxmaya görə əmək haqqının verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060-3118/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Suqmayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060-3118/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilməmişdir. (hakim E.Hüseynov) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060-3118/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onun Sumqayıt Peşə Liseyində təsərrüfat müdiri vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, tələbini onunla əsaslandırılmışdır ki, 2016-cı ildən cavabdeh təşkilatda gözətçi vəzifəsində işə qəbul edilmiş və 2019-cu il fevral ayının 1-dən inzibati təsərrüfat işləri üzrə direktor müavini və təsərrüfat müdiri vəzifəsinə keçirilmişdir. Sonradan məktəbdə təhsil alan tələbələrin sayı 250-dən az olduğu üçün Azərbaycan Republikası Təhsil Nazirliyinin göstərişinə əsasən inzibati təsərrüfat işləri üzrə direktor müavini vəzifəsi ləğv edilmiş və o, 2020-ci ilin sentyabr ayından etibarən təsərrüfat müdiri kimi vəzifəsini davam etdirmiş və onun aylıq əmək haqqı 507 manatdan 265 manata endirilmişdir. 2020-ci ilin dekabr ayına kimi məktəbdə koronavirus pandemiyası ilə bağlı dərslərin dayandırılmasına baxmayaraq məktəbə gedib-gəlmiş və öz vəzifəsi ilə əlaqədar işləri yerinə yetirmişdir. Lakin məktəbin keçmiş direktoru Sənan Xəlilov ona bildirmişdir ki, onunla bağlanmış əmək müqaviləsinin daimi olmasına baxmayaraq o, həmin müqaviləni ləğv edib onunla müddətli əmək müqaviləsi bağlamaq istəyir. Lakin o, müqavilənin müddətli bağlanmasına razılıq vermədiyi üçün direktor ondan məlumat almadan və direktrorun təklifinin onun hüquqlarının pozulmasına xidmət etməsinə baxmayaraq işdə olduğu halda onun işdən çıxarıldığı bildirilmişdir. İşdən çıxarılması barədə əmri yalnız Sənan Xəlilov işdən çıxarılıb onun yerinə yeni direktor təyin olunduqdan sonra təqdim edilmişdir. Bu əmr qanunsuz və əsassız olduğundan iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti iddia tələbi ilə eyni məzmun daşımışdır. O, şikayətində göstərmişdir ki, onun işlədiyi vəzifənin həqiqətən də ixtisara düşüb-düşməməsini məhkəmə araşdırmamışdır. Həmin vəzifə ixtisar edilsəydi, ondan sonra həmin vəzifəyə başqa şəxsi qəbul etməzdilər. Belə olan halda, cavabdehin onu AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verməsi əsassızdır. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətini müdafiə edib sadalanan halların nəzərə alınmasını, qətnamənin ləğv edilərək, tələbin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə cavabdeh Azərbaycan Respublikası Peşə Təhsili üzrə Dövlət Agentliyinin 3 nömrəli Sumqayıt Peşə Liseyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan 3 nömrəli Sumqayıt Peşə Liseyininin direktorunun 14 sentyabr 2016-cı il tarixli, 84 nömrəli əmrindən görünür ki, İddiaçı 15.09.2016-cı ildən gözətçi işinə qəbul edilmiş, əmək haqqının ştat cədvəli üzrə 2-ci dərəcə ilə ödənilməsi əmr edilmişdir. Yenə iş materiallarında olan AR Təhsil Nazirliyi 3 nömrəli Sumqayıt Peşə Liseyininin direktorunun 01.02.2019-cu il il tarixli, 15 nömrəli əmrindən görünür ki, İddiaçı 01.02.2019-cu il tarixdən müddətli əmək müqaviləsi ilə inzibati təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə keçirilmişdir. Yenə də iş materiallarında olan 3 nömrəli Sumqayıt Peşə Liseyininin direktorunun 01.03.2019-cu il il tarixli, 25 nömrəli əmrindən görünür ki, İddiaçı ilə 01.02.2019-cu ildə bağlanmış müddətli əmək müqaviləsi 01.03.2019-cu ildən müddətsiz hesab edilmişdir. İşdə olan Azərbaycan Respublikası Peşə Təhsili üzrə Dövlət Agentliyinin 3 nömrəli Sumqayıt Peşə Liseyinin həmin qurumun həmkarlar təşkilatına ünvanlanan məktubundan görünür ki, 3№ li Sumqayıt Peşə liseyi üçün nəzərdə tutulan 2020/2021ci tədris ili üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin tələbə qəbulu planına əsasən liseydə formalaşacaq tələbə kontingentinin sayı ( İİ və İİİ kurs faktiki 119 nəfər və planda nəzərdə tutulan 100 nəfər) cəmi 219 nəfər olmuş olacaq. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə məktəblərinin və peşə liseylərinin nümunəvi ştatları”na uyğun olaraq liseyin İnzibati Təsərrüfat işləri üzrə direktor müavini vəzifəsi ixtisar edilməlidir. Belə ki, həmin Qərara əsasən tələbə kontingentinin sayı 250 nəfərdən çox olduqda, inzibati təsərrüfat işləri üzrə direktor müavini vəzifəsi ştat vahidinə daxil edilir. Lakin mövcud kontingent sayı 219 nəfər olduğu üçün həmin vəzifə ixtisar edilir. Odur ki, həmin vəzifədə çalışan İddiaçı əmək müqaviləsinə Azərbyacan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə münasibət bildirilməsi xahiş olunmuşdur. Yenə işdə olan 3 nömrəli Sumqayıt Peşə Liseyi Həmkarlar Komitəsinin 15.07.2020-ci il tarixli iclasının 6 nömrəli protokolundan və ona dair çıxarışdan görünür ki, İddiaçı əmək müqaviləsinə Azərbyacan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi məqsədə uyğun olduğu və etiraz olmadığı qərara alınmışdır. Yenə də işdə olan 3 nömrəli Sumqayıt Peşə Liseyinin 15.07.2020-ci il tarixli məlumatından görünür ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996cı il 29 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə məktəblərinin və peşə liseylərinin nümunəvi ştatları’’na uyğun olaraq fəaliyyət göstərdiyi sahənin ixtisar edilməsi ilə əlaqədar əmək müqaviləsinə Azərbyacan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəyi barədə məlumatlandırılmışdır. İşə əlavə edilmiş 3 nömrəli Sumqayıt Peşə Liseyinin 14.09.2020-ci il tarixli, 41 nömrəli əmrindən görünür ki, inzibati təsərrüfat işləri üzrə direktor müavini, dərs hissə müdiri vəzifələri ixtisar edilməsi, böyük kitabxanaçı vəzifəsi 1 ştat vahidindən 0,5 ştat vahidinə keçirilməsi əmr edilmişdir. Yenə işə əlavə edilmiş 3 nömrəli Sumqayıt Peşə Liseyinin 14.09.2020-ci il tarixli, 43 nömrəli əmrindən görünür ki, İddiaçı əmək müqaviləsinə Azərbyacan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Yenə də işə əlavə edilmiş 14-16, 22, 30 sentyabr 2020-ci il tarixli aktlardan görünür ki, İddiaçı Liseydə təsərrüfat müdiri və elektrik vəzifələri təklif olunmuş, lakin o, bundan imtina etmişdir. İşdə olan çıxarışdan görünür ki, 3 nömrəli Sumqayıt Peşə Liseyi tərəfindən 2020-ci ilin noyabr ayında İddiaçı 746,59 manat müavinat ödənilmişdir. Yenə işdə olan AR ƏƏSMN yanında DƏMX-nin Sumqayıt regional ərazi şöbəsi tərəfindən İddiaçı göndərilmiş 11 yanvar 2021-ci il tarixli, **********6 saylı məktubdan görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 43 saylı, 14.09.2020-ci il tarixli əmrlə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin b bəndinə əsasən 3 nömrəli Sumqayıt Peşə Liseyinin işgötürəni tərəfindən xitam verilmişdir. İşə götürənlə arasında mübahisəli hal hesab etdiyi təqdirdə iddiaçının müvafiq qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu göstərilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən iddiaçının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hüquqi qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060- 3118/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının əsas insan və vətəndaş hüquqlarını və azadlıqlarını müəyyən İİİ fəslinə əsasən hər kəsin əmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ, İİ və Vİİ hissələrinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlardan istifadə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 292-ci maddəsinin 2-ci hissəsinə əsasən, pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 3-cü maddəsinin 5-ci bəndinə görə əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə görə əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı 2016-cı ildə 3 nömrəli Sumqayıt Peşə Liseyinə gözətçi işinə qəbul edilmiş, 01.02.1019-cu ildə isə həmin liseydə inzibati təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə keçirilmiş və onunla müddətli əmək müqaviləsi bağlanmışdır. 01.03.2019-cu ildə onun müqaviləsi müddətsiz əmək müqaviləsi ilə 01.03.2019-cu il tarixdən hesab olunmuşdur. 14.07.2020-ci ildə iddiaçının vəzifəsi ixtisara düşmüş və onunla əmək müqaviləsinə Azərbyacan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Daha sonra, iddiaçıya liseydə təsərrüfat müdiri və elektrik vəzfiələri təklif edilmş, lakin o, bundan imtina etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Yenə həmin Məcəllənin 45.1-ci maddəsin əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Yenə də həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. İş materiallarından görünür ki, iddiaçı Liseydə 01.02.2019-cu il tarixdən müddətli əmək müqaviləsi ilə inzibati təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə keçirilmiş, lakin bu vəzifə, təhsil müəssisəsində mövcud kontingentin 219 nəfər olması əsası ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə məktəblərinin və peşə liseylərinin nümunəvi ştatları”na uyğun olaraq ixtisar edilmiş, işəgötürən tərəfindən isə 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə haqlı olaraq xitam verilmişdir. Oradan gələn iş təkliflərinə isə İddiaçı müsbət cavab verməmişdir. Məhkəmə kollegiyası da, birinci instansiya məhkəməsi ilə eyni mövqedən çıxış edərək hesab edir ki, işəgötürən tərəfindən əmək qanunvericiliyinin normalarına riayət edilmişdir, buna görə də, İddiaçı tərəfindən onun qanunsuz və əsassız olaraq işdən çıxarılması sübuta yetirilmədiyindən iddia tələbi və apelyasiya şikayəti təmin edilməməlidir. Əmək Məcəlləsinin 80.1 və 80.2-ci maddəsinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. İşdən görünür ki, iddiaçı işdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən çıxarılmış, məsələ ilə bağlı həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmışıdr. Başqa sözlə, mübahisəli əmr verilərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin heç bir tələbi pozulmamışdır və buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, apelyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060-3118/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar