Məhkəmə qərarları › İş №2(105)-2167/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2167/2022

05.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2167/2022 05.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı, cavabdeh X1 iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı müqavilə üzrə öhdəliklərə xitam verilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(027)-1403/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında apellyasiya qaydasında yoxlayıb məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim V.Seyidov) İddiaçı cavabdeh X2 qarşı müqavilə üzrə öhdəliklərə xitam verilməsi tələbinə dair iddia ərizəsinin rədd edilməsi, ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Quba Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli qərardadı ilə İddiaçı Quba Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(027)-1403/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti həmin şikayət Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinin tələblərinə uyğun (elektron kabinet vasitəsilə) verilmədiyi üçün geri qaytarılması qərara alınmışdır. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur (Mülki Prosessual Məcəllənin 128.1. və 129.2. maddələri). İşdən göründüyü kimi birinci instansiya məhkəməsinin 22 iyun 2022-ci il tarixli qətnaməsi tərəflərə, o cümlədən İddiaçı göndərilmiş, İddiaçı tərəfindən qətnamə 17 iyul 2022-ci il tarixdə təhvil alınmış, bununla onun şikayət vermə müddəti başlamış və 17 avqust 2022-ci il tarixədək davam etmişdir. İddiaçı tərəfindən apellyasiya şikayəti 16 avqust 2022-ci il tarixdə verilmiş, lakin elektron qaydada verilmədiyindən, birinci instansiya məhkəməsinin 17 avqust 2022-ci il tarixli qərardadı geri qaytarılması qərara alınmış, iddiaçı tərəfindən bu qərardad 05 sentyabr 2022-ci il tarixdə qəbul edilsə də, sonuncu apellyasiya şikayəti ilə yenidən 09 sentyabr 2022-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi İddiaçı apellyasiya şikayəti vermə müddəti 17 iyul 2022-ci il tarixdən başlayaraq, 17 avqust 2022-ci il tarixdə bitməsinə baxmayaraq, məhkəmə aktından 09 sentyabr 2022-ci il tarixdə apellyasiya şikayəti verərkən qalmış olan 1 günlük prosessual müddəti ötürmüş, lakin birinci instansiya məhkəməsi isə prosessual müddətin ötürülübötürülməməsi məsələsini müzakirə etməmişdir. Mülki Prosessual Məcəllənin 363.1.3. maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə geri qaytarılır. Apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti; barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar; şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir (Mülki Prosessual Məcəllənin 361.1., 361.1.1., 361.1.2., 361.1.3., 361.1.4. və 361.1.5. maddələri). Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinə deyil, Quba Rayon Məhkəməsinə ünvanlanmışdır. Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti MPM-nin 361-ci maddəsinə uyğun olmadığından, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya instansiya məhkəməsinə göndərilməsi şikayətin apellyasiya icraatına qəbul edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası mülki prosessual hüquq normalarının tələbləri baxımından hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və qətnamədən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 360, 361- 363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Quba Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263, 264, 366.2, 366.3. və 366.4. maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ İddiaçı tərəfindən Quba Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilsin və apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 360, 361-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar