Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2168/2022 04.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilə üzrə öhdəliklərə xitam verilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(027)-1417/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ İddiaçı Cavabdeh qarşı müqavilə üzrə öhdəliklərə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış şifahi kredit müqaviləsinin icrası ilə əlaqədar həmin kredit müqaviləsinə xitam verilməsi və Cavabdeh qarşısında heç bir öhdəliyinin olmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(027)-1417/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı müqavilə üzrə öhdəliklərə xitam verilməsi tələbinə dair iddiası rədd edilmişdir. (hakim V.Seydiov) Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti hazırda qüvvədə olan prosessual qaydalara uyğun təqdim edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkünlüyü məsələsini açıq məhkəmə iclasında müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı bildirdi ki, o hazırkı iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsindən narazı qaldığı üçün apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti hüquqşünas tərəfindən tərtib edilmişdir. Bu səbəbdən də qeyd olunan nöqsanlardan o xəbərsizdir. Bununla belə bildirdi ki, həmin nöqsanlar aradan qaldırılmaqla, onun tərəfindən yenidən apellyasiya şikayəti veriləcəkdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin mümkün hesab edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Bura işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iş materiallarını, proses iştirakçıların izahatını tədqiq edib, apellyasiya şikayətinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, mülki işə apellyasiya qaydasında baxılması hazırda qeyri-mümkündür. Belə ki, işdən görünür ki, İddiaçı, Quba Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(027)-1417/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti versə də, həmin şikayətin məzmunu, iddia ərizəsinin məzmunundan fərqlidir. Şikayətdə cavabdeh şəxs qismində başqa şəxsin (X1) ad soyadı qeyd edilmiş, ən əsası isə şikayətin tələb hissəsi aydın və anlaşıqlı deyildir. Belə ki, apellyasiya şikayətinin tələb hissəsində iddiaçı ləğvini tələb etdiyi məhkəmə aktını qeyd etməmiş və yenə də iş üzrə tərəf olmayan şəxslə arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərə xitam verilməsini xahiş etmişdir. Qeyd olunanlar hazırkı halda həmin apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsinə görə apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göründüyü kimi hazırkı şikayət MPM-in daha öncə sadalanan forma və məzmun baxımından prosessual tələbinə cavab vermir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Quba Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(027)-1417/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qanunla nəzərdə tutulmuş formada verilmədiyindən işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Buna görə də, bu apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, birinci instansiya məhkəməsi Quba Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(027)-1417/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini qəbul edib mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən Azərbaycan Respublikası MPM-nin 364-cü maddəsinin tələbinə əməl etməmiş, həmin maddənin tələbini pozaraq apellyasiya şikayətini geri qaytarmaq əvəzinə mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub hesab edir ki, hazırkı halda apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş sadalanan mülki prosessual pozuntuların aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası izah edir ki, apellyasiya şikayəti vermiş şəxs MPM-in yuxarıda sadalanan tələbələrinə əməl etməklə yenidən ümumi qaydada apellyasiya şikayəti verə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 365, 366, 400 və 402-ci maddələrinirəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı müqavilə üzrə öhdəliklərə xitam verilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(027)-1417/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-2168/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2168/2022
04.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver