Məhkəmə qərarları › İş №2(105)-2172/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2172/2023

13.11.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2172/2023 13.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə (Apellyasiya şikayəti geri qaytarılması, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1789/2022 saylı, 11 oktyabr 2023-cü il tarixli qərardadından Behbudova Rəhimə Əsgər qızı tərəfindən verilmiş şikayətə məhkəmə iclasında baxaraq müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Sumqayıt şəhəri, st.Sumqayıt ərazisində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir .

2. Sumqayıt Şəhər Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(060)-1789/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiasının təmin edilməsi, İddiaçı Sumqayıt şəhəri, st. Sumqayıt ərazisində yerləşən Cavabdeh istifadəsində olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.

3. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(060)- 1789/2022 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-629/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(060)- 1789/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. xx.xx.2023-cü il tarixdə Behbudova Rəhimə Əsgər qızının nümayəndəsi, Vəkil2 Sumqayıt Şəhər Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(060)-1789/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.

6. Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2(060)-1789/2022 saylı qərardadı ilə apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.

7. Sözügedən qərardaddan şikayət verilmiş, lakin Sumqayıt Şəhər Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(060)-1789/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Behbudova Rəhimə Əsgər qızı Sumqayıt Şəhər Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(060)-1789/2022 saylı qətnaməsini mübahisələndirmək hüququna malik deyil. Belə ki, iş üzrə mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır və hər hansı şəxsin mülkiyyətində deyil. Bu səbəbdən məhkəmə hesab edir ki, orada yaşayan şəxslər fərdi yaşayış evinə münasibətdə bərabər hüquqlara malikdirlər. Sözügedən qətnamə isə orada yaşayan, mübahisəli evə münasibətdə Behbudova Rəhimə Əsgər qızı ilə eyni hüquqi statusa malik olan Cavabdeh tərəfindən mübahisələndirilmiş, apellyasiya instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılmış, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2023-cü il tarixli, 2(105)-629/2023 saylı qətnaməsi ilə Sumqayıt şəhər Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(060)-1789/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab edib ki, evə köçürülmə tələbinə dair iş üzrə qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mübahisəli evdə yaşayan başqa şəxslər tərəfindən bir müddət sonra yenidən mübahisələndirilməsi hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər.

9. Birinci instansiya məhkəməsi öz mövqeyini “K.Maraevin şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363, 364-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri

10. Şikayət onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə apellyasiya şikayətinin geri qaytarılması barədə əsassız və qanunsuz qərardad qəbul etmişdir. Məhkəmənin gəldiyi nəticə ilə qəti şəkildə razılaşmır. Belə ki, MPM-nin 357.1-ci maddəsinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə görə həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Mülki-Prosessual Məcəlləsinin 364.2-ci maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Mübahisəli ev ona və həyat yoldaşına məxsusdur və faktiki olaraq onların istifadə və sahibliyindədir. Nə iddiaçı, nə də cavabdeh tərəfindən həmin evin tikilməsi üçün pul vəsaiti qoyulmayıb. Evi nikah dövründə yoldaşı ilə o, tikmişdir. İş üzrə mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması onun həmin qətnamədən apellyasiya şikayəti verə bilməməyinə əsas ola bilməz. Çünki yuxarıda qeyd etdiyi kimi həmin evi yoldaşı ilə o, tikmişdir və bu əmlak onların birgə istifadəsində və sahibliyindədir. Hazırkı vəziyyətdə onun və yoldaşının işə cəlb olunmaması onların sahiblik və istifadə hüquqlarını pozur və o, pozulmuş hüququnun bərpa olunması üçün apellyasiya şikayəti verməkdə haqlıdır. Ona görə də hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv olunmalı və iş üzrə sonrakı prossesual hərəkətlər yerinə yetirilməlidir.

b) Şikayəti qarşı etirazın dəlilləri

11. Şikayətə qarşı yazılı etiraz və vəsatət verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir..

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 15.4-cü maddəsinə əsasən məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir. 357.1-ci maddəsinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. 364.2-ci maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

14. “K.Maraevin şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli Qərarı

Qərarda göstərilmişdir ki, şəxsi işdə iştirak etməyə cəlb etmədən onun hüquqlarının pozulması ilə nəticələnmiş qərarın qəbul edilməsi ədalət mühakiməsinin mahiyyətinə və əsas prinsiplərinə xələl gətirir. Bu baxımdan, işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələnin məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır. Belə halda, işdə iştirak etməyə cəlb olunmamış və barəsində hüquq və azadlıqlarını pozan və yaxud üzərinə əlavə öhdəliklər qoyan qərar çıxarılmış şəxs, hər bir halda pozulmuş hüquqlarının bərpası üçün səmərəli vasitələrlə təmin olunmalıdır. İşdə iştirak etməyə cəlb olunmamış və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun səciyyəvi əlamətləri aşağıdakılardır: onun məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi; iş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunması; öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair 04 nömrəli, 14 oktyabr 2020-ci il tarixli qərardadı: məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

Apellyasiya baxışının hədləri

16. Şikayətdən görünür ki, şikayətçi Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1789/2022 saylı, 11 oktyabr 2023-cü il tarixli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.

17. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1789/2022 saylı, 11 oktyabr 2023-cü il tarixli qərardadını tam həcmdə yoxlanılmağı vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası iş materiallarını əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1789/2022 saylı, 11 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

19. İşin faktiki hallarından müəyyən edilir ki, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Sumqayıt şəhəri, st.Sumqayıt ərazisində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(060)-1789/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.

20. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(060)-1789/2022 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Onun apellyasiya şikayətinin dəlilləri isə hazırkı apellyator Rəhimə Behbudovanın apellyasiya şikayətinin dəlilləri ilə təxminən eynilik təşkil etmişdir.

21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-629/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(060)- 1789/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Məhkəmə kollegiyası Behbudova Rəhimə Əsgər qızı tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayətinin qeyd olunan əsasla geri qaytarılması barədə mövqeyini əsaslı və qanuni hesab edir və bu mövqeyin Azərbaycan Respublikası Ali Məhkəməsinin apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair 04 nömrəli, 14 oktyabr 2020-ci il tarixli qərardadında əks etdirlən mövqeyə uyğun olduğunu bildirir.

23. Mülki prosessual qanunvericilik mülki icraatda mühüm əlamət kimi prosessual qənaət prinsipinin qorunmasının vacibliyini təmin edir. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir.

24. Kollegiya Konstitusiya Məhkəməsinin formalaşdırdığı vahid mövqeydən çıxış edərək qeyd edir ki, Mülki Prosessual Məcəllənin mülki məhkəmə icraatının vəzifələrini təsbit edən 2-ci maddəsinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ-hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Məcəllənin 4.1-ci maddəsinə əsasən isə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

25. Göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ-hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Həmçinin ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər.

26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir.

27. X3rşı iş üzrə Qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də şikayətin qəbuledilənlik şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir (Luordo İtaliyaya qarşı iş üzrə 2003-cü il 17 oktyabr tarixli Qərar).

28. Mülki Prosessual Məcəllədə məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran şikayətin mümkünlüyü, prosessual müddətlər, məhkəmə qərarlarından şikayət verə biləcək konkret şəxslərin dairəsi və s. amillər nəzərdə tutulmuşdur. Belə məhdudlaşdırıcı tədbirlərdən biri də birinci və apellyasiya instansiyası məhkəmələrinin aktlarından şikayət vermək hüququ olan şəxslərin dairəsinin müəyyən edilməsidir. Bir qayda olaraq, məhkəmə aktlarından işdə iştirak edən şəxslər şikayət vermək hüququna malikdir. Lakin qanunverici qəbul edilmiş məhkəmə aktı ilə işdə iştirak etməyə cəlb edilməyən şəxslərin hüquqlarının pozulma ehtimalının olduğunu və şikayətə baxan məhkəmə instansiyasının spesifik xüsusiyyətlərini nəzərə alaraq onların işə cəlb edilməsinin fərqli qaydalarını müəyyən etmişdir.

29. Sadalananları hazırkı işə tətbiq edən məhkəmə kollegiyası yekun olaraq qeyd edir ki, Rəhimova Behbudovanın apellyasiya şikayətində qeyd etdiyi dəlillərə dolayısıyla iş üzrə apellyasiya instansiya məhkəməsinin iş üzrə əbul edilmiş yekun məhkəmə aktında (Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-629/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi) hüquqi qiymət verildiyindən və hazırkı şikayətdə qeyd edilən hallar apellyator üçün gözlənilməz və birbaşa maraqlarına toxunan yeni hal yaratmadığından onun apellyasiya şikayəti mümkün hesab edilə bilməz.

30. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1789/2022 saylı, 11 oktyabr 2023-cü il tarixli qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri əsassızdır, bu səbəbdən də verilmiş şikayət təmin edilməməlidir.

31. Prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.2, 361, 363, 364.2 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1789/2022 saylı, 11 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar