Məhkəmə qərarları › İş №2(105)-2176/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2176/2021

01.09.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2176/2021 01.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı, onun vəkili X4, Cavabdeh və onun nümayəndəsi X5 iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 04.05.2021-ci il tarixli, 2(012)-1326/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 04.05.2021-ci il tarixli, 2(012)-1326/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Habil Əhmədov) İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılma, fərdi yaşayış evinin onun istifadə və sahibliyinə qaytarılması tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, evin istifadə və sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, ünvan 1ndə yerləşən 0,015 ha torpaq sahəsində inşa edilmiş yeni tikili ona məxsusdur. Həmin fərdi yaşayış evinə dair ilkin sənədləşmə əməliyyatları da onun adına rəsmiləşdirilmiş, bütün vergi və digər xərclər də şəxsən onun tərəfindən ödənilmiş və evə dair sahiblik hüququ mövcuddur. Bir müddət öncə Cavabdeh bir neçə günlük həmin evdə yaşamasına icazə vermişdi. Lakin Cavabdeh əsassız və qanunsuz olaraq evin özünə məxsus olduğunu iddia edərək onu evdən qovmuşdur. Hazırda Cavabdeh evdən çıxmayaraq onu öz şəxsi mülkiyyətindən sərbəst şəkildə istifadə etmək hüququndan məhrum etmişdir. Dəfələrlə cavabdehdən ona məxsus evi boşaltmasını tələb etsə də, buna məhəl qoymayaraq mülkiyyət hüququnu qanunsuz və əsassız şəkildə məhdudlaşdırmışdır. Hazırda cavabdeh bu qanunsuz hərəkətlərini davam etdirir. Cavabdehin bu qanunsuz əməli nəticəsində bir müddətdir qohumlarının evində qalır. Cavabdehin əməllərinə hüquqi qiymət verilməsi üçün Abşeron rayon Polis idarəsinə və Daxili İşlər Nazirliyinin “102” xidmətinə şikayət etmişdi. Şikayətinə cavab olaraq 24 dekabr 2020-ci il tarixli, 168-95096 nömrəli məktubla bildirilmişdir ki, müraciətində göstərilən məsələ mülki xarakterlidir və mülki qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Həmin evin kommunal ödənişləri onun tərəfindən ödənilmiş, kommunal təchizatlara dair sərfıyyat hesablayıcı sayğacların da yaxın günlərdə quraşdırılması planlaşdırılmış, lakin cavabdeh buna əngəllər yaratmışdır. Onun yaşadığı ev üzərində xüsusi mülkiyyət hüququ hələlik dövlət qeydiyyatına alınmasa da, ev üzərində sahiblik və istifadə hüququna malik olması faktı istisna edilmir. Ona görə də əmlakın titul sahibi kimi sahiblik və istifadə hüququ mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunmalı, rəsmi reyestrdə qeydə alınmış daşınmaz əmlaka mülkiyyətçinin hüquqlarının müdafiəsinə yönəlmiş normalar eyni qaydada özbaşına tikili üzərində sahiblik və istifadə hüququna malik şəxsə münasibətdə də tətbiq olunmalıdır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razı deyildir. Belə ki, ünvan 1ndə yerləşən 0,015 ha torpaq sahəsində inşa edilmiş yeni tikili ona məxsusdur. Həmin fərdi yaşayış evinə dair ilkin sənədləşmə əməliyyatları da onun adına rəsmiləşdirilmiş, bütün vergi və digər xərclərdə şəxsən onun tərəfindən ödənilmiş və həmin evə dair sahiblik hüququ mövcuddur. Bir müddət öncə Cavabdeh bir neçə günlük həmin evdə yaşamasına icazə vermişdi. Lakin yaxın günlərdə Cavabdeh əsassız və qanunsuz olaraq evin özünə məxsus olduğunu iddia edərək onu evdən qovmuşdur. Cavabdeh hazırda evdən çıxmayaraq onu öz şəxsi mülkiyyətindən sərbəst şəkildə istifadə etmək hüququndan məhrum etmişdir. Dəfələrlə ona məxsus evi boşaltmasını tələb etsə də, cavabdeh tələblərinə məhəl qoymayaraq mülkiyyət hüququnu qanunsuz və əsassız şəkildə məhdudlaşdırmışdır. Hazırda cavabdeh bu qanunsuz hərəkətlərini davam etdirir. Cavabdeh əsassız və qanunsuz şəkildə evdən çıxmamaqla ona şər- böhtan ataraq əmlakını talamaqla məşğuldur. Cavabdehin bu qanunsuz əməli nəticəsində bir müddətdir qohumlarının evində qalır. Cavabdeh əməllərinə hüquqi qiymət verilməsi üçün Abşeron rayon Polis idarəsinə və Daxili İşlər Nazirliyinin “102” xidmətinə şikayət etmişdi. Şikayətinə cavab olaraq 24 dekabr 2020-ci il tarixli, 168-95096 nömrəli məktubla bildirilmişdir ki, müraciətində göstərilən məsələ mülki xarakterlidir və mülki qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Evə dair kommunal ödənişlər onun tərəfindən ödənilmiş, kommunal təchizatlara dair sərfiyyat hesablayıcı sayğacların yaxın günlərdə quraşdırılması planlaşdırılmış, lakin cavabdeh buna qanunsuz şəkildə maneələr törətmişdir. Qeyd edilənləri birinci instansiya məhkəməsində bildirsə də, heç bir əhəmiyyəti olmamışdır. İddiaçı apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh və nümayəndəsi X7 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatlarında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdilər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayonu Masazır bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 25.12.2020-ci il tarixli “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan” müqavilənin surətindən görünür ki, "xxxx" ASC ilə İddiaçı Məhəmməd qızı arasında Masazır kəndi ev 70/T ünvanı üzrə “Su təchizatı və tullantı suları haqqında” qanuna və “Sudan istifadə Qaydaları”na uyğun olaraq müqavilə bağlanmışdır. İş materiallarında olan Abşeron rayon Masazır bələdiyyəsinin 12.11.2020-ci il tarixli arayışının surətindən görünür ki, Abduləliyeva X2, Sarı Aşıq küçəsi ərazisində yaşayır, istifadəsində olan 0,015 ha torpaq sahəsində hazırda tikili mövcuddur və Masazır kənd bələdiyyəsinə 01.01.2021-ci il tarixədək heç bir vergi borcu yoxdur. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır kənd İƏD üzrə nümayəndəliyinin 09.02.2021-ci il tarixli arayışının surətindən görünür ki, Quliyev X12 rayonu, Masazır kəndində qeydiyyatsız yaşayır. İş materiallarında olan Abşeron rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısının cinayət işinin başlanmasının rədd edilməsi haqqında 28 dekabr 2020-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 19.01.2021-ci il tarixli, 3(012)- 165/2021 saylı qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və ona 20 gün inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Sumqayıt Regional Ədliyyə İdarəsi tərəfindən Cavabdeh ünvanlanmış 04.02.2021-ci il tarixli məktubdan görünür ki, Masazır bələdiyyəsinin sədri Rüfət Fətullayev izahatında İddiaçı bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyatda olduğundan ona “ASAN” Kommunal Xidmətinə təqdim edilməsi üçün arayış verildiyini, o isə vergi ödəyicisi kimi qeydiyyatda olmadığından ona vergi borcunun olmaması barədə arayışın verilmədiyi, ondan torpaq sahəsinə dair sənəd tələb edildikdə hər hansı bir sənədi bələdiyyəyə təqdim etmədiyi, həmçinin torpaq sahəsinə dair məsələ mübahisəli olduğundan R.Abdullayevaya verilmiş arayışın etibarsız hesab olunması ilə bağlı 06.01.2021-ci il tarixdə “ASAN” Kommunal Xidmətinə müraciət edildiyini bildirmişdir. Şikayəti ilə bağlı Masazır bələdiyyəsi tərəfindən təqdim edilmiş arayışda İddiaçı vergi ödəyicisi kimi vergi borcunun olmaması barədə arayışın verildiyi, İddiaçı arayış verildikdən bir ay sonra 15.12.2020-ci il tarixdə Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 0,015 ha torpaq sahəsinin 2017-ci ildə ona satılması barədə aktın bağlandığı, eyni zamanda torpaq sahəsinə dair məsələ mübahisəli olduğundan R.Abdullayevaya verilmiş arayışın etibarsız hesab olunması ilə bağlı 06.01 2021-ci il tarixdə “ASAN” Kommunal Xidmətinə müraciət edildiyi qeyd edilmişdir. İş materiallarında olan Abşeron rayonu Masazır bələdiyyəsi tərəfindən “ASAN” Kommunal Xidmətinə ünvanlanmış 12.11.2020-ci il tarixli məktubun surətindən görünür ki, Abşeron rayonu Masazır bələdiyyəsi tərəfindən İddiaçı Məhəmməd qızına Masazır kəndi, Sarı Aşıq küçəsində yerləşən fərdi yaşayış evində yaşaması və istifadəsində olan 0,015 ha torpaq sahəsində hazırda tikili mövcud olması və Masazır bələdiyyəsinə 01.01.2021-ci il tarixədək heç bir vergi borcu olmaması ilə bağlı kommunal xidmətlərin göstərilməsi üçün 01/01-11/91, 01/01-11/92 və 01/01-11/93 saylı, 12 noyabr 2020-ci il tarixli arayışlar verilmişdir. Masazır bələdiyyəsi tərəfindən aparılan araşdırmalar və bələdiyyəyə vətəndaşlar tərəfindən edilmiş şikayətlər nəticəsində İddiaçı Məhəmməd qızı tərəfindən bələdiyyəyə verilmiş məlumatlar həqiqəti özündə əks etdirməmişdir. Bu baxımdan “ASAN” Kommunal Xidmətinə təqdim edilmiş arayışların etibarsız hesab edilərək ləğv edilməsi xahiş edilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin 17.08.2021-ci il tarixli, 01/4/01- 7/6/12470 saylı məktubundan görünür ki, Cavabdeh 2 saylı Bakı “ASAN Kommunal” mərkəzinə heç bir müraciəti daxil olmamışdır. "xxxx" ASC-nin elektron abonent bazasında İddiaçı adına 25.12.2020-ci il tarixində 43207092 nömrəli müqavilə bağlanaraq, **********009 saylı abonent kodu açılmışdır, abonentin hesabatı ailə tərkibi 4 nəfər olmaqla aparılmaqdadır. İş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin 17.08.2021-ci il tarixli, 01/4/01- 7/6/12469 saylı məktubundan görünür ki, Cavabdeh 2 saylı Bakı “Asan Kommunal" mərkəzinə heç bir müraciəti daxil olmamışdır. "xxxx" ASC-nin elektron abonent bazasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hesabatının aparılması üçün Cavabdeh ilə 18.02.2021-ci il tarixində müqavilə bağlanaraq, **********017 saylı abonent kodu açılmışdır. Abonentin hesabatı 25.03.2021-ci il tarixində su xətti üzərində quraşdırılmış CSS-20 markalı, 21031949 nömrəli mexaniki tipli su sayğacının göstəricilərinə əsasən aparılmaqdadır. İş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin 17.08.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı 2 saylı Bakı “ASAN Kommunal” Mərkəzinə ilk müraciəti 03 noyabr 2020ci il tarixdə olmuşdur. Səhmdar cəmiyyətin elektron bazasında göstərilən ünvan üzrə Rahimə Abduləliyevanın abonent olaraq qeydiyyata alınması və adına sayğac quraşdırılması barədə heç bir məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş 15.12.2020-ci il tarixli aktın surətindən görünür ki, X1 rayonu, Masazır kəndi, Sarı Aşıq küçəsində yerləşən 0,015 ha torpaq sahəsini 2017-ci ildə Cavabdeh 9000 manata satmışdır. İş materiallarından görünür ki, “Azəriqaz” İstehsalat Birliyi ilə Cavabdeh arasında qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 19.03.2021-ci il tarixdə müqavilə bağlanmışdır. İş materiallarına əlavə olunmuş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 19.03.2021-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, Cavabdeh yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən evə qaz sayğacı quraşdırılmışdır. İş materiallarına əlavə olunmuş "xxxx" ASC ilə Cavabdeh arasında 18.02.2021-ci il tarixdə bağlanmış “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan” müqavilənin surətindən görünür ki, Masazır kəndi ev 27/1c ünvanı üzrə “Su təchizatı və tullantı suları haqqında” qanuna və “Sudan istifadə Qaydaları”na uyğun olaraq müqavilə bağlanmışdır. İddiaçı iddia tələbini mübahisəli evə istifadə və sahiblik hüququnun olmasını həmin evə kommunal xidmətlərə (su və işıq) dair müqavilələr bağlaması, orada yaşaması və eyni zamanda evin tikilməsinə pul vəsaiti qoyması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsində Masazır Bələdiyyəsinin nümayəndəsi izahatında mübahisəli evin yerləşdiyi torpaq sahəsinin bələdiyyə mülkiyyətində olduğunu, üzərində tikilmiş mübahisəli evin isə özbaşına tikili olduğunu, eyni zamanda bələdiyyə ilə iddiaçı arasında torpaq sahəsinin istifadəyə verilməsi barədə hər hansı müqavilə bağlanmadığını və mübahisəli evin iddiaçı tərəfindən tikilməsi üçün bələdiyyənin razılığı olmadığını bildirmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı ünvan 1 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evinin ona məxsus olmasına dair hər hansı hüquqmüəyyənedici sənədi və həmin evdə yaşaması, ondan istifadə etməsi barədə hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin işdən görünür ki, Abşeron rayon Masazır bələdiyyəsi “ASAN” Kommunal Xidmətinə ünvanlanladığı 12.11.2020-ci il tarixli məktubunda Abşeron rayon Masazır bələdiyyəsi tərəfindən İddiaçı Məhəmməd qızına Masazır kəndi, Sarı Aşıq küçəsində yerləşən fərdi yaşayış evində yaşaması və istifadəsində olan 0,015 ha torpaq sahəsində hazırda tikili mövcud olması və Masazır bələdiyyəsinə 01.01.2021-ci il tarixədək heç bir vergi borcu olmaması ilə bağlı kommunal xidmətlərin göstərilməsi üçün 01/01-11/91, 01/01- 11/92 və 01/01-11/93 saylı, 12 noyabr 2020-ci il tarixli arayışlar verilsə də, Masazır bələdiyyəsi tərəfindən aparılan araşdırmalar və bələdiyyəyə vətəndaşlar tərəfindən edilmiş şikayətlər nəticəsində İddiaçı Məhəmməd qızı tərəfindən bələdiyyəyə verilmiş məlumatların həqiqəti özündə əks etdirmədiyi göstərilmişdir. Məhkəmə kollegiyası hazırki tələblə bağlı iddiaçının cavabdehə qarşı iddia ilə məhkəməyə müraciət etmək hüququnun olub-olmaması məsələsini araşdırarkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasında (maddə 60) və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) təsbit edilmiş müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunan məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı və yalnız onun belə hüquqa malik olduğu müəyyən edildikdən sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığına münasibət bildirməlidir. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması araşdırılmalıdır. İddia tələbi irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 46-cı maddəsinə görə tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdirlər. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.2-ci maddəsinə görə özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. İddiaçı Məhəmməd qızının hazırki iddianı irəli sürmək hüququ olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbi hüququ olmayan şəxs tərəfindən verilmişdir. Yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 04.05.2021-ci il tarixli, 2(012)-1326/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar