Məhkəmə qərarları › İş №2(105)-2182/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2182/2020

19.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2182/2020 19.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, maraqlı şəxsin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(067)-2117/2019 saylı qətnaməsindən DSMF Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.Xəlilov) ərizənin təmin edilməsi, Ərizəçi xx.xx.1954-cü il ildə Xaçmaz rayonunun Sabiroba kəndində anadan olması hüquqi faktının müəyyən edilməsi, bu qətnamə doğum haqqında qeyd kitabında Ərizəçi təvəllüdünün xx.xx.1954-cü il kimi qeydə alınması üçün əsas olması qət edilmişdir. Maraqlı şəxs Dövlət X4 Xaçmaz rayon şöbəsi qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, doğum qeydi barədə vətəndaşlıq aktlarında səhv yazılmış qeyddə dəyişiklik edilməsi və doğum təvəllüdünün xx.xx.1954-cü il yazılması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1954-cü il tarixdə Xaçmaz rayonunun Sabiroba kəndində anadan olmuşdur. Xaçmaz rayon Nərəcan İƏD-də tərtib edilmiş akt qeydində və Qeydiyyat şöbəsinə təqdim etdikləri şəxsiyyət vəsiqəsində təvəllüdü xx.xx.1957-ci il göstərilmişdir. Anası X3 uşaq pulu almaq üçün həmin vaxt təvəllüdünü xx.xx.1954-cü il əvəzinə xx.xx.1957-ci il göstərmişdir. Onun bu haqda o vaxt heç bir anlayışı olmadığına görə bu günə kimi həmin təvəllüdlə qeydiyyat orqanlarında qeydiyyatdadır. Dəfələrlə doğum haqqında şəhadətnaməsində təvəllüdünün dəyişdirilməsi üçün müxtəlif orqanlara müraciətlər etmiş, lakin müraciətləri nəticəsiz qalmışdır. Doğum ilinin düzgün göstərilməsi ona pensiya məsələlərini həll etmək üçün lazımdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Maraqlı şəxs Dövlət X4 Xaçmaz rayon şöbəsi qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz, əsassız və qeyri-obyektivdir. Məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmadığından qətnamə ləğv olunmalıdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən maraqlı şəxsin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə ərizəçiyə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən ərizəçinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını, məruzəçini, maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, şikayətin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və ərizənin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməsini həmin faktın müəyyən olunmasının ona nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan maraqlı şəxs qətnamədən apellyasiya şikayəti verərək nəticəni mübahisələndirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. İşdən görünür ki, ərizəçi doğum qeydi barədə vətəndaşlıq aktlarında səhv yazılmış qeyddə dəyişiklik edilməsi və doğum təvəllüdünün xx.xx.1954-cü il yazılması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmayıbsa, hüquqi əhəmiyyəti olan digər faktlar da məhkəmə qaydasında müəyyən edilə bilər (MPM-nin 307.1., 307.2.11. maddələri). Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə görə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımı sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Qanunun mənasından göründüyü kimi, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi şərtləri ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktların hüquqi əhəmiyyəti olanfaktlar olması və ərizəçinin həmin hüquqi əhəmiyyəti olanfaktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmamasıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tələb edilən faktın təsdiqi ilə bağlı təqdim edilmiş sübutlara prosessual qanunvericiliyin tələbləri baxımından düzgün qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; İstinad edilən prosessual hüquq normasından göründüyü kimi, işdə iştirak edən şəxslərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda, məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqin tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi həmin faktı başqa qaydada təsdiq edilməsinin mümkünsüzlüyünü barədə tutarlı sübutlar məhkəmə kollegiyasına təqdim etməmişdir. Əksinə işdə olan Xaçmaz rayon Nərəcan İƏD-nin 89 №-li doğum haqqında akt qeydindən görünür ki, ərizəçi xx.xx.1957-ci il tarixdə Sibiroba kəndində anadan olmuşdur. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirirmir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2., 385.1.1., 392, 393, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ Maraqlı şəxs Dövlət X4 Xaçmaz rayon şöbəsinin apellyasiya şikayəti təmin edilsin. Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar