Məhkəmə qərarları › İş №2(105)-2186/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2186/2023

28.12.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2186/2023 28.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(060)-3513/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2001-ci ildə nikaha girməklə ailə həyatı qurmuşdur. Gəlin gələndən sonra bir müddət qayınanasına məxsus olan Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 40, mənzil 31-də yaşamışlar. Sonradan Sumqayıt şəhəri, İnşaatçı məhəlləsi, “Beton zavod” ərazisi ünvanında torpaq sahəsi almış və həmin torpaq sahəsində ev tikərək xx.xx.2007-ci ildən yaşamağa başlamışlar. Bunu 1 saylı məhəllə komitəsinin xx.xx.2023-cü il tarixli, 12 saylı arayışı təsdiq edir. Sonradan tərəflərin münasibətləri pozulduğundan cavabdeh iddiaçını həmin evdə yaşamağa qoymur. İddiaçı əlacsız qalıb Sumqayıt şəhəri, 12-ci mikrorayon, bina 5, mənzil 9-da məskunlaşmışdır. Sumqayıt şəhəri, İnşaatçılar məhəlləsi, “Beton zavod” ərazisi ünvanında olan 192A saylı ev birgə vəsait hesabına tikilmişdir və həmin ünvanda 2007-ci ildən yaşayır. Göstərilənlərə əsasən iddiaçının Sumqayıt şəhəri, İnşaatçı məhəlləsi, “Beton zavod” ərazisi ünvanında olan 192A saylı evə köçürülməsi və mediasiya xərcinin əvəzi olaraq 25 manatın Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(060)-3513/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı ünvan 2 ünvanına köçürülməsi, Cavabdeh ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərcinin yarısı, 25 (iyirmi beş) manatın alınaraq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Şəbnəm Həxiyeva). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı ilə xx.xx.2001-ci ildə nikaha girməklə ailə həyatı qurmuşlar və Səminə onun yaşadığı ünvana-ünvan 3anda yaşadıqdan sonra Sumqayıt şəhəri, İnşaatçı məhəlləsi, “Beton zavod” ərazisində öz vəsaitləri hesabına fərdi yaşayış evi alıb həmin evə köçmüşlər. Brgə nikahdan xx.xx.2003cü il təvəllüdlü X3 adlı bir uşaqları anadan olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyinə görə ailə münasibətləri tədricən pozulmuş və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1390/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikah qeydinin pozulması qət edilmişdir. Bundan sonra iddiaçı ona qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmə yuxarıda göstərilən qətnaməni qət etmişdir. Bildirmişdir ki, onların iddiaçı ilə bir evdə birgə yaşayışları mümkün deyil. Belə ki, hazırda onların arasında olan rəsmi nikah qeydi pozulmuş və ailələri dağılmışdır. Bundan başqa iddiaçı normal ünsiyyət qabiliyyətinə malik deyil. Gündəlik davranışında aqressivdir, əsəbləri pozulmuçşdur. Hesab edir ki, Səminənin psixoloji problemi var və o, səhhəti ilə əlaqədar tibbi müayinədən keçirilməlidir. Bu baxımdan və digər səbəblərdən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmiş və qanunsuz qətnamə qət etmişdir. Daha sonra cavabdeh maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması ilə bağlı apellyasya şikayətinin dəlilləri ilə əlaqədar qeyd etmişdir ki, iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməməklə özbaşına tikilidir. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. (Mülki Məcəllənin 180.1. maddəsi). Qeyd olunmalıdır ki, analoji işlərdə bu hüquq daha geniş təfsir olunmalıdır. Bu maddəyə görə özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı əmlak hüquqlarının, o cümlədən istifadə hüququnun əldə edilməsi, yaxud belə tikilinin yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi mümkün deyildir. Bununla yanaşı, Mülki Məcəllənin 180-ci maddəsi mənasına görə özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadəni qadağan etmir, yəni həmin maddədə bunu qadağan edən müddəalar göstərilməmişdir. Hazırkı işdə mübahisə predmeti olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər - yaşayış ehtiyacını qarşılayan tikili kimi mövcud olmaqla ona vəsait qoyan şəxsin əmlak hüquqlarının bir hissəsidir. Başqa sözlə, həmin şəxsin ev üzərində mülkiyyət haqqı yaranmasa da, onun həmin evlə bağlı sahib olduğu əmlak hüquqları mülkiyyət kimi qiymətləndirilə bilər. İlk növbədə nəzərə almaq lazımdır ki, mübahisəli evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəməyə nəinki belə sübutlar təqdim etməmiş, əksinə həmin halların mövcud olmaması qüvvədə olan məhkəmə aktı ilə öz təsdiqini tapmışdır. Belə ki, mübahisəli ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə, tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyadan istifadə etmək, onu sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və s. hüquqlar əşya sahibinə məxsusdur. Həmin hüquqlar ona vəsait xərcləməyən digər şəxsin hüquqları ilə yüklü edilə bilməz. Tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin hüquqlar ona vəsait xərcləməyən digər şəxsin hüquqları ilə yüklü edilə bilməz. Ailə Məcəlləsinin 15-ci fəslinə əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər qardaş, bacı, baba, nənə, nəvə, ögey ata və anadır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər, cavabdeh məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti üzrə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Sumqayıt Şəhər Nikah evi tərəfindən 17 aprel 2001-ci il tarixdə verilmiş Vİİ-ЖГ seriyalı 429047 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 17 aprel 2001-ci il tarixində nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 280 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)- 1390/2023 saylı qətnaməsinə əsasən, iddia tələbi təmin edilmiş, Cavabdeh ilə Sadıqova (Şükürova) Səminə Əli qızı arasında Sumqayıt Şəhər Nikah Evində xx.xx.2001-ci il tarixdə, 280 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi “İnşaatçı” 1 saylı Məhəllə Komitəsinin 12 saylı, 24 yanvar 2023-cü il tarixli “ailə tərkibi haqqında” arayışından görünür ki, İddiaçı həyat yoldaşı Cavabdeh və oğlu X3 ilə birlikdə xx.xx.2007ci il tarixindən “Beton zavodu” üzrə 1 saylı “İnşaatçı” məhəllə komitəsinin əhatə etdiyi ərazidə yerləşən ev 192A ünvanında yaşayırlar. İş materiallarında olan Azərbaycan Respublikası Qubadlı rayonu İcra Hakimiyyəti başçısının Mahruzlu kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 14 saylı, 29 yanvar 2023-cü il tarixli arayışından görünür ki, İddiaçı 1993- cü ildən Qubadlı rayonu, Mahruzlu kəndindən məcburi köçkün gəlmiş, hal-hazırda Sumqayıt şəhəri, 12-ci mikrorayon, bina 5, mənzil 9-da müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə MŞB/MT030/2023-00657 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan məlum olur ki, İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı mübahisəli mənzilə gəlin köçmüş və cavabdeh ilə birlikdə orada yaşamışlar. Həmin nikahdan bir övladı olmuş, sonradan tərəflərin münasibətləri pisləşmiş və onlar ayrılmışlar. Hazırda iddiaçı sözügedən mənzilə köçürülməsini tələb edir. Azərbaycan Respublikası MPM-in 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Ona görə də, belə yaşayış evləri ilə əlaqədar yaranmış hüquq münasibətlərinə hüququn analogiyası tətbiq edilməklə mübahisəli hüquq münasibətləri yaranan vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icarədar və ailə üzvlərinin arasında münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilməlidir. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə görə isə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Sadalananlara əsasən, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək qərarını onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli evə gəlin köçməklə Cavabdeh ailə üzvü olmuş, onunla birlikdə yaşayıb ümumi təsərrüfat aparmışdır. Odur ki, iddiaçıya həmin evdə cavabdehlə eyni şərtlərlə və eyni şəraitdə yaşamaq imkanı yaradılmaqla, o, həmin mənzilə köçürülməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. 33-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1 və 6.1.1-ci maddələrinə əsasən mülki hüquq subyektlərinin bərabərliyi mülki qanunvericiliyin prinsipidir. Həmin maddənin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır Həmin maddənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin maddənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Həmin maddənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin maddənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin maddənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə kollegiyasının iclasında aparılmış araşdırma zamanı müəyyən olundu ki, Sumqayıt şəhəri, İnşaatçı məhəlləsi, “Beton zavod” ərazisi ünvanında olan 192A saylı evə dair mülkiyyət hüququnu təsdiq edən sənəd olmasa da, həmin evin mövcudluğu, habelə mübahisəli evdə iddiaçının yaşamış olduğu mübahisəsiz haldır. Müəyyən edilmişdir ki, İddiaçı həyat yoldaşı Cavabdeh və oğlu X3 ilə birlikdə xx.xx.2007-ci il tarixindən “Beton zavodu” üzrə 1 saylı “İnşaatçı” məhəllə komitəsinin əhatə etdiyi ərazidə yerləşən ev 192A ünvanında yaşayırlar. Bundan əlavə cavabdeh özü apellyasiya şikayətində tərəflərin öz vəsaiti hesabına həmin yaşayış evini alıb ora köçdüklərini təsdiq etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli ev özbaşına tikili olsa belə, iddiaçı cavabdehlə bərabər səviyyədə həmin əmlaka sahiblik etmək hüququna malik olur. Özbaşına tikilidə yaşayan şəxs(lər)in eyni əsaslarla orada yaşayan digər şəxs(lər)i onun iradəsinə zidd olaraq yaşayış sahəsindən çıxarması və ya başqa qaydada yaşamasına mane olması Mülki Məcəllənin 164.1-cü maddəsinə əsasən qadağan edilmiş özbaşınalıq sayılır və həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən pozuntuya məruz qalan şəxs(lər)in pozucudan pozuntulara son qoymağı tələb etmək, pozuntuların davam edəcəyindən ehtiyat olunduqda isə onlara son qoyulması üçün məhkəmə iddia qaldırmaq hüququ tanınır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün araşdırmış, lakin maddi hüquq normalarını sistemli şəkildə tam düzgün tətbiq etməmişdir. Lakin bu birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(060)-3513/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar