Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2189/2022 04.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İddiaçı X4 qanuni nümayəndəsi İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1na və Cavabdeh2nə qarşı miras payının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli, e-2(060)- 3815/2022 nömrəli qərardadından iddiaçı X4 qanuni nümayəndəsi İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ İddiaçı X4 qanuni nümayəndəsi İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1na və Cavabdeh2nə qarşı miras payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə vəfat etmiş mərhum X2 məxsus olan ünvan 1 ünvanında yerləşən 30 saylı mənzilin 1/2 hissəsinə xx.xx.2016-cı il təvəllüdlü X4 miras pay hüququnun müəyyən edilməsi və həmin hissədə X4 mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli, e-2(060)-3815/2022 nömrəli qərardadı ilə iddiaçı X4 qanuni nümayəndəsi İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1na və Cavabdeh2nə qarşı miras payının müəyyən edilməsi tələbinə dair iddiası baxılmamış saxlanılmışdır. (hakim A.Süleymanova). Həmin qərardaddan iddiaçı X4 qanuni nümayəndəsi İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iddianın baxılmamış saxlanılması haqqında qərardad qəbul edərkən hüquqi əsas kimi AR MPM-in 259.0.12-ci və 150.0.5-ci maddələrinə istinad etmişdir. Məhkəmənin bu mövqeyi tamamilə qanunsuz və əsassızdır. Belə ki, ilk öncə nəzərə almaq lazımdır ki, məhkəmə MPM-in qüvvədən düşmüş normalarına istinad etməklə ciddi səhvə yol vermişdir. Hazırda qüvvədə olan redaksiyaya əsasən MPMin 150.0.1-150.0.3 və 150.0.5-ci maddələri ümumiyyətlə Məcəllədən çıxarılmışdır. Bundan əlavə, qanunvericiliyin tələbləri baxımından iddia ərizəsinin baxılmamış saxlanılması üçün hər hansı əsasın olub-olmaması halının aydınlaşdırılması üçün AR MPM-in 259.0.12-ci maddəsinin dispozisiya şərtlərinə uyğun təhlil aparılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2 və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunan maddənin məzmunundan göründüyü kimi, həmin maddə blanket xarakterli norma olduğundan maddədə istinad olunan digər normalara göndəriş edilməlidir. Belə ki, Mülki Prosesual Məcəllənin 150.1.2 və 150.1.3-cü maddələrinə görə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd və iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilir. Göründüyü kimi, hakim MPM-in 259.0.12-ci maddəsinə əsaslanaraq o halda ərizəni baxılmamış saxlaya bilər ki, dövlət rüsumunun ödənilməsi barədə sənəd və ya iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmiş olsun. Hazırkı işdə isə, məhkəmə MPM-in 259.0.12-ci maddəsində nəzərdə tutulan sənədlərin deyil, işin mahiyyəti üzrə həll edilməsi üçün zəruri olan sübutların məhkəməyə təqdim edilməməsinə görə iddia ərizəsini baxılmamış saxlamışdır. Məhkəmə nəzərə almamışdır ki, işin mahiyyəti üzrə həlli üçün zəruri olan sübutların təqdim edilməməsi işin baxılmamış saxlanılması üçün deyil, iddianın rədd edilməsi üçün əsas ola bilər. Digər tərəfdən, məhkəməyə aydındır ki, xx.xx.1980-ci il təvəllüdlü mərhum X3 doğum qeydi barədə məlumatlar Özbəkistan respublikasının Fərqanə şəhərində müvafiq qeydiyyat orqanlarında olduğuna görə iddiaçı tərəfindən məhkəməyə təqdim edilməsi qeyri-mümkün olmuşdur. Belə olan halda, məhkəmə müvafiq sorğu və ya məhkəmə tapşırığı ilə sübutların toplanılmasında iddiaçıya köməklik göstərmək əvəzinə, özü üçün asan yolu seçərək iddia ərizəsini əsassız olaraq baxılmamış saxlamışdır. Göstərilənlər əsasında şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e2(060)-3815/2022 nömrəli qərardadı ləğv edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2(060)-3815/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün yuxarı instansiya məhkəməsinə göndərilmişdir. AR MPM-nin 10.8-1-ci maddəsinə görə bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli, e2(060)-3815/2022 nömrəli qərardadı ləğv edilməli, işə mahiyyəti üzrə baxılmalıdır. Birinci instansiya məhkəməsi iddia ərizəsini baxılmamış saxlayarkən ona əsaslanmışdır ki, iş üzrə cavabdeh tərəf mübahisə predmeti üzrə vərəsəliklə bağlı X1 miras qoyan Aftandil Cəlilovun qanuni vərəsəsi olmasına dair heç bir sübut məhkəməyə təqdim edilməməsini mübahisələndirmiş, iddiaçı tərəf mərhum X1 doğum akt qeydi barədə sənədlərin məhkəməyə təqdim ediləcəyi ilə bağlı vaxt verilərək məhkəmə baxışı iclasının təxirə salınmasını xahiş etmiş, ona məhkəmə tərəfindən şərait yaradılsa da, heç bir sübut məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutların natamam olmasını əsas götürüb, məhkəmənin iş üzrə yekun nəticəyə gəlməsinə, vərəsələrin dairəsinin müəyyən edilməsinə və bununla da mübahisənin həllinin mümkünsüzlüyü qənaətinə gələrək, iddianı baxılmamış saxlamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-cu maddəsi ərizənin baxılmamış saxlanılması əsaslarını müəyyən etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi AR MPM-in 259.0.12-ci maddəsində nəzərdə tutulan (ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda) bəndinə istinad etmiş və iddianı baxılmamış saxlanmışdır. Şikayətin dəlillərini əsaslı hesab edən apellyasiya kollegiyası qeyd edir ki, Mülki Prosesual Məcəllənin 150.1.2 və 150.1.3-cü maddələri uyğun olaraq, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd və iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənədin (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilməsi ilə bağlıdır. Məhkəmə isə göstərilən normaya istinad edərək, işin mahiyyəti üzrə baxılıb-həll edilməsi üçün zəruri olan sənədləri iddiaçıdan tələb etmişdir. Məhkəmənin mövqeyini əsaslı hesab etməyən kollegiya qeyd edir ki, hazırkı halda iddiaçıdan təqdim edilməsi tələb olunan sənədlərin məhkəməyə təqdim edilməməsi, iddianın baxılmaması üçün əsas hesab edilə bilməz. Bununla yanaşı Mülki Prosessual Məcəllənin sübutlar başlığı altında 7-ci fəsli sübutların təmin edilməsi, təqdim edilməsi, məhkəmə tapşırıqları və sair kimi işə baxılmasının asanlaşdırılması üçün zəruri prosessual hərəkətlərin edilməsi ilə bağlı məsələləri tənzimləyir. Yəni ki, məhkəmə iş üzrə zəruri sübutların əldə edilməsi üçün müvafiq dövlət orqanlarına sorğular verə, yaxud xarici dövlətin müvafiq məhkəmələrinə məhkəmə tapşırığı ünvanlaya bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.3-cü maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı X4 qanuni nümayəndəsi İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1na və Cavabdeh2nə qarşı miras payının müəyyən edilməsi tələbinə dair iddiasını baxılmamış saxlamaqla düzgün nəticəyə gəlməmişdir. Birinci instansiya məhkəməsi işə yenidən baxarkən apellyasiya instansiya məhkəməsinin qərardadında qeyd olunan göstərişləri nəzərə almalı, ondan sonra mübahisəyə hüquqi qiymət verməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 150.1.2, 150.1.3, 259.0.12, 263-264, 395-396, 398 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ Şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli, e-2(060)-3815/2022 nömrəli qərardadı ləğv edilsin. İddiaçı X4 qanuni nümayəndəsi İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1na və Cavabdeh2nə qarşı miras payının müəyyən edilməsi tələbinə tələbinə dair mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2189/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2189/2022
04.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver