Məhkəmə qərarları › İş №2(105)-219/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-219/2025

18.02.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-219/2025 18.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı iş yerində bədbəxt hadisə nəticəsində alınmış xəsarətin istehsalatda baş vermiş hadisə kimi müəyyən edilməsi və bununla bağlı istehsalat zədəsi aktının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X13 və X2 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “iş yerində bədbəxt hadisə nəticəsində alınmış xəsarətin istehsalatda baş vermiş hadisə kimi müəyyən edilməsi və bununla bağlı istehsalat zədəsi aktının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-467/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “iş yerində bədbəxt hadisə nəticəsində alınmış xəsarətin istehsalatda baş vermiş hadisə kimi müəyyən edilməsi və bununla bağlı istehsalat zədəsi aktının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş yerində bədbəxt hadisə nəticəsində alınmış xəsarətin istehsalatda baş vermiş hadisə kimi müəyyən edilərək, bununla bağlı istehsalat zədəsi aktının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, əmək müqaviləsi üzrə "xxxx" ASC-nin qablaşdırma sexində fəhlə işləyir və hazırda da əmək münasibətləri davam etməkdədir. 25 may 2023-cü il tarixdə iş vaxtı, yəni saat 17.00 radələrində, iş yerində bədbəxt hadisə nəticəsində xəsarət almış, habelə bu zaman huşunu bir qədər itirmiş və iş yoldaşlarının köməkliyi ilə saat 17:26-da dərhal “X9-Diaqnostika Mərkəzi” PHŞ-yə çatdırılmışdır. Bu Mərkəzin travmatologiya şöbəsində ona təxirəsalınmaz ilkin yardım göstərilmiş və müvəqqəti olaraq əmək qabiliyyətsizliyinə dair xəstəlik vərəqəsi açılmışdır. Həmçinin, sözügedən Mərkəz tərəfindən bədbəxt hadisə nəticəsində istehsalatda aldığı xəsarəti təsdiq edən “sol mil sümüyünün tipik yerdə yerini dəyişən qapalı sınığı”na dair əsas diaqnoz və “ağırlaşmaorta sinirin neyropatalogiyası”na dair əlavə diaqnoz qoyulmuşdur. Lakin, ötən dövrdən hazırkı vaxtadək işəgötürən "xxxx" ASC işçi olaraq onun iş yerində və iş saatı hesab edilən vaxt ərzində xəsarət almasını inkar edir. İstehsalatda baş vermiş bədbəxt hadisədən sonra cavabdeh müəssisənin hərəkətləri nəticəsində işçi olaraq hüquqları kobud surətdə pozulmuş və bu günədək də pozulmaqda davam edir. Belə ki, cavabdeh müəssisə tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydalarının təsdiq edilməsi haqqında” 27 saylı Qərarının 1.7-ci maddəsi kobud surətdə pozulmuş, bu hadisə müvafiq dövlət orqanlarından gizlədilməklə, X8 və X3 məlumat verilməmişdir. Bədbəxt hadisənin əmək funksiyalarını yerinə yetirərkən iş yerində baş verməsinə və dərhal xəstəxanaya çatdırılmasına baxmayaraq, cavabdeh yuxarıda göstərilən normativ hüquqi aktların tələblərini pozaraq bədbəxt hadisəni gizlətməyə çalışır, aldığı xəsarəti “müəssisənin inzibati binasında baş vermədiyini” israrla qeyd etməkdə davam edir. Halbuki, əmək qanunvericiliyinin bu tələblərinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələri ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin təhqiqatının aparılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən X8 məlumat verməyə borcludur. Yalnız işçi olaraq onun aidiyyəti dövlət və sair orqanlara müraciətindən sonra X6 Quba-Xaçmaz Regional şöbəsi 7 aydan sonra araşdırma aparmış, lakin təhqiqatın aparılmasından imtina edərək, məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən, işəgötürən qanunvericiliklə müəyyən edilmiş qaydada və şərtlə işçiləri icbari sosial sığorta etməlidir. Bu maddəyə əsasən həyat üçün yüksək təhlükə mənbəyi olan işlərdə çalışan işçilər istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən işəgötürən tərəfindən mütləq icbari şəxsi sığorta edilməlidir. Cavabdeh müəssisə bir ildən artıq müddətdə iddiaçı olaraq onun hüquqlarını pozur və pozmaqda davam edir. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən, işəgötürənlər işçilərə qarşı əmək qanunvericiliyinə daxil olan normativ hüquqi aktları pozduqlarına və ya məhdudlaşdırdıqlarına görə məsuliyyət daşıyırlar. Bu hüquqların pozulmasına görə işəgötürənlər Əmək Məcəlləsinin 311-ci maddəsinə görə intizam, 312-ci maddəsinə görə inzibati və 313-cü maddəsinə görə cinayət məsuliyyəti daşıyırlar. Həmçinin, iddia tələbi ilə bağlı mediasiya prosesinin keçirilməsi üçün ilkin olaraq mediasiyaya müraciət etmiş, lakin cavabdeh mediasiya prosesində iştirakdan imtina etdiyindən bu barədə 23 aprel 2024-cü il tarixli arayış verilmişdir. Hesab edir ki, cavabdeh müəssisənin iş yerində bədbəxt hadisə nəticəsində alınmış xəsarətin istehsalatda baş vermiş hadisə kimi tanınmasından imtinasının heç bir hüquqi əsası olmadığına görə bu hal məhkəmə qaydasında müəyyən edilməli və istehsalat zədəsi aktının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmalıdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir.

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərmişdir ki, 25 may 2023-cü il tarixdə "xxxx" ASC-nin işçisi İddiaçı bütün iş günü hazırda da əmək münasibətlərinin davam etdiyi müəssisədə olmuşdur. Sözügedən tarixdə iddiaçı yaşadığı Su Kəməri qəsəbəsindən Siyəzən rayonundan bir qədər kənarda yerləşən ASC-yə bu müəssisəyə məxsus avtobusla gətirilmişdir. Həmin gün təxminən saat 17 radələrində soyunub-geyinmə otağına gedərkən dəhlizdə iddiaçının ayağı sürüşmüş, bütün bədənin ağırlığı üzərinə düşdüyü üçün sol qolu sınmışdır. ASC-də iddiaçının Ceyhun və Mehman adlı iş yoldaşları təmsil etdiyi şəxsin qolunu şalla bağlayaraq, Reyhanə və Paşa adlı digər əməkdaşlarla birlikdə avtomobilə əyləşdirmiş və “Siyəzən Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nə gətirmişlər. Xəstəxananın arayışına əsasən, iddiaçı xəsarəti iş yerində, yəni "xxxx" ASC-də almışdır. Cavabdeh ASC-də iş vaxtının saat 17:00da bitməsi nəzərə alındıqda, iddiaçının həmin saatda soyunub-geyinmə otağına gedərkən yıxılması, qoluna sarğı qoyulması və iş yoldaşlarının köməkliyi ilə saat 17:26-da xəstəxanaya çatdırılması mümkün ola bilməzdi. Çünki zaman baxımından 20-26 dəqiqə ərzində bütün bu hərəkətlərin icra edilməsi mümkün ola bilməzdir. Həmçinin, hazırda da iddiaçının qolunun şişi çəkilməmişdir. Bundan başqa, işəgötürən müəssisə tərəfindən baş vermiş hadisə barəsində aidiyyəti orqanlara məlumat verilməli olsa da, yalnız iddiaçının çoxsaylı müraciətlərindən sonra Əmək Müfəttişliyi araşdırma aparmışdır. Həmin hadisələrin araşdırılması zamanı, habelə Əmək Müfəttişliyi təhqiqat apararkən ASC-nin işçisi Şahid1 dəvət olunmasında israrlı olmuşlar. Belə ki, Reyhanə araşdırma zamanı iddiaçının iş vaxtı xəsarət almasını qeyd etmişdir. Bundan başqa, müəssisədə iş vaxtının dəqiq uçotu aparılmalı, nəzarət kamera vasitəsilə həyata keçirilməldir. Habelə, əmək qanunvericiliyinə əsasən işçinin uçotu haqqında məlumatlar işəgötürən müəssisədə 5 il ərzində saxlanılmalıdır. Lakin, cavabdeh tərəf iş üzrə zəruri olan sadalanan sübutları məhkəməyə təqdim etməmişdir. Əgər iddiaçı iş yerində istehsalat zədəsi almamışdırsa, onda cavabdeh ASC tərəfindən iddiaçıya hansı səbəbdən hazırda da maddi yardım ödənilir.

4. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında göstərmişdir ki, sağalacağını fikirləşdiyi üçün bir müddət istehsalatda aldığı xəsarətlə bağlı aidiyyəti qurumlara, o cümlədən məhkəməyə müraciət etməmişdir. Belə ki, 1 il 4 ay ərzində xəstəlik vərəqəsinə əsasən pul ödənişləri almışdır. Hətta, DSMF-yə müraciətinə cavab olaraq hazırda da işçisi olduğu ASC-dən ona xəstəliyə görə maddi yardım edilməsi bildirilmişdir. O, hazırda da pensiya almır, həmçinin əri vəfat etdiyinə görə maddi vəziyyəti çox çətindir.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı aidiyyəti qurumlara müvafiq müraciətləri əsasında araşdırma aparılmış, habelə həmin araşdırmalar zamanı verilmiş ifadələrdə həmin şəxsin istehsalatda əmək funksiyalarının icrası ilə bağlı xəsarət alması faktı müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydalarının təsdiq edilməsi haqqında” 27 saylı qərarında işçinin iş yerində aldığı xəsarətin istehsalatla bağlı olması xüsusi ilə qeyd edilmişdir. Həmçinin, müəssisə tərəfindən baş vermiş hadisənin gizlədilməsinə cəhd olunmamışdır. Habelə, X10 Xidməti Quba Xaçmaz regional şöbəsinin aidiyyəti əməkdaşı tərəfindən aparılmış araşdırma zamanı şahidlərinin ifadələri alınmış və həmin ifadələrlə də "xxxx" ASC-nin texniki və əmək təhlükəsizliyi ilə əlaqədar istehsalat pozuntusuna yol verməsi müəyyən edilməmişdir. "xxxx" ASC istehsalat müəssisəsi olduğu üçün görülən işlərin həcmindən asılı olaraq müəssisədə iş vaxtı saat 17:00-dan bir qədər əvvəl və ya sonra da yekunlaşa bilər. Bundan əlavə, ASC-də tabel materialları və iş vaxtının uçotu barədə istehsalat sahəsinin rəhbərləri tərəfindən qeydiyyat aparılır.

6. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, müdiri Cavid Allahverdiyev 25 may 2023-cü il tarixdə, təxminən saat 17-18 radələrində ona zəng edərək, Şabranda olduğu üçün iş yerində xəsarət almış anası Xanımın “Siyəzən Rayon Mərkəzi Xəstəxanası”na aparılmasını qeyd etməklə, anasını xəstəxanada qarşılamasını xahiş etmişdir. O, da öz növbəsində iş yerinin yaxınlığında yerləşən Siyəzən Rayon Mərkəzi X1 Tibbi Yardım şöbəsinə çatıb, orada 2-3 dəqiqə gözlədikdən sonra, əvvəllər heç görmədiyi İddiaçı iş yoldaşlarının köməkliyi ilə ağ rəngli avtomobildən düşürülməsini görmüşdür. Habelə bu zaman iddiaçının qolunun sarğılı olmasının şahidi olmuşdur. Bundan 10-15 dəqiqə sonra, iddiaçının Məmməd adlı qardaşı xəstəxanaya gəldiyinə görə o, xəstəxananı tərk etmişdir.

7. İş materiallarında olan "xxxx" ASC-nin quş qablaşdırma sexinin fəhləsi İddiaçı 25 may 2023-cü il tarixdə, saat 17:00 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktının surətindən görünür ki, Komissiya təhqiqat aktının 4-cü bölməsinə əsasən bədbəxt hadisənin baş verməsində əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxslər müəyyən edilməmişdir. Təhqiqat zamanı İddiaçı 25 may 2023-cü il tarixdə aldığı xəsarətin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları” na uyğun olaraq istehsalatla əlaqəliliyi müəyyən edilmədiyindən onunla baş vermiş hadisə İZ formalı aktla rəsmiləşdirilmir və uçota alınmır.

8. İş materiallarında olan “Siyəzən Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin vəkil sorğusuna verilmiş 02 aprel 2024-cü il tarixli məktubunun surətindən görünür ki, İddiaçı 25 may 2023-cü il tarixdə, saat 17:26 radələrində Siyəzən RMX PHŞ-nin TTTY bölməsinə müraciət etmişdir. Xəstə rentgenoloji müayinə olunmuş və “Sol mil sümüyünün tipik yerdə yerini dəyişən qapaq sınığı” diaqnozu müəyyən olunmuşdur. Xəstənin deməsinə görə iş yerində yıxılaraq xəsarət almışdır. Xəstəyə gips sarğısı qoyulmuş və evə buraxılmışdır.

9. İş materiallarında olan İddiaçı xəsarət alması barədə məlumata əsasən Siyəzən RPŞ-də toplanmış HK-2/1065 saylı materialların surətindən görünür ki, aparılmış araşdırma zamanı İddiaçı 25 may 2023-cü il tarixdə iş saatı bitdikdən sonra iş yerinin paltar dəyişmək üçün olan otağında geyimini dəyişərkən ayağı kafelə sürüşmüş və o, “sol mil sümüyünün tipik yerdə yerini dəyişən qapalı sınığı” xəsarəti almışdır. Ağrısı olduğundan həmin gün 25 may 2023-cü il tarixdə Siyəzən RMDM-yə müraciət edərək həkimlər tərəfindən müvafiq tibbi yadım alıb evə buraxılmışdır. Hazırda, özünü yaxşı hiss edir və öz ehtiyatsızlığından aldığı xəsarəti ilə əlaqədar heç bir şikayəti və tələbi yoxdur.

10. İş materiallarında olan Siyəzən rayon prokurorluğundan X10 Xidməti Quba Xaçmaz regional şöbəsinə ünvanlanmış 22 may 2024-cü il tarixli məktubun surətindən görünür ki, rayon prokurorluğuna İddiaçı "xxxx" ASC-də xəsarət alması ilə əlaqədar məlumat daxil olmamış və həmin fakt üzrə araşdırma aparılmamışdır.

11. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(059)-467/2024 nömrəli qətnaməsi ilə (hakim Bəylər Ələkərov) iddia tələbi rədd edilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin quş qablaşdırma sexinin fəhləsi olan və hazırda da cavabdeh ASC ilə aralarında əmək münasibətləri davam edən İddiaçı 25 may 2023-cü il tarixdə aldığı bədən xəsarəti ilə əlaqədar, həmin gün saat 17:26-da “X9-Diaqnostika Mərkəzi” PHŞ-nə çatdırılmışdır. Bu Mərkəzin travmatologiya şöbəsində iddiaçıya təxirəsalınmaz ilkin yardım göstərilmiş və sonuncunun müvəqqəti olaraq əmək qabiliyyətsizliyinə dair 26 may 2023-cü il tarixdə xəstəlik vərəqəsi açılmışdır. Bununla belə, istehsalatda baş vermiş bədbəxt hadisədən zərər çəkdiyini bildirən İddiaçı, yaxud hadisənin şahidləri tərəfindən hadisə barədə dərhal işəgötürənə, eləcə də tibb müəssisəsi tərəfindən X10 Xidmətinə dərhal məlumat verilməsi təmin edilməmiş, prokurorluq orqanlarında şəxsin bədən xəsarəti ilə bağlı hal-hazıradək ümumiyyətlə hər hansı araşdırma aparılmamışdır. Bundan başqa, X10 Xidməti Quba- Xaçmaz regional şöbəsi tərəfindən yaradılmış Komissiya tərəfindən 13 may 2024-cü il tarixdən 21 may 2024-cü il tarixədək aparılmış təhqiqatın nəticəsinə dair tərtib edilmiş təhqiqat aktının 4-cü bölməsinə əsasən bədbəxt hadisənin baş verməsində əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxslər müəyyən edilmədiyindən, habelə, təhqiqat zamanı İddiaçı 25 may 2023-cü il tarixdə aldığı xəsarətin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları” na uyğun olaraq istehsalatla əlaqəliliyi müəyyən edilmədiyindən baş vermiş hadisənin İZ formalı aktla rəsmiləşdirilməklə, uçota alınmasından imtina edilmişdir. Belə olan halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sözügedən qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları”nın 1.5-ci bəndinin İİ abzasına əsasən, təhqiqat komissiyasının aktı ilə razılaşmayan iddiaçı inzibati orqan sayılan X10 Xidmətinin müvafiq qurumunun qəbul etdiyi aktdan həmin xidmətin rəhbərliyinə və ya aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etməklə, həmin komissiyanın hazırda qüvvədə olan aktını mübahisələndirməli olduğu halda, bunu etməmiş, hazırkı iddia tələbi ilə mülki qaydada məhkəməyə müraciət etmişdir.

13. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 217, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il 27 nömrəli Qərarı ilə təsdiq olunmuş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın, Mülki Prosessual Məcəllənin 107-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hazırkı mübahisə üzrə iddiaçının iş yerindən xəsarət alması faktını nəzəri cəhətdən qəbul etsə də, lakin sübutetmə yükünün yalnız iddiaçının üzərinə qoyur, beləliklə iddiaçının təqdim etdiyi sübutlara və istinad etdikləri hallara münasibətdə onların mötəbərliyinə şübhə ilə yanaşır, eləcə də bu sübutların sübut edilən fakta birmənalı bağlı olmağını və nəticədə həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas vermədiyi qənaitinə gəlir. Bunun əksinə olaraq cavabdeh-işəgötürən əmək qanunvericiliyinə görə faktla bağlı üzərinə düşən məsuliyyət iə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməkdən faktiki olaraq imtina edir, məhkəmə isə bu hala ümumiyyətlə qiymət vermir. Məhkəmə iddiaçının aldığı bədən xəsarəti ilə əlaqədar elə həmin gün Tibb Mərkəzinin travmatologiya şöbəsində iddiaçıya təxirəsalınmaz ilkin yardım göstərildiyini və sonuncunun müvəqqəti olaraq əmək qabiliyyətsizliyinə dair xəstəlik vərəqəsi açılmasını faktını qeyd etməklə yanaşı, istehsalatda baş vermiş bədbəxt hadisədən zərərçəkən olaraq hadisə barədə dərhal işəgötürənə, eləcə də X10 Xidmətinə və Rayon Prokurorluğuna müraciət etmədiyini qeyd etməklə, bir növ məsuliyyəti iddiaçının üzərinə qoyur və sonra daha irəli gedərək, X10 Xidməti Quba-Xaçmaz regional şöbəsi tərəfindən aparılmış təhqiqat komnssiyasının yekun qərarını əsas götürərək, həmin komissiyanın hazırda qüvvədə olan aktını mübahisələndirməli olduğu halda, iddiaçının bunu etmədiyini, hazırkı iddia tələbi ilə mülki qaydada məhkəməyə müraciət etdiyini qeyd etməklə sonda iddianın təmin olunması üçün əsas olmadığı fikrini bildirməklə işini bitmiş saymış olur. Halbuki, məhkəmə üzərinə düşən əsas funksiyanı-ədalət mühakiməsinin həyata keçirilməlü, hüquqi mübahisələrin və qanun pozuntularının həllində ədalətli və obyektiv qərarlar qəbul etməlidir. Hazırki iş üzrə tərəflər iddiaçı - sadə, zəhmətkeş, ailə başçısını itirmiş işçi qadın, cavabdeh isə şimal regionunda böyük adminstrativ rıçaqlara və maliyyə resurslarına malik işəgötürən-şirkətdir. Cavabdeh özünün admistrativ üstünlüyündən sui-istifadə edərək, mübahisə ilə bağlı aidiyyatı qurumlarının mövqeyini öz mövqeyinə uyğunlaşdıra bilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının AR Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsində nəzərdə tutulmuş hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatını heçə endirmişdir. İşin materiallarına əsasən bildirilir ki, hazırkı işin mübahisələndirilməyən halı iddiaçının xx.xx.2023-cü il tarixdə təxminən saat 17:00 radələrində xəsarət alma faktı və elə həmin günü saat 17:26 radələrində tibb müəssisəsinə çatdırılma, xəsarət nəticəsində “sol mil sümüyünün tipik yerdə yerinin dəyişən qapalı sınığı”na dair əsas diqnoz və “ağırlaşma - orta sinirin neyropatalogiyası” faktıdır. Hazırki işin əsas mübahisələndirilən halı iddiaçının xəsarət alma faktının cavabdeh müəssisdə iş vaxtı - iş vaxtının sonunda (müəssisənin inzibati ərazisini tərk etmədən) iş yerində və ya iş vaxtı bitdikdən sonra iş yerindən kənarda alma faktı təşkil edir. Belə ki, cavabdeh iddianı qəbul etməyərək, iddiaçının həmin günü iş vaxtından sonra, yəni iddiaçının "xxxx" ASC-nin inzibati ərazisini tərk edərək evə getdiyi vaxt baş verməsini israrla vurğulayır. İşin bu halnı, yəni iddiaçının xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin inzibati ərazisinin nə vaxt tərk etməsinə dair müəssisənin giriş-çıxışında quraşdırlımış nəzarət kameralarının yaddaş məlumatlarının, eləcədə inzibati ərazisinin giriş-çixişinda quraşdırılmış elekton giriş-çıxış sistemi-turniket kart yaddaş məlumatlarının da məhkəməyə təqdim edilməsi ilə bağlı tərəfindən vəsatət verilmiş, vəsatət məhkəmə tərəfindən təmin edilmiş, lakin cavabdeh müəssisə həmin məlumatları məhkəməyə təqdim edə bilməyəcəyini rəsmən olaraq bildirmiş, yalnız əmək müfəttişliyinin 7 aydan sonra aparmış araşdırmasının, eləcədə 14 aydan sonra aparmış işin təhqinin nəticəsi ilə “pərdələnərək” mövqe göstərmişdir. Halbuki, AR Əmək Məcəlləsinin 102.1-ci maddəsinin tələblərinə əsasən - işəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. Məhkəmənin gedişində tərəf olaraq bu halı xüsusi qeyd etmiş, lakin məhkəmə bu halı sonda qiymət verəcəyini bildirsədə, qətnamədə buna dair mövqe bildirməmişdir. Bundan başqa iş materiallarından görünür ki, iddiaçının iş yerində xəsarət ilə tibb müəssisəsində xəstəlik vərəqəsi açılmış və bu xəstəlik vərəqələrinin verilməsi xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi davam etmiş və bu dövr ərzində xəstəlik dövrü işəgötürən (cavabdeh) "xxxx" ASC tərəfindən tam ödənilmişdir. Mövcud qanunvericiliyə əsasən işəgötürən xəstəlik vərəqəsinin yalnız 14 günü ödəməli, qalan müddəti isə sosial sığorta təşkilatı ödəməlidir. Bu fakti cavabdeh ilkin olaraq inkar etmiş, lakin X10 Xidmətinin araşdırmasından sonra iddiaçıya qalan müddət ərzində də ödəniş etdiyini və bunu iddiaçıya kömək məqsəd ilə etdiyini bildirmişdir. Məhkəmə gedişində tərəf olaraq bu halı da qeyd etmiş, lakin məhkəmə sonda qiymət verəcəyini bildirsə də, qətnamədə buna dair mövqe bildirməmişdir. Eyni zamanda cavabdeh müəssisə tərəfindən AR Əmək Məcəlləsinin 217-ci maddəsinin və AR Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydalarının təsdiq edilməsi haqqında” 27 saylı Qərarının 1.7-ci maddəsini kobud surətdə pozaraq, hadisəni müvafiq dövlət orqanlarından gizlətmiş və hadisə barədə dövlət orqanlarına, o cümlədən X8 və X3 məlumat verilməmişdir. Halbuki əmək qanunvericiliyinin bu tələblərinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrini ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin təhqiqatının aparılması üçün hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən X8 məlumat verməyə borcludur. Yalnız iddiaçının aidiyyatı dövlət və sair orqanlara müraciətindən sonra X6 Quba-Xaçmaz Reqional şöbəsi (xx.xx.2023-cil tarixli araşdıma məktubu) 7 aydan sonra araşdırma aparmış və təhqiqatının aparılmasından imtina edərək, məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Daha sonra isə iddiaçının çoxsaylı müraciətindən sonra AR ƏƏSMN-nin X10 Xidmətinin əmrinə əsasən xx.xx.2024-c il tarixdə təhqiq edilmişdir. Qeyd edilmişdir ki, mövcud qanunvericilik belə istehsalat zədəsi və bədbəxt hadisələrin təhqiqni dərhal təhqiqini nəzərdə tutur. İş materiallarından görünür ki, işə cəlb edilmiş 3-cü şəxs DƏMX-nin Quba-Xaçmaz Reqional şöbəsi işin ilkin araşdırmasını 7 aydan sonra aparmış, işin tədqiqini isə 14 aydan sonra aparmışdır. Təbi ki, ötən dövr ərzində cavabdeh müəssisə hadisəni ört-basdır etmək ilə bağlı bütün resurslardan istifadə etmiş və nəticə olaraq buna nail olmuşdur. Bu səbəbdən də, iş üzrə 3-cü şəxs DƏMX-nin Quba-Xaçmaz Reqional şöbəsi tərəfindən aparılmış araşdırma və sonra təhqiqat aktı işin həqiqi hallarını müəyyən edən sübut kimi götürülə bilməz. Bu yerdə bir daha AR Konstitusiya Məhkəməsi Plenimunun məlum qərarına müraciət edək. Plenum qərarında qeyd olunur: Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə deyillər. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətinin olması ilə mülki münasibətlərdən fərqlənir. Bu baxımdan, işçilərin işəgötürənə münasibətdə tabeli vəziyyətdə olması, habelə hüquqi və maddi imkanlarına görə adətən daha zəif tərəf olduğu danılmazdır. Hazırkı işdə də X10 Xidmətinin faktla, bağlı 7 aydan və 14 aydan sonra araşdırma apararaq iddiaçının iş yoldaşlarından işəgötürənin əleyhinə izahat almasını mümkünsüz etmişdir. Bununla yanaşı DƏM Xidmətinin apardığı araşdırmada, izahatı vermiş cavabdeh müəssisənin işçisi Şahid1 verdiyi ilkin izahat ilə sonradan verdiyi izahat arasında ziddiyət aşkar edildiyindən və ziddiyəti aradan qaldırmaq üçün digər şəxslər ilə bağlı Şahid1 məhkəmə baxış iclasına dəvət edilsə də sonuncu imtina etmiş, lakin dəvət edilmiş digər şahid X5 qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17-18 radələrində Siyəzən RM X1 Tibbi Yardım şöbəsində olmuş və orada 2-3 dəqiqə gözlədikdən sonra, iddiaçı Xanım Alahverdiyavanın iş yoldaşlarının köməkliyi ilə ağ maşından düşdüklərini görmüş, habelə bu zaman iddiaçının qolunun sarğılı olmasının şahidi olmuşdur. Məhkəmə bu hal barədə də, qətnamədə bir mövqe bildirməmişdir. Beləliklə, cavabdeh müəssisəni iş yerində bədbəxt hadisə nəticəsində alınmış xəsarətin istehsalatda baş vermiş hadisə kimi tanınmasından imtinasının heç bir hüquqi əsası yoxdur, bu hal məhkəmə qaydasında iddiaçının izahatı, möbvcud sübutlar və şahid ifadələri ilə öz təsdiqini tapmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X4, onun vəkili və nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdilər.

18. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

19. Maddə 217. İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydaları

1. İşəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur.

2. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır.

3. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır.

4. Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır.

5. Bədbəxt hadisələrin araşdırılmasının, uçotunun aparılması bu maddədə nəzərdə tutulmuş qaydalar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktla tənzimlənir.

20. Maddə 239. Əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət

1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.

2. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir.

3. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir.

4. İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır.

5. Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” Qaydaları: 1.2-ci bənd. İşçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidir: əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən; müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən; müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində; keçirildiyi yerdən asılı olmayaraq, müəssisə tərəfindən iməclik tədbirləri keçirildiyi müddətdə; işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddətdə; istehsal avadanlıqları və obyektlərində qəza zamanı; növbə istirahətində olan işçilər (bələdçi, refrijator briqadasının işçisi, növbədə olan sürücü, dəniz, çay nəqliyyatlarının ekipaj və hava gəmilərinin heyət üzvləri, növbə ekspedisiya üsulu ilə işləyənlər və başqaları) növbə (vaxta) qəsəbəsinin ərazisində olduqları vaxt; işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə; işəgötürənin yazılı sərəncamına əsasən, əmək vəzifələrini şəxsi minik maşınında yerinə yetirdiyi vaxt; əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildikdə, yaxud o öldürüldükdə; əmək vəzifələrini yerinə yetirərkən itkin düşmə, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurma, yanma, donma, suda boğulma, ildırım vurma, fauna və flora növləri ilə təmas nəticəsində zədələnmələr, tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zamanı. 1.4-cü bənd. İstehsalatda bədbəxt hadisələr təhqiq edilərkən aşağıdakı hallar müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır: təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmə-tibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, su hövzələrinin istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü; texniki spirtlərin, aromatik, narkotik vasitələrin, psixotrop maddələrin istehsalat prosesində istifadəsi ilə bağlı olmayan zəhərlənmələr, əmək funksiyalarını icra edərkən alkoqollu içkilərin, narkotik vasitələrin, psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən ürək dayanması, infarkt, insult, asfiksiya, hərəkətlərin koordinasiyasının pozulması və fikir dalğınlığı nəticəsində baş vermiş bədbəxt hadisələr. 1.5-ci bənd. İstehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar qaldırılmış cinayət işi üzrə zərərçəkən şübhəli və ya təqsirləndirilən şəxs qismində tanındığı təqdirdə, bədbəxt hadisənin təhqiqatı işə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39-cu və 42-ci maddələrinə uyğun olaraq xitam verildikdən sonra aparılmalıdır. İşəgötürən və ya zərərçəkən (onun vəkili və ya marağını qoruyan şəxs) Təhqiqat komissiyasının qərarı ilə razılaşmadıqda, X10 Xidmətinin rəhbərliyinə və ya məhkəməyə müraciət edə bilər. 1.6. İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında zərərçəkən, yaxud hadisənin şahidləri dərhal işəgötürənə (müəssisənin vəzifəli şəxslərinə) məlumat verməlidir. İşəgötürən (müəssisənin vəzifəli şəxslərinə) zərərçəkənə ilk tibbi yardım göstərilməsini, onun tibbi sanitar hissəsinə və ya digər müalicə idarəsinə çatdırılmasını təşkil etməyə, hadisə baş vermiş iş yerindəki şəraiti və avadanlıqların vəziyyətini hadisənin baş verdiyi anda olduğu kimi saxlamağa (əgər həmin şərait və vəziyyət ətrafdakı işçilərin həyatı və səhhəti üçün təhlükə törətmirsə, qəzaya səbəb olmursa) borcludur. 1.7. İşəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X10 Xidmətinin yerli bölməsinə (və ya birbaşa X10 Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Eyni zamanda yuxarı mərkəzi icra hakimiyyəti orqanına və Respublika Həmkarlar İttifaqı Konfederasiyasına (əgər işçilər bu həmkarlar təşkilatının üzvüdürlərsə), bədbəxt hadisənin baş verməsi tarixindən 3 (üç) iş günü müddətində isə sığortaçıya məlumat verilməlidir. Məlumat telefonla, teleqrafla və ya elektron formada bu Qaydalarda göstərilən 3-cü əlavəyə uyğun verilir (əlavə 3).

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

23. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

24. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

27. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

28. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217.1-ci maddəsinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur.

31. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır.

32. İş materiallarında olan "xxxx" ASC-nin quş qablaşdırma sexinin fəhləsi İddiaçı 25 may 2023-cü il tarixdə, saat 17:00 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktının surətindən görünür ki, Komissiya təhqiqat aktının 4-cü bölməsinə əsasən bədbəxt hadisənin baş verməsində əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxslər müəyyən edilməmişdir. Təhqiqat zamanı İddiaçı 25 may 2023-cü il tarixdə aldığı xəsarətin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları” na uyğun olaraq istehsalatla əlaqəliliyi müəyyən edilmədiyindən onunla baş vermiş hadisə İZ formalı aktla rəsmiləşdirilmir və uçota alınmır.

33. “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 saylı Qərarının 1.5-ci bəndinə əsasən, işəgötürən və ya zərərçəkən (onun vəkili və ya marağını qoruyan şəxs) Təhqiqat komissiyasının qərarı ilə razılaşmadıqda, X10 Xidmətinin rəhbərliyinə və ya məhkəməyə müraciət edə bilər.

34. Həmin qərarın 1.6-cı bəndinə əasən istehsalatda baş vermiş bədbəxt hadisə haqqında zərərçəkən, yaxud hadisənin şahidləri dərhal işəgötürənə (müəssisənin vəzifəli şəxslərinə) məlumat verməlidir. İşəgötürən (müəssisənin vəzifəli şəxslərinə) zərərçəkənə ilk tibbi yardım göstərilməsini, onun tibbi sanitar hissəsinə və ya digər müalicə idarəsinə çatdırılmasını təşkil etməyə, hadisə baş vermiş iş yerindəki şəraiti və avadanlıqların vəziyyətini hadisənin baş verdiyi anda olduğu kimi saxlamağa (əgər həmin şərait və vəziyyət ətrafdakı işçilərin həyatı və səhhəti üçün təhlükə törətmirsə, qəzaya səbəb olmursa) borcludur.

35. Həmin qərarın 1.7-ci bəndinin İİ abzasında göstərilmişdir ki, tibbi-sanitar hissəsi, səhiyyə məntəqəsi, poliklinika, xəstəxana, təcili yardım və digər tibb müəssisələri onlara tibbi yardım üçün müraciət edən istehsalatda xəsarət almış işçilər (o cümlədən ezamiyyətdə olanlar) barədə X10 Xidmətinə məlumat verməlidirlər.

36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Belə ki, işin müəyyən olunmuş hallarına görə "xxxx" ASC-nin quş qablaşdırma sexinin fəhləsi olan və cavabdeh ASC ilə aralarında əmək münasibətləri davam edən İddiaçı 25 may 2023-cü il tarixdə aldığı bədən xəsarəti ilə əlaqədar, həmin gün saat 17:26da “X9-Diaqnostika Mərkəzi” PHŞ-nə çatdırılmışdır. Mərkəzin travmatologiya şöbəsində iddiaçıya təxirəsalınmaz ilkin yardım göstərilmiş və sonuncunun müvəqqəti olaraq əmək qabiliyyətsizliyinə dair 26 may 2023-cü il tarixdə xəstəlik vərəqəsi açılmışdır. Lakin istehsalatda baş vermiş bədbəxt hadisədən zərər çəkdiyini bildirən İddiaçı, yaxud hadisənin şahidləri tərəfindən hadisə barədə dərhal işəgötürənə, eləcə də tibb müəssisəsi tərəfindən X10 Xidmətinə dərhal məlumat verilməsi, prokurorluq orqanlarında şəxsin bədən xəsarəti ilə bağlı araşdırma aparılması müəyyən edilməmişdir. Həmçinin, X10 Xidməti Quba-Xaçmaz regional şöbəsi tərəfindən yaradılmış Komissiya tərəfindən 13 may 2024-cü il tarixdən 21 may 2024-cü il tarixədək aparılmış təhqiqatın nəticəsinə dair tərtib edilmiş təhqiqat aktının 4-cü bölməsinə əsasən bədbəxt hadisənin baş verməsində əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxslər müəyyən edilmədiyindən, habelə, təhqiqat zamanı İddiaçı 25 may 2023-cü il tarixdə aldığı xəsarətin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları” na uyğun olaraq istehsalatla əlaqəliliyi müəyyən edilmədiyindən baş vermiş hadisənin İZ formalı aktla rəsmiləşdirilməklə, uçota alınmasından imtina edilmişdir.

37. Kollegiya qeyd edir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu MPM-in 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

38. MPM-in 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

39. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

40. Göründüyü kimi işdə olan və məhkəmə iclasında tədqiq edilən sübutlar iddiaçının mövcud tələbinin təmin olunmasına əsas vermir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir.

41. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(059)-467/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar