Məhkəmə qərarları › İş №2(105)-2192/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2192/2020

16.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2192/2020 16.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Şəmsəddin Rizalı oğlu Abasovdan (sədrlik edən və məruzəçi), X6 və Telman Qədir oğlu Məmmədovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi X4, Cavabdeh1 qzının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 qzına və Cavabdeh2 qarşı mənzildən isifadə hüqununun itirilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(060)-4342/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X5 və Cavabdeh2 qarşı Sumqayıt şəhəri, H.Zeyalabdin qəsəbəsi, F.Qayıbov küçəsi, 12 saylı evin 16 saylı mənzilindən isifadə hüqununun itirilmiş hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-4342\2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir (A.İsmayılov). Qətnamədən cavabdeh X7 apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(060)-4342\2019 saylı qətnaməsinin onun mənziddən istifadə hüququnun itirilməsi hissəsində ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddiasını bununla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, F.Qayıbov küçəsi, 12 saylı evin 16 saylı mənzili 2796 seriyalı orderə əsasən atası X3 verilmişdir. Atası xx.xx.2007-ci ildə vəfat etmişdir. O, 1991-ci ildən həmin ünvanda yaşayır. 2002-ci ildə ailə həyatı qurmuşdur, ailəsi də həmin ünvanda yaşayır. Cavabdehlər Cavabdeh1 və Məmmədova Mehri Məmməd qızı onun bacılarıdır. Cavabdeh1 1997-ci ildə ailə qurmuşdur və həmin vaxtdan Türkiyədə yaşayır. Cavabdeh2 isə 2001-ci ildə ailə quraraq ailəsi ilə birlikdə Almaniyada yaşayır. Hazırda cavabdehlərlə heç bir əlaqəsi yoxdur. Cavabdehlərin onun istifadəsində olan mənzillə bağlılıqları yoxdur və bu ünvandakı qeydiyyatları formal xarakter daşıyır. Həmin mənzildə onların qeydiyyatda qalmaları onun mənzil hüquqlarının pozulması ilə nəticələnir. Buna görə də iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə cavabdeh X7 qətnamədən verdiyi apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, mübahisə birinci instansiya məhkəməsi tərəfindən düzgün araşdırılmayaraq, çıxarılmış qətnamə maddi və prosessual qanunvericiliyin, Konstitusiyada təsbit olunmuş, insan hüquq və azadlıqlarının və Beynəlxalq Konvensiya müddəalarının norma və prinsiplərinin ziddinə qəbul edilmişdir. Keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə oan heç bir məlumat verilməmiş, mübahisə onun iştirakı olmadan araşdırılmışdır. O, mütəmadi olaraq qeydiyyatda olduğu mübahisəli mənzildə yaşamışdır. Qətnamədə onun Türkiyədə yaşaması yanlış qeyd edilib, belə ki, o, Türkiyədə heç vaxt olmamışdır. Faktiki olaraq evə buraxılmadığı üçün hal-hazırda Sabunçu rayonunda digər qardaşı X8 məxsus kiçik torpaq sahəsində şəraitsiz bir yerdə müvəqqəti qalmaq məcburiyyətindədir. Qətnamə çıxarılarkən məhkəmə şahidlərin qərəzli və yalançı ifadələrinə əsaslanmışdır. Qətnamədə qeyd edilir ki, guya o, 1997-ci ildə ailə həyatı quraraq həmin mənzildən köçüb getmişdir. Lakin o, həmin mənzildə 1991-cu ilin avqust ayından daima yaşayaraq ailə üzvlərilə birgə təsərrüfat idarə etmişdir. 2017-ci ilin yay aylarında bacısı, digər Cavabdeh2 ata evinə getsə, də üzünə qapı açmamışlar. İşdə olan xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, o, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbsəsi, F.Qayıbov küçəsi, 12 saylı evin 16 saylı mənzildə qeydiyyatdadır və ünvan sahibi X11 2007-ci ildə vəfat etdiyi vaxtan həmin mənzilin şəxsi maliyyə hesabı dəyişdirilməmişdir. Buradan o qənaətə gəlmək olar ki, İddiaçı bu mənzilin mülkiyyətçisi sayıla bilməz, eyni zamanda onun və bacısının qeydiyyatını, isdifadə hüquqlarını mədudlaşdıra bilməz. Onun bu barədə heç bir iddia qaldırmaq səlahiyyəti yoxdur, çünki iddiaçının da cavabdehlər kimi ümumi mülkiyyətdən isdifadə hüququ vardır. Sumqayıt şəhər məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeydiyyatda olduğu mənzildən istifadə hüquqlarının itirilməsi, onu gələcəkdə həmin mənzilin özəlləşdirməsi nəticəsində yaranan ümumi mülkiyyətdən pay əldə etmək hüququndan da məhrum edir. Göstərilənlərə əsasən Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4342/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi onun mübahisəli mənzildən istifadə hüquqlarının itirilməsi hissəsində ləğv edərək yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, iş üzrə qəbul edilmiş qətnamənin ləğv edilərək iddianın ona münasibətdə təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı vəkili və nümayəndəsi X12 məhkəmə kollegiyasının iclasında qətnamənin qanuni olduğunu bildirdi və apelyasiya şikayətinin rədd olunmasını xahiş etdi. Əlavə etdi ki, cavabdeh artıq 20 ildən yuxarıdır ki, həmin mənzildə yaşamır, özünün ayrıca yaşayış yeri vardır. O, özü yaşayış yerini dəyişmiş və özünə başqa yaşayış yeri seçmişdir. Belə olan halda onun iddiaçının yaşadığı mənzilə istifadə hüququ saxlanıla bilməz. İş üzrə digər cavabdeh Məmmədova Mehri Məmməd qızının faktiki yaşadığı ünvan məlum olmadığından məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsi mümkün olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan 2796 saylı orderin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, F.Qayıbov küçəsi, 12 saylı evin 16 saylı mənzili X3 verilmişdir. Yenə iş materiallarında olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.2007-ci il tarixdə ölmüşdür. Yenə də iş materiallarında olan AR Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil-İstismar Hissəsi 12 saylı MİS tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 695 saylı arayışdan görünür ki, X1 şəhəri, H.Zeynalabdin qəsəbəsi, F.Qayıbov küçəsi, 12 saylı evin 16 saylı mənzilində yaşayır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin mənzildə qeydiyyatdadırlar. İş materiallarında olan xx.xx.2019-cu il tarixli aktdan görünür ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, F.Qayıbov küçəsi, ev 12, mənzil 16-da qeydiyyatda olan 1963-cü il təvəllüdlü Cavabdeh1 Məhəmməd qızı 1997-ci ildə ailə həyatı qurmuşdur və hal-hazırda Türkiyə Respublikasında yaşayır. 1969-cu il təvəllüdlü Cavabdeh2 2001-ci ildə ailə həyatı qurmuşdur və ailəsi ilə birlikdə Almaniya Respublikasında yaşayır. Yenə iş materiallarında olan AR Müdafiə Nazirliyi Hacı Zeynalabdib rayon Mənzil- İstismar Hissəsinin xx xxxxxx 2019-cu il tarixli, 1407 saylı məktubundan görünür ki, X1 şəhəri, H.Zeynalabdin qəsəbəsi, F.Qayıbov küçəsi, 12 saylı evin 16 saylı mənzilinin kirayəçisi hesab edilmiş, həmin mənzillə bağlı maliyyə hesabı onun adına dəyişdirilmişdir. İşdə olan xx.xx.2005-ci ildə tərtib edilmiş qiymətləndirmə rəyindən görünür ki, Bakı çəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 6-cı mədən küşəsində yaşayan Cavabdeh1 məxsus fərdi yaçayış evinin bazar dəyəri 18 milyon köhnə Azərbaycan manatı təşkil edir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha-ki-min məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5046/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh2 münasibətdə qətnamədən apelyasiya şikayəti verilmədiyindən hazırkı mərhələdə bu hissədə qətnamə MPM-nin 372.6-cı maddəsinə əsasən apelyasiya baxışının predmeti hesab edilmir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, F.Qayıbov küçəsi, 12 saylı evin 16 saylı mənzili AR Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil-İstismar Hissəsinin balansında olmaqla əvvəllər mərhum X2 icarəsində olmuş, onun adına 2796 saylı order verilmişdir. İş üzrə tərəflər isə onun övladlarıdır. M.İddiaçı xx.xx.2007-ci il tarixdə ölmüşdür. X1 şəhəri, H.Zeynalabdin qəsəbəsi, F.Qayıbov küçəsi, 12 saylı evin 16 saylı mənzilinin hazırkı kirayəçisi hesab edilmiş, mənzillə bağlı maliyyə hesabı onun adına dəyişdirilmişdir. İşdə olan sübutlarla müəyyən edilir ki, iç üzrə Cavabdeh1 Məhəmməd qızı 1997-ci ildən mübahisəli mənzillə əlaqəsini kəsmişdir. Onun özünün izahatından da görünür ki, hazırda Bakı çəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 6-cı mədən küşəsində yerləşən fərdi yaşayış evində yaşayır. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutlara qiymət verərək hesab edir ki, hazırki mübahisə üzrə xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan Respublikasının 1982-ci il 8 iyul tarixli qanunu ilə təsdiq edilmişdir) normaları tətbiq olunmalı və qətnamə həmin hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinin mənasına əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli «Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» qərarında ifadə olunmuş hüquqi mövqeyinə görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. İşdən görünür ki, Cavabdeh1 Məhəmməd qızı mübahisəli mənzillə əlaqəsini 1997-ci ildən kəsmişdir və daimi olaraq başqa ünvanda yaşayır. Belə olan halda, onun Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, F.Qayıbov küçəsi, 12 saylı evin 16 saylı mənzildən istifadə hüququ qeyd edilən normaların tələbinə əsasən itirilmiş hesab edilməlidir və bu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası iddianı qeyd edilən hissədə təmin edən birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticəni düzgün və ədalətli hesab edir. Mübahisəli evlə əlaqəsinin kəsilməməsi və bu mənzillə bağlı hüquqlarının mövcudluğu barədə Cavabdeh1 Məhəmməd qızının apelyasiya şikayətinin dəlili əsassızdır və iş materialları ilə tamamilə təkzib olunur. Hazırkı iddianı qaldırmağa İddiaçı subyektiv hüququnun olmaması barədə də apelyasiya şikayətinin dəlili əsassızdır, belə ki, işdə olan mötəbər sübutlardan görünür ki, İddiaçı mübahisəli mənzildə 1991-ci ildən yaşayır, 2007-ci ildə mənzilin əsas kirayəçisi olmuş atası öldükdən sonra kirayəçi qismində o, çıxış edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apelyasiya şikayətinin dəlillərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən,apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(060)- 4342/2019 saylı qətnaməsi Cavabdeh1 apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar