Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2198/2021 24.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Sumqayıt şəhəri, 19-cu məhəllə, ev 19\10-də yerləşən 5 saylı mənzilə köçürülməsi barədə ilk, Cavabdeh İddiaçı qarşı yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi barədə qarşılıqlı iddiası üzrə Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2019-cu il tarixli, 2(060)-3688/2019 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3688/2019 saylı, 20 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim: A.M.Behbudova) iddia təmin edilmiş və İddiaçı Sumqayıt şəhəri, 19-cu məhəllə, 19/10 saylı evin 5 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Qətnamədən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 noyabr 2019-cu il tarixli, 2(105)-3863/2019 saylı qətnaməsi ilə ilk iddia üzrə Cavabdeh apelyasiya şikayəti qismən təmin edilib, Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2019-cu il tarixli, 2(060)3688/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, ilkin iddia tələbi təmin edilib İddiaçı Sumqayıt şəhəri, 19-cu məhəllə, 19/10 saylı evin, 5 saylı mənzilinə köçürülməsi, Cavabdeh İddiaçı qarşı İddiaçı Sumqayıt şəhəri, 19-cu məhəllə, 19/10 saylı evin, 5 saylı mənzilə dair istifadə hüququna xitam verilməsi barədə qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 iyun 2020-ci il tarixli, 2(102)-2359/2020 saylı qərarı ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh kassasiya şikayəti qismən təmin edilib, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 noyabr 2019-cu il tarixli, 2(105)3863/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2495/2020 04.11.2020-ci il tarixli qətnaməsilə ilk iddia üzrə Cavabdeh apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2019-cu il tarixli, 2(060)- 3688\2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək ilk iddia tələbi təmin edilmiş, İddiaçı Sumqayıt şəhəri, 19-cu Məhəllə19\10 saylı evin, 5 saylı mənzilinə köçürülməsi, Cavabdeh - İddiaçı Sumqayıt şəhəri, 19- cu Məhəllə, 19\10 saylı evin, 5 saylı mənzilə dair istifadə hüququna xitam verilməsi barədə qarşılıqlı iddia tələbi təmin edilməmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 07 aprel 2021-ci il tarixli, 2(102)-2681/2021 saylı qərarı ilə ilkin iddia tələbi üzrə Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2495/2020 nömrəli iş üzrə 04 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı Dadaşı Nəriman Musa oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, 19-cu məhəllə, ev 19/10-da yerləşən 5 saylı mənzilə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli ünvan 1 ünvanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsində tam mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydə alınmışdır. Cavabdeh onun atasıdır. Onun 21 yaşı var, ailə qurmamışdır. Cavabdeh mənzilin giriş-çıxış qapısının açarını dəyişərək onu mənzilə buraxmır. O, tələbədir, qiyabi təhsil alır, işi ilə əlaqədar tez-tez Türkiyə Respublikasına gedib-gəlir. Lakin qayıtdıqda onun yaşamağa yeri olmur, başqa mənzildə sığınacaq tapmalı olur. Bu vəziyyət ona pis təsir edir, o, atasının mülkiyyətində olan və daimi qeydiyyatı üzrə mübahisəli mənzildə yaşamaq istəyir. Ona görə də, onun Sumqayıt şəhəri, 19-cu məhəllə, 19/10 saylı evin 5 saylı mənzilinə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya baxışı zamanı Cavabdeh İddiaçı qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qarşılıqlı iddia ərizəsi vermişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi onun iştirakı olmadan işə baxmış və nəticədə mənafeyinə zidd qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə Mülki Məcəllənin 228.5-ci maddəsinə istinad edərək iddia tələbini təmin etmişdir. Qeyd edilməlidir ki, mübahisəli mənzil ilə bağlı onunla Manaflı Sevil Adil qızı arasında digər məhkəmə mübahisəsi davam edir. Məhz həmin məhkəmə mübahisəsi zamanı hazırki iş üzrə çıxarılmış qətnamənin mövcudluğu müəyyən olunmuşdur. Belə ki, o, 2018-ci ildə iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Manaflı Sevil Adil qızının Sumqayıt şəhəri, 19-cu məhəllə, 19/10 saylı evin 5 saylı mənzilə dair istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi ilə bağlı aşağıda qeyd edilən qətnamələr qəbul edilmişdir: Sumqayıt Şəhər Məhkəməsinin 15 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Manaflı Sevil Adil qızının Sumqayıt şəhəri, 19-cu məhəllə, 19/10 saylı evin 5 saylı mənzilə dair istifadə hüququna xitam verilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 avqust 2019-cu il tarixli, 2(105)-3094/2019 saylı qətnaməsi ilə cavabdeh Manaflı Sevil Adil qızının apelyasiya şikayəti təmin edilməmiş, Manaflı Sevil Adil qızının Sumqayıt şəhəri, 19-cu məhəllə, 19/10 saylı evin 5 saylı mənzilə dair istifadə hüququna xitam verilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin 15 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən mülki işdən müəyyən olunur ki, Sumqayıt şəhəri, 19-cu məhəllədə yerləşən 19/10 saylı evin 5 №-li mənzili onun tam mülkiyyətindədir. Həmin mənzil ona vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinə əsasən keçmişdir. 2013-cü il tarixdə cavabdeh Manaflı Sevil Adil qızı ilə iddiaçının nikahına xitam verilmiş və boşandıqdan sonra cavabdeh S.Manaflı onun mülkiyyətində olan mənzildən bütün əşyalarını evdən çıxarmış və evi tərk etmişdir. Cavabdeh S.Manaflı həmin vaxtdan qeyd edilən ünvanda yaşamadığına və formal olaraq pasport qeydiyyatında qaldığına görə iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Manaflı Sevil Adil qızının Sumqayıt şəhəri, 19-cu məhəllə, 19/10 saylı evin 5 saylı mənzilinə dair istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Bundan əlavə, göstərilən mülki işdə Manaflı Sevil Adil qızı məhkəməyə bildirmişdir ki, «22.05.2013-cü ildə nikah pozulmuş, nikahı pozulduqdan sonra ona məxsus olan bütün cehiz əmlakını götürmüş və 2 qızı ilə birlikdə evi tərk edərək bacısının evinə sığınmışdır. Hal-hazırda mənzildə ona məxsus heç bir əşya qalmamışdır». Mənzildə 2013-cü ildən hal-hazıradək yaşayışın olmaması həmin qətnamələr ilə müəyyən olunmuşdur. Bundan əlavə müəyyən olunmuşdur ki, 22.06.2013-cü il tarixdə Sumqayıt şəhəri, 1-ci mikrorayon, Sülh küçəsi, 3 E saylı binanın 8 saylı mənzilinin Manaflı Sevil Adil qızının adına keçirilməsi barədə "xxxx" MTK ilə müqavilə bağlanılmışdır. İş materialında olan və məhkəmə tərəfindən istinad edilən Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2013-cü il tarixli, 2(060)-1079/2013 saylı qətnaməsinə əsasən, onunla Dadaşlı (Manafova) Sevil Adil qızı arasında 21 yanvar 1997-ci il tarixdə qeydə alınmış nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.1998-ci il təvəllüdlü İddiaçı və 02.02.2005-ci il təvəllüdlü X2 anaları Dadaşlı Sevil Adil qızının yanında qalması, xx.xx.1998-ci il təvəllüdlü İddiaçı və 02.02.2005- ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh 29.01.2013-cü il tarixdən başlayaraq hər ay bir uşaq üçün 76 manat olmaqla, 152 manat sabit pul məbləğində alimentin tutulub Dadaşlı Sevil Adil qızına verilməsi qət eilmişdir. Beləliklə, müəyyən olunur ki, Manaflı Sevil Adil qızı uşaqları ilə birgə (yəni hazırki iş üzrə İddiaçı ilə) daimi yaşamaq üçün 2013-cü il tarixdən Sumqayıt şəhəri, 1- ci mikrorayon, Sülh küçəsi, 3 E saylı binanın 8 saylı mənzilinə köçmüş və hazırkı günədək orada yaşayırlar. İddiaçı Sumqayıt şəhəri, 1ci mikrorayon, Sülh küçəsi, 3E saylı binanın 8 saylı mənzilində 2013-cü ildən anası ilə birgə yaşamaqla məhz həmin mənzilə istifadə hüququ yaranmışdır. Onun mülkiyyətində olan Sumqayıt şəhəri, 19-cu məhəllədə yerləşən 19/10 saylı evin 5 №-li mənzilinə isə İddiaçı pasport qeydiyyatı formal olaraq qalmışdır. Bundan əlavə qeyd etmək lazımdır ki, İddiaçı «mənzilə köçürülmə» barədə iddia tələbini məhz onun tərəfindən "xxxx" MTK-dan arayış əldə edilməsi barədə (Sumqayıt şəhəri, 1-ci mikrorayon, Sülh küçəsi, 3E saylı binanın, 8 saylı mənzilin Manaflı Sevil Adil qızının adına keçirilməsinə dair "xxxx" MTK ilə müqavilənin bağlanması) məlumatı aldıqdan dərhal sonra vermişdir. İddiaçı mübahisəli mənzili anası ilə birgə 2013-cü ildə tərk etmiş və nədənsə yalnız 6 ildən sonra mənzilə köçürülməsi tələbi ilə məhkəməyə müraciət edir. Həmçinin nəzərə almaq lazımdır ki, Manaflı Sevil Adil qızı yuxarıda qeyd edilən mülki işdə cavabdeh qismində və hazırki iş üzrə İddiaçı nümayəndəsi qismində iştirak etmişdir. İddiaçı məhkəmə baxışında iştirak etməmişdir. İddiaçı yaşayış sahəsinə ehtiyacı aradan qalxdığına görə o, mübahisəli Sumqayıt şəhəri, 19-cu məhəllədə yerləşən 19/10 saylı evin, 5 №-li mənzilindən istifadə hüququnu artıq 2013-cü ildən itirmişdir. Belə olan halda, İddiaçı cayabdeh Cavabdeh qarşı mənzilə köçürülmə barədə iddia tələbi tamamilə əsassız və qanunsuzdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T L Ə R İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh idia ərizəsi ilə eyi məzmunlu apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 20 may 2019-cu il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcələsinin 228.5-ci maddəsinin, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 4.1, 14.1, 88, 217.2-ci maddələrinin tələblərini pozmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında ilk idia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək birinci instansiya məhəkəməsinin qətnaməsinin ləğv, apelyasiya şikayətinin və qarşılıqlı iddialarının təmin edilməsini xahiş etdi. Əlavə etdi ki, Ali Məhkəmənin mülki kollegiyasının iş üzrə mövqeyi də onların dəlillərinin əsaslılığına dəlalət edir. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil2 apelyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan 07.02.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh, İddiaçı və Manaflı Sevil Adil qızı mübahisəli Sumqayıt şəhəri, 19-cu məhəllə, 19/10 saylı evin 5 saylı mənzilində qeydiyyatdadırlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Sumqayıt şəhər 1 saylı vəkil bürosunun 18 fevral 2019-cu il tarixli 166 sayli sorğusuna cavabdan görünür ki, Sumqayıt şəhəri, 19-cu məhəllə, 19/10 saylı evin 5 saylı mənzili Sumqayıt şəhəri 2 saylı Dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 2v-1/63 reyestr nömrəli, 20.07.2005-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mənzil sahəsi Cavabdeh adına qeydiyyata alınmış və Sumqayıt şəhər Texniki İnventarlaşdırma Bürosu tərəfindən qeydiyyat vəsiqəsi verilmişdir. AZ-İİİ №336344 saylı, 24 iyun 2014-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxxx 1998-ci ildə doğulmuş, atası Dadaşov Nəriman Musa oğlu, anası Dadaşova Sevil Adil qızıdır. Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2013-cü il tarixli, 2(060)- 1079/2013 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə Dadaşlı (Manaflı) Sevil Adil qızı arasında 21 yanvar 1997-ci il tarixdə qeydə alınmış nikah pozulmuş, nikah pozulduqdan sonra xx xxxx 1998-ci təvəllüdlü İddiaçı və 02 fevral 2005-ci il təvəllüdlü X4 anası Dadaşlı Sevil Adil qızının yanında qalmış, xx xxxx 1998-ci təvəllüdlü İddiaçı və 02 fevral 2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh 29 yanvar 2013-cü il tarixdən başlayaraq hər ay bir uşaq üçün 76 manat olmaqla, 152 manat sabit pul məbləğində alimentin tutulub X5 verilməsi qət edilmişdir. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Dadaşlı Sevil Adil qızı arasında olan nikah 22 may 2013-cü il tarixdə ləğv edilmişdir. İş materiallarında olan məhkəmə aktlarından görünür ki, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Manaflı Sevil Adil qızının Sumqayıt şəhəri, 19-cu məhəllə, 19/10 saylı evin 5 saylı mənzilinə dair istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iş üzrə bir neçə məhkəmə qərarı qəbul edilmiş, son nəticədə cavabdeh Manaflı Sevil Adil qızının Sumqayıt şəhəri, 19-cu məhəllə, 19/10 saylı evin 5 saylı mənzilinə dair istifadə hüququna xitam verilmişdir. Həmin məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, 22.06.2013-cü il tarixdə Sumqayıt şəhəri, 1-ci mikrorayon Sülh küçəsi, 3 E saylı binanın 8 saylı mənzilinin Manaflı Sevil Adil qızının adına keçirilməsi barədə "xxxx" MTK ilə müqavilə bağlanılmışdır. İş materiallarına əsasən müəyyən olunmuşdur ki, Manaflı Sevil Adil qızı uşaqları ilə birgə daimi yaşamaq üçün 2013-cü il tarixdən Sumqayıt şəhəri, 1-ci mikrorayon, Sülh küçəsi, 3 E saylı binanın 8 saylı mənzilinə köçmüşlər. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin 11 sentyabr 2020-ci il tarixli, 33\3256 saylı məktubundan görünür ki, İddiaçı 2017-2020-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında müxtəlif tarixlərdə giriş-çıxışın olması qeydə alınmışdır. Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil-X1 Birliyinin 4 saylı Mənzil-Komunal Sahəsi tərəfindən verilmiş 08 sentyabr 2020-ci il tarixli, 553 saylı arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında 2017-ci ildən qeydiyyatsız yaşayır. 01 sentyabr 2020-ci il tarixli aktdan görünür ki, X4 və Manaflı Sevil Adil qızı ünvan 3 ünvanında yalnız ikisi yaşayırlar. Onlardan başqa həmin mənzildə daimi olaraq başqa bir şəxsin yaşamasının şahidi olunmamışdır. "xxxx" MTK-nın sədri X3 tərəfindən verilmiş 09 sentyabr 2020-ci il tarixli, 35 saylı arayışdan görünür ki, Manaflı Sevil Adil qızı onların şirkətindən 22.06.2013-cü il tarixdə, müqavilə ilə bina 3 E, 8 saylı bir otaqlı mənzil almışdır. Hal-hazırda həmin mənzildə yaşayır.Mənzildə kiminlə yaşaması barədə heç bir məlumatları yoxdur. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla Ali Məhkəmənin iş üzrə göstərişlərini nəzərə almaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2019-cu il tarixli, 2(060)-3688/2019 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, ilk iddia təmin edilməməli, qarşılıqlı iddia təmin edilməli, İddiaçı Sumqayıt şəhəri, 19-cu məhəllə, 19/10 saylı evin, 5 saylı mənzilə dair istifadə hüququna xitam verilməlidir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, mübahisəli mənzil Cavabdeh mülkiyyətinə vəsiyyətnamə əsasında keçmiş və göstərilən mənzildə o, keçmiş arvadı və qızları ilə birlikdə yaşamışdır. Nikahları pozulana qədər Sevil Manaflı və İddiaçı həmin mənzildən mülkiyyətçinin ailə üzvləri kimi istifadə etmişlər. Nikahlarının pozulması ilə əlaqədar İddiaçı anası Sevil Manaflının himayəsinə verilmiş və sonuncu 2013-cü ildən mübahisəli mənzildən getməklə mənzildən istifadə hüququnu itirmişdir. 2013-cü ildə Sevil Manaflı "xxxx" MTK-dan aldığı mənzildə qızı İddiaçı ilə köçməklə orada yaşayır. İddiaçı 2013-cü ildə anasına məxsus mənzilə köçərkən yetkinlik yaşına çatmamış olsa da, 2016-cı ildə yetkinlik yaşına çatmış və ondan sonra da anasına məxsus mənzildə yaşamaqda davam etməklə yaşayış sahəsini seçmək hüququnu təmin etmişdir. Başqa sözlə, Ali Məhkəmənin məlum qərarında da göstərildiyi kimi İddiaçı anası ilə birlikdə başqa daimi yaşayış yerinə köçməklə atası Cavabdeh ailə üzvlüyündən çıxmış və anası Sevil Manaflının ailəsinin üzvü kimi ona məxsus mənzildən istifadə hüququ əldə etmişdir. Bu səbəbdən də İddiaçı anasına məxsus mənzildə onun ailəsinin üzvü kimi yaşamaqla ondan istifadə hüququ əldə etdiyi halda atasının ailə üzvü olmasını iddia edib ona məxsus mənzilə də, köçürülməsini tələb etməsi əsaslı sayıla bilməz. Bununla belə, işdən göründüyü İddiaçı mübahisəli mənzilə dair mövcud olmuş və formal olaraq qalmaqda olan istifadə hüququndan istifadə edərək həmin mənzildə qeydiyyatda qalmaqla yenidən həmin mənzilə köçmək istəyir. Məhkəmə kollegiyası, mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvəla, iş materialarından göründüyü kimi mübahisəli mənzil Cavabdeh mülkiyyətinə 20.07.2005-ci il tarixində vəsiyyətnamə əsasında keçmiş və həmin tarixdən göstərilən mənzildə o, keçmiş arvadı və qızları ilə birlikdə yaşamışdır. Başqa sözlə, tərəflər arasında hüquq münasibətləri həmin tarixdən yaranmışdır. Ona görə də, həmin mübahisə AR Mülk Məcəlləsinin 27.2-ci və 228.5-ci maddəsinin tələblərinə uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.2-ci maddəsinin tələblərinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Yenə həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. İşin yuxarıda sadalanan faktiki hallarından göründüyü kimi 2013-cü ildə iddiaçının anası Sevil Manaflı "xxxx" MTK-dan mənzil almış və qızı İddiaçı ilə həmin mənzilə köçməklə orada yaşayır. İddiaçı 2013-cü ildə anasına məxsus mənzilə köçərkən yetkinlik yaşına çatmamış olsa da, 2016-cı ildə yetkinlik yaşına çatmış və ondan sonra da anasına məxsus mənzildə yaşamaqda davam etməklə yaşayış sahəsini seçmək hüququnu təmin etmişdir. Başqa sözlə, Ali Məhkəmənin məlum qərarında da göstərildiyi kimi İddiaçı anası ilə birlikdə başqa daimi yaşayış yerinə köçməklə atası Cavabdeh ailə üzvlüyündən çıxmış və anası Sevil Manaflının ailəsinin üzvü kimi ona məxsus mənzildən istifadə hüququ əldə etmişdir. Yəni, İddiaçı mübahisəli yaşayış sahəsinə ehtiyacı aradan qalxmışdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı keçmiş ailə üzvü kimi mübahisəli mənzildən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsini tələb etməkdə Cavabdeh haqlı olmuşdur. Eləcə də, məhkəmə kollegiyası hesab edir ki, şərh olunan səbəblərdən İddiaçı mübahisəli mənzilə köçürülmə tələbi əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. İstinad olunan maddi hüququ normalarından da göründüyü kimi mülkiyyət hüququ hər bir mülkiyyətçiyə münasibətdə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Hazırkı halda da, məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzilin mülkiyyətçisi kimi Cavabdeh hüquqları qorunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə İddiaçı iddiasının əsası kimi istinad etdiyi halların qanunvericilkdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmiş, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə qarşılıqlı iddiası üzrə dəlillərini sübut edə bilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2019-cu il tarixli, 2(060)-3688/2019 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ilk iddia təmin edilməməli, qarşılıqlı iddia təmin edilməli, İddiaçı Sumqayıt şəhəri, 19-cu məhəllə, 19/10 saylı evin, 5 saylı mənzilə dair istifadə hüququna xitam verilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya və kassasiya şikayətlərinin verilməsi üçün Cavabdeh ödədiyi dövlət rüsumlarının əvəzi İddiaçı tutularaq ona ödənilməli, İddiaçı iddia verilməsi üçün ödədiyi dövlət rüsumu özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2019-cu il tarixli, 2(060)-3688/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İlk iddia təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı Sumqayıt şəhəri, 19-cu məhəllə, 19/10 saylı evin, 5 saylı mənzilə dair istifadə hüququna xitam verilsin. Apelyasiya və kassasiya şikayətlərinin verilməsi üçün Cavabdeh Musa oğlunun ödədiyi dövlət rüsumlarının əvəzi, cəmi 31,60 manat İddiaçı tutularaq ona ödənilsin. İddiaçı iddia verilməsi üçün ödədiyi dövlət rüsumu özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2198/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2198/2021
24.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver