Məhkəmə qərarları › İş №2(105)-22/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-22/2022

26.04.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-22/2022 26.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı X3, onun nümayəndəsi və vəkili X1, Cavabdeh “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi şəxsin nümayəndəsi X4, nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı X5 cavabdeh Sumqayıt şəhəri Səhiyyə Şöbəsi Mərkəzi Qarajına qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060-2886/2019 nömrəli, 11 mart 2019-cu il tarixli qətnaməsindən iddiaçı X8 tərəfindən verilmiş apellyasiya şikayətinə Suqmayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060-2886/2019 nömrəli, 11 mart 2019-cu il tarixli qətnaməsi ilə X3 iddia tələbi təmin edilməmişdir. (hakim C.Məmmədov) Qətnamədən iddiaçı X9 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060-2886/2019 nömrəli, 11 mart 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı X9 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Sumqayıt Şəhər Səhiyyə Şöbəsi Mərkəzi Qarajının 10 oktyabr 2018-ci il tarixli, 174/k saylı əmrinin ləğv edilməsi, işlədiyi sürücü vəzifəsinə bərpa edilməsi və məcburi işburaxmaya görə 10.10.2018-ci il tarixindən işə bərpa olunduğu günə kimi əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı 2003-cü ilin iyun ayından əmək müqaviləsi bağlayaraq Sumqayıt şəhər Səhiyyə Şöbəsi Mərkəzi Qaraj üzrə sürücü vəzifəsində çalışıb. Çalışdığı dövrdə işinin öhdəsindən layiqincə gəlib. Qanuna görə qarajın avtomobilləri qarajın büdcəsi hesabına təmir olunmalı halda o, avtomobili öz vəsaiti hesabına təmir etdirmişdir. Avtomobillərin texniki baxışdan keçirilməsi üçün dövlət rüsumunu da iddiaçı ödəmiş, avtomobilə yanacaq xərcindən başqa digər xərcləri məhz iddiaçı çəkib. Bu barədə bir neçə dəfə Sumqayıt Şəhər Səhiyyə Şöbəsinin müdirinə ərizə ilə müraciət edib. Haqqını tələb etdiyi üçün müdirlə yola getmirmiş. Əmək müqaviləsinə görə iş rejimi 3 gün evdə olmaqla 24 saatdır. Lakin çağırışda olan vaxtı 8 saatdan artıq işləmişdir. Eyni zamanda sürücü vəzifəsi ilə yanaşı, çağırışda tibb qardaşı olmadığı üçün onun vəzifəsində icra edib. Bunun da heç bir qarşılığı olmayıb. Onun haqqında çıxarılan 174/k, 10 oktyabr 2018-ci il tarixli əmri və həmin əmrdə qeyd olunanları əsassız hesab edir. O, əmək vəzifələrini pozmamışdır. Bunu onunla çalışan çağırış həkimləri də təsdiq edə bilər. Aldığı əmək haqqı ilə avtomobilləri təmir etdirdikləri üçün, ailələrinin maddi problemlərini təmin edə bilmirmişlər. Beləliklə onun barəsində qəbul edilmiş əmr əsassızdır və ləğv edilməldir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İddiaçı X9 tərəfindən verilmiş apellyasiya şikayəti iddia tələbi ilə eyni məzmun daşımışdır. Şikayətə görə cavabdeh əmək müqaviləsini əmək qanunvericiliyinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə əsasən işəgötürən intizam tənbehini verərkən, işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahat həqiqətə uyğuin deyildir. O, dəfələrlə işlədiyi təşkilatın müdiriyyətinə ərizə ilə müraciət edərək idarə etdiyi ** AD *** dövlət qeydiyyat nişanlı sanitar maşınını təmirə ehtiyacı olması barədə məlumat vermişdir və həmin avtomobilin təmir olunması barədə onlardan köməklik göstərilməsini xahiş etmişdir. Bu səbəbdən də cavabdeh müəssisənin rəhbəri onunla qərəzlilik apararaq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən əmək müqaviləsinə xitam vermişdir. Halbuki, Sumqayıt şəhər TTYS-nm çağırışçı həkimlərin tərtib etdikləri aktdan görünür ki, iddiaçı 1-ci dərəcəli sürücü kimi vəzifəsinin öhdəsindən layiqincə gəlmişdir. Lakin birinci instansiya məhkəməsi işin fakiki hallarına düzgün hüquqi qiymət verməmiş və əsassız qətnamə qəbul etmişdir. Qeyd olunanlar əsasında şikayət təmin edilməlidir. Apellyasiya baxışı zamanı cavabdeh Sumqayıt Şəhər Səhiyyə Şöbəsi Mərkəzi Qarajı onun hüquqi varisi olan “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi şəxsi ilə əvəz edilmişdir. Apelyasiya baxışı zamanı iddiaçı X9, nümayəndəsi və vəkili X6 apellyasiya şikayətini müdafiə edib sadalanan halların nəzərə alınmasını, qətnamənin ləğv edilərək, tələbin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iş üzrə cavabdeh “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi şəxsin nümayəndəsi, X10, nümayəndəsi və vəkili X7 izahatlarında apellyasiya şikayətinin heç bir hüquqi əsası olmadığını, şikayətin formal xarakter daşıdığını, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslı və qanuni olmasını bildirərək, şikayətin rədd edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşə əlavə edilmiş Sumqayıt şəhər Səhiyyə Şöbəsinin Mərkəzəşdirilmiş Qarajının Əsasnaməsindən görünür ki, Qaraj əhaliyə tibbi xidmət göstərən tibb müəssisələrini nəqliyyat vasitələri ilə təmin edən avtonəqliyat müəssisəsidir. İstifadəsində olan dövlət əmlakına, möhürə, müvafiq ştampa və blanka malikdir. Yenə işə əlavə edilmiş “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi şəxsin Nizamnaməsindən görünür ki, Mərkəz TƏBİB-in İdarə Heyətinin 04.05.2021-ci il tarixli, 16 nömrəli əmri ilə yaradılmışdır, Sumqayıt şəhər Səhiyyə Şöbəsinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələri də daxil olmaqla Sumqayıt şəhər Səhiyyə Şöbəsinin, 1 nömrəli Sumqayıt şəhər Xəstəxanası publik hüquqi şəxsin, 2 nömrəli şəhər Xəstəxanasının, Sumqayıt şəhər X16 Xəstəxanasının və Suqayıt Şəhər Uşaq Xəstəxanasının hüquqi varisidir. İş materiallarında olan əmək müqaviləsindən görünür ki, X9 2003-ci il tarixdən Sumqayıt şəhər Səhiyyə Şöbəsi Mərkəzi Qarajda əmək müqaviləsi ilə işə qəbul edilmişdir. Yenə iş materiallarında olan Sumqayıt şəhər Səhiyyə Şöbəsi Mərkəzi Qaraj üzrə 10.10.2018-ci il tarixli, 174 k nömrəli əmrdən görünür ki, X9 əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlərə, əmək və icra intizamına əməl etməməsinə və işin normal ahəngini qəsdən dəfələrlə pozduğuna görə 10.10.2018-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcələsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Yenə də iş materiallarında olan 10.10.2018-ci il tarixli aktdan görünür ki, X9 işdən azad edilməsi barədə əmrin nüsxəsini götürməsinə baxmayaraq əmrlə tanış olma barədə imza etməkdən imtina etmişdir. İşə əlavə edilmiş Sumqayıt şəhər Səhiyyə Şöbəsi Mərkəzi Qarajının Həmkarlar Komitəsinin 09.10.2018-ci il tarixli yığıncağının protokolundan görünür ki, Komitə tərəfindən X3 10.10.2018-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcələsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsinə razılıq verilmişdir. Yenə işə əlavə edilmiş Sumqayıt şəhər Səhiyyə Şöbəsi Mərkəzi Qaraj üzrə 24.05.2018-ci il tarixli, 26№-li və 21.08.2018-ci il tarixli, 49№-li əmrlərdən görünür ki, X9 tərəfindən əmək və icra intizamı, etik davranış qaydaları pozulduğu üçün, ona əvvəlcə AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə töhmət, sonra isə həmin maddənin 2-ci hissəsinin “b” ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Yenə də işə əlavə edilmiş müxtəlif tarixli aktlardan görünür ki, Rəfael Nəsirov tərəfindən müxtəlif vaxtlarda iş yerində icra və əmək intizamının pozulması halları aktlaşdırılmış, ondan izahat tələb edərkən izahat verməkdən, barəsində verilmiş intizam tənbehi ilə tanış olmaqdan imtina etmişdir. Birinci instansiya məhkəməsində araşdırma zamanı tərəflərin dəvət etdiyi şahidlər ifadələrində mübahisə barədə onlara bəlli olan hallar haqqında məlumat vermişlər. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hüquqi qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060- 2886/2019 nömrəli, 11 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının əsas insan və vətəndaş hüquqlarını və azadlıqlarını müəyyən İİİ fəslinə əsasən hər kəsin əmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ, İİ və Vİİ hissələrinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlardan istifadə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 292-ci maddəsinin 2-ci hissəsinə əsasən, pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 3-cü maddəsinin 5-ci bəndinə görə əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə görə əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 10-cu maddəsinə əsasən, işçinin əsas vəzifələrinə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq və s. daxildir. AR ƏM-in 186.2-ci maddəsinin “ç” bəndinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən tərəfindən ona töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilə, yaxud əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edilə bilər. AR ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə yalnız o halda yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya işəgötürənin, habelə əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Yuxarıdakı normaların tələblərindən görünür ki, işçi əmək vəzifələrini kobud şəkildə pozduqda və bu pozma mülkiyyətçinin, işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurduqda işçi ilə bağlanan əmək müqaviləsinə xitam verilə bilər. İşin tədqiq olunan faktiki hallarından görünür ki, iddiaçı dəfələrlə iş yerində əmək və icra intizamını pozmuş, bununla bağlı ondan izahat tələb edildikdə, o, izahat verməkdən imtina etmişdir. Halbuki, əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək işçinin ümdə vəzifələrindəndir. Belə olan halda işəgötürənin əmək müqaviləsinə xitam vermək hüququ yaranır. Daha öncə qeyd olunduğu kimi iddiaçının işçi olaraq bu hərəkətləri lazımi qaydada aktlaşdırılmış, başqa sözlə, əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydalara əməl edilmişdir. Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin ümumi məzmununa görə intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İntizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Qeyd edildiyi kimi işdən görünür ki, iddiaçıya intizam tənbehi verilərkən hər dəfə ondan izahat tələb edilmiş, o, izahat verməkdən imtina etmiş və hal aktlaşdırılmışdır. İşdən görünür ki, iddiaçının əsas dəlili ondan ibarətdir ki, ona intizam tənbehi verilərkən o, işdə, növbədə olmamış, həmin günlər qeyri-iş günü olmuşdur. Əmək Məcəlləsinin 189-cu maddəsinin 2-ci bəndinə görə intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ona intizam tənbehi verilərkən məzuniyyətdə, ezamiyyətdə olmamış, əmək qabiliyyətini müvəqqəti itirməmişdir. Əksinə, iş materiallarında olan(iş mat.səh.56) 24.05.2018-ci il tarixli aktdan görünür ki, o, həmin gün saat 11.30 radələrində qraj müdirinin iş otağında olmuş və ona qarşı davranış və etik qaydaları pozmuşdur. Sumqayıt şəhər Səhiyyə Şöbəsi Mərkəzi Qaraj üzrə 21.08.2018-ci il tarixli, sonuncu xəbərdarlıqla şiddətli töhmət barədə 49№-li əmr X9 tərəfindən 15.08.2018-ci il tarixində yol verdiyi əmək və icra intizamının, etik davranış qaydaları pozulmasına görə verilmişdir. İşdə olan 15.08.2018-ci il tarixli aktdan(iş mat.səh.59) məlum olur ki, İddiaçı həmin gün saat 12.30 radələrində qeyd olunan hərəkətlərə yol vermişdir. AR ƏM-in 300-cü maddəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Göstərilənləri nəzərə alaraq, məhkəmə kolllegiyası hesab edir ki, işçi-iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən, qanunvericiliyin tələblərinə riayət olunmuş, müvafiq əmr imzalanmış və işçiyə bu barədə məlumat verilməklə onunla son haqq-hesab aparılmışdır. İddiaçı X9 isə məhkəməyə əmək müqaviləsinin xitam edilmə əsaslarına dair dəlillərini təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişdir. Ona görə də qeyd edilən əmrin etibarsız hesab edilməsi və işçinin işə bərpa edilməsi üçün heç bir əsas yoxdur. O cümlədən, əmək müqaviləsinə xitam verilməsində heç bir qanunsuzluq aşkarlanmadığından, iddiaçı işburaxmaya görə əmək haqqı hesablanmasını və ya digər zərərin əvəzini tələb etməkdə də haqlı deyildir. İşdən həmçinin məlum olur ki, işə baxan məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə hesab etmişdir ki, iddiaçı iddia müddətini ötürməmişdir. Belə ki, o, qanunda nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət etmiş, müddətin axımı dayanmış, sənədlər qaydasında olmadığı üçün məhkəmə sənədləri geri qaytarmışdır. Bundan sonra, iddiaçı yenidən məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsənin bu mövqeyi ilə razılaşır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Rəfael Nəsirov öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, apellyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim, əsaslı şübhələrdən kənar sübut təqdim edə bilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060-2886/2019 nömrəli, 11 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları iddiaçının özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar