Məhkəmə qərarları › İş №2(105)-220/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-220/2022

11.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-220/2022 11.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X3 və vəkili Nümayəndə, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, onun vəkili və nümayəndəsi X15 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququna xitam verilməsi barədə ilk iddiasına, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı mənzildən istifadə edilməsinə yaradılmış maneələrin aradan qaldırılması barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(027)-1151/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(027)-1151/2021 saylı qətnaməsi ilə ilk iddia rədd, qarşılıqlı iddia isə təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə cavabdeh İddiaçı tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir.(hakim R.Həsənov) Qətnamədən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(027)-1151/2021 saylı qətnaməsinin ləğv edilməsini, onun tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanında 2 mərtəbəli evin 1-ci mərtəbəsində yerləşən özəlləşməmiş mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ünvan 2 saylı, 32,8 kv.metr sahədən ibarət ev mərhum arvadı X1 adına 364 nömrəli, 19.12.1986-cı il tarixli order əsasında verilmişdir. Hazırda 23 iyun 2009-cu il tarixli, 459 saylı order əsasında həmin ev onun mülkiyyətindədir(?). Həmin evin ikinci mərtəbəsinə mərhum arvadının anası X5 adına çıxarış verilmişdir. Cavabdehlərdən Cavabdeh1 həmin ünvanda yaşasa da, artıq 2006-cı il tarixdə ailə həyatı quraraq bu evdən köçmüşdür. Digər Cavabdeh2 isə 14.09.1998-ci il tarixli, 05 nömrəli qərar ilə 14.09.1998-ci il tarixli, 148 nömrəli qeydiyyat vəsiqəsi əsasında verilmiş otağa (evə) köçmüşdür. Göründüyü kimi, cavabdehlər orderlə verilmiş mübahisəli mənzildən çıxaraq daimi başqa evə köçmüşlər. Cavabdehlər 32,8 kv.metrlik sahənin 2-ci mərtəbəsindəki bir otaqda yaşayırlar. Digər sahə, yəni orderdə göstərilmiş 32,8 kv.metr sahənin birinci mərtəbəsində isə cavabdehlər yaşamırlar. Yəni 32,8 kv.metr sahənin bir hissəsi mülkiyyətdə, digər hissəsi onun istifadəsindədir. Mübahisəyə 2010-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin maddi hüquq normaları tətbiq edilməlidir. Cavabdehlərin qeyd olunan mənzildə yaşamamalarına baxmayaraq, orada qeydiyyatda olmaları ona əsassız olaraq kommunal xərcləri ödəməyinə rəvac verir. Odur ki, 2010-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinə əsasən cavabdehlərin bu mənzildə istifadə hüquqları qalmadığından, onların istifadə hüquqlarına xitam verilməlidir. Özü 1-ci qrup əlildir, maddi imkanı onların əvəzinə kommunal xərclər ödəməsinə imkan vermir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, onların yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə İddiaçı tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Qarşılıqlı iddia tələbi bununla əsaslandırılmışdır ki, Cavabdeh1 və Cavabdeh2 Quba rayon İcra hakimiyyəti başçısının 23 iyun 2009-cu il tarixli, 459 saylı orderində göstərilmiş mənzildə yaşayırlar. Hətta həmin mənzildə yaşadıqları zaman atasının yeni həyat yoldaşı X11 ilə mübahisələri olmuş, X11 onları təhqir etdiyi üçün Quba Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli, 3(027)-1222/2018 saylı qərarı ilə X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 50 manat məbləğində cərimə növündə inzibati qaydada cərimə edilmişdir. Bu da iddiaçının dediyinin əksinə olaraq həmin mənzildə yaşamağını sübut edir. Onlar doğulduğu vaxtdan həmin evdə yaşamışlar və hazırda da həmin evdə yaşayırlar. Mübahisəli evin kommunal xərclərini də ödəyirlər. Atalarının hərəkətləri nəticəsində onlar mənzildə susuz, işıqsız və qazsız qalmışlar. Dəfələrlə kommunal sistemin onların yaşadığı otaqlara verilməsini tələb etsələr də, İddiaçı onlara qarşı qərəzli olduğundan buna icazə verməmişdir. Buna görə də qarşılqılı iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı ilk iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(027)-1151/2021 saylı qətnaməsinin ləğv edilməsini, onun tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri bundan ibarətdir ki, məhkəmə qətnamə çıxararkən maddi və prosessual huquq normalarının tələblərini pozmuşdur. Göy-Göl Rayon Məhkəməsi iddiaçıların ev üzərində istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddiasını təmin etməsinin əsası kimi 2009-cu il tarixədək qüvvədə olan AR Mənzil Məcəlləsinin 123-cü və iddia tələbi üzrə münasibətə aid olmayan yeni Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələblərinə əsaslanmışdır. Hazırda onun cavabdehlərin anası ilə nikaha daxil olmas, onların mübahisəli otaqda (mənzildə) yaşamaları və övladları olması mübahisə predmeti deyil. Əsas mübahisə onun yaşadığı mənzilin özəlləşməmiş hissəsinindən orderdə adları olan cavabdehlərin istifadə hüquqularının itirilmiş hesab edilməsi barədədir. Eyni ünvanda olan mənzil 2 otaqdan ibarət olmaqla ayrıca yaşayış sahəsidir. Həmin mənzilin 2-ci mərtəbəsi arvadı X6 mülkiyyətindədir və cavabdehlər də həmin otaqda (mənzildə) yaşayırlar. İddia predmetini təşkil edən 1-ci mərtəbə isə ayrıca icarə müqaviləsi üzrə verilmişdir və mübahisə predmetidir. Bu otaqda Cavabdeh2 artıq 2010-cu ildən, Cavabdeh1 isə ərə getdiyi 2013-cü ildən yaşamır. Onların mübahisəli otaqda (mənzil sahəsində) qeydiyyatda olması həmin şəxslərin bu mənzildən istifadə hüquqularının itirilməməsı üçün əsas deyil. Pasport qeydiyyatı inzibati akt olmaqla sosial münasibət və komunikasiya məsələlərinin həlli ilə bağlı olan bir haldır. İşin hallaından da görünür ki, cavabdehlərin eyni binanın 2-cı mərtəbəsində daimi yaşayış sahələri vardır və həmin otaq (mənzil) sahəsi onların istifadəsindədir. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, onun iddiası təmin olunmalıdır. Apellyasiya baxışı zamanı ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X12, həmçinin onun vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edib onun təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, onun vəkili və nümayəndəsi X23 şikayətlə razılaşmadılar və onun rədd olunmasını xahiş etdilər. İlk iddia üzrə digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Quba rayon İcra hakimiyyətinin 23.06.2009-cu il tarixli, 459 nömrəli orderindən görünür ki, İddiaçı onun 3 nəfərdən ibarət ailəsi ilə birlikdə Quba şəhəri, H.Əliyev prospekti, 142 saylı evdə 2 otaqdan ibarət, 32,8 kv.metr mənzil sahəsi verilmişdir. Onun ailə tərkibi: özü, övladları Cavabdeh1 və Cavabdeh2 ibarətdir. Yenə işdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 24.01.2007-ci il tarixdə Quba şəhərində vəfat etmişdir.. Yenə də işdə olan 19.12.1986-cı il tarixli orderdən görünür ki, X7 və onun 4 nəfərdən ibarət ailə üzvünə Quba şəhəri, H.Əliyev prospekti, 142 saylı evdə 2 otaqdan ibarət, 32,8 kv.metr mənzil sahəsi verilmişdir. Onun ailə tərkibi: İddiaçı, Cavabdeh1, Cavabdeh2 və X2 ibarətdir. İşə əlavə edilmiş Quba rayon Qeydiyyat Şöbəsinin 01.07.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı ilə X9 arasında 01.03.1984-cü il tarixdə Quba rayon Qeydiyyat Şöbəsində nikah bağlanmışdır. Yenə işə əlavə edilmiş Quba rayon Qeydiyyat Şöbəsinin 07.05.2021-ci il tarixli arayışından görünür ki, xx.xx.1985-cı il tarixində Azərbaycan Respublikası, Quba şəhərində anadan olmuş X4 ailə vəziyyətinin müəyyən edilməsi məqsədi ilə 11.07.2013-ci ildən 07.05.2021-ci ilədək olan dövrə aid “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. Yenə də işə əlavə edilmiş Quba Rayon Məhkəməsinin 3(027)-1222/2018 saylı, 27.12.2018-ci il tarixli qərarından görünür ki, X11 Azərbaycan.Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 50 (əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə X14 arasında 06.12.2010-cu il tarixdə Quba rayon Qeydiyyat Şöbəsində nikah bağlanmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Cavabdeh2 04.03.2011-ci il təvəllüdlü X16 və 02.02.2013-cü il təvəllüdlü X13 adında övladları vardır. Yenə iş materiallarında olan Quba rayon İcra Hakimiyyətinin Mənzil İstismar Sahəsinin 25.05.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 Quba şəhəri, Heydər Əliyev prospekti, 142 saylı kommunal evdə qeydiyyatdadır. Yenə də iş materiallarında olan Quba rayon İcra Hakimiyyətinin Mənzil İstismar Sahəsinin 25.05.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh2 Quba şəhəri, Heydər Əliyev prospekti, 142 saylı kommunal evdə qeydiyyatdadır. Məhkəmə kollegiyasına təqdim edilmiş Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Maqov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 29 noyabr 2021-ci il tarixli, 51 saylı məktubundan görünür ki, Cavabdeh1 nümayəndəliyin Yolayrıc kəndində pasport qeydiyyatında yoxdur. Lakin 2012-ci ildən arada öz övladı Herov Laçınovla gəlib Yolayrıc kəndində müvəqqəti qeyri-rəsmi əri X17 ilə birgə yaşayır. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(027)-1151/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər yaxın qohumdurlar, yəni İddiaçı ilk iddia üzrə cavabdehlərin atasıdır. İş materiallarındakı sənədlərdən müəyyən olunur ki, Quba şəhəri, H.Əliyev prospekti, 142 saylı evdə 2 otaqdan ibarət, 32,8 kv.metr mənzil sahəsi hər mərtəbəsində 1 otaq olmaqla iki mərtəbədən ibarətdir. 19.12.1986-cı il tarixli orderdən görünür ki, İddiaçı mərhum arvadı (ilk iddia üzrə cavabdehlərin anası) X7 və onun 4 nəfərdən ibarət ailə üzvünə Quba şəhəri, H.Əliyev prospekti, 142 saylı evdə 2 otaqdan ibarət, 32,8 kv.metr mənzil sahəsi verilmişdir. Həmin otaqların biri evin birinci mərtəbəsində, digəri isə ikinci mərtəbəsində yerləşir. Onun ailə tərkibi: İddiaçı, Cavabdeh1, Cavabdeh2 və X2 (anası) ibarət olmuşdur. 14.09.1998-ci ildə isə X10 2-ci mərtəbədə yerləşən otağı öz adına özəlləşdirmişdir. İşdə bu barədə mötəbər sənəd olmasa da, məhkəmə kollegiyasının qənaətinə görə, mübahisəli yaşayış sahəsi üzrə əvvəllər şəxsi hesab ayrılmış, sonra isə ikinci mərtəbədə olan otaq özəlləşdirilmişdir. Lakin Quba rayon İcra Hakimiyyətinin 23.06.2009-cu il tarixli, 459 nömrəli orderindən görünür ki, İddiaçı onun 3 nəfərdən ibarət ailəsi ilə birlikdə Quba şəhəri, H.Əliyev prospekti, 142 saylı evdə 2 otaqdan ibarət, 32,8 kv.metr mənzil sahəsi verilmişdir. Baxmayaraq ki, artıq qeyd edildiyi kimi otaqların biri özəlləşdirilərək dövlət mülkiyyətindən çıxarılmışdır. Bununla belə 1-ci mərtəbəyə aid hazırda hüquq müəyyən edici sənəd kimi məhz 23.06.2009-cu il tarixli, 459 saylı order əsas götürülməlidir. İddiaçı bu orderdə ailə tərkibi kimi özü, övladları Cavabdeh1 və Cavabdeh2 göstərilmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmetini hazırda 23.06.2009-cu il tarixli, 459 saylı orderlə İddiaçı verilmiş qeyd edilən ünvanın birinci mərtəbəsindəki yaşayış sahəsi təşkil edir. İkinci mərtəbədə yerləşən ayrıca otaq isə miras əmlakdır və paylara uyğun vərəsələr arasında bölünə bilər. Qeyd edildiyi kimi, məhkəmə kollegiyası nəzərə alır ki, mübahisəli yaşayış sahəsi dövlət mənzil fonduna daxildir. Başqa sözlə, özəlləşdirilməmişdir, xüsusi mülkiyyətdə deyildir. Mənzilin mövcud order əsasında əsas kirayəçisi İddiaçı hesab olunur. Cavabdeh1 və Cavabdeh2 onun övladlarıdır və hər ikisi orderdə adı olan şəxslərdir. Mənzilə order ilk olaraq 19.12.1986-cı ildə verilmişdir və tərəflər həmin tarixdən orderdə adları olan şəxslər kimi mənzildən istifadə hüquq əldə etmişlər. Beləliklə, onların arasında hüquq münasibətləri bu tarixdə yarandığı üçün mübahisə 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normalarına uyğun həll edilməlidir. Belə ki, AR MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 oktyabr 2009-cu il tarixinədək qüvvədə olan AR Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzilistismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 53-cü maddəsinə görə kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Yenə həmin Mənzil Məcəlləsinin 54-cü maddəsinə görə (icarədarın başqa vətəndaşları ailə üzvləri sifətilə yaşayış sahəsinə köçürmək hüququ) icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Qeyd edildiyi kmi kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Eləcə də, hazırki mübahisə tərəfləri arasında ailə münasibətləri kəskinləşsə də, mənzilə dair eyni hüquq və vəzifələrə malikdirlər. Bununla belə, qanunverici birgəyaşayış qaydalarını mütəmadi pozmaqla bağlı tədbirlər də nəzərdə tutmuşdur. Daha öncə istinad olunan Mənzil Məcəlləsinin 97-ci maddəsinə əsasən əgər kirayəçi, onun ailə üzvləri və ya onunla birlikdə yaşayan başqa şəxslər yaşayış sahəsini mütəmadi dağıtsalar və ya korlasalar, ondan öz təyinatı üzrə istifadə etməsələr, yaxud birgəyaşayış qaydalarını mütəmadi pozmaqla başqalarının onlarla bir mənzildə və ya bir evdə yaşamasını qeyri-mümkün etsələr, xəbərdarlıq və ictimai təsir tədbirləri bir nəticə verməsə, kirayədarın və ya marağı olan başqa şəxslərin tələbi ilə təqsirkarlar digər yaşayış sahəsi verilmədən çıxarılırlar. Valideynlik hüquqlarından məhrum edilmiş şəxslərin uşaqları ilə birlikdə yaşaması mümkün sayılmırsa, belə şəxslər də digər yaşayış sahəsi verilmədən çıxarıla bilərlər. İşin tədqiq olunan faktiki hallarından məlum olur ki, ilk iddia üzrə cavabdehlərin orderdə adları olsa da, mübahisəli sahəyə İddiaçı tərəfindən buraxılmırlar. Cavabdeh2 mənzilin ikinci mərtəbəsində öz ailəsilə birlikdə yaşayır. Cavabdeh1 isə daimi yaşayış yeri barədə işdə hər hansı sübut yoxdur. İşdəki kommunal xidmətlərin ödənilməsi barədə qəbzlərdən görünür ki, mənzillə bağlı ödənişləri Cavabdeh2 etmişdir. Başqa sözlə, İddiaçı iddia etdiyi kimi mübahisəli sahədə övladlarının qeydiyyatda olması səbəbilə onun maddi çətinliyə düşməsi halı inandırıcı görünmür. Digər tərəfdən, işdən göründüyü kimi, mənzillə bağlı mübahisə əslində İddiaçı yenidən nikaha girməsindən sonra övladlarının bu halı qəbul etməmələri səbəbindən yaranmışdır. Bu isə onların həmin sahədən istifadə hüquqlarına xitam verilməsi üçün əsas ola bilməz. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin iddia edildiyi kimi binanın ikinci mərtəbəsində yerləşən mənzildən müvəqqəti istifadəsi onların mübahisəli mənzildən istifadə hüququnun tələb edildiyi kimi itirilməsi üçün əsas ola bilməz. Əvvəla, həmin mənzil özəl olaraq miras əmlakdır və vərəsələr arasında paylara uyğun bölünməlidir. Başqa sözlə, bu hal ilk iddia üzrə cavabdehlərin ayrıca yaşayış sahəsi ilə təmin edilməsi anlamını vermir. Digər tərəfdən isə ilk iddia üzrə cavabdehlər mənzilə dair order əsasında həmin mənzildən ilk iddia üzrə iddiaçı ilə bərabər şəkildə istifadə hüququ əldə etmiş şəxslərdir. Ona görə də, daha öncə istinad olunan Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinə istinad edərək onların mübahisəli mənzilə istifadə hüquqlarının itirilməsini tələb etmək əsassızdır. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 12 mart 1999-cu tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil Məcəllənin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İşin tədqiq olunan faktiki hallarından ilk iddia üzrə cavabdehlərin yaşayış yerini dəyişib yeni yaşayış yerinə köçməsi, başqa yaşayış sahəsi ilə təmin edilməsi müəyyən edilmir. Azərbayca Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1 və 3-cü bəndlərinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Konstitusiyanın 43-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətandaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin heç kəs yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir.Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüququ və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarı ilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştiraçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüququ sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08.10.2013-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci və 228.2ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16.12.2014-cü il tarixli qərarları və s.) Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi ilk iddia ərizəsinin rədd, qarşılıqlı iddia ərizəsini isə təmin edərək Cavabdeh1 və Cavabdeh2 yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə cavabdeh İddiaçı tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə ümumən düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər formal mülahizələrdir və həmin mülahizələr apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin araşdırılan hissəsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(027)-1151/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçının özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar