Məhkəmə qərarları › İş №2(105)-220/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-220/2024

25.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-220/2024 25.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İB-nin Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: (təbii qazla təchiz edən təşkilatın hesabladığı borcun mübahisələndirilməsi, zərərin ödənilməsi, sübutetmə yükü) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X12 (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı İB-nin nümayəndəsi X3, Cavabdeh iştirakı ilə İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş zərərin və borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 2(067)-1523/2023 nömrəli qətnaməsindən İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. Təbii X10nın pozulması haqqında 21 dekabr 2022-ci il tarixli, ******* saylı aktda abonent təbii qazdan qeyri qanuni istifadə etdiyi müəyyən edilmiş, buna görə də dəymiş ziyanın hesablanması və abonent tərəfindən ödənilməsinin tələb edilməsi qeyd edilmişdir.

2. xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən və abonentin saldosundan müəyyən olunur ki, Cavabdeh yaşadığı Xaçmaz rayonu, Laman kəndində yerləşən fərdi yaşayış evinə aid qaz sayğacı üzrə abonent hesabına 4526,65 manat cərimə hesablanmışdır.

3. Azərbaycan Respublikasının Energetika Nazirliyinin Enerji Məsələlərini X7 filialının xx.xx.2023-cü il tarixli Cavabdeh ünvanlanan məktubda qeyd olunmuşdur ki, “Araşdırma zamanı filial tərəfindən İddiaçı İB-nin X13 İstismar İdarəsinə sorğu məktubu ünvanlanmış, Regional idarədən daxil olmuş cavab məktubunda bildirilir ki, Xaçmaz xidmət sahəsinin işçiləri tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh məxsus mənzilin qaz xətlərinə baxış keçirən zaman mənzildə “X10’nın tələblərinə zidd olaraq sayğacdan kənar qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. Bununla əlaqədar olaraq xx.xx.2022-ci il tarixli qüsur aktı tərtib olunmuş və həmin akta əsasən itirilmiş qazın bərpası tələbi ilə 4127,20 manat məbləğində hesabat aparılaraq abonent hesabına işlənilmişdir. Lakin təqdim olunmuş sənədlərə baxış keçirilən zaman məlum olmuşdur ki, sayğacdan kənar qaz xəttinin çəkilişini əks etdirən alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş pozuntuların fotoşəkilləri və ya videoyazısı, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübut olaraq materiallara əlavə edilməmişdir. Bununla da, İddiaçı İB-nin X13 İstismar İdarəsi tərəfindən Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinin tələbi pozulmuşdur.

4. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində ifadə vermiş;

5. Şahid1 ifadəsində göstərmişdir ki, cavabdeh qonşusudur, qohumluğu, ədavəti yoxdur. Şəhid anasıdır. Cavabdehin qaz oğurluq etdiyini görməmişdir. Onun qızı neçə ildir oradan köçüb gedib. Qızının evinə qaz xətti əhali üçün gələn yerdən gəlirdi. Qızı köçəndən sonra, qaz xətti kəsilib və qaynaqlanıb. Lakin boru sonluğu qalmışdır. Onun evi uzaqdır, arada yol var. O, orada yaşayanda evinə qaz xətti çəkilib, gedəndə də kəsib çıxıb gedir, başqa yerdə özünə ev tikmişdir.

6. Şahid2 ifadəsində göstərmişdir ki, cavabdeh qonşusudur, qohumluğu, ədavəti yoxdur. Cavabdeh ona demişdir ki, qaz çəkmiş, gəlib tutublar. O, kənar xətt görməmiş, olubolmadığını deyə bilməz, evdə olur, arada bir dəfə küçəyə çıxır. Əzimə xala qızı Qətibə üçün 35-40 il əvvəl ev tikmiş, qaz xətti çəkilmişdi, sonra qızı köçüb getmiş, qaz xəttini də ləğv etmişlər. Boru çıxışı görmüş, ağzı qaynaqlı olmuşdur. Nə vaxt kəsilməsini görməmiş, Bakıda olmuşdur. İndi də borunun ağzı bağlıdır. Sonuncu dəfə boru sonluğunu bu söhbət çıxandan sonra görmüşdür, kolların içindədir. Ağzı da qaynaqlıdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 4147,20 manat məbləğində dəymiş ziyanın, 379,45 manat debitor borcun, cəmi 4526,65 manat pulun tutularaq **********10260 saylı abonent koduna və 65,27 manat dövlət rüsumunun Azəriqaz” X4 Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən Birlik abonentə məxsus Xaçmaz rayonu Laman kəndində yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı tərəfindən **********10260 nömrəli abonent kodu verilmiş, mənzilində qaz sayğacı quraşdırılmışdır. 2022-ci il tarixdə abonentin istifadəsində olan qaz xətlərinə və qaz sayğacına baxış keçirərkən abonentin sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan qanunsuz istifadə etdiyi aşkar edilmişdir. Bu barədə video çəkiliş aparılmış, müvafiq akt tərtib edilmişdir. Akta uyğun olaraq abonent Cavabdeh hesab koduna itirilmiş qazın ziyanı olaraq 34560 m3 sərfiyyat, 4147,20 manat ziyan hesablanaraq onun abonent koduna işlənilmişdir. Hazırda cavabdehin təbii qazdan istifadəyə görə xx.xx.2023-cü il tarixə 4526,65 manat borcu vardır ki, bu məbləğin 4147,20 manatı dəymiş ziyana görə, 379,45 manatı isə sayğacla müəyyən edilən debitor borcudur. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

9. Xaçmaz Rayon Məhkəməsinin (hakim S,Səmədzadə) 11 sentyabr 2023-cü il tarixli, 2(067)-1523/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 379,45 manat debitor borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş bir ədəd disk məhkəmə tədqiqatı zamanı tərəflərin iştirakı ilə məhkəmə iclasında monitor vasitəsilə nümayiş etdirilmiş və diskə baxış zamanı cavabdehin qeyri-qanuni kənar xətt vasitəsi ilə qazdan istifadə etməsi halı öz əksini tapmamışdır. Məhkəmə işin faktiki hallarına əsaslanaraq hesab etmişdir ki, İddiaçı İB cavabdeh tərəfindən qeyri-qanuni kənar qaz xəttindən istifadə etməsini sübuta yetirə bilməmişdir. Məhkəməyə bununla bağlı kifayət qədər sübutlar təqdim edilmədiyindən, iddia tələbi bu hissədə rədd edilməli, debitor borcla bağlı isə cavabdeh istifadə etdiyi qaz sərfiyyatına görə borcunu etiraf etdiyindən iddia bu hissədə təmin edilməlidir.

11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 389, 390.1, 397.1, 398.1, 405.1, 406, 442, 448.1, 567, 1096.1, 1097.1ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X10”nın 2.1.10, 2.1.11, 2.7, 3.1.7, 4.2, 4.4, 4.5, 4.7, 4.8, 4.9cu bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən narazı qalan İddiaçı İB apellyasiya şikayəti vermişdir.

13. İddiaçı İB apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini debitor borca aid hissədə təmin etmiş, dəymiş ziyanla bağlı hissədə isə iddianı rədd etmişdir ki, bu hissədə məhkəmənin mövqeyi əsassız və qanunsuzdur. İşə baxan məhkəmə həmin hissədə düzgün nəticəyə gəlməmiş, prosessuаl hüquq normаsının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin qismən ləğv edilməsinə əsasdır.İşin faktiki halından bəlli olduğu kimi iddiaçı müəssisənin əməkdaşları tərəfindən abonent Cavabdeh yaşadığı ünvanda sayğacdan kənar xətlə təbii qazdan qanunsuz istifadə etməsi halı aşkar edildikdə əməkdaşlar qanunvericiliyə uyğun hərəkət etmişlər. Belə ki, Cavabdeh sayğacdan kənar rezin boru ilə təbii qazdan qanunsuz istifadə halının aşkar edilməsi video çəkilişlə müşayət olunmuş, həmin çəkiliş diskə köçürülərək məhkəməyə təqdim edilmişdir. Qanunsuz qoşulma faktı aktla rəsmiləşdirilmişdir. Bundan sonra İddiaçı İB tərəfindən Qaydalara uyğun abonentin qazişlədici cihazlarında istehlak olunan qazın hesabatı aparılaraq abonentin hesabına sayğacdan kənar xəttə görə itirilmiş qazın dəyəri hesablanaraq abonent koduna işlənilmişdir. İşə baxan məhkəmə iddiaçı tərəf kimi məhkəmə baxışı mərhələsində İddiaçı təqdim etdiyi video çəkiliş köçürülmüş diski düzgün qiymətləndirməmiş, X2 Agentliyinin Xaçmaz filialının qanunsuz istifadə halının aşkar edilməsindən dörd ay sonra apardığı təhqiqata əsaslanan məktubuna mötəbər sübut kimi dəyər vermişdir. İddiaçının tələbinin əsası kimi istinad etdiyi hal, təbii qazdan qanunsuz istifadə halı dəqiqliyi ilə video çəkilişdə öz əksini tapmışdır, lakin məhkəmə həmin sübutu düzgün qiymətləndirməmişdir. Cavabdeh iddianı təkzib etmək üçün heç bir sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi tam təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı İB-nin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, qətnaməni iddia tələbinin təmin edilməyən hissəsində əsassız və qanunsuz hesab edir. Təqdim olunmuş diskdən başqa əlavə sübutları yoxdur. Ona görə də həmin hissədə qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilib, iddia tələbinin tam təmin edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayət əsassızdır. Mübahisəli ünvan onun atasına məxsus ev olmuşdur. O, uzun illər Rusiyada yaşamış 2022-ci ildə Azərbaycana qayıtmışdır. Yalnız bundan sonra o evdə ara-sıra yaşayış olmuşdur. Təbii qazdan istifadənin dəyəri olaraq mütəmadi ödənişlər icra edilmişdir. Lakin İddiaçı İB tərəfindən təbii X10nın pozulması barədə tərtib edilmiş xx.xx.2022-ci il tarixli akt əsassızdır və onun əsasında hesablanmış cərimə borcunu da qəbul etmir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq:

17. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X10 ilə tənzimlənir. X10 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 13-cü maddəsinin 8-ci bəndinə əsasən Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş X10 ilə tənzimlənir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X10”nın

1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 560.1. mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Maddə 560.2 Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;

Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, apellyator qətnaməni yalnız iddia tələbinin təmin edilməyən hissəsində mübahisəlndirmişdir.

22. Ona görə də kollegiya Xaçmaz Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 2(067)-1523/2023 nömrəli qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini tərəflərin izahatı və iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. İddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı sayğacdankənar çəkilmiş qaz xətti üzrə hesablanmış borcun ödənilməsi tələb edir.

25. Apellyasiya kollegiyası işin tədqiq olunan faktiki hallarından çıxış edərək qeyd edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh təbii qazdan qeyriqanuni istifadəyə görə hesablanmış 4147,20 manat məbləğində dəymiş ziyanın, 379,45 manat debitor borcun, cəmi 4526,65 manat pulun İddiaçı xeyrinə tutulmasını xahiş etmişdir. İşə baxan məhkəmə yaranmış mübahisəni yuxarıdakı formada həll etmiş, yəni iddia tələbini debitor borca aid hissədə təmin etmiş, dəymiş ziyanla bağlı hissədə isə rədd etmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnaməni dəymiş ziyana aid hissədə mübahisələndirmişdir.

26. İş üzrə birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəlmiş olduğu nəticəni əsaslı hesab edən kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

27. İddia tələbindən müəyyən edildiyi kimi iddiaçı cavabdehdən dəymiş ziyan olaraq tələb etdiyi 4147.20 manat məbləğində cərimə borcunun yaranma əsası kimi cavabdehə məxsus Xaçmaz rayonu, Laman kəndində yerləşən fərdi yaşayış evinə iddiaçının əməkdaşları tərəfindən baxış keçirilən zaman sonuncu tərəfindən təbii qazdan qeyri-qanuni istifadənin müəyyən edilməsi faktını rəsmiləşdirilən təbii X10nın pozulması haqqında 21 dekabr 2022ci il tarixli, ******* saylı aktda istinad etmişdir.

28. Lakin yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından həmin aktın tərtib edilməsi əsası kimi qeyd edilən hallar məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sübuta yetirilməmişdir.

29. Belə ki, iddiaçı tərəf mübahisəli ünvanda cavabdeh tərəfindən təbii qazdan qeyriqanuni istifadənin iddiaçının əməkdaşları tərəfindən videoçəkilişlə rəsmiləşdirilməsini qeyd etsə də, bu faktın təsdiqi kimi məhkəməyə təqdim edilən CD diskə keçirilən vizual baxış zamanı qeyd edilən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir.

30. Digər tərəfdən iddiaçı tərəf tələbində qaz sayğacına qanunsuz qoşulma faktının müəyyən edildiyini qeyd etsə də, bu hissədə qanunvericiliyin müəyyən etdiyi tələblərə tam əməl etməmişdir.

31. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Energetika Nazirliyinin Enerji Məsələlərini X7 filialının xx.xx.2023-cü il tarixli Cavabdeh ünvanlanan məktubunda qeyd olunmuşdur ki, Xaçmaz xidmət sahəsinin işçiləri tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh məxsus mənzilin qaz xətlərinə baxış keçirən zaman mənzildə “X10’nın tələblərinə zidd olaraq sayğacdan kənar qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. Bununla əlaqədar olaraq xx.xx.2022-ci il tarixli qüsur aktı tərtib olunmuş və həmin akta əsasən itirilmiş qazın bərpası tələbi ilə 4127,20 manat məbləğində hesabat aparılaraq abonent hesabına işlənilmişdir. Lakin təqdim olunmuş sənədlərə baxış keçirilən zaman məlum olmuşdur ki, sayğacdan kənar qaz xəttinin çəkilişini əks etdirən alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş pozuntuların fotoşəkilləri və ya videoyazısı, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübut olaraq materiallara əlavə edilməmişdir. Göründüyü kimi iddiaçı tərəf iddia tələbinin dəymiş zərərin ödənilməsi ilə bağlı hissəsində öz tələbinin əsasını təşkil edən halları məhkəmə tədqiqatı zamanı sübuta yetirə bilməmişdir.

32. Belə ki, mübahisəli ünvana dair iddiaçı tərəfin tərtib etdiyi 21 dekabr 2022-ci il tarixli, ******* saylı aktda cavabdehin (abonentin) yaxud onun ailə üzvlərinin heç birinin imzası yoxdur. Bu isə onu deməyə əsas verir ki, sözügedən aktın tərtibatında cavabdeh tərəfin iştirakı təmin edilməmiş, akt formal şəkildə tərtib olunmuşdur. Habelə aktın tətib olunma əsası ilə ( qanunsuz qoşulma faktının aşkar edilməsi) bağlı digər zəruri hüquqi tədbirlər iddiaçı tərəfindən görülməmişdir.

33. Qanunvericiliyin tələbinə görə zərər vurulmasına gətirib çıxaran hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlik) təqsirdə ifadə olunur. Başqa sözlə, hüquqa zidd əməl təqsirli olaraq törədilməli, vurulmuş ziyanla hüquqa zidd əməl arasında səbəbli əlaqə olmalıdır.

34. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbli bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.

35. Hazırkı halda təbii qazdan qeyri-qanuni istifadə edilməsi və bu istifadənin məhz cavabdeh tərəfindən edilməsi, bununla bağlı aktın doğruluğunu təsdiq etmək məhz iddiaçı tərəfin üzərinə düşür.

36. Kollegiya qeyd edir ki, bu kimi mübahisələrin həllində işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

37. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

38. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

39. Apellyasiya instansiyası məhkəməsi cavabdehə məxsus ünvanda təbii qazdan qeyriqanuni istifadə faktının mövcudluğu barədə iddiaçının dəlilləri ilə razılaşa bilmədiyindən, həmin tərəfə ziyan dəyməsi, bununla bağlı zərərin həddinin müəyyən edilməli olması barədə də apellyasiya şikayətinin dəlilləri ilə razılaşa bilmir. Çünki, ikinci hal birinci halla bağlıdır. Başqa sözlə, əgər abonent təbii qazdan qeyri-qanuni istifadə etməmişsə, buna görə zərəri də ödəməli deyil.

40. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində “dəymiş zərərin ödənilməsinə” münasibətdə maddi və prosessual hüquq normaları pozulmamış, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər isə qətnamənin mübahisələndirilən bu hissədə ləğvi üçün əsas ola bilməz. Ona görə də Xaçmaz Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 2(067)-1523/2023 nömrəli qətnaməsi qeyd olunan hissədə dəyişdirilmədən saxlanmalıdır.

41. Kollegiya belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz.

42. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 393, 404 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 2(067)-1523/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar