Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-221/2021 09.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, iddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyətinin nümayəndəsi X9 və Cavabdeh1 iştirakları ilə açıq məhkəmə iclasında, Xaçmaz Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2(067)-593/2020 saylı qətnaməsindən Cavabdeh1 və iddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyətinin apellyasiya şikayətlərinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2(067)-593/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Anar Sadıqov) iddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1, X5, X12, X19, X6 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh1 və iddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyəti arasında bağlanılmış 19.01.2015-ci il tarixli, 011L**********20 saylı uzunmüddətli kredit müqaviləsi, 22.01.2015-ci il tarixli, 011R********** saylı kredit razılaşması, həmçinin 05.02.2016-cı il tarixli, 011R**********S saylı, 25.07.2016-cı il tarixli, 011R**********SA saylı və 10.11.2016-cı il tarixli 011R**********SB saylı sazişlərə xitam verilməsi, Cavabdeh1, X1 və X13 müştərək qaydada (birgə) iddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyətinin xeyrinə 25529,01 ABŞ dolları məbləğində kredit borcu, 6132,05 ABŞ dolları məbləğində faiz borcu və 100 ABŞ dolları məbləğində cərimə borcunun qətnamənin icra ediləcəyi gün ABŞ dollarının Azərbaycan manatına məzənnə nisbətində manatla və ödənilmiş 20 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində pul və 21 manat xidmət haqqının tutulması, tutmanın X2 mülkiyyətində olan Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi 72 saylı evin 28 saylı mənzilinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 55000 manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmiş, Cavabdeh1 və iddiaçı qətnamədən apellyasiya şikayətləri vermişlər. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, “Access Bank” qapalı səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və cəmiyyət arasında bağlanılmış 19.01.2015-ci il tarixli, 011L**********20 saylı uzunmüddətli kredit müqaviləsinə, 22.01.2015-ci il tarixli, 011R********** saylı kredit razılaşmasına, 05.02.2016-cı il tarixli, 011R**********S saylı, 25.07.2016-cı il tarixli, 011R**********SA saylı və 10.11.2016-cı il tarixli, 011R**********SB saylı sazişlərə xitam verilməsi, cavabdehlər Cavabdeh1, X1, X10, X13 müştərək qaydada cəmiyyətin xeyrinə 25529,01 ABŞ dolları məbləğində kredit borcu, 6132,05 ABŞ dolları məbləğində faiz borcu və 12976,71 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 44637 ABŞ dolları 77 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin ünvan 1 ünvanında yerləşən X2 mülkiyyətində olan 28 saylı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və cəmi 44637 ABŞ dolları 77 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına cəmiyyətə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, X1, X10 və X13 müştərək qaydada tutulması, ünvan 1 ünvanında yerləşən X2 mülkiyyətində olan 28 saylı mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X2 və X3 həmin mənzilə istifadə hüququnun itirilməsi, onların həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və cəmiyyətə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh1 cəmiyyətlə bağladığı 19.01.2015-ci il tarixli, 011L**********20 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 500000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 cəmiyyətlə bağladığı 22.01.2015-ci il tarixli, 011R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 35000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 05.02.2016-cı il tarixli, 011R**********S saylı, 25.07.2016-cı il tarixli, 011R**********SA saylı, 10.11.2016-cı il tarixli, 011R**********SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla, ödəməli olduğu vəsaitləri 22.12.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 9470,99 ABŞ dolları ödəmiş, onun 25529.01 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasına əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün ücün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 03.11.2017-ci il tarixə 316 gün üçün hesablanmış faiz borcu 6132.05 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. 03.11.2017-ci il tarixə 316 gün üçün hesablanmış cərimə 12976,71 ABŞ dolları təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər X7, X17 və X20 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh-ipoteka qoyan X7 ilə bank arasında bağlanmış 19.01.2015-ci il tarixli, 011M**********01 saylı ipoteka müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən X2 mülkiyyətində olan 28 saylı mənzil cəmiyyətin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən 7 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində qeydiyyata alınmış RX ******* nömrəli çıxarışla ünvan 1 ünvanında yerləşən X2 mülkiyyətində olan 28 saylı mənzili Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün cəmiyyətin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan tərəfindən cavabdeh X5 10.10.2017-cı il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş, bildiriş 18.10.2017-ci il tarixdə qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə 23.10.2017-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. Cəmiyyət ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 21 manat xidmət ödəmişdir. Xaçmaz İH Xaçmaz Mİİ-nin 20.12.2014-cü il tarixli, 197 saylı forma 2 arayışına əsasən ünvan 1 ünvanında yerləşən X2 mülkiyyətində olan 28 saylı mənzildə qeydiyyatda olan cavabdeh X8 həmin mənzil cəmiyyətə ipoteka müqaviləsi əsasında ipotekaya qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin mənzilin ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş və həmin əmlaka tutma yönəldikdə onu qeyd-şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. “Access Bank” qapalı səhmdar cəmiyyəti iddia tələblərinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə cəmiyyət arasında bağlanmış 19.01.2015-ci il tarixli, 011L**********20 saylı uzunmüddətli kredit müqaviləsinə, 22.01.2015-ci il tarixli, 011R********** saylı kredit razılaşmasına, 05.02.2016-cı il tarixli, 011R**********S saylı, 25.07.2016-cı il tarixli, 011R**********SA saylı və 10.11.2016-cı il tarixli, 011R**********SB saylı sazişlərə xitam verilməsi, cavabdehlər Cavabdeh1, X1, X13 müştərək qaydada cəmiyyətin xeyrinə 25529,01 ABŞ dolları məbləğində kredit borcu, 6132,05 ABŞ dolları məbləğində faiz borcu və 12976,71 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 44637,77 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin X2 mülkiyyətində olan Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi 72 saylı evin 28 saylı mənzilinə yönəldilməsinə, həmin mənzilin açıq hərracdan satılması və cəmi 44637,77 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına cəmiyyətə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1, X1 və X13 müştərək qaydada tutulması, ünvan 2 ünvanında yerləşən X2 mülkiyyətində olan 28 saylı mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X2 və X3 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir, qətnaməni əsassız və ədalətsiz hesab edir. Belə ki, fermer təsərrüfatının genişləndirilməsi məqsədi ilə azərbaycan manatı ilə kredit almaq üçün 19.01.2015-ci il tarixdə “Access Bank” qapalı səhmdar cəmiyyətinin Xaçmaz filialına müraciət etmişdi. Savadsızlığından istifadə edərək bank işçiləri krediti qanunsuz olaraq ABŞ dolları ilə sənədləşdirərək Azərbaycan manat ilə pulu ona təqdim etmişdilər. Həmin vaxt müqavilə və digər sənədlərin ABŞ dolları ilə yazıldığından xəbəri olmamışdır. “Access Bank” qapalı səhmdar cəmiyyətinin əməkdaşları bilə-bilə onu aldatmış və Azərbaycan manatı ilə kredit verildiyi halda, müqavilələri ABŞ dolları ilə sənədləşdirmişlər. Azərbaycan Respublikasında ABŞ dollarının ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Kredit aldığı vaxt ABŞ dollarının məzənnəsi çox aşağı olmuşdur. Lakin kreditin ödənişi zamanı ABŞ dollarının məzənnəsi dəfələrlə artmış və ödənilməsi olduqca çətinləşmişdir. Az gəlirlə işləyən ferma təsərrüfatı dəfələrlə artmış krediti ödəmə iqtidarında olmamışdır. Kəskin dəyişilmiş şəraitlə əlaqədar kredit müqaviləsinin əsas şərtlərinin, xüsusilə krediti aldığı dövrdə dolların məzənnəsinə uyğun borcun ödənilməsi, kreditin ödənilməsi müddətinin uzadılması, faizlərin azaldılması və sair şərtlərin dəyişdirilməsini “Access Bank” qapalı səhmdar cəmiyyətindən dəfələrlə xahiş etsə də, heç bir nəticəsi olmamışdır. Qanuna əsasən kredit müqaviləsi bağlandıqdan sonra şəraitin kəskin dəyişməsi zamanı tərəflərin razılığı ilə kredit müqaviləsinin əsas şərtləri dəyişdirilə bilər. ABŞ dollarının məzənnəsinin dəfələrlə artması ilə əlaqədar kredit müqaviləsinin əsas şərtlərini dəyişdirmək əvəzinə, “Access Bank” qapalı səhmdar cəmiyyəti faizləri də şişirtmiş və məhkəməyə müraciət etmişdir. Cavabdeh apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin 6132,05 ABŞ dolları məbləğində faiz borcu hissəsində ləğv edilməsi və kreditin əsas borcunun qalan hissəsi olan 25529,01 ABŞ dolları məbləğində pulu kredit aldığı dövrdə dolların məzənnəsi ilə iddiaçıya ödənilməsi və kredit ödənilməsi müddətinin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə mənzil satıldıqdan sonra cavabdehlərin oradan çıxarılması və mənzilin boşaldılmasının təmin edilməməsi ilə bağlı hissədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlərin mübahisəli evdən çıxarılması, mənzilin boşaldılması tələbinə aid hissədə ev satıldıqdan və mülkiyyətçi müəyyənləşdiriləndən sonra evin boşaldılması tələbini məhkəmədə qaldırmaq hüququ yeni mülkiyyətçiyə məxsus olduğundan bu hissədə iddia təmin edilməməlidir. Məhkəmənin gəldiyi bu nəticə ilə razı deyildir. Belə ki, borclunun kreditor qarşısında yaranan əsas öhdəliklərinin icrasını təmin edən ipoteka aksessor xarakter daşıyır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, ipoteka icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda, ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. İpoteka hüququnun əsas təyinatı borclu (girov və ya ipoteka qoyan) öz öhdəliyini icra etmədikdə kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditora nisbətən üstünlük hüququna malikdir. İpoteka kreditoru (ipoteka saxlayan) dedikdə, borclunun onun qarşısında yaranan pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün ipoteka predmeti olan əşyaya tələb yönəltmək, həmin tələbi göstərilən əşya hesabına təmin etmək ixtiyarına malik olan şəxs nəzərdə tutulur. Cavabdeh mülkiyyətində olan mənzili kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı üçün bank qarşısında yüklü edərkən həmin mənzilə tutma yönəldildiyi təqdirdə onu qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. Cavabdehin ipoteka müqaviləsi bağlandığı andan mənzili tərk etmək vəzifəsi yaranmışdır. Dəbbə pulu ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsində, cərimə borcu məbləği cəmi 100 ABŞ dolları həddində müəyyənləşdirilmiş və ümumilikdə iddiaçı tərəfindən tələb olunan 12976 ABŞ dolları cərimə borcu 100 ABŞ dolları məbləğinədək azaldılmışdır. Bu zaman kreditorun əmlak və digər əsaslı mənafeləri nəzərə alınmamış, yalnız borcluların mənafeyindən çıxış edilmişdir. Məhkəmə cavabdehlərin bank qarşısındakı öhdəliklərini uzun müddət ərzində icra etməmələrini, bank tərəfindən kredit müqaviləsi üzrə cərimə borcunun kredit müqaviləsinin şərtlərinə uyğun hesablanmasını və tam qanuni olmasını nəzərə almamışdır. Cərimə borcu ilə bağlı hissədə kreditorun maraqları da nəzərə alınmalı, həmin hissədə də iddia tələbləri təmin olunmalıdır. İddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyəti apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, ipoteka predmeti olan mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh2 Eyvazbəy qızının və X3 həmin mənzildən çıxarılmasının və mənzilin boşaldılmasının təmin edilməməsi, o cümlədən cərimə borcunun azaldılması hissələrində ləğv edilərək, iddia tələbinin həmin hissələrdə də təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyətinin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı. Məhkəmə iclasında iddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyətinin nümayəndəsi X14 cəmiyyətin apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı. Cavabdehlər X7, X20 və X8 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ünvan 1 ünvanında yerləşən X2 mülkiyyətində olan 28 saylı mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X2 və X3 həmin mənzildən çıxarılması və mənzilin boşaldılmasına aid hissələrdə ləğv edilməli, həmin hissələrdə iddia təmin edilməli, qətnaməyə ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinə aid hissədə dəyişiklik edilməli, qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsinə, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin dolları məbləğində faiz borcu hissəsində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissələrdə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Xaçmaz filialı ilə bağlanmış 19 yanvar 2015-ci il tarixli, 011L**********20 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 500.000 ABŞ dolları məbləğində kredit xətti açılmış, müqaviləyə və kredit razılaşmasına görə istənilən məbləğ 19 yanvar 2025-ci il tarixdən gec olmayaraq verilməlidir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Xaçmaz filialı ilə Cavabdeh1 arasında bağlanmış 19 yanvar 2015-ci il tarixli, 011L**********20 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 22 yanvar 2015-ci il tarixli, 011R********** saylı kredit razılaşmasından görünür ki, Cavabdeh1 aylıq 1,8333% faiz dərəcəsi olmaqla, 36 ay müddətinə 35000 ABŞ dolları kredit verilmişdir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Xaçmaz filialı ilə X20, X17 və X7 arasında bağlanmış 22 yanvar 2015-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyətinin Xaçmaz filialı ilə Cavabdeh1 arasında bağlanmış 19 yanvar 2015-ci il tarixli, 011L**********20 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Xaçmaz filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişikliklər edilməsi haqqında 05 fevral 2016-cı il tarixli, 011R**********S saylı sazişdən görünür ki, bank ilə kredit alan arasında bağlanmış 19 yanvar 2015-ci il tarixli, 011L**********20 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 22 yanvar 2015-ci il tarixli, 011R********** saylı kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 05 fevral 2016-cı il tarixli ödəniş planına uyğun olaraq banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Xaçmaz filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişikliklər edilməsi haqqında 25 iyul 2016-cı il tarixli, 011R**********SA saylı sazişdən görünür ki, bank ilə kredit alan arasında bağlanmış 19 yanvar 2015-ci il tarixli, 011L**********20 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 22 yanvar 2015-ci il tarixli, 011R********** saylı kredit razılaşması əsasında verilmiş kredit qalıq məbləğinə 25 iyul 2016-cı il tarixdən aylıq 1,75 faiz dərəcəsi ilə faizlər hesablanır və kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 25 iyul 2016-cı il tarixli ödəniş planına uyğun olaraq banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Xaçmaz filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişikliklər edilməsi haqqında 10 noyabr 2016-cı il tarixli, 011R**********SB saylı sazişdən görünür ki, bank ilə kredit alan arasında bağlanmış 19 yanvar 2015-ci il tarixli, 011L**********20 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 22 yanvar 2015-ci il tarixli, 011R********** saylı kredit razılaşması əsasən kredit alanın həmin günə olan kredit qalığına faizlər 27 ay ərzində aylıq 1,8333 faiz olmaqla hesablanacaqdır. İş materiallarında olan 19 yanvar 2015-ci il tarixli, 011M**********01 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 arasında bağlanmış 19 yanvar 2015-ci il tarixli, 011L**********20 saylı uzunmüddətli kredit müqaviləsi və bu kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşması üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək üçün X2 mülkiyyətində olan Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi 72 saylı evin 28 saylı mənzil ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin qiyməti 36000 ABŞ dolları (28238,40 manat) məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi 72 saylı evin 28 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə X2 adına 09 oktyabr 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, X5 məxsus Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi 72 saylı evin 28 saylı mənzilinin ipoteka ilə yüklü edilməsi 20 yanvar 2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin 24700 saylı, 27 noyabr 2017-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 22 yanvar 2015-ci il tarixli, 011R********** saylı kredit razılaşması üzrə 03 noyabr 2017-ci il tarixə əsas borcu 25529,01 ABŞ dolları, faiz borcu 6132,05 ABŞ dolları, cərimə borcu 12976,71 ABŞ dolları, cəmi borcu 44637,77 ABŞ dolları təşkil edir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyəti tərəfindən Cavabdeh1, X20, X17 və X5 göndərilmiş 11 sentyabr 2017-ci il tarixli xəbərdarlıq məktublarının surətindən görünür ki, borcun ödənilməsi barədə xəbərdar edilmişlər. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyəti tərəfindən X5 göndərilmiş 10 oktyabr 2017-ci il tarixli bildirişin surətindən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsinə başlanıldığı barədə xəbərdar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalından çıxarışdan görünür ki, X5 məxsus Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi 72 saylı evin 28 saylı mənzilə tutmanın yönəldilməsi haqqında bildiriş 28 oktyabr 2017-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan “Əmlak Ekspert Mərkəzi”nin 20 aprel 2018-ci il tarixli, ƏEM/A 11-339/18 saylı ekspert rəyindən görünür ki, ünvan 3 ünvanda yerləşən 28 saylı mənzilin 20 aprel 2018-ci il tarixə bazar qiyməti 55000 manat təşkil edir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 02.03.2021-ci il tarixli, 9/5204 saylı rəyindən görünür ki, 22 yanvar 2015-ci il tarixli, 011R********** saylı kredit razılaşmasında qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh1 İddiaçı qapalı səhmdar cəmiyyətinə olan əsas borcu 25529,01 ABŞ dolları, faiz borcu 6132,05 ABŞ dolları təşkil edir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 03.05.2021-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, X5 məxsus Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi 72 saylı evin 28 saylı mənzilinin 03.05.2021-ci il tarixinə bazar dəyəri 50000 manat, likvid dəyəri 43000 manat təşkil edir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, İddiaçı qapalı səhmdar cəmiyyətinin Xaçmaz filialı ilə Cavabdeh1 arasında bağlanmış 19 yanvar 2015-ci il tarixli, 011L**********20 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 22 yanvar 2015-ci il tarixli, 011R********** saylı kredit razılaşmaya əsasən Cavabdeh1 aylıq 1,8333% faiz dərəcəsi olmaqla, 36 ay müddətinə 35000 ABŞ dolları kredit verilmiş, həmin razılaşmaya 05 fevral 2016-cı il tarixli, 011R**********S saylı, 25 iyul 2016-cı il tarixli, 011R**********SA saylı və 10 noyabr 2016-cı il tarixli, 011R**********SB saylı sazişlərlə dəyişiklik edilmişdir. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İşdən görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyətinin Xaçmaz filialı ilə X20 və X7 arasında 22 yanvar 2015-ci il tarixli zaminlik müqavilələri bağlanmış və İddiaçı qapalı səhmdar cəmiyyətinin Xaçmaz filialı ilə Cavabdeh1 arasında bağlanmış 19 yanvar 2015-ci il tarixli, 011L**********20 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün zamin kimi X20 və X7 bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MM-nin 269.1, 269.2 və 269.4-cü maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 270.1-ci maddəsinə görə girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 295-ci maddəsinə görə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsində göstərilir ki, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” qanunun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2.faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi. 4.1.4.ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1, 34.1.1, 34.1.2-ci maddələrinin mənasına görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı-əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması və sair hallarda yaranır. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 02.03.2021-ci il tarixli, 9/5204 saylı rəyi ilə müəyyən olunmuşdur ki, 22 yanvar 2015-ci il tarixli, 011R********** saylı kredit razılaşmasında qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh1 İddiaçı qapalı səhmdar cəmiyyətinə olan əsas borcu 25529,01 ABŞ dolları, faiz borcu 6132,05 ABŞ dolları təşkil edir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, Cavabdeh1, X1 və X13 müştərək qaydada (birgə) iddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyətinin xeyrinə 6132,05 ABŞ dolları məbləğində faiz borcunun tutulması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu, öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq cərimənin miqdarını tənasübsüz surətdə yüksək kimi qiymətləndirərək həmin məbləği azaltmışdır. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə ünvan 1 ünvanında yerləşən X2 mülkiyyətində olan 28 saylı mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X2 və X3 həmin mənzildən çıxarılmaları və mənzilin boşaldılmasına aid hissələrdə qanunsuz və əsassızdır. Belə ki, “İpoteka haqqında” qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Nəzərə alınmalıdır ki, “İpoteka haqqında” Qanunun 59-cu maddəsi “İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi” adlanır. Bu baxımdan ipoteka predmeti olan yaşayış sahəsinin boşaldılması ipoteka predmetinə tutma yönəldilməsi prosedurunun ayrılmaz hissəsi kimi nəzərdən keçirilməli və ipoteka saxlayanın müvafiq tələbi olduğu halda bir icraatda həll edilməlidir. Qeyd olunan tələbin ipoteka predmetinə tutma yönəldilməsi prosedurundan ayrılması və yalnız yeni mülkiyyətçinin belə bir iddia tələbi olduğu halda təmin olunması qanunvericiliyin məqsədlərinə zidd olardı. Qanunun 59.4-cü maddəsindən də görünür ki, qanunvericilik həmin maddədə göstərilən halda və müddətdə müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında yaşayış sahəsinin boşaldılması qaydasını müəyyən edir. Göründüyü kimi istinad olunan maddə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini bir ay ərzində tərk etmədikdə yeni məhkəmə aktının qəbul olunmasını istisna edir və məhz tutma yönəldilməsi barədə məhkəmə qərarını həmin şəxslərin yaşayış sahəsindən məcburi çıxarılması əsası kimi müəyyən edir. Qanunun mənasına görə ipoteka predmetinə tutma yönəldilməsi barədə qətnamədə ayrıca göstərilmədiyi halda belə, həmin məhkəmə aktı yaşayış evi satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə onların məcburi çıxarılması üçün əsasdır. “İpoteka haqqında” Qanunun 59-cu maddəsinin yeni redaksiyasına əsasən də həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarınının tələbləri baxımından hesab edir ki, ünvan 1 ünvanında yerləşən X2 mülkiyyətində olan 28 saylı mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X7 və X8 həmin mənzildən çıxarılmalı və mənzil boşaldılmalıdır. “İpoteka haqqında” qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, qeyd edilən norma imperativ normadır. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak, qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 5-ci maddəsinin 7 və 8-ci bəndlərində göstərilir ki, məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda (bu halda qiymətləndirmə əmlakın mülkiyyətçisi olan şəxslərin sifarişi ilə qiymətləndirici tərəfindən və ya qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır); etimadlı idarəetmədə olan əmlaka sahiblik hüququ dəyişilərkən əmlakın dəyəri haqqında mübahisə yarandıqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertizası haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. “İpoteka haqqında” qanunun 1.0.9-cu maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 03.05.2021-ci il tarixli qiymətləndirmə hesabatı ilə müəyyən edilmişdir ki, X5 məxsus Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi 72 saylı evin 28 saylı mənzilinin 03.05.2021-ci il tarixinə likvid dəyəri 43000 manat təşkil edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinə aid hissədə dəyişiklik edilməli, X5 məxsus Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi 72 saylı evin 28 saylı evinin açıq hərracda ilkin satış qiyməti 43000 manat müəyyən edilməlidir. Cavabdeh apellyasiya şikayətində kreditin əsas borcunun kredit aldığı dövrdə dolların məzənnəsi ilə iddiaçıya ödənilməsini göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış 19 yanvar 2015-ci il tarixli, 011L**********20 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 22 yanvar 2015-ci il tarixli, 011R********** saylı razılaşmaya əsasən Cavabdeh1 35000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin razılaşmada kreditin onun götürüldüyü vaxtda olan məzənnə ilə ödənilməsi nəzərdə tutulmamışdır. Həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 may 2015-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Mülki Məcəllənin 439.2-ci maddəsi xarici valyutada olan pul öhdəliyinin manatla icrası zamanı öhdəliyin icrasının ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılmasını birmənalı müəyyən edir. Cavabdeh apellyasiya şikayətində kredit ödənilməsi müddətinin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin İddiaçı qapalı səhmdar cəmiyyətinə olan borcunun müddətinin uzadılması məhkəmənin səlahiyyətinə aid olmadığından, məhkəmə kollegiyası cavabdehin bu dəlilini əsassız hesab edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin və iddiaçının apellyasiya şikayətlərinin digər dəlillərini əsassız hesab edir. Digər cavabdehlər qətnamə ilə razılaşaraq apellyasiya şikayəti verməmişlər. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ünvan 1 ünvanında yerləşən X2 mülkiyyətində olan 28 saylı mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X2 və X3 həmin mənzildən çıxarılması və mənzilin boşaldılmasına aid hissələrdə ləğv edilməli, həmin hissələrdə iddia təmin edilməli, qətnaməyə ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinə aid hissədə dəyişiklik edilməli, qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 50 manat Cavabdeh1 tutularaq X11, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı qapalı səhmdar cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2(067)-593/2020 saylı qətnaməsi ünvan 1 ünvanında yerləşən X2 mülkiyyətində olan 28 saylı mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X2 və X3 həmin mənzildən çıxarılması və mənzilin boşaldılmasına aid hissələrdə ləğv edilsin, həmin hissələrdə iddia təmin edilsin, qətnaməyə ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinə aid hissədə dəyişiklik edilsin. ünvan 1 ünvanında yerləşən X2 mülkiyyətində olan 28 saylı mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X7 və X8 həmin mənzildən çıxarılsınlar və mənzil boşaldılsın. X5 məxsus Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi 72 saylı evin 28 saylı mənzilinin açıq hərracda ilkin satış qiyməti 43000 (qırx üç min) manat məbləğində müəyyən edilsin. Qalan mübahisələndirilən hissələrdə qətnamə dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh1 tutularaq X11, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-221/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-221/2021
09.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver