Məhkəmə qərarları › İş №2(105)-2217/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2217/2021

20.12.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2217/2021 20.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X14 Tağızadənin sədrliyi və məruzəsi, X7 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçının nümayəndəsi və vəkili: X12, Cavabdeh: Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili: X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı zəbt olunmuş torpaq sahələrindən çıxarılma və torpaq sahəsinin qaytarılması tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Qusar Rayon Məhkəməsinin 03 iyun 2020-cu il tarixli qətnaməsi ilə (hakim A.Y.Vəliyev) İddiaçı Cavabdeh2 və X1 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin qaytarılması tələbinə dair iddiasının rədd edilməsi, iş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərclərinin İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, HesabAZ34CTRE**********0002088501 (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X6, Kodu210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh2 və X1 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər A.S.Abdulhəlimovun və Cavabdeh2 Qusar rayonu Çiləgir kəndində yerləşən, KOD 30121028 JN-392 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ona məxsus olan 0.12 hektar həyətyanı torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin alınaraq onun qanuni sahibliyinə və istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Qusar rayonu sabiq Çiləgir bələdiyyəsinin 25 fevral 2004-cü il tarixli 02 saylı qərarı ilə Çiləgir kəndi ərazisində yerləşən 0.12 hektar həyətyanı torpaq sahəsi ona satılmış və xüsusi mülkiyyət hüququ KOD 30121028 JN-392 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Cavabdehlər xeyli müddətdir ki, ona məxsus həmin torpaq sahəsini qanunsuz zəbt etməklə istifadə edirlər. Dəfələrlə cavabdehlərə müraciət edərək həmin torpaq sahəsini buraxmalarını tələb etsə də, həmin şəxslər ona məxsus torpaq sahəsini zəbt etmədiklərini, həmin torpaq sahəsinin özlərinə məxsus olduğunu bildirmişlər. Bununla da, cavabdehlər onun həmin torpaq sahəsinə dair qanunla müəyyən edilmiş sahiblik və istifadə hüquqlarını pozmuş və hazırda mübahisəli torpaq sahəsi onların qanunsuz sahibliyində və istifadəsindədir. Bunun nəticəsi olaraq o, hazırda həmin torpaq sahəsindən sərbəst şəkildə istifadə edə və ona sahiblik edə bilmir. Ona görə də, hesab edir ki, onun pozulmuş hüquqları bərpa edilməli, cavabdehlər zəbt etdikləri ona məxsus 0.12 hektar torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsi onların qanunsuz sahibliyindən onun qanuni sahibliyinə qaytarılmalıdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı nümayəndəsi və vəkili T.S.Əliyarov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə qətnaməsinə əsasən müəyyən olunmuş hesab edilir ki, ona məxsus olmaqla Qusar rayonunun Çiləgir kəndində yerləşən 0,12 ha torpaq sahəsinə dair tərəfindən təqdim edilmiş KOD 30121028 JN-392 saylı torpagın mülkiyyətə verilməsinə dair şəhadətnamə tam mötəbər sübut kimi qəbul edilmir. Əksinə cavabdehlərin adlarına olan çıxarışları mötəbər sübut kimi qəbul edir. Həmin çıxarışların mötəbərliyinə şəbhəsi yoxdur. Məhkəmə tərəfindən təkrar məhkəmətorpaqhünaslıq ekspertizası keçirməmişdir. Qusar Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli 2(029)-101/2020 saylı qətnaməsinin ləğv edilməsinə, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili T.S.Əliyarov apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh2 nümayəndəsi və vəkili R.M.Əhmədov, Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini qəbul etmədilər və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin, Qusar rayon Çiləgir Bələdiyyəsinin nümayəndələri, A.T.Abdulağayeva, R.B.Nuriyev və V.Z.Xanbabayev məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərək, cavabdehlər tərəfindən iddiçıya məxsus olan torpağın zəbt edilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili T.S.Əliyarovun apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, işdə olan KOD 30121028 JN-392 saylı 22 may 2004-cü il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Qusar rayonu Çiləgir bələdiyyəsinin 25 fevral 2004-cü il tarixli 02 saylı sərəncamı ilə Çiləgir kəndində yerləşən 0.12 hektar həyətyanı torpaq sahəsi İddiaçı satılmaqla onun mülkiyyətinə verilmişdir. İşə əlavə olan Seriya RX ******* saylı 20.05.2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar rayonu Çiləgir kəndində yerləşən 0.12 hektar həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Seriya RX ******* saylı 14.04.2016-cı il tarixli və **********68 reyestr nömrəli 12.09.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların surətlərindən görünür ki, Qusar rayonu Çiləgir kəndində yerləşən 0.15 və 0.12 hektar həyətyanı torpaq sahələri xüsusi mülkiyyət hüququ üzrə A.S.Abdulhəlimovun adına qeydiyyata alınmışdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 25.09.2019-cu il tarixli **********62 saylı məktubdan görünür ki, A.S.Abdulhəlimovun adına olan Qusar rayonu Çiləgir kəndində yerləşən 0.12 ha yaşayış məntəqələri torpaq sahəsinə aid sənədlərin, Cavabdeh2 adına olan 0.12 ha yaşayış məntəqələri torpaq sahəsinə aid sənədlərin və “JN-392 KOD 30121028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, JN-392 KOD 30121028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilən torpaq sahəsinin cizgisi, baza xəritəsi üzərində öz əksini tapmadığı üçün tələbkarın tələb etdiyi torpaq sahəsinin verilmiş çıxarışlarla üst-üstə düşdüyünü təyin etmək mümkün deyildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 19 mart 2020-ci il tarixli 27777 saylı rəydən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "xxxx" MMC-nin Xaçmaz LTİ-nin mütəxəssis rəyinə əsasən İddiaçı adına verilmiş KOD 30121028 JN-392 saylı 22 may 2004-cü il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə vahid elektron baza məlumatlarında kompleks yerquruluşu xəritələrində qeydə alınmadığı müəyyən olunur. Bu səbəbdən də, məhkəmə qərardadında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 27777 saylı 19 mart 2020-ci il tarixli məktubdan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. İşdən görünür ki, iddiaçının ona məxsus torpaq sahəsi üzərində mülkiyyət hüququ 2004-cü ildə, cavabdehlərin onlara məxsus torpaq sahələri üzərində mülkiyyət hüquqları isə 2016 və 2019-cu illərdə dövlət qeydiyyatına alınmışdır. Cavabdeh2 ona məxsus 0,12 ha ölçüdə torpaq sahəsini 20 avqust 2004-cü il tarixli notariatda təstiq olunmuş müqavilə əsasında X2 almışdır. Digər cavabdeh A.S.Abdulhəlimov isə Qusar rayonunun Çiləgir kəndində yerləşən 0,15 ha və 0,12 ha ölçüdə olan iki müstəqil torpaq sahəsi almışdır. 0,15 ha ölçüdə torpaq sahəsi onun tərəfindən notariatda təstiq olunmuş 29 mart 2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında X9, 0,12 ha ölçüdə torpaq sahəsi isə notariatda təstiq olunmuş 23 avqust 2016cı il tarixli müqavilə əsasında X3 alınmış və həmin torpaq sahələri üzərində mülkiyyət hüquqları isə müvafiq olaraq 2016 və 2019-cu illərdə dövlət qeydiyyatına alınmışdır. Beləliklə, məhkəmə islasında müəyyən olundu ki, Qusar rayonu Çiləgir kəndində yerləşən 0.12 hektar həyətyanı torpaq sahəsi iddiaçının adına qeydiyyata alınmaqla JN392 KOD 30121028 saylı 22 may 2004-cü il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə rəsmiləşdirilmişdir. Bundan başqa, Seriya RX ******* saylı 20.05.2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qusar rayonu Çiləgir kəndində yerləşən 0.12 hektar həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Bundan başqa, Seriya RX ******* saylı 14.04.2016-cı il tarixli və **********768 reyestr nömrəli 12.09.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən Qusar rayonu Çiləgir kəndində yerləşən 0.15 və 0.12 hektar həyətyanı torpaq sahələri xüsusi mülkiyyət hüququ üzrə A.S.Abdulhəlimovun adına qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏK və ÜRX-nin 20 sentyabr 2021-ci il tarixli **********20 saylı məktubundan görünür ki, Xaçmaz Layihə-Tədqiqat İdarəsinin 16 sentyabr 2021-ci il tarixli A-224 saylı arayışdan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 02 avqust 2021-ci il tarixli 2(105)-2217/2021 saylı məktubuna cavab olaraq bildirir ki, İddiaçı JN-392 kod 30121028 olan torpaga mülkiyyət hüququna dair dövlət aktı əsasında 0.12 ha torpaq sahəsinin məlumatları Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX-nin elektron baza və arxiv materiallarında aşkar olunmadığından mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır. İddiaçının adına verilmiş şəhadətnamədə göstərilən torpaq sahəsinin cizgisi baza xəritəsi üzərində öz əksini tapmadığı üçün həmin torpaq sahəsinin dəqiq koordinatları, məhz harada yerləşməsi, həmin torpaq sahəsinin cavabdehlər Cavabdeh2 və ya A.Abdulhəlimov tərəfindən qanunsuz olaraq tutulmaqla hasarlanması müəyyən edilməmişdir. Əksinə müəyyən edilmişdir ki, cavabdehlərin hər ikisinin istifadə etdikləri torpaq sahələri onların özlərinin xüsusi mülkiyyətlərindədir və mülkiyyət hüquqları müvafiq qaydada dövlət qeydiyyatına alınmaqla yuxarıda göstərilən məlum çıxarışlarla rəsmiləşdirilmişdir. Bu səbəbdən də, məhkəmə iddiaçının təqdim etdiyi şəhadətnaməni tam mötəbər sübut kimi qəbul etmir, əksinə cavabdehlərin adlarına olan çıxarışları isə mötəbər sübut kimi qəbul edir. Məhkəmə kollegiyası iclası zamanı müəyyən edildi ki, İddiaçı adına torpaq sahəsi olsa da, bu müddət ərzində həmin torpaqdan istifadə etməmiş və mübahisə olunan torpağın konkret harada yerləşməsini bilməmişdir. Azərbaysan Respublikasının Mülki Məsəlləsinin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənsam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məsəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məsəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məsəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göründüyü kimi, cavabdehlər tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin hər hansı hissəsi qeyri-qanuni şəkildə tutulmamış, hasara alınmamış, sahiblik və istifadə etdikləri torpaq sahələri özlərinin xüsusi mülkiyyətindədir və bununla da həmin şəxslər İddiaçı mülkiyyət hüququna qanunsuz müdaxilə etməmişlər, həmin hüquqlarını pozmamışlar. Azərbaysan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məsəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Həmin Məsəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçının nümayəndəsi vəvəkili X10 apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin bu iş üzrə 03 iyun 2020-ci il tarixli 2(029)-101/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar