Məhkəmə qərarları › İş №2(105)-2219/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2219/2022

21.11.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2219/2022 21.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi, Cavabdehin nümayəndəsi və vəkili: Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı şərikli mülkiyyətdə olan evin qiymətləndirilməsi və açıq hərracda satılması tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 27 iyul 2022ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şamaxı Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim N.Ə.İsmayılov) iddia tələbinin təmin edilməsi, Şamaxı şəhəri Məhəmməd Hadi küçəsi ev 19 mənzil 16 açıq hərracdan satılması və mənzilin satışından əldə edilmiş vəsaitin İddiaçı və Cavabdeh arasında bərabər paylarda bölünməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDRX tərəfindən ona verilmiş xx.xx.2016-cı il tarixli Seriya RX № ******* saylı Çıxarış əsasında mülkiyyətində olan ünvan 1 ünvanındaki evin məcburi qaydada açıq hərracdan satışa çıxarılaraq əldə olunmuş vəsaitin yarısının ona verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) ona verdiyi xx.xx.2016-cı il tarixli, Seriya RX № ******* saylı Çıxarışla ünvan 1 ünvanına mülkiyyət hüququ əldə etmişdir. Beləliklə, öz mülkiyyətindən istifadə edə bilmədiyinə görə əvvəlcə məhkəməyə bu mübahisəli mənzilin naturada bölünməsi ilə bağlı müraciət etmiş, lakin məhkəmə iddianı təmin etməmiş, daha sonra sözügedən mübahisəli mənzilin məcburi qaydada açıq hərracda satılaraq əldə olunmuş vəsaitin yarısının ona verilməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 2(074)-252/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, bu mübahisəli mənzilin ilkin satış qiyməti 42000 manat müəyyən edilərək hərraca çıxarılması və satıldıqdan sonra əldə olunmuş məbləğin tərəflər arasında paylara mütənasib şəkildə bölünməsi qət edilmişdir. Lakin Cavabdeh apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası ona bildirmişdir ki, o, Azərbaycan Respublikası (AR) Mülki Məcəlləsində nəzərdə tutulmuş ardıcıllığa riayət etməmiş. Odur ki, yəni əvvəlcə cavabdeh tərəfindən ona kompensasiya ödənilməsi barədə iddia qaldırmalı və əgər cavabdeh iddiaçını qane edən məbləğdə kompensasiyanı ödəməkdən imtina edərsə, bundan sonra paylı mülkiyyətdə olan evin məcburi qaydada açıq hərracdan satılaraq əldə olunmuş vəsaitin paylara mütənasib bölünməsi tələbi üzrə iddia ilə yenidən məhkəməyə müraciət etməlidir. O, Sumqayıt Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qanuni və əsaslı təklifini qəbul edərək iddiadan imtina etmiş, bu əsasda Sumqayıt Apellyasiya Məhkəməsi 2(105)-2627/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadla həmin iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(074)- 252/2020 saylı qətnaməsini ləğv edib iş üzrə icraata xitam vermişdir. O, “paylı mülkiyyətin qalan iştirakçısı tərəfindən kompensasiyanın ödənilməsi” tələbi üzrə iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət etmiş, bu iddia tələbi üzrə mübahisəli evin məhkəmə tərəfindən müəyyən edilmiş ilkin satış dəyərinin yarısını (21000 manat pul) Cavabdeh tərəfindən ona kompensasiya kimi ödəməsini istəmiş, lakin cavabdeh onunla razılaşmamışdır. Ona görə də Şamaxı Rayon Məhkəməsi 2(074)-398/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnamə ilə iddia tələbini təmin etməmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Şamaxı Rayon Məhkəməsinin 2(074)-398/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsində bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.2-ci maddəsi, 220.3-cü maddəsi, 220.6-cı maddəsi və Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarı əsasında o mübahisəli mənzilin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylara mütənasib bölünməsi barədə yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şamaxı rayon Məhəmməd Hadi küçəsində yerləşən 19 nömrəli evin 16 saylı mənzilin icarədarı mərhum anası X2muşdur. Mübahisəli mənzil üzərində payların müəyyən edilməsində yol verilmiş qanun pozuntusunun aradan qaldırılması ilə bağlı o, ƏMDXK-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət edilmişdir. İddiaçı hələ əri Əliyev Maisin vəfatından əvvəl onunla birlikdə yaşayış yerini dəyişərək, 20 ildən artıq müddət ərzində bir daha mübahisəli mənzildə yaşamadıgından mənzildən istifadə hüququnu irirərək kirayəçi S.M.Əliyevanın ailə üzvü hesab edilmişdir. Hazırda iddiaçının adına 29 iyun 2016-cı il tarixli Çıxarışın ləğv edilməsi barədə iddia qaldırmışdır. Məhkəmə tərəfindən qətnamə maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli qətnaməsini ləğv edib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı məhkəməyə teleqram göndərərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, mübahisəli evin paylı mülkiyyətində olması, cavabdeh tərəfindən iddiaçıya mübahisə mənzildə mülkiyyət payına uygun məbləğdə kompensasiya verməkdən imtina edilməsinin sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Əmlakın Dövlət Reyestrindən verilmiş seriya RX № ******* saylı çıxarışdan görünür ki, Şamaxı şəhəri Məhəmməd Hadi küçəsi ev 19 mənzil 16 da yerləşən mənzilin ümumi sahəsi 73,5 kv.m-dir. Həmin mənzil Cavabdeh və İddiaçı məxsusudur. İşdə olan Şamaxı Rayon Məhkəməsinin 22 iyun 2020-ci il tarixli 2(074)-252/2020 saylı qətnamənin surətindən görünür ki, Şamaxı şəhəri, Məhəmməd Hadi küçəsi 19 saylı evin 16 saylı mənzili ilkin satış qiymət 42000 manat müəyyən edilərək hərraca çıxarılması və Şamaxı şəhəri, Məhəmməd Hadi küçəsi 19 saylı evin 16 saylı mənzili satıldıqdan sonra əldə olunan məbləğ tərəflər arasında paylara mütənasib şəkildə bölünməsi qət edilmişdir. İşə əlavə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020ci il tarixli 2(105)-2627/2020 saylı qərardadının surətindən görünür ki, iş üzrə Şamaxı Rayon Məhkəməsinin 22 iyun 2020-ci il tarixli, 2(074)-252/2020 saylı qətnaməsi ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətində olan evin məcburi qaydada açıq hərracdan satılaraq əldə olunmuş vəsaitin paylara mütənasib bölünməsi tələbinə dair mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(074)-398/2021 saylı qətnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətin qalan iştirakçısı tərəfindən kompensasiyanın ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən işdə olan Çıxarışın etibarsızlıgı barədə məhkəməyə müraciət edilməsini birinci instansiya məhkəməsi tərəfindən nəzərə almaması barədə şikayətdə gətirdiyi dəlili qəbul etmir. Belə ki, işdə olan Şamaxı Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli 2(074)- 1185/2021 saylı qətnamənin surətindən görünür ki, iddiaçı Cavabdehlər ƏMDRX-nin 14 saylı ərazi idarəsi, Şamaxı şəhər Mənzil idarəsi və İddiaçı qarşı Şamaxı şəhəri Məhəmməd Hadi küçəsində yerləşən 19 nömrəli evin 16 saylı mənzilinin özəlləşdirilməsinin etibarsız hesab edilməsi və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 29 iyun 2016-cı il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə iddia tələbi rədd edimişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər (220.1). Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (220.2). Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (220.3). Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər (220.4). Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir (220.5). Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər (220.6). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 04 aprel 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin iş üzrə 27 iyul 2022-ci il tarixli 2(074)-38/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar